Ləman VAQİFQIZI (SÜLEYMANOVA)
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
AMEA Folklor İnstitutunun “Dədə
Qorqud”
şöbəsinin aparıcı elmi
işçisi
e-mail: lemansuleymanova@rambler.ru
TAMBUR[1] HAVALARI
Xülasə
Tambur ifaçılığı əvvəllər
bütün Azərbaycanda mövcud olsa da, müasir dövrdə
öz varlığını yalnız Zaqatala-Balakən
bölgəsində qoruyub saxlaya bilmişdir. Tambur
havalarını iki qrupa bölmək olar:
Hayla ilə
oxunan havalar. Belə
havalar, adətən, məclislərin əvvəlində ifa
olunur. Tamburçu məclis
iştirakçılarının kefini açmaq
üçün müxtəlif tambur havalarını
çalır və havaya uyğun haylalar oxuyur. “Çay
daşı, çaylax daşı”, “Hacı Murad” və s. belə
havalardandırlar. Qeyd edək ki, bu havalarda ürəyi istəyənlər
qalxıb rəqs edə bilərlər.
Bir qisim tambur havaları isə, sadəcə,
oyun havaları kimi məhşurdur.
“Yerli hava”, “Zoğala gedən”, “Ay aman, aman” və s. oyun
havalarıdır. Oyun havalarında hayla oxunmur, yalnız musiqi
çalınır. Bu havalar, adətən, rəqs zamanı
ifa olunur. Oyun havaları daha çox məclisin sonuna
yaxın çalınır.
Bu gün bölgədə tambur
havalarının bir qismi mövcud olsa da, bir qismi yalnız xatirələrdə
qorunub saxlanıb. “Pəhləvan havası” tam halda
qalmayıb. Vaxtilə bölgədə pəhləvanlar (Pəhlavan
dedikdə, ip üstündə oyun göstərən kəndirbaz
nəzərdə tutulur) oyanayarkən “Pəhləvan
havası” adlı tambur havası ifa olunar və havaya uyğun
haylalar oxunarmış. Ancaq bu gün bölgədə kəndirbaz
tamaşaları sıradan çıxdığı
üçün bu hava da artıq unudulmaq üzrədir.
Söyləyiclər “Geberqula” adlı bir tambur havasından
da bəhs etdilər, amma havanı yaxşı ifa edə bilmədilər,
eləcə də, rəqsin ifa qaydalarını tam izah edə
bilmədilər.
Belə hallar bölgədə tambur
ifaçılığının yavaş-yavaş zəifləməyə
döğru getdiyinin göstəriciləridir.
Açar
sözlər: tambur
havaları, “Çay daşı, çaylax daşı”, “Ay
aman, aman”, “Hacı Murad”, “Qərib hava”, “Köhnə hava”,
“Yerli hava”, “Pəhləvan havası”
TANBUR SONGS
Summary
Tambur existed in all regions of Azerbaijan in the
past. But now tanbur lives only in Zagatala-Balakan region. We can divide
tanbur songs into two groups:
The songs
performed with hayla. These songs,
usually, are performed at the beginning of the ceremony. Tamburchu perform
different tambur songs, sing according songs for giving participants a good
motivation. . “Chay dashı,
chaylakh dashı”, “Hacı Murad” are songs like that. Note that, during the performance of these songs who
wants, can play.
Some qroup tambur songs are known just dance songs. “Yerli hava”, “Zokhala gedən”, “Ay aman, aman” are dance songs.
In dance songs is not performed hayla, only performed music. These songs,
usually are performed during the dance. Dance songs are performed in the end of
the ceremony.
Some part of tambur songs are living in the region
now, but some lives in the memory. “Pahlavan havası” does not exist in
full today. At the time when pahlavans (pahlavan – person who can walk on a
rope) struggled in the region, it was performed “Pahlavan havasi” tambur song
and haylaes according songs. But these songs are forgotten today, because
kandirbaz performances does not already exist in the region. Regions people
also talked us about “Gebergula” tambur song, but they could not perform
this song well. They also could not explain the rules of performance of the
dance.
Such situations shows that, tambur performance is
erased from memory in the region.
Key words: tambur songs, “Chay dashı, chaylakh
dashı”, “Ay aman, aman”, “Hajı Murad”, “Garib hava”, “Kohna hava”,
“Yerli hava”, “Pahlavan havasi”
ТАМБУРСКИЕ
МЕЛОДИИ
Резюме
Если раньше тамбурское исполнительство существовало во всём
Азербайджане, то в современном периоде своё существование сохранило лишь только
в Закатало-Белоканском регионе.
Тамбурские мелодии можно разделить на две группы.
Мелодии исполняемые с хаем. Такие
мелодии исполняются обычно в начале меджлисов.
