Cümhuriyyəti devirənlərin aqibəti

 

Böyük ictimai-siyasi dəyişikliklər, ciddi təbəddülatlarla müşayət olunmuş XX əsrin birinci rübü Azərbaycanın da tarixində mühüm yer tutur. Müsəlman şərqində ilk cümhuriyyətin elanı, fəaliyyəti və süqutu, Azərbaycanda sovet hakimiyyətinin qurulması məhz bu dövrə təsadüf edir. İlhaq olunduğu çar Rusiyasının, qonşu Osmanlı imperatorluğununQacarlar xanədanlığının dərin böhran və tənəzzülü, təbii olaraq, Azərbaycana sirayət etmiş, aclıq, səfalət, işsizlik, özbaşnalıq, bahalıq, qıtlıq dözülməz həddi aşmışdı. Birinci dünya müharibəsində (1914-1918) əks cəbhələrdə  vuruşmuş çar Rusiyası və Osmanlı dövlətinin fəlakətli iqtisadi durumu Qacarlar xanədanlığını da sarsıtdığından saysız miqdarda ucuz işçi qüvvəsi bir parça çörək tapmaq ümidi ilə Bakıya gəlmişdi. Bütün Azərbaycanın yeganə gəlir mənbəyi olan neft sənayesi iflic vəziyyətə düşmüş, neft emalı zavodları hasilat gücünün ancaq 34,5%-i qədər neft hasil edirdi, mədənlərin əksəriyyəti fəaliyyətini dayandırmış, buruqlarda məzar sükutu hökm sürürdü. ( Bax: Каренин А.: Султан Меджид Эфендиев (биографический очерк), Б., Азер. гос. изд., 1963, s. 76)

İlk günlər Azərbaycan Cümhuriyyətinə böyük ümidlər bəsləyən xalqın güzəranı daha da ağırlaşdıqca, sabaha olan inamları azaldıqca, milli hökumət torpaq islahatlarını qeyri-müəyyən müddətə qədər təxirə saldıqca narazı kütlənin sayı da hər gün çoxalırdı.  O dövrün siyasi elitası arasında mütəşəkkilliyin olmaması da Azərbaycan Cümhuriyyətinin əleyhinə işləyirdi. Məsələn, əsasnaməyə görə, 120 nəfərdən ibarət olası deputat korpusu 23 ay ərzində kompleksləşdirilə bilmədi, parlament iclasının çoxunda yetərsay olmadığından qanun layihələri müzakirə edilib təsdiqlənmədi, bir çox məsələlər Nikolay dövrünün qanunları ilə tənzimlənməkdəydi. 

Əhalinin ictimai-siyasi durumunu yaxşı öyrənən, mövcud vəziyyəti fürsət bilən bolşeviklər V. Leninin göstərişi ilə Bakıda fəaliyyətlərini genişləndirməyə başladılar, onlar siyasi opponentlərini nüfuzdan salmaq üçün hər cür vasitəyə, iqtisadi sabotajlardan tutmuş hərbi təxribatata qədər, müxtəlif hiylələrə əl atır, adamlar arasında antihökumət təbliğatını gücləndirirdilər. Mədənlərdə tapa bilib işləyənlərin əmək haqları 1914-cü ildəki əmək haqqının təxminən 18%-i qədər idi. Adamlar arasında milli hökumətə qarşı etimadsızlıq güclənirdi. 1919-cu ilin iyul ayında Bakıda baş vermiş ümumşəhər etiraz mitinqi milli hökumətin təməlini ciddi şəkildə sarsıtdı. Bakıda başlayan narazılıq aksiyaları əyalətlərə yayılır, onsuz da ağır olan siyasi vəziyyəti daha da mürəkkəbləşdirirdi. 

