İltifat Əhmədovun yeni
kitabı çapdan çıxıb
AMEA Lənkəran
Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və etnologiya
şöbəsinin əməkdaşı, Azərbaycan
Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar
Birliyinin üzvü, yazıçı-publisist İltifat
Əhmədovun yeni - “Kəndimizin ilk alimi - Kamal Dadaşov”
adlı sənədli povest kitabı işıq üzü
görüb.
Müəllifin sayca beşinci kitabında
ömrünün 70 ilini gənc nəslin təlim-tərbiyəsinə
həsr etmiş, 1956-cı ildən 2016-cı ilədək Lənkəran
rayonunun müxtəlif məktəblərində fransız
dili müəllimi, tədris işləri üzrə direktor
müavini və direktor, indiki Azərbaycan Dillər Universiteti,
Lənkəran Dövlət Universiteti və Azərbaycan
Dövlət Pedaqoji Universitetində müəllim, baş
müəllim, kafedra müdiri vəzifələrində
işləmiş, ali məktəblər üçün bir neçə
fransız dili dərsliklərinin müəllifi, filologiya
üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun mənalı,
gənc nəsillərə örnək ömür yolundan,
elmi-pedaqoji fəaliyyətindən bəhs olunur.
Sənədli povestdə alimin şəcərəsi,
uşaqlıq, yeniyetməlik, gənclik illəri, tələbəlik,
aspirantlıq, ümumtəhsil və ali məktəblərdəki
laborantlıq, müəllimlik, kafedra müdirliyi, elmi ezamiyyətləri,
beynəlxalq konfrans və simpoziumlarda
çıxışları, ailə üzvləri haqqında
məlumatlar və s. Kamal müəllimin öz dilindən nəql
edilir.
152 səhifəlik kitab “Apostrof - A” mətbəəsində
yüksək poliqrafik üslubda, nəfis, rəngli tərtibatda
nəşr olunub.
Professor Kamal Dadaşov hazırda Lənkərandakı
doğma ata ocağında, Aşağı Nüvədi qəsəbə
inzibati ərazi dairəsinə daxil olan Küvənil kəndində
ömrünün ahıl çağlarını
yaşayır. Yanvarın 10-da 95 yaşını qeyd edib.
İltifat Əhmədovun indiyədək publisistik əsərlərindən
ibarət “İllərin söz çələngi” (2019), Aprel
döyüşlərinin şəhidi, kəşfiyyatçı
Rusif İbrahim oğlu Ağayevdən bəhs edən “Vətən
sənə oğul deyir” (2020), I və II Qarabağ müharibələrinin
iştirakçıları, Lənkəran rayonunun
Aşağı Nüvədi qəsəbəsindən olan 9 nəfər
şəhidə və 25 nəfər qaziyə həsr etdiyi
“Dastana dönən igidlər” (2021) və “Xeyriyyəçi
Hacı Ərşad” (2024) sənədli povest kitabları
işıq üzü görüb. Yazıçının
44 günlük Vətən müharibəsində müqəddəs
şəhidlik zirvəsinə ucalan, AMEA Lənkəran Regional
Elmi Mərkəzinin əməkdaşı olan Mahsun Zahir
oğlu Bağırzadənin şərəfli ömür və
döyüş yolunu əks etdirən “Mahsunun Vətən
sevgisi” adlı kitabı nəşriyyatda çapa
hazırlanır.
Cümhuriyət.- 2026.- 6 fevral (¹5).- S.13.