Ey ağlıma gəlməyən,
könlümə xoş gəlmisən...
Zamanı aşan fikir dünyası
Elə şəxsiyyətlər var
ki, onların təsiri
yalnız yaşadıqları dövrlə məhdudlaşmır, əksinə, zaman keçdikcə daha
da dərinləşir və
bütün dövrlər üçün àktual
olaraq qalır. Bu
cür insanlar bəşəri dəyərləri, ümumi
insani idealları təmsil
etdikləri
üçün hər əsrdə yenidən
kəşf olunur və
qiymətləndirilir.
Onların fikir və
əməlləri
zamanın
sınağından
çıxaraq cəmiyyətlər üçün hətta
böyük bir yol
göstəricisinə
çevrilir. Belə şəxsiyyətlərin əsas
xüsusiyyətləri isə odur
ki, onlar dövrün dar
çərçivələrinə sığmayan ideyalar
irəli sürürlər.
Əslində ədalət, azadlıq,
insan ləyaqəti, elmə və
biliyə hörmət kimi dəyərlər konkret
bir zamana aid
deyil. Məsələn,
Sokratın “özünü tanı”
fəlsəfəsi bu gün
də insanın daxili
dünyasını dərk etməsi
baxımından
aktuallığını
qoruyub saxlamaqdadır.
Eyni şəkildə Nizami
Gəncəvinin əsərlərindəki humanizm,
sevgi və ədalət ideyaları müasir
cəmiyyət
üçün də dərin
məna kəsb edir.
Tarixdə bu cür
şəxsiyyətlər
adətən cəmiyyətin problemlərini hamıdan əvvəl görən və
onlara cəsarətlə münasibət bildirən
insanlar olublar. Onlar
bəzən
yaşadıqları
dövrdə
anlaşılmayıb, hətta təqiblərə belə məruz
qalıblar. Lakin zaman
keçdikcə
onların haqlı olduqları üzə
çıxıb. Bu kimi
faktın özü isə
bir daha göstərir ki, həqiqi böyüklük ani
şöhrətlə
deyil, uzunmüddətli təsirlə ölçülür. Bütün dövrlər üçün aktual
olan şəxslər həm
də insanlara düşünməyi öyrədiblər. Onlar
hazır cavablar verməkdən daha çox, suallar
qoyub, fərdi və
cəmiyyəti düşünməyə sövq
ediblər. Bu səbəbdən onların
ideyaları hər yeni nəsil tərəfindən yenidən
şərh olunur və
müasir şəraitə uyğunlaşdırılır. Nəticə etibarilə, elə
şəxslər var ki,
onlar yalnız öz zamanlarının deyil,
bütün bəşəriyyətin yaddaşına məxsusdur. Onların
aktuallığı
zamanla azalmaq əvəzinə, daha
da möhkəmlənir. Çünki onlar
dəyişən dünyada dəyişməyən dəyərləri təmsil
edirlər. Bu cür
şəxsiyyətləri
tanımaq, öyrənmək və
onların
ideyalarından nəticə çıxarmaq hər
bir cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu
gün belə bir
şəxs İnqilab İsax
dünyasının
poeziya şöləsindən daha ətraflı danışmaq istərdim.
Qeyd etməliyəm ki, İnqilab İsaxın
poeziyası müasir Azərbaycan ədəbiyyatında fərdi
poetik düşüncə ilə ictimai məsuliyyətin kəsişməsində
formalaşan yaradıcılıq nümunələrindəndir.
Onun şeirlərində həm daxili insan
dünyasının ziddiyyətləri, həm
də zamanın sosial-mənəvi problemləri poetik dildə ifadə
olunur. Şairin yaradıcılığı əsasən insan, zaman, yaddaş,
taleyüklü suallar və milli kimlik xətti boyunca
inkişaf edir. İnqilab
İsax poeziyasının mərkəzində insan
və onun daxili
mübarizəsi
dayanır. Şair üçün insan
təkcə bioloji və ya
sosial varlıq deyil,
həm də vicdanla
üz-üzə qalan, zamanla mübahisə aparan
və eləcə də
yaddaşın
yükünü
daşıyan mənəvi subyektdir. Filologiya elmləri
doktoru, professor, Əməkdar elm
xadimi Nizaməddin Şəmsizadə
İnqilab İsax yaradıcılığından söz
düşərkən yazırdı: “İnqilab İsaxın
şeirlərinin əsas bədii
məziyyəti poetik dəqiqlikdir. O, təbiətdən, təbii
həyatdan uçub qəlbində yuva
bağlamış
şairanə fikri, ülvi
duyğunu hər yetən
sözə təsəlli
etmir”.
