“Ad günlәrimi 78 ildir
Allahla birlikdә keçirirәm”
Bu gün Məmməd
İsmayılın 78 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairlə
müsahibəni təqdim edir.
- 77 yaşa
dostunuz Musa Yaqub qoşa dəryaz deyirdi. Yola saldığınız
bu yaşla bağlı sizin təxəyyüldə nə
qaldı?
- Anadolu türklərinin ömrə sərhəd qoyan amansız bir deyimi var: yeddidən yetmişə! Əlbəttə yeddidən baxanda yetmiş çox uzaq görünür. Gözünü açıb yummağa macal tapmamış yetmişə çatdıqda isə… (Amma ki, bir zamanlar bu 77 yaş elə uzaq görünürdü ki?!) Qəlibləşmiş düşüncəyə görə yetmiş sərhəddir, ölüm sərhəddi! Musa dostumun qoşa dəryazına gəldikdə isə…dəryaz bəllidir ki, qarşısına gələni biçir, amma üzünə üz bağlayıb dəryazın kəskin tiyəsindən qaçanlar da az olmur, yəni 77-dən sonrakı yetmiş səkkizi ölümün kəskin tiyəsindən qaça bilmək kimi də başa düşmək olar. Yetmişdən sonra yaşanan ömür qazancdı, yaradanın insana tale lütfüdür. Ağrılı, acılı, quyruğu tapdanmış bir ilan ömrüdü həm də. Dәrd dә xamır kündәsi kimidir, onu sәbr “oxlovu” ilә yaymalısan ki, nәzilsin, üzülsün. Çinli filosof Konfutsinin dediyi kimi:On beş yaşımda oxumaq istәyimi hiss etdim, 30 yaşımda özümü tәsdiq etdim, 40 yaşımda tәrәddüdlәrimdәn xilas oldum, 50 yaşımda Göylәrin gәrәklәrini anladım, 60-da sözümün tәsiri artdı, 70-də ölçülәri çiynәmәdәn ürәyimin arzusu ilә yaşayıram.
Əlavə sözə ehtiyac varmı?
- 77 yaş nələrlə
yadınızda qaldı. Şəxsi həyatda və
yaradıcılıqda.
- İnsan sonunda başını yeyə biləcəyini bilə-bilə həyatının inkişaf mərhələlərini arzulara həsr edir. Atalarımızın, “Əvvəlin gəlincə, axırın gəlsin” deyimi birbaşa mənə aiddir. Alın yazımız bizdən daha çoxbilmişdir. Bilənlər bilir ki, həyatımın birinci dönəmi ən ağır, ən acı məhrumiyyətlər içində keçdi, yaşyarımımda atamı, əlimin yenicə çörəyə çathaçatında-otuzumda yer üzünün ən cəfakeş, ən iffətli qadınını-anam itirdim… Hәyat şәrtlәri, sahibsizlik mәni birdәn-birә uşaqdan yaşlı adama çevirdi, gәncliyimi ürəyimcə yaşamadım, yaşaya bilmәdim. Bunları söyləməkdə məqsədim itik itiyi tapar fikrini təsdiqləməkdir, yəni ömrün birinci aşamasındakı itkilərin ömrün ikinci yarısında əvəzlәnәcәyinә inamım hər zaman vardı:
Sәhra sәrabında buxarlanar qum
Yağış
ümidi var uzaqlardasa...
Boşuna deyil ki,
görünәn ilğım,
İlğım var, demәli su var hardasa...
Və hər
iki mənada beləcə əvvəlim yox, sonum gəlməyə
başlamış. Ömrün ikinci yarısında xüsusən
yetmişdən sonra ömrün birinci yarısında xəyal
etdiklərim, düşündüklərimin bir çoxu
gerçəkləşməyə başlamış. Niyyətin haraya mənzilin oraya. Uzun
illik təcrübəmə dayanaraq deyə bilərəm ki, nə
olur olsun, sabaha olumlu baxmağı, dünyanın
harasındansa sənə qovuşmaq istəyən hadisələri
özünə çəkməyi bacarmalısan, bunu
bacardınmı, dalısı gələcək. “Sirr” kitabında deyildiyi kimi “...Siz dünyadakı әn güclü maqnitsiniz!
İçinizdә yaşatdığınız maqnetik güc, yer
üzündәki hәr şeydәn daha güclüdür.
Bu çәkim
gücünü yayan isә yenә
sizin öz düşüncәlәrinizdir... İndi
yaşadığınız hәyat, keçmiş düşüncәlәrin bu günkü әks-sәdasdır...
78-də bir çox dünya şeir festivallarına dəvət
aldım, bu festivallarda sirrin sehrli çubuğu elə
ağılagəlməz, gözlənilməz gedişlər
baş verirdi. Hadisələr bir zamanlar
düşündüyüm plan üzrə gedir, hazırda
dünyanın bir çox ölkəsində şeir
kitablarım hazırlanır, onlardan ikisi artıq çap
olunub, bəziləri isə çap aşamasındadır.
