Eşq və xəyanət “quruluşçusu”

 

Papaqçı oğlunun kədərli  “həyat tamaşası”

 

... Elə öz həyatı başdan-başa tamaşaydı sanki. Eniş-yoxuşlardan, sevinc və kədərdən, şan-şöhrətdən, eşq macəralarından, sevgi və xəyanətdən, ölümdən ibarət tamaşa... Tamaşanın əsas qəhrəmanı özüydü. Tərəf müqabilləri isə o qədərdi ki... Onları sevirdi, əzizləyirdi, yüksəldirdi, incidirdi... Bəzən də əksinə, onlardan özünə qarşı gözlənilməz davranış, xainlik görürdü. Amma hər şeyə rəğmən “həyat tamaşasını” davam etdirirdi. Özü istədiyi kimi. Çünki tamaşanın (həyatın) ilk səhnələrini (illərini) çıxmaq şərtilə, qalan səhnələrə özü quruluş verirdi. Ürəyindən necə keçirdisə eləcə... Özü necə istədisə, o cür də yaşadı tamaşasında... Bircə o səhnənin quruluşunu dəyişə bilmədi. Bircə o səhnədə “ssenari müəllifinin” yazısını poza bilmədi. Və elə o səhnəylə də əsas qəhrəman “həyat tamaşasını” bitirməli oldu. Gözləmədiyi, istəmədiyi halda... 

 

... Üçüncü zəng çalınır. İşıqlar sönür, pərdələr aralanır və tamaşa başlanır – Mehdi Məmmədovun həyat tamaşası...

 

I Səhnə:Teatra gedən yol

 

“Şuşanın dağları” musiqisinin sədaları altında səhnədə Qarabağ incisinin təbiəti canlanır. 1918-ci il, yazın üçüncü ayının 22-ci günüdür. Şuşada gül gülü çağırır, bülbül bülbülü. Hər yan yamyaşıl, al-əlvan xalıya bürünüb sanki. Papaqçı Əsədulla kişinin ailəsində sevincli gündü. Oğlu dünyaya gəlib. Adını Mehdi qoyurlar. Çox keçmir ki, Əsədulla kişi ailəsini götürüb Bakıya köçür. Mehdi Bakıda böyüyür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirir və aktyor olmaq qərarına gəlir. Səhnəyə olan həvəs isə onda boşuna yaranmamışdı. Özündən yaşca böyük məhəllə uşaqları Türk İşçi Teatrında kütləvi səhnələrə çıxırdılar. O da həmin uşaqlara qoşulub, bir neçə dəfə teatra getmişdi. Üstəlik, məhəllədə də özlərindən tamaşalar qurub, oynayırdılar. Bir də Mehdi qonşuluqda yaşayan, o dövrün teatr aktyoru olan Cəlil Bağdadbəyova tamaşalardakı mətnləri köçürməyə kömək edirdi. Bütün bunlar onda teatra böyük maraq yaradır. Nəticədə Türk İşçi Teatrının yardımçı heyətinə ştata götürülür, kütləvi səhnələrdə oynayır. İşləyə-işləyə sənədlərini Bakı Teatr Məktəbinə təqdim edir. Birinci il daxil ola bilmir. Səbəb kimi boyunun balacalığını və cılız olduğunu əsas gətirirlər. İkinci il daxil olur. 1935-ci ildə  Bakı Teatr Məktəbini bitirib, ali rejissor təhsili almaq üçün Moskvaya Teatr Sənəti İnstitutuna yollanır. İnstitutda 4 ay oxuyandan sonra ərizə yazıb, bir illik möhlət istəyir. Əsəbləri o qədər pozulmuşdu ki, dərslərinə diqqət ayıra bilmirdi. O vaxtlar Mehdi Məmmədov rus dilini pis bilirmiş, ona görə də kompleks keçirirdi. Həm bu, həm atasının o ərəfələrdə xəstəliyi və vəfatı, həm də deyilənə görə, uğursuz sevgi əhvalatı gənc rejissorun bütün əsəblərini pozur. Və institutdan icazə alaraq, bir il ərzində ruhi xəstəxanada müalicə alır.

 

II SƏHNƏ: “Bahar”da gələn ilk sevgi

 

Bu dəfə hadisələr Gəncə Dövlət Dram Teatrında vaqe olur.