Xüsusi olaraq qeyd
etmək
lazımdır ki, şair
hər zaman hadisəni
deyil, hadisənin insan
ruhunda
yaratdığı təsiri poetikləşdirirdi. Bu
da onun poeziyasına psixoloji
dərinlik
qazandırırdı. Həmçinin İnqilab
İsaxın lirik “mən”i
açıq şəkildə müəllif mövqeyini daşımaqla pafoslu
özünüifadədən
uzaq olmaqla daha
çox sakit, daxili
etiraf tonunda danışırdı. Məhz yaradıcılığına məxsus
olan bu “mən”
oxucuya hökm vermir,
onu düşünməyə məcbur
edirdi. Şairin mövqeyi
bəzən
üsyankar, bəzən təslim
kimi görünür, amma əslində bu, zamanla
dialoq aparan düşünən insanın
mövqeyi olaraq dəyərləndirilməlidir. Qeyd
etməliyəm ki,
İnqilab İsaxın yazı
dili sadə, lakin çoxqatlı eləcə də
gündəlik sözlər dərin
metaforik məna daşımaqla süni
bəzəkdən uzaq,
lakin poetik yüklü idi.
İnqilab İsax öz
yaradıcılığında
forma ilə oynamaqdan daha
çox, mənanın təmizliyinə
üstünlük verirdi. Bu isə onun
poeziyasını
oxucusuna daha yaxın
etmək fürsətini aşılamış olurdu.
Bu gün İnqilab
İsax poeziyasından danışarkən onun
yaradıcılığının
fəlsəfəsi
açıq tezis şəklində deyil,
poetik sual formasında təqdim
olunduğunun
şahidi oluruq. Belə
ki, o, həyatın mənası, insanın məsuliyyəti, zaman qarşısında dəyərin taleyi
kimi mövzuları cavablandırmır, onları
oxucusunun
qarşısında daha dərin
düşüncə tərzi formasında təqdim
edirdi. Bu baxımdan
da onun şeirləri oxunduqca
bitmirdi əksinə düşüncə prosesini
davam etdirirdi. Onun
şeirləri oxucunu təkcə estetik
zövqə deyil,
özünüdərketməyə və
daxili dialoqa dəvət edirdi.
Bu da
yaradıcılığının əsas dəyərindən hesab
edilirdi.
Yaman arxayınıq bu
boşluqlara
Gerçək
yaşamağın xəyalları qıt.
Hardan gəldiyimi, hardan
biləsən?-
Qayıt, gəlmədiyin tərəfə qayıt.
O yorğun səmada,
bulud da incik…
Giley-güzarlardan
olma xəbərsiz.
Dünyanın
altını üstə çevirib
İndi bilirsənmi neyləmişik biz?
Onun bu misralarında şeirin
əsas ideyası insanın
daxili tənhalığı, özünə və dünyaya
yadlaşması, gerçək həyatla xəyallar
arasındakı uçurumdur. Lirik
qəhrəman sanki həm qarşısındakına, həm
də özünə müraciətidir. “Gerçək yaşamağın xəyalları qıt” real həyatın ruhsuz, arzularsız, ideallardan uzaq olduğunu bildirir.
Bu isə xəyallarda insanı
yaşadan əsas qüvvə kimi təqdim
olunur. “Hardan gəldiyimi, hardan
biləsən?” kimlik, kök,
mənəvi mənsubiyyət
sualıdır. Qarşı tərəfin onu anlaya bilməyəcəyinə işarəsi daha dərin qatlarda özünü göstərməkdədir. “Qayıt,
gəlmədiyin tərəfə qayıt”
paradoksal ifadə
olmaqla mümkünsüz bir
dönüşü, ya da
insanın heç vaxt
aid olmadığı bir dünyaya qayıtmaq
istəyini maraqlı detalları ilə
təqdim etməyə müvəffəq ola bilirdi.
