“Gənc aktyorların yetişməsinə

yaxşı dramaturgiya da lazımdır”

 

Əvvəli ötən sayda

 

- Məni tərifləyən az olub. Əsas tənqid ediblər. Amma deyim ki, filmlərimi hamıdan çox özüm tənqid etmişəm. Həm də bütün filmlərimi sevirəm. Öz qəhrəmanlarımı sevməsəydim, alınmazdılar. Hər filmdə ürək ağrımalıdır. Ağrımasa, deməli, tamaşaçını aldadırsan.

- "Dərvişin qeydləri"ndən sonra tammetrajlı film çəkməmisiniz. Səbəbi nədir?

- Xəstə idim, ona görə. Amma çəkmək fikrim var. Allah qoysa, çəkəcəm də.

- Haqqında danışmaq istərdiniz?

- Yox! Mən gələcəkdən danışmağı xoşlamıram. Bu, mənə düşmür. Ssenari üzərində işləyirəm. Nə istədiyimi də bilirəm.

- Vaxtilə işlədiyiniz aktyorların heç biri həyatda yoxdurlar...

- Aktyor axtaranda həmişə gözümün qabağına Turabov, Yaşar Nuri, Həsən Məmmədov gəlir. İndi də yaxşı aktyorlar var. Amma onlar yaxşı rejissorun əlinə düşməlidirlər ki, korlanmasınlar. "Azdrama"nın, Rus Dram Teatrının tamaşalarına baxıram. Yaxşı gənc aktyorlar var. Onların yetişməsi üçün yaxşı dramaturgiya da lazımdır. Biz Fuad Poladovu itirdik. Onun bizim teatrda öz yeri var idi.

Belə kinostudiyanı itirmək olmaz

Fuad çox maraqlı insan, çox maraqlı aktyor idi. "Dərvişin qeydləri" filmimdə onu çəkmişdim. Çox heyf, sonuncu rolu oldu. Fuadla işləmək çox maraqlı idi.

- Eldar müəllim, gənc aktyorların yaxşı rejissor əlinə düşməsi üçün filmlər çox çəkilməlidir. Filmlərin çox çəkilməsi isə böyük vəsait deməkdir. Bizim kinonun əsas problemlərindən biri də "Kino haqqında" qanunun hələ də qəbul olunmaması deyilmi?

- Bu, zəruri məsələdir, böyük ehtiyac var. Vaxtilə bütün Şərqdə bizim kinostudiya kimi studiya yox idi. "Babək"in, "Nizami"nin, "Nəsimi"nin, "Dədə Qorqud"un çətin dekorasiyaları kinostudiyada hazırlanıb. Belə kinostudiyanı itirmək olmaz. O studiya nəsildən nəslə keçməlidir. Biz indiyə qədər çox sənətkarı itirmişik. Amma onların əvəzinə yenilərini yetişdirməliyik. Bunun da yolu çox filmin çəkilməsindən keçir.

- Film çəkmək üçün isə vəsait lazımdır...

- Bəli, lazımdır. Milli Kitabxananı, Konservatoriyanı bağlamaq olar? Xeyr! Bu bizim mədəniyyətimizdir. Kino ilə dünyaya özümüzü tanıtdırırıq. "Arşın mal alan" filmi ilə bizim aktyorlar, musiqimiz dünyaya tanındı. İndi bizdə kinoya pul qoyan istəyir ki, bir ilin içində çəkilən xərc geri qayıtsın. Belə ola bilməz. Kinoya böyük investisiya lazımdır. Kino mədəniyyətini qorumaq və gələcəyə ötürmək bizim borcumuzdur.

- Bu gün İran və Türkiyə kinosu böyük inkişaf yolundadır. Əsgər Fərhadi iki dəfə "Oskar" mükafatı alıb. İran və türk rejissorların filmləri ən nüfuzlu kino festivallarında qalib olur. Bütün bu prosesləri izləyə bilirsiniz?

- Məlumatım var. Təəssüf ki, Əsgər Fərhadinin filminə baxa bilməmişəm. Mənim üçün Lars fon Trier maraqlıdır. Heyf ki, indi Berqman kimi rejissor yoxdur. Trier ona görə mənə maraqlıdır ki, öz kino dilini axtarır. İran filmlərinin bu uğurlarına sevinirəm. Mohsen Maxmalbafın özü ilə bərabər həyat yoldaşı və qızı da rejissordur. Son İran filmlərini ona görə görməmişəm ki, ekranlarda yoxdur. Filmə ekranda, tamaşaçı ilə bir yerdə baxmaq lazımdır. Televizorda tək oturub baxmaq... Bu, kino deyil.

- Müasir rus kinosunu necə, izləyə bilirsiniz?