 Gənc rejissor 1940-cı ildə Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayır. Tamaşa “əla” qiymətlə qəbul olunur. Teatrın aparıcı aktyorları İsmayıl Talıblı, Əşrəf Yusifzadə, Solmaz Orlinskaya, Rəmziyyə Veysəlova moskvalı qonaqlardan xahiş edirlər ki, bu cavan oğlanın təyinatını Gəncə teatrına versinlər. Bunu elə Mehdi Məmmədov özü də istəyirdi. Çünki Türk İşçi Teatrı Bakı fəaliyyətinə son qoyub, 1933-cü ildən Gəncə Dövlət Dram Teatrı adı ilə yaradıcılığını davam etdirdi. Mehdi 7-ci sinifdən həmin teatrda işləmiş, aktyorlarını tanıyırdı, kollektivi özünə doğma bilirdi. Onların xahişi nəzərə alınır və Mehdi Məmmədov burda rejissor kimi fəaliyyətə başlayır. İki ildən sonra da teatra baş rejissor təyin olunur. Orda çalışdığı müddətdə “Bahar”, “Madrid”, “İntiqam” və “Qatır Məmməd”, “Məşədi İbad”, “Od gəlini” və “Oqtay Eloğlu”, “Toy”, “Vaqif”, “Nə yardan doyur, nə əldən qoyur”, “İntizar”, “Nizami”, “Partizan kostya”, “Vasvası xəstə” dramlarına quruluş verib. Amma Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” tamaşası Mehdi Məmmədovun həm yaradıcılığında uğur nöqtəsi olur, həm də şəxsi həyatını dəyişir. Tamaşada baş rolu əməkdar artist Barat Şəkinskaya ifa edirdisə, o tamaşanın uğurundan şübhə etmək olmazdı. Barat xanım Şəmsi Bədəlbəylidən boşanandan sonra Akademik Dram Teatrından çıxır və 1943-cü ilin yazından Gəncə Dövlət Dram Teatrında işləməyə başlayır. Bu tamaşa elə Barat xanımın da həyatını dəyişir. İki sənətkarın səhnə münasibətləri gerçək sevgiyə çevrilir. 1944-cü ildə Mehdi Məmmədov özündən 3 yaş böyük Barat xanımla ailə qurur. Bu, Mehdi Məmmədovun ilk, Barat Şəkinskayanın üçüncü və sonuncu ailə həyatı olur. 

2 ildən sonra Barat xanımı yenidən Akademik Milli Dram Teatrına dəvət edirlər. Mehdi Məmmədov isə Moskvaya gedərək, rejissor sənəti üzrə aspiranturaya daxil olmaq qərarı verir. Razılaşırlar ki, Mehdi Moskvada təhsil aldığı illərdə Barat Bakıda işləsin. Ancaq həmin il rejissor ixtisası üzrə aspiranturaya yer ayırmamışdılar. Barat xanım da Adil İsgəndərova deyir ki, Mehdi Məmmədovu da dəvət etməsəniz, Bakıya gəlməyəcəm.

 

III SƏHNƏ: Xəyanətlər və eşq macəraları

 

Səhnədə Xəzərin sahili, Qız qalası, Dağüstü parkdan paytaxtın görüntüsü canlanır. Bundan sonrakı hadisələr Bakıda baş verir.

Ər-arvad Gəncədən Bakıya gələrək, Akademik Milli Dram Teatrında işləməyə başlayır. Mehdi Məmmədov bu nəhəng teatrın səhnəsində ilk dəfə 1946-cı ildə Şekspirin “On ikinci gecə” tamaşasına quruluş verir. Viola obrazını Barat Şəkinskaya, Orsinionu Hökümə Qurbanova oynayır. Hətta bu tamaşa hazırlananda Barat xanım hamilə olur. 8 aylıq hamilə ola-ola səhnəyə çıxıb rolunun öhdəsindən məharətlə gəlir. Çox keçmir ki, onların oğlu - Elçin Məmmədov (“Yeddi oğul istərəm”dəki Mirpaşa) dünyaya gəlir. Uşaq doğulandan 15 gün sonra Barat xanım yenidən bu tamaşada oynamağa davam edir. Və tamaşa o qədər uğurlu olur ki, on il repertuardan düşmür.

 

 “Ərin evə qadın gətirirdi”

 

Ancaq məşhur cütlük sona qədər birlikdə yaşaya bilmir. Səbəb isə Mehdi Məmmədovun  aktrisalarla eşq macərası yaşamasına dair söz-söhbətlər idi. Bu söhbətlər, təbii ki, onların münasibətlərinə mənfi təsir edirdi. Sonda ayrılmaq qərarı verirlər. Barat Şəkinskayanın birinci ərindən olan qızı Solmaz Həmzəyeva o günləri belə xatırlayırdı: “1949-cu ildə Kislovodska istirahətə getmişdik. Onda anam hamilə idi. Demə, uşaq artıq 10 aylıq imiş, ana bətnindəcə ölübmüş. Anamı əməliyyat edirlər. O, xəstəxanada qalır. 3 yaşlı Elçinlə məni Fatma Qədriylə Bakıya göndərir. O vaxt qayıdanda evdə qadın olduğunu hiss etdim. Fincanın üstündə “pomada” izi vardı. Anamsa heç vaxt dodaq boyasından istifadə etmirdi. Bu barədə anama heç nə demədim. Bir xeyli sonra qonşumuz olan məşhur bir şəxsin yoldaşı anama dedi ki, “ərin evə qadın gətirirdi”. Bundan sonra anam Mehdi müəllimin ona xəyanət etdiyini bildi və ayrılmaq qərarına gəldi. Bunu Mehdi Məmmədova nə vaxt, necə demişdisə, xəbərim olmadı. Evdə  aralarında hansısa dava-dalaşın, söz-söhbətin şahidi olmadım. Bəlkə də işdə nəsə demişdi. Bircə onu bildim ki, 1951-ci ildə boşandılar. Anam evi Mehdi Məmmədova qoyub, çıxdı. Elçini də Mehdi götürdü”.