Ey ağlıma gəlməyən könlümə xoş
gəlmisən,
Allah bəndəsi salam,
gör kimə tuş
gəlmisən.
Yaradıcılığına aid
olan bu iki
misra əslində sevgi
və tale motivləri üzərində qurulmuş
lirik-poetik müraciətdir. Misralarda lirik qəhrəman gözləmədiyi bir
qarşılaşmadan, qəfil
daxil olan bir
insandan danışır.
Burada həmçinin bədii vasitələr xitab
(müraciət) əsas bədii
üsul olaraq geniş
formada təqdim edilməkdədir. Eləcə də
danışıq dilinə yaxın,
axıcı üslub canlı
və təbii ifadələrlə klassik
şeir ənənəsi ilə
müasir lirikanın sintezi
olaraq üslub xüsusiyyətini daha
dolğun formada təqdim
edə bilirdi.
İnqilab İsax yaradıcılığına son nəticə olaraq
baxdıqda, onun ədəbi
dünyasının əsas mahiyyəti insanın
daxili aləmi, zamanla
münasibəti və milli-mənəvi dəyərlərin müasir
düşüncə ilə sintezində cəmlənirdi. O, əsərlərində sadəcə hadisə
və ya obraz
yaratmaqla kifayətlənmirdi,
əksinə daha çox
oxucusunu düşünməyə, özünü və
yaşadığı cəmiyyəti yenidən
dərk etməyə sövq
edirdi. Bu baxımdan
İsax
yaradıcılığı
həm estetik, həm
də fəlsəfi yük
daşıyırdı.
Onun
yaradıcılığında
diqqət çəkən əsas
cəhətlərdən
biri səmimilik və
daxili təmkinlə qurulan
bədii dildir. Şairin
yaradıcılıq
üslubu zahirən sadə
görünsə də, məna
qatları dərin və
çoxşaxəlidir.
İnqilab İsax sözə dekorativ
vasitə kimi deyil,
mənanı
daşıyan
canlı bir varlıq
kimi
yanaşırdı. Bu yanaşma
onun əsərlərində emosional
təsirin süni
pafosdan uzaq, təbii
və
inandırıcı
olmasını təmin edirdi.
Tematik baxımdan İnqilab İsax
yaradıcılığı fərdi talelərlə ümumbəşəri
problemlər arasında körpünü də
yarada bilirdi. İnsanın tənhalığı, yaddaş,
zaman, vicdan, itki və
ümid motivləri onun mətnlərində tez-tez
rast gəlinən əsas
xəttlərdəndir.
Bu mövzular milli
mühitdən
qaynaqlansa da, ümumbəşəri məna kəsb
etməklə oxucusunun şəxsi təcrübəsi ilə
asanlıqla səsləşirdi. Müəllif cəmiyyətin ağrılı nöqtələrini göstərərkən ittihamçı mövqedən çox,
müşahidəçi
və
düşündürücü mövqedə dayanmağı bacarırdı.
İnqilab
İsaxın
kitablarının rus, ingilis,
özbək,
gürcü, ukrayna və
türk dillərinə tərcümə edilməsi
onun
yaradıcılığının beynəlxalq miqyasda
maraq doğurduğunun əyani göstəricisidir. Bu
kimi tərcümələr sayəsində müəllifin mövzu
və ideyaları müxtəlif mədəniyyətlərdə oxuculara
çatdırılır,
əsərlərinin mənəvi-bədii dəyəri daha
geniş auditoriya tərəfindən tanınırdı. Xüsusilə
kitablarının türk dillərinə və
region ölkələrinin dillərinə çevrilməsi, İnqilab
İsax
yaradıcılığının ortaq
tarixi və mədəni bağlar
fonunda qəbul olunmasını daha
da gücləndirmişdir.
