Azərbaycanı dünyaya
tanıdan əfsanə: Onu taleyi və ürəyi Bakıya gətirmişdi
Azərbaycan musiqisinin tarixində dərin iz
buraxmış soyadlar var.
Onlardan biri də Maqomayevlərdir. Bu nəsil Azərbaycana
iki böyük Müslüm Maqomayev bəxş edib. Biri
klassik musiqimizin banilərindən olan bəstəkar
Müslüm Maqomayev, digəri isə nəvəsi, bənzərsiz
bariton səsilə dünya səhnələrini fəth
etmiş əfsanəvi müğənni Müslüm
Maqomayev.
"Cümhuriyət"-in “Azərbaycanlı olmayan
azərbaycanlılar” rubrikasında əslən Qroznıdan
olan, lakin tale və ürək bağlılığı ilə
Azərbaycana xidmət etmiş bu görkəmli ailənin
hekayəsindn danışıb.
Milli ruhu notlara çevirən ailə
Musiqi ilə nəfəs alan, millətin ruhunu notlara
çevirən Maqomayevlər Azərbaycanın mədəni
yaddaşına həkk olunmuş bir soyaddır. Müslüm
Maqomayevin ailəsi və mənəvi kökləri 1942-ci ilin
17 avqustunda Bakı şəhərində dünyaya gələn
Müslüm Maqomet oğlu Maqomayev teatr və müsiqi sənətinə
dərin bağlara malik bir ailədə
böyümüşdü. Onun taleyində musiqi və səhnə
sevgisi təsadüfi deyildi. Bu, ona babalarından, valideynlərindən
miras qalmışdı. Maqomayevin soy-kökü zəngin və
çoxmillətli olsa da, o, həmişə qürurla
özünü azərbaycanlı sayırdı. Milliyyətindən
söz düşəndə deyərdi:
“Azərbaycan atamdır,
Rusiya anam”.
Müslüm Maqomayevin babası, bəstəkar,dirijor,
Azərbaycan klassik musiqisin banilərindən biridir. Baba
Müslüm Maqomayev 1885-ci il sentyabrın 6-da Qroznı şəhərində
anadan olub. Bəstəkarın atası Maqomet uşaq
yaşlarında Qroznıya köçmüş bir silah
ustası olub. Maqomayevlər ailəsində nəsildən-nəslə
ötürülən rəvayətə görə,
kiçik yaşlı Maqometi Qroznıya Şeyx Şamil gətirib.
Nəvə Müslüm Maqomayevin xatirələrinə
görə, onun babasının milli mənsubiyyəti və
Qroznıya necə gəlib çıxması barədə dəqiq
məlumat yoxdur.
Çeçen yazıçısı və dramaturqu
Xalid Oşaev, Maqomayevlərin kumık mənşəli
olduğunu yazıb. Müğənni Müslüm Maqomayev
atasının anası, yəni nənəsi Bağdagül
barədə danışarkən deyirdi ki, o, məşhur
Terequlov ailəsinə mənsub olub. Bağdagül
tanınmış teatr xadimləri Əli və Hənəfi
Terequlovların doğma bacısı idi. Bu mənada,
Müslüm Maqomayevin ailə kökləri həm də
Rusiya və Tatarıstan teatr mühitinə uzanırdı.
1900-cü ildə Baba- Müslüm Gori şəhərində
yerləşən Zaqafqaziya Müəllimlər
Seminariyasına dinləyici kimi qəbul olunur və o, burada
Üzeyir Hacıbəyovla tanış olur və onların
arasında yaxın dostluq yaranır. Hətta çox
maraqlıdır ki, hər iki dost eyni gündə anadan olub və
iki bacı ilə evlənirlər. 1902-ci ildə seminariya tələbələri
kimi Müslüm Maqomayev və Üzeyir Hacıbəyov
Maqomayevin atası Məhəmməd Maqomayevi ziyarət etmək
üçün Kaxıya səfər edirlər. Maqomayevin
atası orada “İçəri bazaar” adlı məhəllədə
dəmirçi kimi çalışırdı. Bu səfərin
xatirəsinə Məhəmməd Maqomayevin
yaşadığı və işlədiyi evin divarına
xatirə lövhəsi vurulur. 1911-ci ildə Bakıya
köçən baba Maqomayev burada müəllimliklə
yanaşı, Azərbaycan Musiqili Teatrı ilə əməkdaşlığa
başlayır. Teatrın orkestrində skripka çalır,
daha sonra dirijorluğa qədər yüksəlir. 1913-cü
ildən etibarən o, özünün monumental əsəri –
“Şah İsmayıl” operası üzərində işləməyə
başlayır.
