"Günəşin qızı" səhnədə

İyulun 8-də Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruzun təşəbbüsü ilə Akademik Milli Dram Teatrında Kəmalə Səlim Müslümqızının eyniadlı tarixi pyesi əsasında hazırlanmış "Günəşin qızı" tamaşasının premyerası keçirildi.

 

Tasarımçısı  Maile Aslan olan tamaşa Qəzvin şəhərində doğulan, modernist İran poeziyasının banisi və ən güclü şairəsi hesab olunan, alim, tərcüməçi, rəqibsiz natiq, nəinki şərqdə, eləcə də bütün dünyada gender bərabərliyi ideyasının banisi və ilk şəhid qadını, həmvətənimiz Zərrintac Tahirə Qürrətüleynin 200 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərdən idi.

 

Hələ tamaşanın elanları paylaşılarkən bu bənzərsiz qadın haqqında bütün bildiklərimi, eşitdiklərimi bir-bir xatırlamağa başladım. Əslində bu mövzu mənə heç də yad deyildi. Çünki illər öncə hələ magistr təhsilimin ilk ilində Bəhai dininin azsaylı nümayəndələrindən bir neçə nəfərlə görüşmüş, bu din və onların amalı haqqında müəyyən bilgilər əldə etmişdim. İnsanlara və insanlığa sevgi, qadın-kişi bərabərliyini təbliğ edən bu din öz dövründə demək olar ki, bütün dinlər kimi çox təzyiqlərə məruz qalmış, tərəfdarları müxtəlif üsullarla öldürülmüş, həbs edilmişdi. Amma az olsa belə indi də dünyanın müxtəlif yerlərində bu dinə sitayiş edənlər var. Elə bu görüşlərimizin əsas mövzularından biri də Baba ilk iman gətirmiş 18 şagirdin biri və tək qadın tərəfdarı Tahirə Qürrətüleyn olardı. Əminliklə demək olar ki, onun aydın düşüncələri, mübariz ruhu, dönməzliyi və inadkarlığı, saf dünyası tək öz dövründə deyil, bütün dövrlərdə hər bir qadın üçün nümunə ola biləcək gücdədir.

 

Bu düşüncələrlə içimdəki böyük maraq və səbrsizliklə tamaşanın başlamasını gözləyirdim. Tamaşa zalında iynə atsan yerə düşməzdi. Həmin gün insan selini ağuşuna alan zaldakı izləyicilərin demək olar ki, əksəriyyətini tanıyırdım. Yazıçılar Birliyinin üzvləri, cəmiyyətin tanınmış simaları, gənc qələm sahibləri və s. Orada bir daha şahid oldum ki, Tahirə Qürrətüleyn tək mənə yox, bütün azərbaycanlılara maraqlı və əziz idi.

 

Müxtəlif təhsil müəssisələrindən tələbələrin rol aldığı tamaşanın ilk səhnəsində Zərrintac adlı bir qız və müəllifin prototipi olan anası ilə qarşılaşdıq. Aydın oldu ki, Zərrintacın əzmkar mübarizəsinin heyranı olan ana öz qız övladına bu qadının adını verib. Və ana Tahirə haqqında yazdığı kitabı qızına təqdim edir, "adının hardan, kimdən gəldiyini oxu, öyrən" - deyir.

 

Beləcə əsas hadisələr başlayır...

 

Qarşımızda sarı, uzun saçları ilə Zərrintac (Nigar Əliyeva) var. Dərdlidir, fikirlidir. Anası ilə söhbətindən aydın olur ki, atası onu deyiklisi əmisi Molla Tağının oğlu Molla Məhəmmədə vermək fikrindədir. Zərrintac isə oxumaq, elm öyrənmək, özü öz ayaqlarının üzərində durmağı bacarmaq istəyir. Nə atadan, nə ərdən asılı olmadan... Amma o, elə bir dövrdə yaşayır ki, bunu düşünmək belə ayıb hesab olunur. Qız nədir, atanın sözündən çıxdı, kişilər kimi elm öyrəndi nədir?!

