"Mənim yaradıcılığımda da pasport

mahnım məhz həmin mahnıdır..."

 

"Xaraktercə səbrsiz insan olduğum üçün pedoqoji fəaliyyətlə məşğul olmuram"

 

Hər zaman sakit xarakteri ilə seçilən, bir çox ifaları ilə dinləyicilərin sevgisini qazanan xanəndə xanım Almaz Orucovanın Moderator.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.

 

- Almaz xanım, istərdim sənətə gəlişinizdən danışaq.

- Qeyd edim ki, əslimiz Zəngilan rayonundandır. Ümumiyyətlə nəslimizdə ziyalı insanlar çox olub. Riyaziyyat elmləri doktoru Vəliəddin Quliyev Mürşüd Quliyev bizim nəsildəndirlər. Sənətə gəlişim təsadüfi olmayıb. Bizim nəsildə səsi, istedadı olan insanlar çox olub. Bununla yanaşı atamın, dayılarımın da gözəl səsləri olub. Eyni zamanda atam, anam gözəl şerilərin müəllifi olublar. Daxilən, ruhən incəsənətə yaxın insanlar olublar. Anamın, xalamın da gözəl səsləri olub, hətta onlar müsabiqədə qalib olublar. Ancaq  əmilərinin icazəsi olmadığı üçün sənətə gəlməyiblər. Lakin anam hər kəsdən çox bu sənəti sevirdi. Sanki özünün həyata keçmədiyi arzularını mənim həyatımda yaşatdı. Bu sənətə gəlməyimdə anamın dəstəyi çox olub. Xasiyyətcə qapalı insan olduğum üçün bəlkə də anamın dəstəyi, təhriki olmasaydı mən başqa bir sahəyə yönlənərdim. Orta məktəbdə oxuduğum illərdə anam  məni musiqi dərnəyinə, qarmon dərslərinə yazdırmışdı. Bu dərnəklərdə iştirak etmək, məndə musiqiyə həvəs yaradırdı. Sonralar dahi sənətkarımız Şövkət Ələkbərova mənim müəlliməm oldu. Lakin məni ilk dəfə peşəkar səhnəyə çıxaran, mənə çox kömək edən Səxavət Məmmədov oldu.

- Xanəndələrin bir çoxu təhsil ocaqlarında pedoqoji fəaliyyətlə məşğuldurlar. Siz də hər hansı təhsil müəssisəsində dərs deyirsinizmi?

- Müəllimlik sənətinə çox böyük hörmətim var. Ancaq mən pedoqoji fəaliyyətlə məşğul olmuram. Xaraktercə səbrsiz insanam. Düşünürəm ki, bu sənət üçün ilk öncə insan səbrli olmalıdır. Azərbaycan  Dövlət Akademik Filarmoniyasının, Azərbyacan Dövlət TeleviziyaRadiosunun solistiyəm. Burdan da hər iki qurumun kollektivini salamlayıram.

  - Daha çox xalq mahnıları və ya retro bəstələrə üstünlük verirsiniz...

- Duet şəklində bir neçə yeni mahnılarımız var. Sahib İbrahimovla, Zakir Əliyevlə bir neçə yeni mahnılar ifa etmişik. Bu yaxınlarda Tural Qismətlə yeni aranjmanda  “Səni taparam” mahnısını səsləndirmişik. Ancaq sırf mənim ifamda ancaq “Dönə- dönə” mahnısıdır.

  - Yeni bəstələr ifa etməməyinizə səbəb nədir?

- Düzünü deyim ki, bir neçə dəfə mənə yeni mahnılar təqdim olunub. Ancaq özümü o mahnıda tapmadığım, qısacası istər söz, istərsə də musiqi baxımından bəyənmədiyim üçün ifa etməmişəm. Düşünmüşəm ki, bu mahnını ifa etməklə mən musiqi dünyasına heç bir yenilik gətirə bilməyəcəyəm.

- Yeni bəstələr ifa etməməyinizin səbəbi maddiyat deyil ki?

- Bir söz deyim ki, əgər ifaçı mahnını bəyənirsə, o bəstədə özünü tapırsa inanın ki, onun üçün maddiyat önəmli olmur. Çünki düşünür ki, bu mahnı ilə bir yenilik gətirəcək və yaddaşlarda qalacaq. Sadəcə az öncə də qeyd etdiyim kimi, hələ məni qane edəcək yeni bəstələr olmadığı üçün yeni mahnılar ifa etmirəm.