Исполнитель, для того чтобы поднять настроение участникам меджлиса играет различные тамбурские мелодии и исполняет
соответствующие данной мелодии хайлар:
"Чай даши, чайлах даши" (“Çay daşı, çaylaq
daşı”), "Гаджи Мурад"
(“Hacı Murad”) и т.д., являются образцами таких
мелодий.
А другая часть тамбурских мелодий
известны как танцевальные:
"Ерли Хава" (“Yerli
hava”), "Зогала геден"
(“Zoğala gedən”), "Ай
аман аман" (“Ay aman, aman”) и т.д.,
являются танцевальными мелодиями. Танцевальные мелодии не исполняются с
хайем, только играет мелодия. Обычно,эти мелодии исполняются не задолго к концу
меджлиса.
Хотя и доступны в наше время в регионе некоторое количество
тамбурских мелодий, некоторые
из них всё же остаются сохранёнными в воспоминаниях. "Пехливан хавасы" (“Pəhlivan havası”)
целиком не сохранён. В своё время при выступлениях пехливанов (имеются в
виду канатоходцы на веревке), исполнялись сопровождающие их тамбурские мелодии под
названием "Пехливан
хавасы" и в соответствии данной мелодии читались хайлалар. Но
сегодня в регионе спектакли с канатоходцем по причине выхода с арены,
утратили свою актуальность. Сказители говорят о тамбурской мелодии "Гебергула" (“Geberqula”),
мелодию которой однако не удалось им хорошо исполнить, а так же не смогли
описать, исполнить правила танца.
Такие случаи являются показателем угасания тамбурского
исполнительства.
Ключевые слова: тамбурские мелодии, "Чай даши, чайлах даши",
"Ай аман, аман", "Гаджи Мурад", "Гериб хава", "Кёхне хава", "Ерли хава", "Пехливан
хавасы"
Dambır
ifaçılığı əvvəllər bütün Azərbaycanda
mövcud olsa da, müasir dövrdə öz
varlığını yalnız Zaqatala-Balakən bölgəsində
qoruyub saxlaya bilmişdir. Bölgədə bu gün məhşur
olan dambır havalarından “Çay daşı, çaylax
daşı”, “Ay aman, aman”, “Hacı Murad”, “Qərib hava”,
“Köhnə hava”, “Yerli hava”, “Pəhləvan havası”, “Uzun
Aslanın havası”, “Ata Bilalın havası”, “Ay gülüm,
bülbülüm” (Dabaxov Nizami İsmayıl oğlunun
dediyinə görə, Zalxa arvad[2] daha
çox bu havanın üstündə hayla deyərmiş.),
“Can, aman”, “Qo, qoqo” (Hava nəqarətində işlədilən
sözlərə görə belə adlandırırlır.),
“Balası”, “Cütçü”, “Araba, kəl boynunda” və yaxud
da “Kal, arabanın boynunda” (Bu havanı kəl arabası ilə
gedərkən ifa edirlərmiş. Hava da adını buradan
götürüb.), “Gəlin gətirən” (Bu hava gəlin
qapıdan çıxarkən çalınır. Rəhmanov
Əfqan Zeybəddin oğlunun dediyinə görə, Sovet
dövründə bu havaya “Kolxozçu” da deyərmişlər.
Yenə də həmin söyləyicinin verdiyi məlumata
görə, bu hava “Yerli hava” da adlanırmış.),
“Sıçrama” (Söyləyicilərin dili ilə desək,
daha çox dəlihuy adamların havası idi, çünki
bu havaya oynayan adam hərdənbir sıçramalı idi) “Tərəkəmə”
(Bu havanı avarlar “Takıma” adlandırırlar. Rəhmanov
Əfqan Zeybəddin oğlunun fikrincə, bu hava dambır
havası deyil. Dambırda bu havanı çalmaq yox,
oxşatmaq olar.), “Aqquş” (Bu havaya avarlar Əkkoş deyirlər.
Rəhmanov Əfqan Zeybəddin oğlunun fikrincə, bu hava
sintizatorda daha yaxşı alınır.), “Nargilə” (Rəhmanov
Əfqan Zeybəddin oğlunun dediyinə görə, bu havanı
Kortalalı Rəşidov Küfrəddin[3]
yaxşı çalırmış.) və
başqalarının adlarını qeyd edə bilərik.
Dambır havalarını iki qrupa bölmək olar:
ağır havalar və oynaq havalar. Dabaxov Nizaminin verdiyi məlumata
görə, o, məclisləri daha çox ağır
havalarla açır. Səbəbini isə məclis
iştirakçılarının zövqü ilə əlaqələndirdi.
Onun dediyinə görə, məclislərdə ağır
havalar daha şox sevilir, belə havalarla auditoriyanı daha
yaxşı ələ almaq olur. Sonra isə sifarişə
uyğun havalar çalmağa başlayır.