Mövcud vəziyyətdən yararlanmağa çalışan erməni daşnaklarının Azərbaycana qarşı düşmən mövqe tutmaları, əhaliyə qarşı genosid siyasətini davam etdirmələri bizim milli hökumətimizi tam bir çıxılmaz mövqeyə sürükləməkdəydi. Milli hökumət müxtəlif partiyalara mənsub millət vəkillərndən təşkil olunduğundan nazirlər kabinet tez-tez baş verən istefalardan iflic vəziyyətə düşmüşdü. Nazirlər arasında çəkişmələr, hökümət üzvlərinin qanunsuz hərəkətləri, gizli fəaliyyət göstərmələri, nəticə etibarı ilə, hökümətin iflasını sürətləndirirdi. Məsələn, III hökumət kabinetində ticarət sənaye naziri vəzifəsi tutmuş Mirzə  Əsədullayev ( məşhur milyoner Şəmsi Əsədullayevin oğlu) gizli neft sövdələşməsi apardığına görə o dövrün vaş naziri Fətəli xan Xoyski istefa vermişdi. (Bax: Гулиев Дж. Б.: Против буржуазной фальсификации истории,  Б., 1967,c. 28, s. 163)

1920-ci ilin birinci rübündə Azərbaycan ordusunun, demək olar ki, ancaq adı qalmışdı. Ordu mənsublarının əsas özəyi Qarabağda ermənilərlə döyüşdə vuruşarkən, bir hissə də fərariliklə məşğul idi.  Məsələn, 5-ci Bakı alayının canlı qüvvəsinin 60%-i, Birinci süvari alayının 62 %-i, İkinci Qarabağ süvari alayının 75%-i, Üçüncü Şəki süvari alayının 80 %-i, Üçüncü Gəncə piyada alayının 60 %-dən çoxu özbaşına şəkildə ordu sıralarını tərk etmişdi. ( Bax: Jörg Baberowski: Der Feind ist überall. Stalinismus im Kaukasus, Berlin,2003, s. 154; П. Дарабади: Военно-политическая история Азербайджана (1917-1920 гг.), Б., 2013, s. 160 )

Bolşeviklər 25 oktyabr 1919-cu ildə keçirdikləri partiya konfransında Azərbaycanda siyasi hakimiyyəti hərbi güclə devirmək barədə qərar qəbul etmişdilər. Bu məqsədlə həmin ilin dekabr ayında Mirzə Davud Hüseynovun rəhbərliyi ilə inqilab qərargahı yaradılmış və ciddi hazırlıqlara başlanılmışdı. Rusiyadan Azərbaycana gizli yollarla silah gətirilir, əldə edilən hərbi sürsatlar Çingiz İldırımım göstərişi ilə Nargin ( Böyük Zirə adası), Bayıl və Şıx sahillərində gizlədilir, bir hissəsi isə  milli hökuməti devirəcək etibarlı adamlara paylanılırdı.  Bu dövrdə erməni daşnakları rus bolşevikləri ilə bərabər hərəkət etmələrini də unutmaq olmaz. 1920-ci ilin Novruz bayramında daşnaklar Şuşa, Xankəndi və Əsgərana hücum edərək, ətraf yerləri ələ keçirməyə çalışdıqları üçün Azərbaycan ordusu ermənilərlə döyüşürdü.  Milli hökumət məhdud qüvvəsi ilə bolşeviklərin destruktiv əməllərinin qarşısını almağa çalışırdı. Məsələn, Daxili İşlər Naziri Mustafa bəy Vəkilov15 aprel 1920-ci il tarixli əmri ilə Gəncə, Şamaxı və Ağdamdan Bakıya 100 nəfər əlavə polis qüvvəsi gətirilməsi barədə əmr vermişdi. Həmin gün Xarici İşlər Naziri F. Xoyski RSFSR Xarici İşlər Naziri Çiçerinə rus silahlılarının nə üçün Azərbaycan sərhəddində dayandıqlarının səbəbini öyrənmək məqsədilə vurduğu teleqrama cavab verməyi özünə sığışdırmamışdı. Əliheydər Qarayev isə öz növbəsində Rusiya Kommunist (bolşeviklər) Partiyasının Dağıstan vilayəti üzrə katibi B. Şeboldayevə teleqram vururaraq yaxın vaxtlatda Azərbaycanda siyasi rejimi dəyişəcəklərini bildirmişdi. 26 aprel 1920-ci ildə Azərbaycan kommunistlərinin emissarları Qəzənfər Musabəyov, Həbib Cəbiyev və Anastas Mikoyan bolşevikləri Bakıya gətirmək üçün Azərbaycan-Dağıstan sərhədinə gəldilər, Azərbaycan sərhədlərində hücuma keçmək münasib məqam gözləyən bolşevik ordusuna komandan M. Tuxaçevskinin 52 saylı əmri elan olundu. Əmrə görə, sərhəddə gözləyən ordu 27 apreldə Bakıya hücuma keçəcəkdi. Ertəsi gün səhər tezdən Petrovsk şəhərindən ( Mahaçqaladan ) Bakıya doğru uçan təyyarə Azərbaycan ordusunun durumu barədə bolşeviklərə kəşfiyyat məlumatları ötürür, Əliheydər Qarayevlə əlaqə saxlayırdı.