Eyni zamanda ingilis
və rus dillərinə tərcümələr müəllifin əsərlərinin qlobal ədəbi mühitə
inteqrasiyasına şərait yaratmaqla bu proses həm Azərbaycan
ədəbiyyatının tanıdılmasına, həm də
İnqilab İsaxın fərdi üslubunun eləcə də
dünyagörüşünün
müxtəlif oxucu kütlələri tərəfindən dəyərləndirilməsinə töhfə vermişdir. Tərcümələr onun
yaradıcılığını milli
çərçivədən
çıxararaq beynəlxalq ədəbi dialoqun
bir hissəsinə çevirə bilmişdir.
İnqilab İsaxın
yaradıcılığında ənənə ilə
yeniliyin vəhdəti də xüsusi olaraq qeyd olunmalıdır. O,
klassik ədəbi düşüncədən gələn mənəvi dəyərləri qoruyur,
lakin onları müasir
insanın
psixologiyası və dövrün problemləri fonunda
təqdim edirdi. Bu xüsusiyyət onun
yaradıcılığını nə
tamamilə ənənəvi, nə
də radikal modernist edirdi, əksinə, balanslı
və davamlı bir ədəbi xətt
formalaşdırırdı.
Filologiya elmlər doktoru,
professor Vaqif Yusifli
isə İnqilab İsax
yaradıcılığı
haqqında
yazırdı:
“İnqilab İsax təbiətlə insan
aləmi arasında sırf
harmoniya axtaran şairlərdəndir. Elə
bir şeiri yoxdur
ki, o şeirdə təbiətdən bir
parça olmasın”.
O, 2022-ci ildə
qardaş Türkiyə Cümhuriyyətində keçirilən
XXI Uluslararası Sapanca şeir
axşamlarının
iştirakçısı
olmuşdur. “Sapanca şeir axşamları” Türkiyənin Sakarya
vilayətində yerləşən Sapanca
şəhərində təşkil
olunan ənənəvi beynəlxalq ədəbi şeir
festivalıdır. Bu tədbir
ölkədən və xaricdən
müxtəlif dillərdə yazan
şairləri bir araya
gətirir, dinləyicilər qarşısında poeziya dinləmələri, təqdimatlar
və ədəbi müzakirələr təşkil edir.
Festival çərçivəsində şairlər yalnız
səhnədə şeirlərini oxumaqla
kifayətlənmir, həm də universitetlərdə, məktəblərdə
və şəhərin müxtəlif mədəni məkanlarında
ədəbi görüşlərə qatılırlar.
2022-ci ildə keçirilən
XXI Uluslararası Sapanca şeir axşamlarına dəvət
olunarkən İnqilab İsaq oraya səfər etməzdən əvvəl
Sakarya haqqında oxuduğu materiallardan ilhamlanaraq
çoxlu yeni şeirlər yazmış və həmin poeziya nümunələri
ilə görüşlərdə çıxışlar edərək
tədbir iştirakçılarının təəccübünə səbəb ola
bilmişdir. Sakaryada
olduğu vaxt ərzində yaşadığı təəssüratlar nəticəsində yazdığı şeirlər onun
qələmində
yeni
yaradıcılıq
dönəmi kimi dəyərləndirilir.
İnqilab İsax 2014-cü
ildə Prezident mükafatına, 2015-ci
ildə isə Beynəlxalq Rəsul
Rza mükafatına layiq
görülüb.
Nəticə etibarilə, İnqilab İsax
yaradıcılığı Azərbaycan ədəbiyyatında
düşüncəyə
söykənən,
emosional dərinliyi ilə
seçilən və oxucu
ilə səssiz dialoq quran
bir sənət nümunəsidir. Onun əsərləri oxunduqca
tükənmir, hər yeni oxunuşda yeni mənalar açır. Bu isə bir
daha deməyə əsas
verir ki, İnqilab
İsax təkcə öz
dövrü
üçün deyil, gələcək oxucu
nəsilləri
üçün də aktual
və dəyərli
bir ədəbi irs
formalaşdırmışdır.
Anar Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi
Cümhuriyət .- 2026.- 16-23 yanvar (¹2) .- S.14.