Hayla ilə
oxunan havalar. Belə
havalar, adətən, məclislərin əvvəlində ifa
olunur. Dambırçı məclis
iştirakçılarının kefini açmaq
üçün müxtəlif dambır havalarını
çalır və havaya uyğun haylalar oxuyur. “Çay
daşı, çaylax daşı”, “Hacı Murad” və s.
belə havalardandırlar. Qeyd edək ki, bu havalarda ürəyi
istəyənlər qalxıb rəqs edə bilərlər.
Bir qisim dambır havaları isə, sadəcə,
oyun havaları kimi məhşurdur.
“Yerli hava”, “Zoğala gedən”, “Ay aman, aman” və s. oyun
havalarıdır. Oyun havalarında hayla oxunmur, yalnız musiqi
çalınır. Maraqlıdır ki, söyləyicilərin
bəziləri “Zoğala gedən” havasında hayla
oxunmadığını desələr də, Rəhmanov
Əfqan Zeybəddin oğlu bu havanın da üstündə
xeyli hayla dedi. O, bu havanın həm də “Ağır hava”
adlandırıldığını da qeyd etdi.
Oyun havaları, adətən, rəqs
zamanı ifa olunur. Oyun havaları daha çox məclisin
sonuna yaxın çalınır. Bu havaların
özünü də iki yerə ayırmaq olar; qadın və
kişilərin birgə oynadıqları havalar və
yalnız kişilərin oynadıqları havalar. Məsələn,
“Yerli hava” qadın və kişilərin birgə
iştirakı ilə oyananılır. Sürətli oyun tələb
edən havalarda qadınlar oyunu tərk edər, yalnız
kişilər oynayarlar. Bölgədə vaxtilə çox məhşur
olmuş “Zoğala gedən” adlı havanı söyləyicilərin
dediklərinə görə, ancaq kişilər
oynayarmışlar.
Yerli hava. Rəqsə əvvəl qızlar
çıxardı. Qız birinci dövrəni vurmamış
o qızı tanıyan, ya o qızdan xoşu gələn, ya
da sadəcə oynamaq istəyən bir oğlan birdən
ortalığa atılaraq oynamağa başlayardı.
Əhmədova Səyyarə Molla qızı oğlanın
rəqsə çıxmasını “çox qəribə
şəkildə ortaya atılmaq” adlandırdı.
Bəzən eyni zamanda iki oğlanın ortaya atılması
ucbatından dava da düşərdi. Qızla oğlan
heç vaxt yanaşı oynamazdılar, aralarında
müəyyən məsafə olardı. Qadın elə
fırlanardı ki, qarşısındakı kişi
çaşmasın. Kişi oynayan zaman gözünü
qadından çəkməz, baxışları ilə onun
hərəkətlərini izləyərmiş. Qadın
isə kişiyə deyil, ayağının altına baxar,
sağ əlini isə gözünün üstə tutar,
üzünü sanki gizlədərmiş. Qadın
fırlanar, fırlanar, sonra qəfildən istiqamətini
dəyişərdi. Bütün diqqətini qadının
üstündə cəmləşdirən kişi rəqsini
qadının hərəkətlərinə uyğun qurur, qadın
istiqamətini dəyişdiyi zaman kişi də elə
etməli idi ki, arxası qadına tərəf düşməsin.
Kişi oyunçunun arxasının qadına tərəf
düşməsi onun pis rəqs etməsi deməkdir. Bu
rəqsdə qadınla kişi üzbəüz oynamalı
idilər. Bu oyun o qədər uzun çəkmir, yəni
saatlarla oynanılan oyun deyil, bütün elementlər
göstəriləndən sonra əvvəlcə qadın
dayanır, iki dəfə əl çaldıqdan sonra
çıxırdı. Dambırçı Qarayev
İbadullah Zeynalabdin oğlunun dediyinə görə,
Bəxtiyar “Yerli hava” rəqsini özünəməxsus
şəkildə, yaxşı, amma bir qədər
dəyişilmiş şəkildə çalarmış.
Səyyarə müəllim onu da qeyd etdi ki, “toylarda
görürsən diyir ki, bizim yerli havanı çal,
Bəxtiyarınkını yox. O deməhdi ki, düzgün
yerli hava çal”.
1941-ci ildə Balakən
rayonunun Şambul kəndində doğulmuş
dambırçı Qaralov Əli Həbullah oğlunun dediyinə
görə, “Yerli hava” üç mərhələdən ibarətdir.