Bu opera milli musiqinin operaya inteqrasiyasında əsl zirvədir.
Əsərin premyerası çətinliklərlə olsa da,
1919-cu ilin martında baş tutur və böyük uğur
qazanır. 1938-ci ildə Moskvada Azərbaycan incəsənətinin
qələbəsi kimi təqdim olunur. Baba Müslüm
görkəmli opera ifaçısı Hənəfi Terequlovun
və Üzeyir bəyin həyat yoldaşı Məleyka
xanımın bacısı Bağdagül Terequlova ilə ailə
qurur. Bu izdivacdan Camaləddin və Maqomet adlı iki oğlu
dünyaya gəlir. Camaləddin Maqomayev sonralar Azərbaycan
SSR-in sənaye naziri olur. Nəvə Müslüm babası
haqqında belə yazır:
"Yaxınlarının dediyinə görə, o,
olduqca səxavətli, insanlara yardım etməyə daim
hazır bir insan kimi tanınıb. Bunu təsdiqləyən
qiymətli sənədlərdən biri də Üzeyir
Hacıbəyovun ona ünvanladığı məktubdur.
Üzeyir yazırdı:
“…Mən sakitcə öz işimlə məşğul
ola bilirəm, bunun nəticəsində konservatoriyaya daxil
oldum; bütün bunları yalnız sənə – mənə
kömək etmək istəyi ilə yaşayan dostum, sənin
qurban verdiyin rahatlıq və sağlamlığa borcluyam… Mən
bu yaxşılığı sənə necə qaytara bilərəm?..”
Bu məktub 1914-cü ildə Sankt-Peterburqdan
yazılmışdı. Hacıbəyov həmin vaxt təhsilini
davam etdirmək üçün konservatoriyaya getmişdi. Babam
dostluğun qədrini bilən insan idi. Səxavət və
ürək genişliyi onun təbiətində vardı.
Çox az adam bilir ki, “Koroğlu” mövzusunda opera yazmaq
ideyası eyni vaxtda həm Maqomayevin, həm də Hacıbəyovun
ağlına gəlmişdi. Babam bu barədə xəbər
tutanda başladığı partituranı cırmış və
demişdi:
“Üzeyir bu əsəri məndən daha yaxşı
yazacaq. Nənəm Bağdagül danışardı ki, babamın
vərəmlə xəstələnməsinin səbəbi
Kür çayına atılaraq nənəmi xilas etməsi
olub. Haradasa Qafqazda olublar o vaxt. Bu hekayəni eşidəndə
əmim Camal gülümsəyər, zarafatla deyərdi ki,
pensiyaya çıxan kimi başlayacağam xatirələrimi
yazmağa. Amma yazmağa macal tapmadı…"
Soyun ən parlaq ulduzu
Lakin bu soyun ən parlaq ulduzu, baba Müslümün nəvəsi Müslüm Maqomayev idi. O, öz
fitri istedadı, zəngin səsi və unudulmaz ifaları ilə
təkcə nənə-baba yolunu davam etdirmədi, onu dünya
səhnəsinə daşıdı. Maqomayev soyadı
artıq təkcə musiqidə yox, Azərbaycan
xalqının yaddaşında bir mədəniyyət simvoluna
çevrildi. Nəvə Müslümün atası Maqomet
Maqomayev (1916–1945) — teatr rəssamı olub. Gənc
yaşlarında müharibəyə yollanmış, İkinci
Dünya müharibəsinin son günlərində, qələbəyə
cəmi iki həftə qalmış Almaniyada həlak olub. 7 il
atasının ölümünü kiçik Müslümdən
gizlədirlər və yalnız 10 yaşında balaca
Müslüm əsl həqiqəti öyrənir.Müslüm
atasını görmədən böyüsə də,
atasının sənətə olan həvəsi və ailəsinə
bağlılığı onun həyatında silinməz iz
buraxır.
