Muğam mənim damarlarımda axan qanımdır

 

Onu digərlərindən fərqləndirən təkcə səs tonu deyil, eyni zamanda gözəl ürəyə, şən xarakterə sahib olmasıdır.Ətrafına müsbət enerji yayaraq hər kəsin qəlbinə yol tapmağı hər insan bacarmaz. O gözəl muğamlar ifa etməklə yanaşı insanların sevimlisinə de çevrilməyi bacarıb, bacarır. Beləliklə Azərbaycanın Əməkdar Artisti xanəndə Bəsti Sevdiyevanın Moderator.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.

 

-İllərin sənətkarısınız. İstərdim sənətə gəlişinizdən danışaq...

- Hələ ibtidai sinifdə oxuyarkən məktəbin özfəaliyyət dərnəyinin fəal üzvlərindən sayılırdım. İlk ifam məktəbin akt zalında ifa etdiyim Qaranquş mahnısı olub. Dərnəkdə mənimlə yanaşı bir neçə uşaqlar da iştirak edirdilər. Buna baxmayaraq direktorun, müəllimlərin sevimlisi hər zaman mən olmuşam. Yaxşı yadımdadır ki, 7 ci sinifdə oxuyanda bir tədbirdə Qadan mən alım mahnısını oxumaq istədiyimi dedim . Ansamblın rəhbəri , direktor mənə dedilər ki, bu sənin yaşına uyğun ifa deyil. Razı olmasalar da ifa etməyimə icazə verdilər. Sözün qısası bu təsnifi oxudum, arada kiçik bir muğam da ifa etdim. Konsert bitəndən sonra musiqi müəllimim məni o ki var danladı ki, bu sənin yaşına uyğun mahnı deyil. Orta məktəb illərində Oxu tar 73, Oxu tar 75 müsabiqlərində iştirak etdim, müəyyən yerlər tutdum. Yadımdadır ki, həmin müsabiqələrdə münsiflər heyyəti Şövkət Ələkbərova, Cahangir Cahangirov, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, İslam Rzayev idi. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal ifaçılıq fakultəsinə qəbul oldum. Ali məktəbdə müəllimim Lütfiyar İmanov oldu. Musiqi baxımından L.İmanovdan çox şeylər öyrəndim. Yadımdadır ki Ay Laçın mahnısı ilə inustituta qəbul olmuşdum. İnustitut illərində bir çox səfərlərim olurdu. L.İmanov məni özü ilə xarici ölkələrə qastrollara aparırdı. Yadımdadır ki, ilk səfərim zamanı Kiyev,Xarkov və Paltava şəhərlərində olmuşam. Yaxşı ifama görə Lütfiyar müəllim özü ilə qastrollara hər zaman məni aparardı. Oğlu Rauf da ansamblda fəaliyyət göstərirdi.

Bir dəfə Almaniyada L. İmanovun konset proqramı var idi. Məni də özü ilə aparmışdı. Konsertin açılışı mənim ifamla olacaqdı, 20-25 dəqiqəvaxt verilmişdi. Aparıcı çox danışdığı üçün yorulub oturdum. Bir də gördüm ki, Lütfiyar müəllim sürətlə gəlir. O gələn kimi mən qorxumdan ayaq üstə durdum. Gəlib əsəbi halda mənə acıqlandı ki, mən sənə deməmişəm səhnə öncəsi əyləşmək olmaz. Paltarın qırışar, səliqəsiz olar. Bu halda səhnəyə, tamaşaçı qarşısına çıxmaq olmaz. Canlı ifa etməliyəm, Lütfiyar müəllimin sözləri ilə kövrəlmişəm, ağlayıram. Sonra gəlib könlümü alıb dedi ki, sən mənim balamsan, səni çox istədiyim üçün, gələcəyini parlaq gödüyüm üçün səni özümlə bura gətirmişəm. Mən istəmərəm ki,sən pis olasan. Çox gözəl insan idi, Allah ona rəhmət eləsin. Hər cəhətdən bizə səhnə mədəniyyəti öyrədirdi.

-Ailəniz sizə hər zaman dəstək olub...

- Ailəm mənə hər zaman dəstək olub. Atam əlimdən tutub məni dərnəyə aparırdı. Yadımdadır ki, bir gün anam atama dedi ki, bəs bu qız əməlli başlı sənətə yönəlir. Atam da cavab verdi ki, mən ona bir söz demirəm, ancaq muğam ifa edəcəksə oxusun. Ağır, samballı mahnılar ifa etsin.