Birinci rəqsdə yalnız bir nəfər oğlan
çıxır oynayır. O, bir neçə dövrə
vurduqdan sonra tamaşaçılar dambırçıdan tələb
edirlər ki, bəsdir, ikincini çal. Dambırçı
ikinci havanı çalır, ikinci havada da tək-tək rəqs
edirlər. Üçüncü havada isə cüt-cüt
oynayırlar. Yəni oyuna çıxan gənc bəyəndiyi
qızı da oyuna dəvət edir və onlar birgə rəqs
edirlər. Bəzən isə bu mərhələni də
oğlan özü tək oynayır.
1939-cu il təvəllüdlü
Hacıyev Ərəbiddin Molla Teyyub oğlunun dediyinə
görə də “Yerli hava” üç mərhələdən
ibarətdir. Birinci havada qadınla kişi oynayır. Oyuna əvvəl
kişi çıxır, sonra qadın. Oynayarkən qadın
baxışları ilə kişinin ayaqlarının hərəkətini
izləyir, kişi də qadının ayaq hərəkətlərini
izləyərək öz hərəkətlərini ona
uyğun qurur. “Yerli hava” əsl Balakən havasıdı. Bu mərhələdə
kişi həmin havada oynamağı bacaran hər hansı
qadını oyuna dəvət edir. Qadın rəqsə
çıxa da bilər, çıxmaya da. “Yerli hava”nın bu
mərhələsini “Ər-arvad” oyunu da adlandırırlar.
İkinci hava çalınanda tək kişi oynayır. Bu mərhələyə
“Tək-tək” də deyirlər. Muradov Abduləli Rahmat
oğlunun dediyinə görə, bu mərhələnin ifası
zamanı nağaraçı nağaraya tək çubuqla
vurarmış. Əvvəllər bu havanı dambır, mey və
nağara çalandan ibarət qrup ifa edərmiş. Tək
kişi oynayıb qurtarandan sonra deyirlər: “Ə, bir
“Gemiqulu” çal”. Bunun adına “Sıçrama” da deyirlər.
Bunu axsaya-axsaya oynayırlar. Üçüncü havada isə
cüt kişi oynayır. Bu zaman da nağaraçalan
nağaraya cüt çubuqla vurarmış.
Rəhmanov Əfqan Zeybəddin
oğlunun dediyinə görə, “Yerli hava”ya həm də “Gəlin
havası” da deyirlərmiş. “Tək-tək” mərhələsində
oyuna ancaq kişi çıxır və tək oynayır.
Ona görə də bu mərhələni “Tək-tək”
adlandırırlar. İkinci mərhələdə
dambırçıya “Cütlə” deyirlər. Bu zaman meydana
bir qadın da çıxır. Bu qadının kişi ilə
qohum olması şərt deyil, kimin ürəyi istəsə,
meydana çıxa bilər. Hətta kişi bu zaman meydana
heç tanımadığı bir qadını da dəvət
edə bilər. Kişinin istədiyi qadının
qarşısında dayanıb oynamağı rəqsə dəvət
etmək deməkdir. Dəvət olunmuş qadın isə
oynaya da bilər, oynamaya da. O dəvəti qəbul etməzsə,
bu zaman başqa qadın rəqsə
çağırılır. Rəqsin bu mərhələsi
“Cüt-cüt” adlanır. Rəqs zamanı qadınla kişi
üz-üzə gəlmirlər, qadın sanki kişidən
“qaçır”, müxtəlif manevrlərlə
üzünü gizləməyə çalışır.
Sonrakı mərhələdə isə qol-boyun oynamalar,
müxtəlif əl hərəkətləri, ayaq
götürmələr var. Bu hərəkətlər birgə
icra olunur. Hatıyev Eldar Ömər oğlunun dediyinə
görə, rəqs edən şəxs digərinin
oynamasına şərait yaratmaq üçün özü
dayanar və əl çalardı. Bu hərəkət oynamaq
istəyən şəxslərə yol vermək demək idi.
O zamanlar indiki kimi hamı birdən rəqsə daxil
olmazdı. Söyləyicilərin dediklərinə görə,
yaşlı insanların sayı azaldıqca rəqslərin
ifasında dəyişiklər baş verir.
Muradov Abduləli Rahmat oğlunun dediyinə
görə, bu hava daha çox iməcilərdə ifa
olunarmış. Dilə gətirilməsə də, əsas məqsəd
oynayanların bir-birini yorması idi. Rəqs zamanı kimin
uzun müddət yorulmadan rəqs edə bilməsini müəyyənləşdirməyə
çalışardılar. Kim yorulurdusa, çatdıra
bilmirdisə, tərəf müqabilinə təşəkkür
edərək oyundan çıxırdı. Bu təşəkkür
də yavaşca baş əyərək, əl çalaraq
oyundan çıxmaqdan ibarət idi. Bu hərəkət həm
də uduzduğunu boynuna almaq demək idi. Ona görə də
bu rəqsə daha bacarıqlı olanlar, getdikcə sürətlənən
havaya yorulmadan oynaya bilənlər çıxardılar.