Sənətkarın anası Ayşət Maqomayeva (səhnə
adı Kinjalova; 1921–2003) peşəkar
dram aktrisası idi. Stalin dövründə xüsusi təqaüdlə
oxuyan nadir qadın sənətçilərdən biri idi.
Ayşətin atası türkmən, anası isə
qarışıq mənşəli - yarı adıgey, yarı
rus idi. Bu rəngarəng genetik və mədəni irs,
Müslüm Maqomayevin dünyagörüşündə
özünəməxsus iz qoymuşdu. Maqomet Maqomayev və
aktrisa Ayşət Kinjalova 1940-cı illərin əvvəllərində
Maykopda tanış olurlar. Həmin vaxt Ayşət yerli dram
teatrının səhnəsində parlayan gənc aktrisa,
Maqomet isə tamaşaların bədii tərtibatçısı
idi. Onların arasındakı sənət
yaxınlığı qısa zamanda səmimi münasibətə
çevrilir.
Bu iki yaradıcı gənc Bakıya
köçür və evlənirlər. Bu izdivacdan sonradan
bütün Sovet İttifaqının sevimlisinə çevriləcək
oğulları Müslüm dünyaya gəlir. 1945-ci ilin
aprelində, müharibənin son günlərində
Müslüm atasını cəbhədə itirir. Bu
böyük itkidən sonra anası Ayşət xanım
Murmanska köçür, orada oblast dram teatrında
çalışır və bir müddət sonra yenidən
ailə qurur. Kiçik Müslüm isə Bakıda qalır
və atasının böyük qardaşı, Azərbaycanın
Nazirlər Soveti sədrinin müavini Camal Maqomayevin himayəsində
böyüməyə başlayır. Camal Maqomayev ciddi ,
nizam-intizamı sevən bir insan idi. Lakin Müslümə
qarşı hər zaman ədalətli münasibət göstərib.
Ona özünü heç vaxt yetim kimi hiss etməyə
imkan vermiyib. Camalın rəsmi musiqi təhsili olmasa da,
fortepiano və röyalda yaxşı çalırdı,
musiqiyə xüsusi həssaslığı vardı. Məhz
bu duyumla Müslümün qeyri-adi istedadını ilk olaraq o
sezdi və bu istedadın qarşısında məsuliyyət
hiss etdi, onu inkişaf etdirmək lazım idi. Müslüm
gözəl musiqi duyumu, saf və parlaq səsi ilə Bakı
Konservatoriyası nəzdindəki musiqi məktəbinin bəstəkarlıq
və fortepiano sinfinə qəbul olunur.
Lakin bu arada anası oğlunu görmək ümidi ilə
Bakıya gəlir. Ayşəti ilk günlərdən
Maqomayevlər ailəsi sevmir. Evləndikdən sonra
Müslümlə görüşməsinə
narazılıq edirlər. Bakıdan geri döndüyündə
dəmir yolu vağzalında əvvəlcədən
razılaşdırılmış şəkildə dayə
uşağı “bir anlığa” tək qoyur. Ayşət
"məcbur" qalaraq onu özü ilə birlikdə
Rusiyaya – Vışniy Voloçekə aparır.
Böyük Bakının rəngarəngliyindən
sonra kiçik və sakit bu şəhər Müslüm
üçün tamam fərqli bir dünya idi. Burada onu
gözləyən ruhən çox yaxın bir sənət
növü – teatr idi. Səhnə arxasının sehri, məşqlərin
sehrli ab-havası, orkestrin çalğıya köklənərkən
səsləndirdiyi o sirli səslər Müslümün qəlbində
yeni bir aləm açır. Lakin bir ildən sonra Ayşət
anlayır ki, oğlunun musiqi təhsilini davam etdirməsi
üçün Bakıya qayıtması daha doğru olar. Beləliklə,
Müslüm yenidən doğma şəhərinə
dönür.