- Özünüzü necə hiss
edirsiniz?
- Yetmiş səkkiz
yaşlı bədən özünü necə hiss edirsə
elə. Təkrar olsa da deyim ki, hərdən qarışqa kimi
bədənimə daraşmağa başlayan xəstəliklərlə
qürbət havasıyla danışmağım var, mən
onlarla adam kimi söhbət edirəm, deyirəm
ki, ev sahibi üzlü qonağın üzünə yox, izinə
baxar. Siz də üzlü qonaq olub icazəsiz canıma
doluşdunuz, bir söz demədim, qonaq da bir gün, beş gün olar, görmürsünüz,
işim başımdan aşır, dəf olub gedin, qoyun
qaxılıb işimi görüm. Onlar da bәzәn sözümə baxıb
üzü sulu çıxıb gedirlər.
Bu işin bir az zarafat tərəfi, amma bir
həqiqət də var ki, mən vücudumun ayrı-ayrı
üzvləri ilə də hərdən söhbət edirəm:
Allah mənə ruhumu ölənəcən daşımaq
üçün verdi. Və görürsünüz ki, ruhum
dimdik ayaqdadır, o zaman siz də ilahi
tapşırığı “adam” kimi yerinə yetirin! Hələ ki, tanrı görəvini əksiksiz
yerinə yetirirlər.
Siseron
“Qocalıq, dostluq və vəzifə haqqında” kitabında
yazırdı: Hamı qocalmağı arzulayır, amma
qocalandan sonra onu günahlandırmağa başlayır. Antik
çağlarda İsokrat ünlü “Panafiney nitqi”
kitabını 94 yaşında yazdıqdan sonra daha beş il
yaşamışdır, onun müəllimi Qiorqi isə 107 il
yaşamış və bir anda olsa məşğuliyyətindən
ayrılmamışdır, ondan nədən bir belə uzun
yaşlamağından razısan sualına, mənim
qocalığı günahlandırmağa heç bir səbəbi
yoxdur, cavabını vermişdir. Yanlışlıqlar
yaşın çiçəklənən
çağına, uzaqgörənlik isə ixtiyar
çağına aiddir.Belə bir deyim var; əgər istəyirsən
uzun zaman ixtiyar olasan, o zaman tez qocal,amma mən
gec qocalıb, az ixtiyarlıq ömrü yaşamaq istəyənlərdənəm.
Günahın qaynağı həzzdir! Hansı
həzzi illər uzunu qazana bildiyin prestijlə müqayisə
etmək olar? Hәr şey maddi dünyanın içinә yerlәşdirilmişdir. Vә bu sınırlara
kişinin giriş yolu eyni zamanda da onun bu sınırlardan
ayrılma yoludur.
- Yubiley olmayan ad günlərinizi necə
qeyd edirsiniz? 78 yaşı necə qeyd edəcəksiniz?
- Əslində mənim doğum günümü Allahdan
başqa kimsə dəqiq bilmir, bilsə anam bilərdi, onun da
cavabı o dünyadadır. Ona görədə ad
günümə canım bir elə də isinmir, hardasa
günlərin də ruhu var və bu günün özü də
ad günüm olmadığını bildiyindən məni
sevinclәrinə
şәrik etmir.
Yəqin ki, bu formal doğum günümü
Gülzar qızım və nəvələrimlə xudmani bir
süfrə başında keçirəcəyik (Doğum
günləri Türkiyədə bizdəki kimi bir o qədər
də dəbdə deyil).
...Hayandan
başladın insan ömrünü
Söz verir, sirr vermir alın yazın da.
Nә anan bilirdi doğduğun
günü,
Nә doğru yazılıb
yaş kağızında...
Başına
qalmışdı başsız dünya da,
Başı
olanlar da başı hayında...
Arpa
biçinindә
olmuşdun, ya da,
Doğmuşdun payızın orta ayında.
...Çöpüklü
çağaydın canı cibindә.
Allahın
lütfüydü ananın döşü...
Bәlkә dә göylәrin doğum evindә
Bәxtin
kiminlәsә dәyişik düşüb.
...Möcüzә baş verәr, elә gün gәlәr
Qürbәti
vәtәnә köçürәr Allah.
Unudub
unutsun yerdә bәndәlәr,
Göydә, ad gününü
keçirәr
Allah...
Bәlkә bir az iddialı sәslənәcәk, mәn ad günlәrimi 78 ildir Allahla birlikdә keçirirәm. “Bilәn söylәmәz, söylәyәn bilmәz…”
- İlham pərisi ilə
necə dolanırsnız? Sizdən
küsmür ki?