 

Tarixdən xatırlatma: Tahirənin əsl adı Fatimə idi. Amma ona Zərrintac ("Qızıl Tac") da deyirdilər. Qəzvin şəhərində 1817-ci ildə türk (azərbaycanlı) ailəsində anadan olmuşdu. Bu ailədən olan üç qardaş  Molla Məhəmməd Tağı (həm də Tahirənin qaynatası), Molla Məhəmməd Saleh (Tahirənin atası) və Molla Məhəmməd Əli yalnız tanınmış və alim adamlar deyildilər, həm də öz dövrlərinin müctəhidləri idilər.

 

Çarəsiz qalan qız razılıq verir və öz əmisi oğlu ilə evlənir. Sonrakı səhnələr bu izdivacdan illər sonranı əks etdirir. İki oğlu və bir qızının dünyaya gəldiyi evlilik həyatı belə Zərrintacın elm dalınca getməyinə, hətta alimlik dərəcəsinə qədər yüksəlməyinə mane ola bilmir. Haqq üçün danışsaq həyat yoldaşı Məhəmməd də ona mane olmur. Amma qaynatası və qaynanası bu işdən çox narazıdırlar. Onlara görə gəlin evində, mətbəxində, ailəsinin, həyat yoldaşının və övladlarının yanında olar, kitabxanalarda, konfranslarda yox. Hətta buna görə Molla Tağı oğlunu ikinci dəfə evləndirmək fikrinə də düşür. Axı şəriətdə kişinin dörd arvad almaq haqqı var. Amma həyat yoldaşını sevən Məhəmməd buna qarşı çıxır. 

 

Elə bu zamanlarda Tahirə dövrün mücdəhidi Seyid Kazım Rəştinin kitablarını oxuyur, onunla elmi müzakirələrini məktublaşmalar vasitəsilə aparır, onu özünün ustadı hesab edirdi. O isə bu gənc qadına "Qürrətüleyn" (yəni "gözümün təsəllisi") adını verir. Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyurdu. Heyrət doğuran o idi ki, Tahirə təfsir və şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, İslamın 1400 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi olmuşdu. Kərbəla və Nəcəf şəhərlərində keçirilən dini toplantı və disputlarda pərdə arxasında iştirak edən yeganə qadın idi. Tahirə dini disputların birində təfsir və fiqh məsələləri ilə bağlı dövrün görkəmli alimlərini məğlub etmiş, lakin qadın olduğuna görə dini titul (mücdəhid adını) ala bilməmişdi.

 

Tahirə həm də XIX əsrin 40-cı illərində Şərqin ən görkəmli şairəsi idi. Bizim dövrə kimi gəlib çatmış bəzi şeirləri özünün dərin məzmunu və azadlıq ruhu ilə seçilir. Əslində, o poetik ifadənin yeni ritminin və yeni tərzinin banisidir. Tahirə cəmiyyətdə modernizmin təbliğatçısı idi və onun yayılmasına çalışırdı. Poeziyada isə o eksperimentlərin və dəyişikliklərin tərəfdarı idi. Tahirə modern İran poeziyasının banisi idi.

 

Sonra Qürrətüleyn Babın yeni təlimi ilə tanış olur, Babilər hərəkatına qoşulur və Babın ilk 18 tərəfdaşından biri kimi bu dini qəbul edir. "Pak" mənasındakı "Tahirə" adını da ona Bab verir. Bununla onun ailədəki və cəmiyyətdəki vəziyyəti getdikcə pisləşir. Qohum-əqraba ondan imtina edir, Qəzvinin imam cüməsi olan qaynatası onu kafir elan edərək, ərindən boşatdırır və uşaqları əlindən alır. Hərəkat başlayanda Tahirə həm İslamın görkəmli yeganə qadın alimi, həm də dövrünün məşhur şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu bir şəxsiyyət idi.

 

O isə heç bir təqibə, təhqirə, verilən zülmlərə, məhrumiyyətlərə baxmadan öz yolunda inamla irəliləyir, görüşlərini xalqla paylaşır, onlar arasında böyük nüfuz sahibinə çevrilir. Belə ki, artıq camaatın ona olan sevgisindən şah belə qorxuya düşməyə başlayır.