Zoğala gedən. Əhmədova Səyyarə Molla qızının
dediyinə görə, “Zoğala gedən” havasında ancaq
kişilər oynayardılar. Dörd kişi meydana
çıxardı. Əvvəl hamısı eyni
cərgədə oynayar, sonra iki-iki ayrılardılar. Bir
qədər oynadıqdan sonra, sonra yer
dəyişdirərdilər, yəni cütlüklər
ayrılardı. Onların yer dəyişməsi də
çox qəribə olarmış, onların necə yer
dəyişdiyini müşahidə etmək çox
çətin olarmış. Kimin kimlə oynayacağı
əvvəlcədən müəyyən olunmurdu,
çünki öncədən məşq etmirdilər.
Söyləyicinin dediyinə görə, “Zoğala gedən”
nadir rəqs idi, az-az hallarda oynanılardı, çünki o
havanı hamı oynaya bilmirdi.
Onu da qeyd edək ki, oyun
havalarında hayla oxunmaz, oyun havaları sadəcə, oynamaq
üçündür. Yuxarıda adlarını qeyd etdiyimiz
havaların bir qismi (“Tərəkəmə”, “Yerli hava”,
“Sıçrama” və s.) oyun havaları, bir qismi isə hayla
oxumaq üçün çalınan havalardır (“Çay
daşı, çaylaq daşı”, “Qərib hava”, “Köhnə
hava” və s.). Oyun havalarında, adətən, hayla
deməsələr də, hayla deyilən havalarda həm
də oynayırlar. Dambırçılar ifa edərkən
çox zaman ifa etdikləri mahnıların adlarını
bilmir, sadəcə, çalıb oxuyurdular. Bəzən
də havaları dambırçıların adları
ilə adlandırırdılar. Məsələn, “Ata
Bilalın havası”, “Ata Kamalın havası”, “Sənəmin
havası”[4],
“Uzun Aslanın havası” və s. Bu havalardan bəziləri
dambırçıların adları ilə adlandırılsa
da, bəziləri dambır havalarını çox sevən
azarkeşlərin adları ilə yaddaşlarda qalıb. Ata
Bilalla Ata Kamal Balakən rayonunun Tülü kəndində
doğulub boya-başa çatmış, məşhur
dambırçılardırlar. Bu dambırçılar
qardaş idilər. Hər iki dambırçı
dünyalarını ötən əsrin 70-ci illərində
dəyişiblər. Amma onların məclis aparmaları,
dambır ifa etmələri, deyişmələri ilə
bağlı bü gün də bölgədə çoxlu
xatirələr mövcuddur. Uzun Aslan isə Ata Bilal və Ata
Kamaldan fərqli olaraq dambırçı olmayıb. O, bu
havanı çox sevirmiş, bütün
məclislərdə oxutdurar və oyanayarmış. Uzun
Aslanın bu havaya aşırı sevgisi sonralar həmin
havanın əsl adı yaddan çıxarmış, hava yaddaşlarda
“Uzun Aslanın havası” kimi qalmışdır.
Haylaların birinci misrası ilə də
havaları adlandırdıqlarını müşahidə etdik.
Məsələn, “Çay daşı, çaylaq
daşı” havasının adı haylanın birinci misrasından
götürülmüşdür:
Çay daşı, çaylax
daşı,
Çaylağın yasdı
daşı.
Getmişdik iməcliyə,
Verdilər lobya kaşı[5].
Dabaxov Nizami İsmayıl oğlu
dambırda şən havaların[6] da olduğunu söylədi, şən
havaların içində “Can aman-aman” adlı havanı
xüsusi qeyd etdi. “Can aman-aman” ifadəsi haylanın sonunda
deyilən nəqarətdir. Bu nəqarəti dambıra qulaq
asanlar xorla oxuyurlar. Qarayev İbadullah Zeynalabdin oğlu “Can
aman-aman” havasının Şəki havası olduğunu qeyd
etdi:
Baxçadan gülü dərdim,
Can aman yar, yar aman yar.
Ay aman, aman,
Yar aman, aman.
Na na na na nay nay.
Yumurtanın sarısı,
Yar aman, aman.
Yedim qaldı yarısı,
Qoy sana qurban olsun,
Ay aman, aman.
Bu qızların hamısı.
Bu bölgənin əhalisi
arasında bəzi havaların necə yaranması ilə
bağlı xatirələr də dolaşmaqdadır. “Məşədi
havası”nın necə yaranması ilə bağlı bizimlə
xatirələrini bölüşən
dambırçıların dediklərinə görə, Balakən
rayonunda Məşədli adlı bir şəxs 1930-cu illərdə
hökumətdən qaçaq düşmüş, bir
müddət sonra Balakən çayının
yanındakı calğaların[7] dibində
öldürülmüşdür. Bu havanın üstündə
oxunan haylalar həmin münasibətlə deyildiyi
üçün hava “Məşədi havası” adlanır.