- İlham dediyimiz bir
ağacdı ki,
Meyvəsi
varaqda kökü sinəmdə…
Ömrün ilk gənclik
çağlarında ilhamın nə olduğunu bilmədən
içini dağıdan duyğu selləri hara, Aran
ovalarında sozala-sozala axmaqda olan ixtiyarlığın
qürub suları hara? O səbəbi bilinməyən gənclik
coşqularını həyatın kəşməkəşli
yollarında qoruyub saxlamağa çalışan,
uşaqlıq saflığını yorğun ixtiyarlıq
çağlarına ulaşdıra bilən yaradıcıdan
ilham heç zaman üz döndərməz, döndərmir də.
Amma səni tənbeh etməyi də var: məni boş-boş
hərcayi duyğulara xərcləmə! Bu mənada
onunla deyəsən hələ ki, aramızda böyük bir
problem yoxdur.
- Deyirlər, yaş artdıqca
şairlik yerini filosofluğa verir. Yəni insan müdrikləşdikcə
poetik yox, daha çox rasional düşünür. Sizdə necədir?
- Maraqlı sualdır, amma bu
suala da bir tərəfli cavab vermək yanlış olardı. Bir tənqidçiyə görə ədəbiyyat
çəmənlik yox, ormandır. Ormada
isə müxtəlif boylu ağaclar olur. Yəni
dünya ədəbiyyatında az
yaşayıb Anadolu türkləri demiş, öz yaşayan sənətkarlarla
yanaşı, ömrün qürubuna ulaşan sənətkarlar
da az olmamışdır. Dünya ədəbiyyatının az ömürlü Bayronları, Puşkinləri,
Remboları, Lermontovları, Müşfiqlәri olduğu kimi, çox
yaşayıb hətta ömrün qürubunda belə sevgi
şeirləri yazan Göteləri, Hüqoları, Buninləri
də az deyil. Yəni yaş artdıqca əlbəttə
müdriklik də artır və atmosferdən, oxuduğum kitab
təcrübələrindən və nələrdən, nələrdən
gələn fəlsəfi duyumlar mənə də yad deyil.
Amma şairliyi qara sevda olan adama bu fəlsəfi
düşüncələr mane olmur, əksinə ona yeni
imkanlar sunur, bir şərtlə ki yolçu salama hazır
olduğu kimi gələcək ilhammı deyim, sezimi, onu
qarşılamağa hazır olasan!
- Bəlkə
ad günü sualı deyil, ancaq son dövr şeirinizdə
irfani məqamlar olduğu üçün soruşuram axirətə
inanırsınızmı? Bizdən doğrudan
da hesab sorulacaqmı?
-
Yaşamağa ömrün ardı,
Tapınmağa
pirin ola;
Gəlməyə
bir yerin vardı,
Getməyə
bir yerin ola.
Haraya gəldiyimizi
bilməyə-bilməyə gəlməyə bir yerimiz
vardı, gəldik, bu o deməkdir ki, mütlәq getməyə də bir
yerimiz var:
Şirinliyi
hardan alır bal nә bilsin
Sora bilsәn,
gedib soruş, arı bilәr.
Axşam
harda yatdığını sәn bilirsәn
Sabah harda oyanarsan Tanrı bilәr.
Bu dünyaya gәlişimiz ana bәtninin 9 aylıq yanar tunelindәn keçdiyindәn gәldiyimiz dünyadan gәlәcәyimiz dünyaya xәbәrlәr gәtirә bilmirik. Kim bilir, bәlkә mәzar
dedyimiz dә başqa
bir ana bәtnidir, o
dünyaya, paralel dünyalara keçit üçün.
Mәn 70, 80, 90 il
yaşayıb bir bu qәdәr
dünyagörüşü vә tәcrübәnin yaradan tәrәfindәn torpaq altında boşu boşuna
çürüdülәcәyinә әsla inanmıram, ola bilmәz ki, bu dünyada çox
şey üzü suyuyla burda ayaqda qalsın, amma onun yetirdiyi
insan torpağın altında heçliyә qarışsın. Vә o da ola
bilmәz ki, insan
bu dünyadakı xoş vәya bәd әmәllәrinin hardasa, haçansa
hesabını vermәsin, bu dünyanın dialetik qanunlarına yad bir hal
olardı.
Ana bәtninә düşәn çağanın,
torpağa sәpilәn toxumun, torpaqdan süzülәn suyun elә bil arxasınca qovurlar, harasa
tәlәsirlәr. Dünyada olan hәr şey göydәn gәldiyimizi sәssiz, sәdasız hәrәkәtlәri ilә subut etmәklә mәşğuldur.
Ağac yerә
kök atır, endirildiyi göyә ucalmağa çalışır
ki, Allaha bir az da olsa, yaxınlaşsın,
su sudur ki, o da qaynayanda aşağı enmәk yerinә buxarlanıb yuxarı
qalxır...o zaman dünyasını dәyişәn insan nә etmәlidir?