- Andrey Zvyaginsevdir də, başqa kim var? Onun hansı filmlərinə baxıbsan?

- "Yelena" və "Leviafan". Səhv etmirəmsə, yaxşı filmlərindən biri də "Qayıdış"dır...

- Ruslarda bir də Konçelovskidir. Vəssalam. Andrey Zvyaginsev sözsüz ki, maraqlı insandır, sənətkardır.

- Müasir rus filmlərində daha çox sosial problemlər və insanların iradə azadlığı qabardılır...

- Onlardan həyat bunu tələb edir. Timur Bekmammedov Qazaxıstandandır, Moskvada yaşayır. Mənim xoşuma gəlmir onun filmləri. Hollivud bir-iki film üçün onu dəvət edib.

- Moskvanın kino mühitində ermənilər həmişə yaxşı vəzifələrdə çalışıblar. İndi vəziyyət necədir?

- Xeyr, vaxtilə belə olmayıb. Amma indi var. Bütün kanallarda bir-iki erməni tapılır. "Mosfilm"in direktoru Karen Şaxnazarov ermənidir. Bir gün də Yerevanda yaşamayıb. Atası bakılıdır. Mən onu hələ institutdan tanıyıram.

- Ayna Sultanova haqqında danışmağınızı istəyirəm. Bu məsələ ilə bağlı sizə suallarım var...

- Niyə birdən-birə Ayna Sultanova yadına düşdü?

- Bu yaxınlarda Sabir Gəncəlinin məhkum qadınlar haqqında kitabını oxudum. Ayna Sultanovanın sizin atanız Tofiq Quliyevin xalası olduğunu biləndə, xeyli təəccübləndim. Bu faktı bilmirdim...

- Ayna Sultanova ata tərəfdən nənəmin bacısıdır. Doğma bacısı. Mən uşaq olanda nənəm onun haqqında mənə danışırdı. Nənəm Ali Məhkəmənin üzvü olub. Sonra Ayna Sultanova Ədliyyə Komissarı olanda nənəmə, yəni bacısına deyib ki, mən nazirəm, bir yerdə işləyə bilmərik, sən gərək burdan çıxasan. Nənəm danışırdı ki, Ayna ona deyib, iki bacı bir sənətdə işləyə bilməz. Yəni vicdanlı idilər də! Düzdür, nənəm işindən oldu, amma məhz bu məsələ onu güllələnməkdən xilas elədi. Onu da deyim ki, nənəm Ayna Sultanovadan bu məsələyə görə incimişdi. Demişdi ki, burdan çıxıramsa, ümumiyyətlə, işləməyəcəyəm. Belə də oldu. İşdən çıxıb evdə oturdu, uşaqları ilə məşğul oldu. Mənim Ayna Sultanovanın oğlu Volodya ilə çox yaxşı münasibətim var idi.

- Ayna Sultanova ona bu adı Vladimir Leninin (Vlad+Len) şərəfinə qoymuşdu, hə?

- Hə, doğrudur. Vladlen idi adı. Ayna Sultanova həbs olunanda anasını da həbs etmişdilər. Sonra Qazaxıstanda öldü. Stalin öləndən sonra Ayna Sultanovaya münasibət dəyişdi. Heykəlin açılışında mən də iştirak etdim. Musabəyovun heykəlinin açılışını da xatırlayıram.

- Musabəyovun heykəlini götürdülər, Ayna Sultanovanın isə abidəsinə dəyməyiblər...

- Hələ qalır. Kim bilir, sabah nə olacaq?

- Belə görünür ki, götürməyəcəklər...

- Allah eləsin! 30-cu illərdə sürgün olunanlar 50-ci illərdə Bakıya qayıtdılar. Yadımdadır ki, hamısı nənəmin yanına gəlirdilər. Çünki sürgün olunmayan tək nənəm idi. Mən onda balaca idim, ona görə deyə bilmərəm ki, nə danışırdılar.

- Sizin haqqınızda kitab yoxdur. Bunun səbəbi nədir?

- İstəmirəm. Nizami deyir ki, kim mənim haqqımda maraqlanacaqsa, heç nə lazım deyil, mənim kitablarımı oxusun, hər sətirdə mən özüm varam. İndi kim mənim haqqımda maraqlanmaq istəyirsə, filmlərimə baxsın. Mənə çoxdan kitab təklif olunub. Özü də Moskvadan. Dedim, lazım deyil.

- Amma Tofiq Quliyev və Müslüm Maqomayev haqqında olan kitabları rəfin yuxarı hissəsinə qoymusunuz.

- Hə, noolar? Orda olmaqları daha yaxşıdır.

- Tofiq Quliyev filmləriniz haqqında nə deyirdi?