Bilirsiz bu ondan irəli gəlir ki, bizim ailəmizdə muğama böyük sevgi var idi. Atam Sevdiyev Sevdiyar uzun illər neft sahəsində çalışıb. Ancaq muğamı çox sevib, yadımdadır ki, həmişə Arif Babayevin, Yaqub Məmmədovun və digər xanəndələrin ifasını dinləyərdi. Ümumiyyətlə bizim ailədə milli mentalitetə çox böyük bağlılıq olub.

-Atanızın sözünə görə vokal dərsləri alsanız da məhz muğam ifa etmisiniz?

- Mənim təhsil aldığım illərdə İncəsənət İnustitunda muğam bölməsi yox idi. Atam o vaxt dedi ki, sənətlərini Asəf Zeynallı adına uçilişə ver. Ancaq mən istəmədim, çünki ali təhsil almaq istəyirdim. Lütfiyar müəllim də bilirdi ki, mənim səsim muğama daha çox uyğundur. O mənə daha çox milli musiqimizdən, xalq mahnılarımızdan dərs keçirdi. Yəni muğama daha yaxın olan musiqiləri mənə öyrədirdi. Belə mahnıların arasında da kiçik muğamlar ifa edirdim. Ancaq buna baxmayaraq o hər zaman qeyd edirdi ki, sən vokalı da çox gözəl ifa edirsən.

Ümumiyyətlə bizim musiqi çox zəngindir. Xarici ölkələrdə bizim musiqini ayaqüstə alqışlayırlar. Hansı janrda ifa etsən də onlarda böyük diqqət, sevgi görürsən. Ancaq qeyd edim ki, onlar muğama möcüzəvi bir musiqi kimi baxırlar, zəif bir oxuyan da xaricdə muğam ifa edəndə onu sevirlər. Mən özüm də xarici ölkələrdə muğam ifa edəndə alqışlardan həvəslənirəm, ruhlanıram. Özümə bir əl qatıram ki, daha nə səsim, ifaçılıq bacarığım varsa qoyuram ortalığa. Ümumiyyətlə sənət adamları daxilən çox kövrək olurlar. Adi bir xoş söz onları ruhlandırır.

Keçən il Şimali Kiprdə Akdeniz Universitetinin rektoru Abdullah bəy Dövlət bayramı münasibəti ilə məni konsertə dəvət etmişdi. Tamaşaçıların sayı hesabı yox idi, orada dünyanın 68 ölkəsindən tələbələr, müəllimlər iştirak edirdi. Səhnədə Qarabağ Şikəstəsindən bir hissəni ifa etdim. Necə gözəl qarşılandığını ifa etməyə söz tapa bilmirəm.

Dünyanın bir çox ölkələrində konsertlərim olub. Bir neçə dəfə Almaniyada, Türkiyədə, İsveçrədə, Rusiyanın bir çox şəhərlərində gözəl çıxışlarım olub ki, bu konsertlərdə də həqiqətən anşlaq yaşanıb. Moskva şəhərində özəl dəvətlə solo konsertim olub. Bu konsertlərin hamsında Azərbaycan musiqisinə böyük sevgi müşahidə etmişəm.

Qəribədir ki, xarici ölkədə olanda bir bayrağımızı görəndə kövrəlirəm, bir də ki, Vətən haqqında mahnı ifa edəndə. Oxuya- oxuya Allaha yalvarıram ki, mənə səbr versin, kövrəlmiyim, səsim titrəməsin.

-Təhsiliniz vokaldan ibarət olsa da eyni zamanda muğam dərsləri də alırdınız...