Bakıda onu yeni tale gözləyirdi...
Onun musiqiyə marağı tez üzə
çıxır. O, Bakı Konservatoriyası nəzdindəki
musiqi məktəbində (indiki Bülbül adına
ixtisaslaşmış musiqi məktəbi) fortepiano və
kompozisiya üzrə təhsil alır və
tanınmış violonçel ifaçısı Vladimir
Anşelyeviç ona fərdi dərslər verməyə
başlayır. Anşelyeviç onun səsini
formalaşdırmasa da, vokal texnikasını, xüsusən də
necə zərifliklə işləmək lazım olduğunu
öyrədir. Bu təcrübə illər sonra
Müslümün “Sevilya bərbəri” operasında Fiqaro
roluna hazırlaşarkən çox işə yarayacaq.
1956-cı ildə Maqomayev Asəf Zeynallı adına
Bakı musiqi məktəbinə daxil olur. Burada o, müəllimi
Aleksandr Milovanov və uzun illər onun konsertmeysteri olmuş
Tamara Kretinqlə birlikdə çalışır. Maqomayevin
etirafına görə, məktəbdə onu pionerlər
sırasından çıxarıblar və o heç vaxt
komsomola daxil ola bilməyib.
Musiqiyə qarşı içindəki coşqu isə
ailəsinin qorxularına baxmayaraq onu səhnəyə çəkirdi.
15 yaşında, ailəsindən gizli şəkildə
Bakı dənizçilərinin Mədəniyyət Evində
ilk dəfə səhnəyə çıxır. Ailəsi
erkən səhnə çıxışlarının səsinə
zərər verə biləcəyindən ehtiyat edirdi. Amma
Müslüm öz səsinin artıq oturduğuna
inanırdı. 1961-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin
Mahnı və Rəqs Ansamblında peşəkar səhnə
debütünü etdi.
Ardınca 1962-ci ildə Helsinkidə keçirilən
VIII Ümumdünya Gənclər və Tələbələr
Festivalında laureat oldu. Əsl şöhrət isə
1963-cü il martın 26-da Kreml sarayında keçirilən Azərbaycan
incəsənəti festivalının yekun konsertindən sonra
gəldi. 1963-cü ildən etibarən o, M.F.Axundov adına Azərbaycan
Dövlət Opera və Balet Teatrının solisti olur, lakin
konsert fəaliyyətini davam etdirir. 1964–1965-ci illərdə
İtaliyanın məşhur “La Skala” teatrında təcrübə
keçir. O zaman belə bir şaiyə yayılır ki,
Maqomayev Milan teatrının truppasına daxil olmaq barədə
təklif alıb.lakin bundan imtina edib. İmtinanın səbəbi
yəqin ki aydındır...
Bir zənglə səhnəyə qayıdış
1960-cı illərin sonlarına yaxın Maqomayevin sənət
dünyasında bir qəhrəmanlıq hekayəsi
yaşanır. Rostov Filarmoniyası maliyyə çətinlikləri
yaşayırdı, Don kazaklarının Mahnı və Rəqs
Ansamblının isə Moskvada planlaşdırılan
qastrollar üçün geyimləri yox idi. Maqomayev konsert verməklə
yardım etməyə qərar verir və Rostov stadionunda 45 min
tamaşaçının qarşısında konsert verir. Plan
üzrə yalnız birinci hissədə
çıxış etməli idi, amma o, iki saatdan artıq səhnədə
qalır. 202 rubl yerinə 606 rubl alır. Adminstratorlar bu məbləğin
qanuni olduğunu desələr də, sonradan məlum oldu ki, bu
belə deyil.