- Gəncliyinizdən sizinlə
yoldaşlıq edən və bu yaşda da heyrətinizin
ünvanı olan şair varmı?
- Olmaz olurmu? Yәqin ki, öz әdәbiyyatımızın tәmsilçisini nәzәrdә tutursunuz. Bu, hәr yönüylә Ә.Kәrimdir.
-
Türkiyədən və getdiyiniz xarici ölkələrdən
Bakıdakı ədəbi mühit necə görünür?
Bu günü və sabahı. Ümid eləməyə dəyər?
- Hәr әsrin başlanğıcı yeni
düşüncәlәrә hamilәdir. Hәlә keçәn әsrin sonlarına doğru mәtbuatda belә bir xәbәr dolaşırdı ki, kosmosdan quyruqlu bir ulduz
Yer kürәsinә yaxınlaşır vә özüylә bәrabәr dünya düşüncәsinә tәsir
göstәrәcәk yeni bir enerji dә gәtirir. Әslinә baxsan ümumiyyәtlә hәr yeni әsirin әvvәllәrindә eyni proseslәr baş verir. Siz әgәr rus, ya da fransız әdәbiyyatının XIX vәya XX yüzillәrin sürәtli
başlanğıclarına baxsanız dediklәrimin gerçәk olduğunu görәcәksiniz. Bakıdakı
әdәbi mühit deyәndә mәn
bu mühitin daha çox yaşı әlliyә
çatmamış şair vә yazıçılarımızın inadlı
axtarışlarının varlığını nәzәrdә tuturam. Türkiyәdә, ya da elә
getdiyim ölkәlәrdә baş verәn әdәbi
proseslәrlә yeni nәsil Azәrbaycan yaradıcı gәncliyin
axtarışlarını müqayisә edәndә bizimkilәrin bu gözәgörünmәz yarışda heç dә geri dә qalmadığını
düşünürәm.
Belә ki,
misalım bir az qaba da olacaq, ovcundakı
xamırı nә
qәdәr bәrk sıxsan barmaqların arasından
o qәdәr çıxmağa
çalışacaq. Gözәl bir başlanğıc var,
başlanğıc isә
hәlә çәtin sәfәrin
ilk addımıdır. Amma bәzi gәnclәrimiz
var ki, özünü bәyәnmişlik, lovgalıq
azarına tutulur, tәrәzi
ağıllarıyla qapanın yükünü çәkmәk istәyirlәr.
Yanlışlığı görmək elə
də çətin deyil, əsas olan həqiqəti görməkdir,
çünki yanlışlıq üzdə, həqiqət isə
dərinliklərdə gizlidir və əsas olan da onu
bulmaqdır.
Ümumiyyәtlә dünya әdәbiyatları ilә müqayisәdә indiki halda elә
dә geridә
qalmadığımızı düşünürәm.
- Vətənə
dönməyi düşünürsünüzmü?
- Bitkinin boyu toxumunda gizli olduğu
kimi, biz dә
atamızdan, anamızdan sonra düşüncәlәrimizin övladıyıq,
şuuraltı bir düzәnlә onun
layihәsini hәyata keçiririk. Moskvada
oxuyarkәn Turkiyә sәfirliyinin binasının yanından
keçib gedәndә vә o binaya daxil ola
bilmәk
imkanlarımın sıfır vaxtında bir anlıq içimә dolmuşdu ki, Türkiyәdә işlәyirәm, qürbətim o ürәyә dammadan başladı yəqin ki. Vәtәnә dönmәk mәsәlәsinә gәldikdә
isә ora hәr şeydәn öncә anamın yatdığı
torpaqdır vә
anamın vә gәlib getmiş
bütün anaların ruhlarının
dolaşdığı yerdir. Vә bir zamanlar yazdığım bir
şeirdә belә misralar vardı:
Evinin yanında ev tikdim,ana,
Qәbrinin yanında qәbrim olaydı.
Bundan böyük arzu olarmı? Bu gedişdәn öncә qayıdış
arzularının başlanğıc işarәti deyildimi? Amma nә
yazıq ki, qırılan okean buzlarının arası kimi vәtәnlә qürbәtin
arası uzandıqca uzanır, açıldıqca
açılır. ”Çıxdınmı
bir daha yol yox geriyә,
bağışla yumurta qabığı vәtәn!” Vә son olaraq:
Ara günlәrini dәrdlә bölüşәr,
Sonra da şәnbәsi, bazarı gәlәr.
Qürbәtә düşәnlәr tarixә düşәr,
Gәlsә dә vәtәnә mәzarı gәlәr...
Bizim Yol.- 2017.- 3
noyabr.- S.13; 15.