Halallıq və doğma yurda bağlılıq simvolu

 

Şahverdi Salmanoğlu Hüseynov İ. Voznesetski adına Leninqrad İqtisadiyyat İnstitutunu bitirib.

 

Hazırda Lerik Rayon Mərkəzi Xəstəxanasında İnsan Resurslarının İdarə Olunması şöbəsinin müdiri vəzifəsində çalışır. O, həmdə Lerik Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədridir. Xalqını, vətənini sevən bu dəyərli ziyalı öz əməli fəaliyyəti ilə artıq cəmiyyətdə hər cür hörmətə layiqdir. Savadına söz ola bilməz, insanlığında ilahi bir sevgi yaşayır.

 

Zəngin daxili aləmi həm də könül bağladığı, nazını çəkdiyi sözün saflığında, duruluğunda görünür. Onun ləyaqətli sözün müqəddəsliyinə ürəkdən tapınmağı elə yurduna, torpağına halal sevgisindən irəli gəlir. Şahverdi müəllimin mənəvi dünyasını vətəni üçün ilhamlı söz qapısına da bənzətmək olar. Odur ki, vəzifə borcunu vicdanla yerinə yetirməklə ədəbi-publisistik fəaliyyətindən də qalmır. Onun istedadı, vətənsevərliyi bütün yaradıcılığı boyu görünür.

 

Güclü zəkaya, dərin düşüncəyə, yaradıcılıq potensialına malik olan Şahverdi müəllim çoxdandır Azərbaycan publisistikasına xalqın əxlaqi, mənəvi dəyərlərini özündə yaşadan məzmunlu, mənalı yazılar ərməğan edir. O, dövrün tələblərini ürəyinin başında yurd-yuva edən vətən eşqli yanğıya uyğunlaşdıra- uyğunlaşdıra qələmə alır. Publisistikası duyğulu olmaqla bərabər təsir dairəsinə görə də seçilir. Ən əsası cəmiyyətin işığa getdiyi yola güzgü tutası söz boğçası zəngindir. Bir qayda olaraq insanların mənəvi dünyasına, torpağın, vətənin taleyinə istiqamətlənən yazıları oxucular tərəfində sevilir.

 

 

 

Bəli, sözü həmişə uça tutan, onu cəmiyyətin inkişafına, elin tərəqqisinə sərf edən Şahverdi müəllimin publisist üslubda qələbə aldığı “Kamil İman sahibi” kitabı işıq üzü görüb. Nəfis şəkildə nəşr olunan kitab tanınmış ilahiyyatçi, kamil iman sahibi, nəcib və xeyirxah insan, el ağsaqqalı, dövrün görkəmli şəxsiyyəti Abbasqulu Kərbəlayi Hüseyn oğlu Mehdiyevin mənalı, dəyərli ömür yoluna həsr olunub. Əsərin qayəsini doğma yurda bağlılıq eşqiöz nəcib əməlləri ilə ona vicdanla xidmət göstərmək istəyi təşkil edir. Kitabda həm də müxtəlif adamlar A.Mehdiyev barədə xatirələr əsasında xoş duyğularla söhbət açırlar. Oxucu dolğun şəkildə qələmə almış həmin xatirələrdə el-oba təəssübü, vətən sevgisi, doğma yurda ilahi bağlılıq kimi saf hisslərin əzəməti ilə üz-üzə qalır.

 

Abbasqulu Mehdiyev müəllifin doğmaca babasıdır. Şahverdi müəllim babasına daha çox bağlı olub, məhz buna görə də qəlb dünyasından qopub gələn xatirələri olduqca səmimi alınıb. Bir nümunə. Kitabda gedən “ Mənim əziz, sevimli babam” yazısından oxuyuram: “Babam çox həlim xasiyyətli, mülayim bir adam idi. O, heç vaxt əsəbiləşməz, hündürdən danışmazdı. Olduqca qayğıkeş və ailəsini sevən, zəkalı, gələcəyi görən, dərin düşüncəli bir adam idi. Uşağı döyən və onun üstünə qışqıran adamdan xoşu gəlməzdi. O, deyərdi:

 

- Uşağı döymək və ona hədə-qorxu gəlməklə tərbiyələndirmək olmaz. Uşağı başa salmaq lazımdır.

 

Babamla tez-tez söhbətlər edərdim. Babam deyərdi:

 

- Elmsiz adam kor kimidir. Elmsiz adam bildiyiniizah edə bilmir. Elmin insanı formalaşmasında, dünyagörüşündə rolu çoxdur.

 

Uşaqlıqdan babamın evində yaşayırdıq. Mən elə bilirdim ki, o, heç vaxt yatmır. Çünki mən yatanda görərdim ki, neft lampasını yandırıb, kitablarını qabağına qoyaraq oxuyur. Səhər duranda görərdim ki, axşam oxuduğu yerdə yenə nə isə oxuyur. Mən ona deyərdim:- Baba, bəs sən yatmırsan?

 

-Yox bala, babalar yatmırlar,-deyə cavab verərdi.

 

- Niyə?

 

-Çünki nəvələr yatanda, onlar üstlərini aşırlar. Baba onların üstünü örtür ki, onlara soyuq dəyməsin.”

 

Kamil iman sahibi olan ilahiyyatçı alim Abbasqulu Mehdiyev 1890-ci ildə dağlar diyarı Lerik rayonunun Azərbaycan kəndində( hazırki Günəşli) dünyaya göz açmışdır. 90 il ömür sürmüşdü. Çörəyi-duzu halal, süfrəsi açıq mərd bir kişi olmuşdur. Həyatı boyu xeyirxahlıq etməkdən usanmayıb. Doğma yurda, vətənə bağlılığı, səxavəti bu yerlərin daşına, torpağına, suyuna hoparaq indinin özündə də ali bir keyfiyyət hesab edilir. Bütün bu deyilənləri müəllif kitabda sənədli-bədii lövhələrlə sözün dəyərindən zövq ala-ala təsvir edə bilmişdir. Odur ki, kitab kəlmə-kəlmə oxucu qəlbinə yol açdıqca, onda xoş duyğular yaradır, bir daha başa düşürsən ki, insana əbədiyaşarlıq qazandıran onun əməlləri, torpağına bəslədiyi halal sevgisi olur. Ən əsası isə həyatının mənasını başqasının səadətində görənləri xoşbəxtlik özü tapır.

 

Zəfər Orucoğlu

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Cümhuriyət.- 2020.- 17-19 oktyabr.- S.12.