Bu hadisə ilə bağlı oxunan haylalar bu gün də
balakənlilərin yaddaşında qorunub saxlanıb:
Samavarı qurdular,
Ax aman, aman, can aman, aman,
Qurğusunu burdular.
Calğaların divində,
Ax aman aman, can aman, aman,
Məşədini vurdular.
Aşa[8] bacı neyləsin,
Ax aman aman,
Dərdi kimə söyləsin.
Məşədini vurdular,
Ax aman aman, can aman, aman.
Allah rəhmət eyləsin.
Qara at qurşundadı,
Can aman, aman, yar aman, aman.
Dağların başındadı.
Məşədinin papağı,
Ax aman aman, can aman, aman.
Sadığın başındadı.
Saçmaları sancıbdı,
Ax aman aman,
Baş götürüb
qaçıbdı.
Sadığın həmən dostu,
Can aman aman,
Türkiyəyə qaçıbdı.
Dambırçı Qarayev
İbadullahın dediyinə görə, Balakəndə əvvəllər
“Pəhlivan havası”[9]
da məşhur imiş. O, bu havadan yadına sala bildiklərini
oxudu:
Dur görüm, dur görüm, dur
görüm, pəhlivan,
Oyna görüm, oyna görüm, oyna
görüm, pəhlivan.
Qalx görüm, qalx görüm, pəhlivan.
Bu havanın musiqisi insanı sanki cəld
olmağa, hərəkətdə olmağa təhrik edir.
Hal-hazırda təəssüf ki, bu hava ifa olunmur.
Görünür, bölgədə vaxtilə məşhur
olan kəndirbazlıq sıradan çıxınca bu mərasim
zamanı ifa olunan havaların, o cümlədən də “Pəhlivan
havası”nın da unudulmasına səbəb olmuşdur. Bunu
tamamilə təbii hal saymaq olar. Mərasim keçirilmirsə,
orada oxunan mahnılar da, icra olunan ayinlər də
unudulmağa məhkumdur. Dabaxov Nizami İsmayıl oğlunun
dediyinə görə, bu hava güləş
yarışları zamanı güləşçiləri həvəsləndirmək
üçün də çalınarmış. Ondan
havanın sözlərini oxumağı xahiş etdikdə
yalnız bu misranı deyə bildi: “Pəhlivanım, pəhlivanım,
pəhlivan”.
Bölgədə zamanında çox
məşhur olmuş dambır havalarının və
rəqslərinin bir qismi artıq unudulmaq üzrədir.
Belə havaları hətta bu günün ustad dambırçıları
sayılan şəxslər belə tam xatırlaya
bilmirlər. Belə havalardan biri “Geberqula”dır. Hacıyev
Ərəbiddin Molla Teyyub oğlu “Geberqula”
adlı dambırda ifa olunan bir rəqsin adını
çəkdi, amma oynama formasını təsvir edə
bilmədi. Dambırçalanlar bir sıra xalq
mahnılarını, eləcə də digər
mahnıları da dambırda ifa edə bilirlər. “Sarı
gəlin”, “Qaragilə” kimi xalq mahnılarını, Molla
Cümənin “Ya bir olar, ya iki” mahnısını,
“Cücələrim” uşaq mahnısını,
Türkiyəli müğənnilərin ifa etdikləri “Bul
gətir” adlı bəstəni də
dambırçıların ifalarında dinləyə bildik.
Dediklərinə görə, onlar həmin mahnıların
musiqi hissəsini olduğundan qısa gətiridlər,
yəni notları qısaldırlar. Onlar bəzən
müəyyən məşhur mahnıları götürür,
zarafatla sözlərini dəyişərək ifa edirdilər.
Rəhmanov Əfqan məşhur “Çay” adlı
mahnının musiqisini olduğu kimi çalaraq
sözlərini belə dəyişdirdi:
Təkər içi ox idi,
Yiyib qarnım tox idi.
Süfrəyə çay
gəlmişdi.
Çaaaaay.
Mürəbbəsi yox idi.
Çaaaay.
Çay, çay, çay.
Onu da qeyd edək ki,
dambırçılar eyni havanı müxtəlif
hayalaların üstündə oxuyurlar. Hətta eyni
dambırçı da bu gün hansısa havanın
üstündə oxuduğu haylaları sabah yenə o
havanın üstündə oxumur. Sabah yenə eyni havanı
çalır, amma bu dəfə oxuduğu haylaların
böyük əksəriyyəti fərqlidir, sadəcə
nəqarət hissəsi eynidir. Bunun səbəbi haylaların
bədahətən, yerinə, məclisinə görə deyilməsi
və deyilən haylaların yerindəcə qeydə
alınmadığı üçün məclislər
bitərkən bir çoxunun unudulmasıdır.