Bu səbəblə "OBXSS" xətti ilə cinayət
işi açılır. Həmin vaxt Maqomayev Parisdəki məşhur
“Olimpiya” zalında çıxış edirdi. Hadisədən
xəbər tutan mühacir dairələr ona SSRİ-yə
dönməməyi təklif edirlər. Amma o, vətənindən
uzaqda yaşamağı təsəvvür belə edə
bilmirdi. Bilirdi ki, belə bir addım onun doğmalarını,
xüsusilə də yüksək vəzifədə olan əmisi
Camal Maqomayevi çətin vəziyyətə sala bilər. Nəticə
olaraq, heç bir qanun pozuntusu aşkar edilmədi və
çünki sənətçi aldığı qonorar
üçün rəsmi sənədə imza
atmışdı. Amma buna baxmayaraq, SSRİ Mədəniyyət
Nazirliyi onun Azərbaycan hüdudlarından kənarda
çıxışlarına qadağa qoyur.
Bu müddəti səmərəli dəyərləndirən
Maqomayev Bəstəkar Şövkət Məmmədovanın
sinfində oxuyaraq Bakı Konservatoriyasını 1968-ci ildə
bitirir. Sənətçiyə olan qadağa KQB sədri Yuri
Andropovun şəxsən Mədəniyyət naziri Yekaterina
Furtsovaya zəng vuraraq, Maqomayevin KQB baxımından “təmiz”
olduğunu bildirməsindən sonra götürülür. Bu
zəngdən sonra KQB-nin yubiley konsertində
çıxış edərək yenidən böyük səhnəyə
qayıdır. 1969-cu ildə Sopotda keçirilən Beynəlxalq
Musiqi Festivalında Müslüm Maqomayev birinci mükafata layiq
görülür.
1970-ci ildə Kann şəhərində keçirilən
Beynəlxalq Qrammofon Yazıları və Musiqi Nəşrləri
Festivalında isə o, qızıl disk mükafatını
qazanır. 1973-cü ildə məşhur “Bremən
musiqiçilərinin iziylə” adlı cizgi filminin ikinci hissəsində
Trubadur, Casus və Atamanşanın səslərini ifa edir.
1975–1989-cu illərdə özünün yaratdığı
Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri
olur və bu orkestr ilə Sovet İttifaqının bir
çox şəhərlərində uğurlu konsertlər
verir.
Heydər Əliyevlə yaxın dostluq
1960–70-ci illərdə Müslüm Maqomayevin SSRİ-də
şöhrəti hədsiz idi. Onun çıxış etdiyi
stadionlara on minlərlə insan toplaşırdı. Televiziya
efirlərində tez-tez görünür, plastinkaları
milyonlarla satılırdı. O, təkcə Sovet
İttifaqında deyil, Fransa, Bolqarıstan, Almaniya Demokratik
Respublikası, Polşa, Finlandiya, Kanada, İran və digər
ölkələrdə də böyük uğurla
çıxışlar edirdi. O, həmçinin “Musiqi-80” və
“Musiqi-81” adlı populyar teleproqramların aparıcısı
olmuşdu. Maqomayevin repertuarında 600-dən çox əsər
ariyalar, romanslar və mahnılar vardı.
O, 20-dən artıq mahnının, müxtəlif
teatr tamaşalarının, müzikl və filmlərin musiqi
müəllifidir. Eyni zamanda, dünya opera və estrada
ulduzları haqqında televiziya verilişlərinin müəllifi
və aparıcısı olmuş, məşhur Amerika
müğənnisi Mario Lanza haqqında kitab
yazmışdı. 1997-ci ildə onun şərəfinə
"1974 SP1" kodlu asteroidə (4980) "Magomaev" adı
verildi. Müslüm Maqamayev ömrünün son illərini
Moskva şəhərində keçirir.
Konsert fəaliyyətindən uzaqlaşıb daha
çox rəssamlıqla məşğul olur. İnternet
vasitəsilə pərəstişkarları ilə
yazışırdı. Səhnədən çəkilməsini
belə izah edirdi: “Hər bir səsə, hər bir talanta
Tanrı müəyyən bir zaman verir, onu keçmək
olmaz”. Amma onun səsində heç vaxt ciddi problemi
olmayıb. Müslim Maqomayev uzun illər ümummilli lider Heydər
Əliyevlə yaxın dostluq münasibətlərində
olub. 2003-cü ildə H.Əliyevin vəfatı sənətçini
sarsıdır və o, daha da özünə qapanır. Gənclik
illərindən ürəyində və ağciyərlərində
narahatlıqlar olsa da, siqareti heç vaxt tam tərgidə
bilmir, bəzən gün ərzində üç qutu siqaret
çəkdiyi deyilirdi. Maqomayevin ifa etdiyi son mahnılardan biri
Sergey Yeseninin sözlərinə yazılmış “Sağ ol,
Bakı” mahnısı idi.