Bolşeviklərin malik olduqları 6 zirehli qatardan 2-si Aksay çayı üzərindəki körpüdən keçə bilmədiyindən Bakıya doğru 4 qatar— “III İnternasional”, “Qırmızı Dağıstan”, “Qırmızı Astraxan” və “Timofey Ulyantsev”— hərəkətə başladı. Ə. Qarayevin göstərişi ilə 26 apreldə Bakı- Gəncə telefon xətti kəsilmiş, Biləcər-Keşlə dəmir xətti dağıdılmışdı. Çingiz İldırımın əmri ilə Bayıl başda olmaqla şəhərə hakim yüksəkliklərə toplar qoyulmuş və atəşə hazır vəziyyətə gətirilmişdi. Onun göstərişi ilə 27 apreldə Bakı buxtası, Bayıl hərbi cəbbəxanası,  I şəhər polis şöbəsi, hərbi məktəb və kursantlar ələ keçirilmişdilər. Axşama doğru Bakı dəmiryolu vağzalı, Bakı poçtamptı, radiostansiyası, Bakı jandermeriyası və bir sıra mühüm obyektlər də Çingiz İldırıma tabe olan silahlı bolşeviklərin sərəncamında idi. Ç. İldırımın silahlı dəstələri  işğal etdikləri hər yerdə üçrəngli milli bayraqları cırıb parçalayır, əvəzinə sovet bayraqları asırdılar. Bolşeviklərə lazımı müqavimət göstərə bilməyən milli hökumət Tiflisə, Britaniya ali komissarı Lyuka teleqram vuraraq  gürcü hökumətinin  Azərbaycan hökumətinə yardım etməsinə və erməni tərəfinin Qarabağda hərbi əməliyyatları dayandırmasına vasitəçilik göstərməsini xahiş etdi. Lakin hadisələr o qədər sürətli vüsət aldı ki, ingilis ali komissarı heç məşvərət iclası da keçirə bilmədi.

27 apreldə gündüz saat 12-də Həmid Sultanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından Azərbaycan Cümhuriyyəti hökumət üzvlərinə Spasski küçəsi 11/5 ünvanında ( Zərgərpalan ) hakimmiyyəti təslim etmək baradə ultimatum verdi. Axşam saatlarında  Qırmızı Xəzər Donanması komandanı Çingiz İldırım milli hökumətə öz adından təslim olmaq haqqında təhdidkar ultimatum göndərdi: "2 saata hakimiyyəti bolşeviklərə təhvil vərməsəniz parlamənti başınıza yıxacağam!"

 

Ardı var

 

Prof. Ramazan SİRACOĞLU

 

Bizim Yol.- 2018.- 27 aprel.- S.15.