 

Tarixdən xatırlatma: Tahirə tarixə ilk öncə qadın azadlıqlarının carçısı kimi daxil olmuşdu. O,  İslam Şərqində çadrasını nümayişkanə atmış ilk müsəlman qadını idi. Bu hadisə 1848-ci ildə babilərin Bədəşt konfransında (Xorasan əyalətində) iştirak edən 80 nümayəndənin (Tahirə onların arasında 81-ci yeganə qadın nümayəndə idi) gözü qarşısında baş vermişdi. Onun bu hərəkəti konfrans nümayəndələrini o qədər heyrətə salmışdı ki, nümayəndələrdən biri hətta qəzəbindən öz boğazını kəsmiş, qalanları isə  nifrətlə ona hücum etmişdilər. Lakin Tahirə özünün möhkəm iradəsi, soyuqqanlığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləşdirmiş, onları geriyə çəkilməyə və ona qulaq asmağa məcbur etmişdi.

 

Ölümünə bir neçə gün qalmış Nəsrəddin şah Tahirə ilə görüşmək istəyir. Bu görüşə Tahirə çadrasız, başı açıq gedir. Nəsrəddin şah onun elminə, alimliyinə böyük rəğbət bəslədiyini, özünün də müasirlik tərəfdarı olduğunu, xarici ölkələrdəki kimi mədəniyyətin inkişafını istədiyini, buna isə Tahirənin elmi, dünyagörüşü, məsləhətləri ilə nail olacağına inandığını deyir. Yəni, şah ona Məleykə qismində şah hərəmxanasına daxil olmağı təklif edir.

 

Tahirə isə şahın bu təklifini öz şeirindən bir beytlə rədd edir:

 

Sənə sənin səltənətin, cahü-cəlalın,

Mənə isə zahidin yolu və vəsiləsi

Əgər o yaxşıdırsa, özünə saxla,

Əgər bu pisdirsə, mənim ismətim. 

 

Artıq ölümə məhkum edildiyini bilən gənc qadın "Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlıq hərəkatını heç vaxt saxlaya bilməzsiniz"-deyir.

 

Tarixi qeydlərə görə Tahirə Tehranın Elxani bağında 1852-ci ildə boğulub öldürülmüşdü. Bir ehtimala görə cəsədi suyu qurumuş quyuya atılmış və daşla doldurulmuş, başqa bir ehtimala görə isə cəsədi yandırılıb, külü göyə sovrulmuşdu. Tamaşada isə ona bir alim və qadın kimi öz ürəklərində böyük rəğbət bəsləyən Əli xan və Həsən xan çıxarılan qərarı məcburən yerinə yetirirlər. Daha doğrusu, müxtəlif gözqamaşdırıcı vədlərlə içki üstündə ordudan qovulan, tövlədə atların altını təmizləyən zavallı zabitə öldürtdürürlər.

 

Bütün kollektivi gənclərdən ibarət olan tamaşada bəzi cüzi qüsurlar, xətalar olsa da məqsəd və amal hər şeyin fövqündə dayanırdı. Sevindirici haldır ki, bütün aktyorlar həvəslə öz rollarını ifa edirdilər.

 

Tamaşada Nigar Əliyeva (Zərrintac), Elnur Soltanov, Cavid Quluyev, Aynur Əliyeva, Rəqsanə Əsəd və başqaları iştirak edirdilər.

 

Təəssüf ki, Tahirə Qürrətüleyn nə ictimai fəal qadın, nə hərəkatçı, nə də şair kimi tariximizdə kifayət qədər tanınır, təbliğ olunur. Onun haqqında araşdırmalar, yazılar çox azdır. Ümid edirik ki, 200 illik yubileyi münasibətilə keçirilən bu tədbirlər onun adını gənclərə daha yaxından tanıdacaq və təbliğatı yönündəki işlər həm ölkə daxilində, həm də ölkə xaricində layiqincə aparılacaq. Tahirə Zərrintac Qürrətüleyn həqiqətən də "Günəşin qızı" kimi bu xalqın şanlı keçmişinə işıq salan Günəşdir.

 

 

Mehriban  Sadıqova

 

Cümhuriyət.- 2018.- 11iyul.- S.14.