O, bu mahnını 2007-ci ilin martında lentə
almışdı. Müslim Maqomayev 2008-ci il oktyabrın 25-də,
67 yaşında, ürəyin işemik xəstəliyindən
, həyat yoldaşı Tamara Sinyavskayanın yanında,
Moskvada vəfat edir.
O, özünün bəstələdiyi və ifa
etdiyi “Azərbaycan” mahnısının sədaları
altında son mənzilə yola salınır. Bu mahnı, sanki
onun Vətən ölməz sənətinə
yazılmış vida məktubu idi. Müslüm Maqomayev Fəxri
Xiyabanda, öz babası, məşhur bəstəkar və
dirijor Müslüm Maqomayevin məzarının yanında dəfn
edilir. Müslüm Maqomayevin şəxsi həyatı da onun
taleyindəki musiqi qədər mürəkkəb və hiss
dolu olub.
Otellərdə birgə yerləşmək
üçün xüsusi sənəd
Hər zaman SSRİ məkanında qadınların
sevimlisi olan Maqomayevin ilk həyat yoldaşı Ofeliya Vəliyeva
olub. 1960–1963-cü illər arasında davam edən bu nikah
Bakı Musiqi Məktəbində tanışlıqdan
başlamışdı. Onlar bir kursda oxuyurdular. Ofeliyanın
atası Şəmsəddin Vəli oğlu Vəliyev Azərbaycan
Milli Elmlər Akademiyasında çalışan
tanınmış kimyaçı alim idi. Bu evlilikdən
Maqomayevin yeganə övladı - qızı Marina (1963-cü
il) dünyaya gəlir. Marinanın sözlərinə görə,
anası yarıazərbaycanlı, yarırus əsillidir.
Hazırda Marina ABŞ-də yaşayır.
1963-cü ilin payızında, artıq şöhrət
qazanmağa başladığı illərdə Maqomayev
Moskvada, Dövlət Radiosunun estrada redaksiyasında musiqi
redaktoru işləyən Lyudmila (Mila) Kareva ilə
tanış olur. Bu tanışlıq illərlə davam
romantik münasibətə çevrilir. Onların birgə ilk
səfəri 1964-cü ilin yanvarında Xabarovska baş tutur.
Üç il sonra isə SSRİ daxili işlər naziri
Nikolay Şelokov onların otellərdə birgə yerləşməsi
üçün xüsusi sənəd imzalayır.
Bu sənəddə onların “faktiki həyat
yoldaşları” olduğu qeyd olunurdu. Maqomayev bu illərdə
Karevanın həyatında mühüm rol oynayır, ona mənəvi
və maddi dəstək göstərir. 1980-ci illərdən
etibarən Mila Kareva Nyu-Yorkda sənətkarın dəstəyi
ilə alınan mənzildə yaşayır. Kareva sonradan
“Birinci Kanal”ın hazırladığı “Müslüm
Maqomayev. Yer üzünün ən gözəl səsi”
adlı sənədli filmdə də iştirak edir. Onların
münasibətləri “Maqomayev” bədii filmində də əks
olunub. Müslüm Maqomayevin ikinci və rəsmi nikahda olan həyat
yoldaşı məşhur opera sənətçisi, SSRİ
xalq artisti Tamara Sinyavskaya olub.
Onların tanışlığı 1972-ci ilin
payızında Bakıda olub və 1974-cü ilin 23
noyabrında evləniblər. Bu nikahın qeydiyyatını isə
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi,
rəssam Tahir Salahov təşkil edir. Tamara xanım həyatının
sonuna qədər onun yanından ayrılmadı...
Səbinə Uğur
Cümhuriyət .- 2025.- 9-16 may(¹16).- S.10.