Beləliklə, Mehdi Məmmədov və Barat Şəkinskaya ayrılırlar. Ancaq bu ayrılıq onların aktrisa və rejissor kimi münasibətlərinə ziyan vurmur. Çünki boşanandan bir il sonra Barat Şəkinskaya Mehdi Məmmədovun “Mehmanxana sahibəsi” tamaşasında Mirondalinanı oynayır. 1955-ci ildə isə Mehdi Məmmədov “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını hazırlayanda Barat xanıma da rol verir. Səhnə əsərinin hazırlıq prosesində rejissor qəhrəmanın psixoloji vəziyyətini anlatmaq üçün aktyorları yığıb, ruhi xəstəxanaya aparır. Amma Barat xanım getmir. Avtobusda Vəlixanlı familiyalı aktyor ucadan soruşur: “Mehdi müəllim, Barat xanım hanı?” Mehdi Məmmədov da cavab verir ki, Barat xanımın dəlixanaya getməyə ehtiyacı yoxdur.

 Səhərisi bu söhbətin üstünə beşini də qoyub Barat xanıma belə çatdırırlar: “Mehdi müəllim dedi ki, onun dəlixanaya ehtiyacı yoxdur, o, elə binədən dəlidir”. Əlbəttə, Barat xanım da az aşın duzu deyildi, keçmiş ərindən bunun qisasını almaq qərarına gəlir. Aktyorların birindən xahiş edir ki, məşqdə Mehdi Məmmədovun yanında ondan dəlixanaya niyə getmədiyini soruşsunlar. Belə də edirlər. Barat xanım əli ilə keçmiş ərini göstərib gülə-gülə cavab verir: “Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə eyni evdə yaşamışam...”

 

İkinci evlilik, ikinci oğul

 

Bu tamaşadan 1 il sonra, 1956-cı ildə Mehdi Məmmədovu Sov. İKP-a üzvlüyə qəbul edirlər. Və elə həmin il o, Opera və Balet Teatrının baş rejissoru vəzifəsinə keçir. Bir il sonra həmin səhnədə rejissor kimi ilk debütünü edir: “Lakme” operasına quruluş verir. İki ay sonra “Azad” operasının premyerası olur. 1958-ci ildə Mehdi Məmmədova SSRİ xalq artisti adı verilir. Elə həmin il “Leyli və Məcnun”u hazırlayır. Leyli obrazını Sara Qədimova oynayır. 

1959-cu ildə isə Mehdi Məmmədov "Onu bağışlamaq olarmı" filmində mayor Qaya Mürşüdov rolunda çəkilir. Zaman-zaman teatrda öz tamaşalrında müxtəlif obrazlar yaratsa da, bu rol onun kinoda ilk və son işi olur

Bu teatr Mehdi Məmmədovun şəxsi həyatına da təsirsiz ötüşmür. Burada opera müğənnisi İya Aksyonova ilə tanış olur. Bu tanışlıq yaradıcılığa, sonra sevgiyə, sonda da evliliyə yol açır. Və bu evlilikdən Mehdi Məmmədovun Çingiz adlı oğlu dünyaya gəlir. Amma bu ailə həyatı da axıra kimi davam etmir. Yenə də yaraşıqlı, xarizmatik kişi olan Mehdi Məmmədovun eşq macəraları haqda söhbətlər səngimək bilmir və nəticədə 1969-cu ildə bu evlilik boşanma ilə sona çatır.

 

IV SƏHNƏ: Nəhənglərin savaşı

 

Mehdi Məmmədov 1960-cı ildə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunur. Bu o zamanlardı ki, müəyyən konfliktlərdən, şər-böhtandan, narazılıqdan sonra Adil İsgəndərov baş rejissor vəzifəsindən uzaqlaşdırılmışdı. Və bu vəzifə Mehdi Məmmədova həvalə olunmuşdu.

 

Ardı var

 

Bizim yol.- 2018.- 25 may.- S.15.