- Ali təhsilimi bitirdikdən sonrakı illərdə həm də İslam Rzayevin ansamblının solisti idim. Bir gün məni böyük bir konsertə dəvət etdilər. Yadımdadır ki, Bağçada güllər mahnısını ifa edirdim. İfamı bitirdikdən sonra Canəli Əkbərov mənə dedi ki, sən niyə muğam oxumursan. Dedim ki, xalq mahnılarının arasında muğam ifa edirəm. Cavab verdi ki, yox belə muğamı hamı ifa edə bilər. Mən muğam dəstgahını deyirəm. Dedim ki, mən onu necə ifa edim, bilmirəm axı. Bircə Qatar muğamını bilirəm. Canəli müəllim dedi ki, sən mütləq muğam dəstgahları ifa etməlisən, səndə çox gözəl alınar. Beləliklə mən muğam ifa etməyə başladım. İlk ifa etdiyim muğam da Rast oldu. Rast muğamını qadınlar arasında Həqiqət Rzayeva, daha sonra isə Sara Qədimova ifa etmişdi. İnanın ki, bütün işimi gücü atıb ancaq muğam öyrənirdim. Rəhmətlik qaynatam Filologiya Elmləri doktoru, professor Nazim Axundov da, qaynanam da mənə qəzəllər seçməyə kömək edirdilər. Bir sözlə Rast muğamını öyrənməyə bir neçə ay vaxt sərf etdim. Bu ifam çox bəyənildi. Bundan sonra qəzetdə mənim haqqımda böyük bir yazı getdi. Böyük sənətkarımız Zeynəb Xanlarovanın dilindən mənim ünvanıma təriflər eşitmək böyük qürur idi. Burdan Zeynəb xanımı da salamlayıram, Allah ona uzun ömür versin. Bu sənətdə mənə ilk xeyir dua verən məhz Zeynəb xanım olub. Bu uğurlar əlbəttə ki, məni sevindirir, daha da həvəsləndirirdi. Bundan sonra Rübabə Muradovanın ifasında çox bəyəndiyim Humayun muğamını öyrənməyə başladım. Bu muğamı da öyrənməyə xeyli zaman sərf etdim. Bu muğamlar hər ikisi mənim ifamda Qızıl Fonda salınıb. Yavaş- yavaş Bayatı Qacar muğamını ifa etdim. Sonralar Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlərim oldu.

Bilirsiniz mənim səsim qaltanlı səs tonudur. Elə səslər var ki, onlar ancaq zil səslə oxuya bilir, bəm onlarda alınmır. Elə səslər də var ki, bəmdən oxuyur, zilə çıxa bilmir. Mənim səsim isə hər üç tonda istər bəm, istər orta registrdə, istərsə də zil səsdə oxumaq üçün uyğundur. Mənim muğam müəllimim Canəli Əkbərov olub. Ancaq muğam elə bir janrdır ki, hər xanəndədən bir boğaz, bir avaz öyrənirsən. Elə olur ki, başqa bir müəllimin tələbəsi mənim dərsimdə oturur, öyrənir. Biz özümüz də elə olmuşuq. Mən özüm də Asəf Zeynallıda dərs deyən Hacıbaba Hüseynovun, konservatoriyada dərs deyən Arif Babayevin dərslərində çox oturmuşam. Bütün bu xanəndələr mənə qarşı heç vaxt laqeyd olmayıblar. Allah karifey sənətkarlarımıza uzun ömür versin. İndi də bir çətinliyə düşəndə, nəisə bilməyəndə onlardan soruşub öyrənirik. Muğam həqiqətən bir dəryadır, əgər bu dəryadan bir damcı öz qabına əlavə edə bilirsənsə demək ki, sən bu sənətdə nə isə etmisən. Elə olur ki, bir neçə il öncə ifa etdiyin muğamı illər sonra dinləyəndə başqa hisslər keçirir, onu sanki indi daha çox hiss edirsən. İllər öncə oxuduğum Rast muğamını indi dinləyəndə öz özlüyümdə deyirəm ki, burasın indi belə ifa edərdim, və ya başqa bir hissəsinə belə düzəliş verərdim. İllər keçdikcə insanın hissləri, dünyaya baxışı da dəyişir. Dünən bir çəkilişdə olduq. Proqram 18 ci əsrin sonu 19 cu əsrin əvvəllərində Azərbaycanın şairə qadınlarına həsr olunmuşdur. Fatma xanım Kəminə, Heyran xanım, Xurşidbanu Natəvan ın həyatından, yaradıcılığından bəhs olunurdu. Fatma xanım Kəminənin eləcə də Heyran xanımın çox acınacaqlı həyat hekayələri olub. Hər ikisini də əsərlərində öz həyat acılarını hiss etmək olur. Bu xanımlar haqqında danışmaqda məqsədim odur ki, bu şairələrin əsərlərinə indi müraciət olunmur. Halbuki, işlənmiş qəzəllər üstündə muğamı ifa etməkdənsə belə gözəl qəzəllərimizdən istifadə etsək daha yaxşı olar. Mən özüm də hər zaman tələbələrimə işlənməyən, eşidilməyən qəzəllər üzərində muğamlar ifa etməyi məsləhət görürəm.

