Nəriman Nərimanov – 140

 

Görkəmli ədib və ictimai xadim

 

Nəriman Nərimanov Azərbaycanın inqilabi-demokratik ədəbiyyatı və ictimai fikri tarixində görkəmli rol oynamışdır. Onun inqilabdan əvvəl zəhmətkeş kütlələr arasında müəllim, həkim, jurnalist, nasir, rejissor, aktyor və görkəmli dramaturq kimi şöhrət qazanması təsadüfi deyildi. N.Nərimanov sözün həqiqi mənasında mübariz bir vətənpərvər idi. O, bütün ədəbi-elmi yaradıcılığı və ictimai fəaliyyəti ilə taleyini doğma xalqın taleyinə bağlamış, çətinliklərlə dolu şərəfli bir həyat yolu keçmişdir.

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflis şəhərində, yoxsul bir ailədə anadan olmuşdur. Anası Həlimə xanımın şirin nağılları, əmisi Əlimirzənin ürəkaçan söhbətləri və qardaşı Salmanın dilindən eşitdiyi şeirlər kiçik yaşlarından Nərimanın mənəvi qidasına çevrilmişdi. Balaca Nəriman ağıllı davranışı, iti zəkası, həssaslığı və mehribanlığı ilə öz yaşıdlarından seçilirdi. Onun elmə, ədəbiyyata coşqun həvəsi hamının qəlbində ümid çırağı yandırmışdı. Ona görə də 1879-cu ildə Nərimanı Tiflisdə Qafqaz şeyxülislamının nəzarəti altında olan altısinifli məktəbə qoyurlar. Zaqafqaziya maarif müfəttişliyinə tabe olan bu məktəbdə proqrama şəriət, Azərbaycan, fars və ərəb dilləri daxil edilsə də, dərslər əsasən rus dilində keçirilirdi. Odur ki, Nəriman ciddi çalışır, çoxlu mütaliə edirdi. Bu da ona təhsilini davam etdirmək üçün Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasına hazırlaşmağa imkan yaradırdı.

1885-ci ildə Nəriman Zaqafqaziya müəllimlər seminariyası nəzdində olan ibtidai məktəbə daxil olur. Seminariya həyatı gənc Nərimanın məfkurəvi və mənəvi inkişafına qol-qanad verir.

İlk axtarışlar dövrü onun həyata münasibətində maarifçilik dünyagörüşü başlıca yer tutur. Lakin gənc Nərimanın romantik düşüncələri və maarifçilik baxışları dövrün siyasi-ictimai hadisələrini obyektiv dərk etməyə imkan verməsə də, zəhmətkeş kütlələri mütləqiyyətin əsarətindən xilas etmək xəyalı ilə yaşaması onu yeni yollar axtarmağa sövq edirdi. O, dünyanın qabaqcıl xalqlarının tarixini, ədəbiyyatını və milli mədəniyyətini dərindən öyrənmək üçün ciddi mütaliə edir, onu düşündürən bir sıra məsələlərə cavab axtarırdı.

N.Nərimanov hələ seminariyada ikən ali məktəbdə oxumaq arzusunda idi. O, bu barədə öz tərcümeyi-halında yazırdı: "Seminariya kursunu başa vurmağa iki ay qalmış atamın qəflətən vəfatı mənə çox ağır təsir etdi. Mən təhsilimi davam etdirmək arzusundan əl çəkdim və atamdan sonra yaşamağa heç bir vəsaiti olmayan ailəmizin qayğısını çəkməyə başladım. Kursu bitirdikdən sonra Qızılhacılıya təyin olundum".

Beləliklə, N.Nərimanov 1890-cı il sentyabrın 1-dən Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kənd ibtidai məktəbində müəllimlik fəaliyyətinə başlayır.

Gənclik illərindən böyük bir ailənin ağırlığını çiynində daşınmasına baxmayaraq, kənd müəllimliyi onun narahat qəlbini ovundura bilmir. Maarif və mədəniyyətdən uzaq düşmüş Qızılhacılı kəndində feodal dövrünün adət-ənənəsi, vərdişləri hökm sürürdü. Nəriman burada zülmət gecənin bağrını yaran şimşəyi xatırlatdı. Onun ziyası qatı qaranlığı parçalayıb, qəflətdə yatanları oyadırdı. O, kəndli balalarını məktəbə cəlb etmək üçün elm və maarifi təbliğ edir, inandırma yolu ilə kəndli kütlələrinin gözünü açmağa çalışır, onların xeyrinə-şərinə qarışırdı. Bu, yerli bəylərin narazılığına səbəb olurdu. Onlar gənc müəllimi təqib edir, məktəbin bağlanmasına çalışırlar. Nəticədə Nəriman Qızılhacılı kəndini tərk etməyə məcbur olur. Lakin kütlələri cəhalət və nadanlığın pəncəsindən xilas etmək üçün onlarda feodal həyat tərzinə qarşı tənqidi münasibət oyatmağı, maarif və mədəniyyəti yaymağı qərara alır. N.Nərimanov özü sonralar yazırdı ki, bəşəriyyətin geri qalmış hissəsinə bacardığım qədər kömək etmək fikri ilk dəfə burada - Qızılhacılı kəndində yaranmışdır.