Dambırçılar özləri də etiraf edirlər ki,
məclisdən sonra dedikləri haylaların böyük
əksəriyyətini unudurlar. Bu bölgədə haylalar
fasiləsiz istehsal olunur. Hər gün
dambırçıların və haylaçıların
ifasında saysız-hesabsız hayla yaranır, qeydə
alınmadığı üçün də elə oradaca
da unudulur. O haylaların çox azı, tək-tük sayda
olanı yadda qalır. Məsələn, Haylaçı
Sənəm kimi azman sənətkarın dediyi haylalardan bu gün
Balakən camaatının yaddaşında 3-4 dənə
ancaq qalıb. Onlar da hansısa əhvalatlarla bağlı
yarananlardı. Ümumiyyətlə, yalnız Sənəmin
deyil, bütün keçmiş dambırçı və
haylaçıların yaddaşlarda qorunub saxlanılan
haylaları müxtəlif hadisələrlə
əlqaqədar olaraq deyilmiş haylalardır.
Söyləyicilər dambırın ifa
texnikası haqqında da məlumat verdilər. Hatıyev
Eldar Ömər oğlu “Eldarın havası”[10]
adlı dambırda ifa etdiyi havadan bəhs edərkən,
həmin havanın çalınması zamanı sağ
əlin iki barmağından – şəhadət və orta
barmaqdan istifadə olunduğunu qeyd etdi. Söyləyicinin
dediyinə görə, belə havaların ifası zamanı
(sürətli oyun havalardan biri idi) digər barmaqlarla işləmək
çətin olur. Çünki o biri barmaqların
iştirakı qolu çox hərəkət etdirir ki, bu da
damburçunun tez yorulmasına səbəb olur. “Yerli
hava”nın, “Gürcü havası”[11]nın,
orta templi rəqs havalarının ifası zamanı
əsasən, şəhadət barmaq işləyir. O biri
barmaqlardan isə havaya, dambırçının dili ilə
desək, “gözəllik qatmaq üçün” istifadə
olunur. Keçmişdə yaşlı
dambırçıların bəziləri barmaqlarını
dambıra çırpa-çırpa oxuyardılar. Bu, ritm
tutmaq məqsədi daşıyarmış. Bu zaman hava
ilə yanaşı, çırtıq səsləri də
gələrmiş ki, bu da dinləyicilərə xoş gələrmiş.
Digər dambır ifaçıları ilə
müqayisədə çox gənc olmasına baxmayaraq hal-hazırda
bölgədə məşhur dambırçı kimi ad
çıxarmış Rəhmanov Əfqan Zeybəddin
oğlunun fikrincə isə, dambır havalarını
hansı barmaqla çalmağın fərqi yoxdur. Barmaqlar
yorulduqca dəyişdirilə bilər. Yəni
şəhadət barmağı ilə ifa olunmağa
başlayan havalar o barmaq yorulunca digər barmaqlarla əvəz
oluna bilər. Əvvəllər dambır musiqi
alətində iki sim varmış. Son zamanlar isə dambıra
üçüncü sim də artırılmağa
başlanıb, amma dambır ifaçılarının
çoxu hələ də beş pərdəli iki simli
dambır çalmağa üstünlük verirlər.
Dambır havalarının, bu
havaların ifa texnikasının, ifa zamanı oxunan sözlərin
araşdırılması bu gün lokal bir ərazidə
mövcudluğunu qoruyub saxlamış dambırçılıq
sənətinə, bu sənətin aid olduğu Azərbaycan
folklorununn öyrənilməsinə töhfədir. Bu
sənətin öyrənilməsi yalnız
folklorşünaslıq üçün deyil, eyni zamanda
dambırın çalındığı mərasimlərin
araşdırılması baxımından etnoqrafiya elmi
üçün, dambır musiqisinin öyrənilməsi
baxımından isə Azərbaycan musiqisi üçün
mühüm əhəmiyyət kəsb edir.
Söyləyicilər
1.
Qarayev İbadullah Zeynalabdin oğlu.
1948-ci ildə Balakən rayonunun Tülü kəndində
anadan olub. Orta təhsillidir. Milliyyəti Azərbaycan
türküdür. Yaxşı dambır ifaçısı
idi. 2015-ci ildə dünyasını dəyişib. Qazmalı
Yetim Ərəbiddinlə (Hacıyev Ərəbiddin Molla
Teyyub oğlu ilə) dəfələrlə deyişməsinin
şahidi olmuşuq.
2.
Qaralov Əli Həbullah oğlu.
