Cümhuriyyət zabitinin
baxımsız qalmış məzarı bərpa edilib
Quzanlı Ziyalıları Birliyinin təşəbbüsü
ilə Azərbaycan Xalq Cümhuriyyəti (1918-20)
dövründə Şuşa qəzasının Quzanlı və
ətraf kəndlərdə səlahiyyətli nümayəndə
vəzifəsində çalışmış,
yüzbaşı Sarı Həsənoğlunun baxımsız
qalmış məzarı bərpa edilib.
QHT.az xəbər verir ki, bu barədə
"Cebheinfo.az"-a Quzanlı Ziyalıları Birliyinin
sözçüsü, jurnalist Elman Cəfərli məlumat
verib.
Onun sözlərinə görə, Quzanlı qəsəbəsi
ərazisində, Xaçın çayına gedən yolun
üzərində, bir zamanlar mövcud olmuş Sofulu kəndinin
girəcəyində baxımsız vəziyyətdə olan məzar
Quzanlı Ziyalıları Birliyinin təşəbbüsü
və əslən Quzanlıdan olan politoloq Emin Həsənlinin
şəxsi vəsaiti hesabına abadlaşdırılıb.
Qeyd edək ki, AXC dövründə yüzbaşılar
bölgələrdə indiki anlayışla ərazi üzrə
sahə müvəkkili, eyni zamanda koxa vəzifəsini icra
edirdi. Onlar qubernator, qəza rəisləri yanında fəaliyyət
göstərir, rayon və qəsəbələrdə
asayişi təmin edir, inzibati-polisi funksiyaları yerinə
yetirir, hökumətin qərarlarını icra edirdilər.
Yüzbaşılar cümhuriyyət ordusunun mükəlləfiyyətlisi
olaraq həm də hərbi rütbə daşımaqla
müharibə olacağı təqdirdə təhkim
olunduğu bölgə üzrə yüz nəfərlik
bölüklərə rəhbərliyi həyata
keçirirdilər.
Quzanlı-Sofulu kəndlərində böyük
nüfuza malik olan Sarı Həsənoğlu Qarabağ
bölgəsindən Gəncəyə, Qafqaz İslam Ordusuna
sursat və qida yardımı kampaniyasının əsas təşkilatçılarından
biri idi.
AXC hökumətinin sadiq məmuru olan Sarı Həsənoğlu
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyəti Rusiya tərəfindən
işğal edildikdən sonra “sinfi düşmən” elan edilərək
güllələnib.
Cümhuriyət .- 2026.- 16-23 yanvar (№2) .- S.12.