“Özüm gəlmişəm,
özüm də gedirəm”
Nəzakət Teymurova: “”Leyli və
Məcnun”da Leyli hər zaman mənim üzərimə
düşüb. Həvəsdir, bəsdir”
Xalq artisti Nəzakət
Teymurovanın APA-ya müsahibəsi
- Nəzakət xanım, Opera və
Balet Teatrının səhnəsindən niyə getdiniz? İstərdim,
əsl səbəbini deyəsiniz...
- Bunu özüm istəmişəm.
Ərizə yazdım, işdən çıxdım. Mən
özümə hörmət edən adamam. Həmişə
deyirdim ki, müəyyən yaşa gələndən sonra
çıxıb gedəcəyəm. Ona görə də, ərizəmi
yazmışam.
- Hər
halda, səbəb olmasa, heç kim öz istəyi ilə 20
il çalışdığı teatrdan getməz...
- Mən teatrda təkcə Leyli
rolunda çıxış etmirdim. İrili-xırdalı
yeddi rol oynamışam. “Leyli və Məcnun”da Leyli hər
zaman mənim üzərimə düşüb. Həvəsdir,
bəsdir.
- İrili-xırdalı
yeddi obrazın aqibəti necə olacaq?
- Bu haqda Opera və Balet
Teatrının rəhbərliyi danışa bilər. Zəhmət
olmasa, onlarla əlaqə saxlayın, necə
olacağını, kimlərin çıxış edəcəyini
onlar desinlər. Mən özümə cavabdehəm.
- Siz məcbur olub getmisiniz?
- Mənim tələbələrim
də orda çalışır. Artıq üç
aydır Opera və Balet Teatrından çıxmışam.
Məcburiyyətdən, yaxud başqa səbəbdən, bu barədə
heç nə demək istəmirəm. Opera işi mənim
yaradıcılığımın bir qoludur. Səsim, ifa tərzim
üstümdədir. İllərlə çıxış
etmişəm, indi isə teatrdan getmişəm.
-
Hazırda teatrda münasibətlər, mühit necədir?
- Məncə, bu suala
teatrın direktoru cavab verə bilər. Teatrda son
tamaşamı may ayında oynamışam. Ona görə deyə
bilmərəm ki, hər hansı gərginlik var, ya yox.
- Teatrdan
getməyinizə görə sonra peşman
olmayacaqsınız?
- Niyə peşman olum? Lentlərim
var, müəyyən yaş var. Peşman o vaxt olardım ki, məni
işdən xaric edərdilər. Özüm ərizə
yazmasaydım, pis təsir edərdi ki, kimsə məni işdən çıxardı.
Özüm istəmişəmsə, niyə peşman olum?
Teatra da özüm gəlmişəm. Vaxtilə müsabiqə
yolu ilə qəbul olmuşam. Özüm gəlmişəm,
özüm də gedirəm. Tamaşaçılara da hər
zaman hörmətlə yanaşmışıq. Ona görə
də neçə ildir tamaşaçılar bizi seviblər.
Mən də çalışmışam, operamızı təmsil
edim. O vaxt Asəf Zeynallı adına kollecdə olanda nazirlikdən
məsləhət bilmişdilər, təyinatını teatra
verin. Dördüncü kursda oxuyanda nazirliyin nümayəndələri,
müəllimlərimiz məsləhət
görmüşdülər ki, sənin səsin opera səsidir.
Müsabiqə yolu getmişəm, qəbul olmuşam. Arif
Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Səkinə
İsmayılova, Qəndab Quliyeva və bir çox sənətkarlarımız
orda işləyirdilər və məni də onlar qəbul
etmişdilər. Gedən gündən də mənə
Leylini həvalə etmişdilər.
- Siz
işdən getmək haqqında qərar verəndə demədilər,
qalın işləyin?
- Mən iki il bundan əvvəl
işdən çıxmalı idim. Teatrın direktoru Akif Məlikovun
xahişi ilə teatrda qalmışam.
- Akif
Məlikovla münasibətləriniz necədir?
- Çox normal. Direktor və solist
kimi aramızda heç bir narazılığımız
olmayıb. Daha doğrusu, mən tərəfdən
narazılıq yoxdur. Onlar tərəfdən də mənə
həmişə hörmət olunub. Ümumiyyətlə,
heç vaxt işlədiyim yerə hörmətsizlik etməmişəm.
Onlar da mənə həmişə hörmət ediblər.
-
Tamaşaçılarınız sizin Leylinizi səhnədə
görməyəndə, onlara cavabınız necə olacaq?
- Qərarı özüm vermişəm.
Bu o demək deyil ki, sənətdən gedirəm. Allah qoysa,
konsertlərim olacaq, gəlib dinləyə bilərlər. Amma
Leyli kimi, Gülbahar kimi, Şahsənəm kimi görməyəcəklər.
-
Teatrdan çıxmağınız maddi məsələlərdə
sizə problem yaratmayacaq?
- Vallah, heç vaxt Opera və
Balet Teatrından maddiyyat güdməmişik.
Maaşlarımız elə də çox deyil. 400 manata
yaxın maaş almışam. Amma sənət eşqi olub. Mən
prezident təqaüdü alıram. Ona görə heç bir
çətinliyim yoxdur. Ruzini verən Allahdır.
-
Danışığınızdan və səsinizdən hiss
edirəm ki, obrazlarınızdan ayrılmaq çətindir...
-
Gülüstan Əliyevanın konsertində teatrın direktoru
Akif Məlikova yaxınlaşıb artıq işləmədiyimi
demişəm. Demişəm ki, bəsdir, oxumayacağam. Yəqin
bunu özü də təsdiq edər.
- Akif müəllim soruşmadı
ki, niyə gedirsiniz?
- Niyəsi belə olub ki, işlərim
çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.
- Yəni
iki işi bir yerdə çatdıra bilmirsiniz...
- Bəli, çatdıra
bilmirəm.
- Nəhayət,
səbəbi dediniz...
- Bəli, səbəb odur ki, işlərim
çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.
Bizim Yol.- 2017.- 17 yanvar.- S.15.