  - Yaradıcılığınızda sizi yaddaşlara həkk edən ifanız hansıdır?

- Hər bir xanəndənin yaradıcılığnda onu sevdirən, insanlara tanıdan bir ifa olur. Mənim də Rəvan Habiloğlunun İkram Əliyevin sözlərinə bəstələdiyi “Dönə dönə” mahnım olub. Bu mahnını ilk dəfə 19 il bundan öncə ifa etdiyimə baxmyaraq hələ də insanlar tərəfindən sevilir. Hansı tədbirdə iştirak edirəmsə ancaq bu mahnını ifa etməyimi istəyirlər. Mənim yaradıcılığımda da pasport mahnım məhz “Dönə dönə” mahnımdır.

- Zaman - zaman bir çox kişi xanəndələrlə duetləriniz olub. Sizin üçün ən uğurlu tərəf müqabili kim olub.?

- Sənət yoldaşlarımla çox duetlərimiz olub. Filarmoniyanın səhnəsində Ehtiram Huseynovla,  Zakir Əliyevlə və bir çoxları ilə duetlərim olub. Lakin mənim üçün ən uğurlu duetlər Sahib İbrahimovla oxuduğum mahnılar olub. Onunla birliyimiz Azərbaycan Dövlət Muğam Teatrından başladı. O zamandan indiyə qədər bizim əməkdaşlığımız davam edir. Bir çox mahnılar ifa etsək də ancaq mənim ən çox sevdiyim mahnı “Sevgimizin xətrinə” olub. Bu yaxınlarda işıq üzü görən diskimbu mahnının adını daşıyır.

  - Müsahibələrinizdə oğlunuzun bu sənətdə olmağını istəmədiyinizi qeyd etmisiniz...

- Digər sahələrdə çalışan insanlar müəyyən zaman ərzində işləyir və istirahət edirlər. Ancaq bizim sənətdə zaman qrafiki yoxdur. Elə zaman olur ki, insanlar rahat gecə yuxusunda olanda biz yollarda oluruq. Bununla yanaşı mənim oğlum özübaşqa sahəni seçdi. Ancaq buna baxmayaraq oğlumun da gözəl musiqi duyumu, şirin səsi var. Ümumyyətlə hər zaman düşünürəm ki, bu sənətdə olmaq üçün, irəliləyə bilmək üçün gərək sənə Allah tərəfindən gözəl səs, istedad verilsin. İndi bir çoxları bu sənətə gəlir. Bəlkə də düşünürlər ki, ifaçılıqda daha çoxasan pul qazanmaq olar. Ancaq unutmaq olmaz ki, bir sahədə uğur əldə etmək üçün ilk öncə istedad lazımdır.

  - Demək olar ki, hər zaman eyni tərzdə olursunuz...

- Düşünürəm ki, bu mənim xarakterimlə bağlıdır. Hər bir insanın daxili aləmini onun geyim tərzi, saç düzümü, hərəkətləri əks etdirir. Rəngləri də, zarafatı da sevirəm. Ancaq hər  zaman dəbə yox, özümə yaraşana üstünlük verirəm. Çox olub ki, fərqli modellərdə əlbisələr almışam, ancaq geyinə bilməmişəm. Düzünü desəm kompleks etmişəm. Mənim üçün əsas paltarda özümü rahat, komfortlu hiss etməkdir. Düşünürəm ki, tərzim mənə yaraşır.

  - Sonda sənətinizdəki yeniliklərdən danışardınız. Yaxın gələcəkdə solo konsertiniz gözlənilirmi?

- Az öncə də qeyd etdiyim ki, "Sevgimizin xətrinə" adlı yeni bir albomum işıq üzü gördü. Bu işin ərsəyə gəlməsində istedadlı səs rejissoru Raminə təşəkkürümü  bildirirəm. İlk solo konsertim 2005- ci ildə Azərbaycan Dövlət Filarmoniyasında olub. Ancaq hələ ki solo konsert haqqında düşünmürəm. Bəzi gözləntilərim var, onlar alınsın inşallah konsert haqqında düşünərəm. Bundan əlavə bu yaxınlarda gənc müğənni Tural Qismətlə birlikdə sözləri Xanım İsmayılqızına , musiqisi Novruz Aslana aid olan “Səni taparam” mahnısını ifa etmişik.

                                                                                         

Bizim Yol.- 2018.- 12 oktyabr.- S.15.