-  Baxırdı, amma heç nə demirdi. Mənim haqqımda nə düşündüyünü deyə bilmərəm. Ola bilər, kimlərəsə deyib. Heç bir filmdə mənimlə işləməyib.

- Gərək siz təklif edərdiniz...

- Hə. "Babək"i Həsən Seyidbəyli çəkməli idi. Tofiq də bəstəkar idi. Sonra Həsən Seyidbəyli xəstələndi, imtina etdi. Moskvadan istədilər ki, mən çəkim. Güclə adımı ora saldılar.

Tofiq Quliyev zəng elədi ki, filmdən imtina edir

Çünki tarixi film çəkmək çətin idi. İşə başladım. Həsən Seyidbəyli kimi yığmışdısa, bütün qrup işdə qaldı. Tofiqdən başqa. O mənə zəng elədi ki, imtina edirəm. Dedim, bu düz çıxmaz, deyəcəklər, oğlu rejissor oldu, atasını çıxardı. Dedi, yox, Həsən mənim dostumdur, o gedirsə, mən də getməliyəm.

- Siz atanızdan incimədiniz?

- Yox-yox. Daha sonra Polad Bülbüloğlu ilə işlədim. Ona qədər Poladla 3-4 film işləmişdim. Tofiq Quliyev mənə demişdi ki, niyə Poladın qarşısına keçim? Siz cavansınız, bir-birinizi yaxşı başa düşürsünüz, ona görə də Polad olsun.

 

* * *

 

Haşiyə: Eldar Quliyev atası haqqında danışanda onun yalnız adını çəkir. Bunun səbəbini vaxtilə qonaq olduğu verilişlərdən birində demişdi. Səbəbini bildiyimə görə ona əlavə sual verməyə ehtiyac görmədim. Vaxtilə dediklərindən kiçik sitat:

"Mən məktəbdə oxuyanda Tofiq Moskvada oxuyurdu, işləyirdi. Sonra Lətif Səfərov onu "Bəxtiyar" filminə çağırdı. İlk vaxtlar Bakıda mehmanxanada qalırdı. O, Bakıya qayıdıb ev alanda mən artıq Moskvada oxuyurdum. Bizim yollarımız bir gəlmədi. Mən onu da, anamı da adı ilə çağırırdım. Məni nənəm böyüdüb, ona görə də ona ana deyirdim. Ata isə heç vaxt, heç kimə deməmişəm".

 

* * *

 

FİNAL

Bu da son. Kino dili ilə desək, final. Eldar Quliyevdən dinə münasibəti haqqında soruşuram. Həvəslə danışır. Həm də fikrə gedib, uşaqlıq illərini xatırlayır. Görünür, doğru deyirlər: ömrün bütün yaşlarında uşaqlıq insanın yeganə sığınacaq yeridir. Bunu təkcə Eldar Quliyevin öz uşaqlığına münasibətində demirəm. Həm də min kilometrlərlə uzaqlarda olan nəvələr üçün darıxan babanın uşaq və uşaqlıq həsrətini hiss edib deyirəm.

"Beş-altı yaşım olanda Təzə Pirin yanında yaşayırdıq. şaxsey-vaxsey olanda nənəm məni ora aparırdı. İndiyə qədər yadımdadır ki, beş yaşımda Təzə Pirin həyətində sinə vurmuşam. Nənəm dindar idi. Ona görə də müsəlmanlığın bütün adətlərini mənə öyrədirdi. Təzə Pirin həyəti o vaxt indiki kimi deyildi. Orda futbol oynayırdıq. Məsciddə gündə beş dəfə azan oxunanda evimizdə eşidərdik. Ona görə də Allaha həmişə inanan adam olmuşam. Bütün ömrüm boyu adətləri unutmamışam. Öz uşaqlarıma da deyirəm ki, adətlərinizi unutmayın. Qızımın biri  Moskvada, o biri Amerikada yaşayır, amma zəng edirəm ki, Novruz, Ramazan bayramlarını necə lazımdırsa, qeyd edin. Nəvələrim məktəbdə oxuyurlar deyə, tətil olanda Bakıya gəlirlər. Məndən uzaqdadırlar. Ona görə hamısının şəklini yuxarıdan asmışam. Üç qızdır. Darıxıram onlar üçün".

 

P.S.

 

- Soruşursan ki, nə vaxtsa Məkkəni ziyarət etmək niyyətim olub? Əlbəttə! Məkkədə və Yerusəlimdə olmaq arzum olub. Amma ziyarət vaxtı getmək istəmirəm. Tək getmək, oturub fikirləşmək lazımdır. Bütün hissləri onda qəbul etmək olar. Yanında minlərlə adam varsa, deməli, turistsən. Allah qoysa, ziyarətə getmək bəlkə qismət oldu...

 

Bizim yol.- 2018.- 24 may.- S.15.