Muğamı çox sevirəm, muğam mənim damarlarımda axan qanımdır. Gözəl musiqi janrı olduğu kimi, eyni zamanda ağır, çətin bir sahədir. Hərdən deyirəm ki, muğamın bu ağırlığı üçün qadınların zərif çiyni çox balacadır. Ümumiyyətlə bu janr ağırlığı, samballığı sevir. Burda artıq hərəkətlərə, açı- saçıq geyimə, artıq əskik danışmağa yol vermək olmaz. Muğam ifa edən şəxs bu kriteriyalara da uymalıdır. Çünki muğam bizə dədə babalarımızdan miras olaraq ötürülüb, bizdən də gələcək nəsillərə ötürüləcək. Belə desək, muğam özü çəkili, ağır musiqidir. Muğamı zəmanəmizdə dirçəldən, ona yenidən nəfəs verən Birinci xanım Mehriban Əliyeva və Presidentimiz İlham Əliyev oldu. Burdan onların hər ikisinə təşəkkür edirəm.

-Bir az sizdən danışaq . Ailədə ərköyün uşaq olmusuz...

- Düzünü deyim nənə-baba uşağı olmuşam. Onlar məni daha çox ərköyün ediblər. Ata anama qalsaydı onlar çox qadağalar qoyublar. Atam xaraktercə sakit insan olsa da anam çox sərt qadın idi. Ailədə yeddi bacı olmuşuq, bacılarımdan biri rəhmətə gedib. Qardaşımız olmadığı üçün məni də ailədə oğlan kimi böyüdüblər. Atam hər birimiz çox sevib, heç vaxt aramızda fərq qoymayıb. Ümumilikdə çox mehriban ailəmiz olub.

-İndi də nazınız çəkilir?

- Yoldaşım hər zaman mənim nazımı çəkib. Sənətdə uğurlar əldə etməyimdə ilk dəstəyim həyat yoldaşım olub. Ailəli qadının işində, sənətində uğur əldə etməsi üçün ilk öncə ona ailəsi tərəfindən, həyat yoldaşı tərəfindən dəstək lazımdır.

-Çox vaxt şən olursuz ...

- Mən pozitiv insanam. Ancaq hər zaman da şən olmaq olmur. Bəzən elə olur ki, tək qalmaq istəyirəm. (Allah heç kimi tək etməsin). Bu zaman hər hansı bir qəzəl oxuyuram, ya da özüm üçün muğam ifa edirəm, öz dünyamda oluram, uzaq keçmişə, xatirələrə dalıram. Ancaq yanımda insanlar, dostlarım, tanışlarım və ya ailə üzvlərim olanda şən oluram. Ancaq onu da qeyd edim ki, hər insanla da deyib -gülmək olmur. Elə sənət dostlarım var ki, onlarla ailəvi gediş - gəlişimiz var. Bu insanlarla çox yaxınam, onlarla saatlarla deyirik, gülürük.

Ümumiyyətlə kimləsə pis münasibətim yoxdur. Sadəcə xoşum gəlməyən insanları özümə çox yaxın buraxmıram. Münasibətimiz salam və sağ oldan ibarət olur. Heç kimə qarşı kinim yoxdur. Çox şükr edən insanam. Allah mənə nə lazımdırsa verib. Gözəl sənətim, ailəm, özümə məxsus evim, evimin ağsaqqalı var. Bundan artıq insan Allahdan nə istəyə bilər ki. Allahdan ancaq verdiklərini almamağı xahiş edirəm, dualarım bundan ibarətdir. Bundan əlavə insanın canı sağlam olsun. İnsanın canı sağlam olanda o işləməyə də həvəsli olur. Mən özüm payız fəslini çox sevirəm. Demək olar ki, payızın dəlisiyəm. Payız olanda mənə dəli kimi işləmək, fəaliyyət göstərmək həvəsi gəlir.

-Xanəndəliklə yanaşı pedoqoji fəaliyyətlə də məşğulsunuz. Hansı sizə daha çətindir?

- Mənim üçün pedooqoq da, xanəndəlik də eyni dərəcədədir. Mən özüm indi gənclərə muğamı öyrədəndə nələrisə yada salıram, nəsə yenidən kəşf edirəm, üzə çıxarıram. Pedogikanı çox sevirəm, düzdür çox yoruluram, eyni zamanda zövq alıram.

 

Bizim Yol.- 2018.- 17 oktyabr.- S.15.