1941-ci ildə Balakən rayonunun Şambul kəndində
anadan olub. Deyilənlərə görə, vaxtilə
yaxşı dambır ifaçısı imiş. Sonralar
isə mollalıq etdiyi üçün dambır
çalmağı dayandırıb. Milliyyəti avardır.
3.
Dabaxov Nizami İsmayıl oğlu.
1963-cü ildə Balakən rayonunun Tülü kəndində
doğulub. Orta təhsillidir. Dambır
ifaçısıdır. Milliyyəti Azərbaycan
türküdür.
4.
Əhmədova Səyyarə Molla
qızı. 1939-cu ildə Balakən şəhərində
anadan olub. Əsli Qax rayonunun İlisu kəndindəndir. Ali
təhsillidir. Dil-ədəbiyyat müəllimidir. Hal-hazırda
təqaüddədir. Milliyyəti Azərbaycan
türküdür.
5.
Rəhmanov Əfqan Zeybəddin oğlu.
1982-ci ildə Balakən rayonunun Hənifə kəndində
doğulub. Orta təhsillidir. Dambır
ifaçısıdır. Milliyyəti Azərbaycan
türküdür.
6.
Hacıyev Ərəbiddin Molla Teyyub
oğlu. 1939-cu ildə Balakən rayonunun Qazma kəndində
anadan olub. Orta təhsillidir. Dambır
ifasçısıdır. Milliyyəti Azərbaycan türküdür.
7.
Hatıyev Eldar Ömər oğlu.
1975-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan
olub. Orta təhsillidir. Usta işləyir. Yeri gəldikcə
dambır ifa edir. Həmçinin dambır aləti də
düzəldir. Milliyyəti avardır.
8.
Muradov Abduləli Rahmat oğlu. 1961-ci
ildə Balakən şəhərində doğulub. Musiqi
müəllimidir. Əsli Güney Azərbaycandandır.
Babası 1946-cı il 12 dekabrda Güney Azərbaycanda Milli
Hökumətin devrilməsindən sonra Arazın bu tayına
keçən demokratlardandır. Milliyyəti Azərbaycan
türküdür.
Çapa tövsiyə edən: Fil.ü.e.d.
Ramazan Qafarlı
[1] Bölgədə
tambur musiqi alətinə dambır deyirlər. Biz də
yazıda bu cür verməyi məqsədəuyğun
saydıq.
[2] Dövrünün məşhur hayla
deyənlərindən biri olub.
[3] O, 70 yaşına
çatanda dünyasını dəyişib. Rəşidov
Küfrəddin cavan vaxtı Nargilə adlı qızı sevirmiş.
Qızla əhd-peyman edib hərbi xidmətə gedən
Küfrəddin qayıdanda sevgilisinin artıq iki uşaq
anası olduğunu öyrənir. Sevgilisi hərbi xidmətdə
olan Nargilə nisbətən imkanlı biri ilə ailə qurubmuş.
“Nargilə” havası həmin qıza həsr olunur.
Mahnının sözlərində həsrət, qınaq var.
Rəşidov Küfrəddinlə Rəhmanov Əfqanın
deyişmələri varmış. Bu deyişmələrin məzmunu
da həmin nakam sevgi üzərində qurulub. Küfrəddin
kişi sevgilisindən şikayət edir, Əfqan isə buna
görə onu qınayır. Həmin deyişmələrdən
bəzi hissələri Rəhmanov Əfqan bizə oxudu.
[4] Sənəm haqqında daha geniş məlumat
üçün bax: Ləman Süleymanova. Haylaçı Sənəmin
həyatı və yaradıcılığı – “Dədə
Qorqud” jurnalı. 2016/1. Səh. 86-95
[5] Kaş – Balakənlilər
supa kaş deyirlər.
[6] Şən hava – oynaq
hava
[7] Calğa – iri tut ağacı. Calaq
edilmiş tut ağaclarına Şəki-Zaqatala bölgəsində
calğa deyilir.
[8] Aşa – Ayişə
adının Balakən variantıdır. Bu ad Şəkidə
Aşə kimi tələffüz edilir.
[9] Pəhlivan deyəndə
ipdə oynayan kəndirbaz nəzərdə tutulur.
[10] Söyləyici
özünün yazdığı şeiri müəyyən
bir dambır havasının üstündə ifa etdi və
havanın adını bilmədiyi üçün onu
zarafatla “Eldarın havası” adlandırdı.
[11] Bu
havanı gürcülər çalırlar. Söyləyici
havanın gürcülərdə necə
adlandırıldığını bilmədi. Bizimkilərin
bu havanın adını bilmədikləri üçün
“Gürcü havası” adlandırdığın qeyd etdi.
Onlar bu havanın bölgədə yaşayan ingiloylar tərəfndən
daha uzun formada ifa olunduğunu qeyd etdilər.