Azərbaycanın ictimai dərdlərinə yaxından bələd olan Nəriman öz ürək sözlərini xalqa söyləmək üçün münasib bir yer, bir meydan axtarır. Böyük arzu və idealları onu sənaye və mədəniyyət mərkəzi Bakıya gətirir. N.Nərimanov Bakıya 1891-ci ildə gəlir, burada A.İ.Pobedonostsevin xüsusi progimnaziyasında müəllimliyə başlayır. O, realnı məktəbdə və III Aleksandr adına Bakı Oğlan Gimnaziyasında (1896) sinif mürəbbilərinin ştatlı köməkçisi vəzifəsində işləyir, eyni zamanda Azərbaycan dili müəllimi olur. N.Nərimanov vicdanlı və bacarıqlı müəllim kimi tanınır. Çox çəkmir ki, o, pedaqoji fəaliyyətinə görə bürünc medalla, sonralar isə üçüncü dərəcəli Stanislav ordeni ilə təltif edilir. Bu dövrdə gənc N.Nərimanovu məktəblərdə ana dilində dərsliyin olmaması çox düşündürürdü. Uşaqların təlim-tərbiyəsi Azərbaycanın bütün qabaqcıl adamlarını narahat edən bir məsələ idi. Zaqafqaziyada "ruslaşdırma" siyasəti yeridən çar hökuməti məktəblərdə rus dili və şəriət dərslərinə xüsusi qayğı göstərir, Azərbaycan dili fənninin tədrisinə əhəmiyyət vermirdi. Belə bir şəraitdə N.Nərimanov öz nəzəri biliyi və təcrübəsi əsasında yeni dərs kitabları yaratmışdır: Bunlar "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" (1899), "Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça" (1899) adlanır.

N.Nərimanovun Azərbaycan dilində mətbuat orqanı yaratmaq təşəbbüsləri də belə bir dövrə təsadüf edir. Bu elə bir dövr idi ki, milli mətbuat yaratmaq məsələsi ziyalıların böyük əksəriyyətini heç də maraqlandırmırdı. Buna görə də N.Nərimanov "Yazıçılıq edən ziyalılarımız haqqında bir neçə söz" sərlövhəli məktubunda milli mətbuatın faydasını dərk etməyən şöhrətpərəst ziyalıların hərəkətini kəskin şəkildə pisləyirdi.

Məlum olduğu kimi, "Əkinçi"dən sonra nəşr edilən "Ziya", "Ziyayi-Qafqaziyyə" və "Kəşkül" qəzetləri bu vaxtlar bağlanmışdı, Zaqafqaziyada Azərbaycan dilində heç bir mətbu orqan yox idi. Rusiyada müsəlmanların yeganə dövri mətbuatı Krımda, Bağçasarayda İsmayıl bəy Qasprinskinin redaktəsi ilə çap olunan "Tərcüman-Perevodçik" adlı həftəlik tatar qəzeti idi. Bu qəzet öz səhifələrində Bakı həyatına tez-tez yer verirdi. N.Nərimanovun özü də "Tərcüman"da məqalələr çap etdirmişdi. Bu məqalələrdə o, məktəb, teatr, xeyriyyə cəmiyyəti və adət-ənənə məsələlərinə toxunur, zəhmətkeş kütlələrdə mədəniyyətə, maarifə həvəs oyatmağa çalışırdı.

Lakin yarı rus, yarı tatar dilində nəşr olunan "Tərcüman-Perevodçik" qəzeti Zaqafqaziya müsəlmanları arasında geniş intişar tapmamışdı. N.Nərimanov yaxşı bilirdi ki, doğma dildə mətbuat olmasa tərəqqipərvər ziyalıların xalqla sıx əlaqə yaratmaq və maarifçilik ideyası yaymaq cəhdi səmərə verməz. O, əhli-qələmlərə qəzetin böyük səfərbəredici qüdrətini, faydasını xatırladır, onları xalqın mədəniyyətinə və ictimai tərəqqisinə kömək etməyə, xeyirxah işlər görməyə çağırırdı. N.Nərimanov deyirdi: "Əgər Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxsa, onda cəmiyyət də ana dilində qəzet oxuyaraq, özünün nə etməli olduğunu, nədə geri qaldığını başa düşərdi."

Maarifpərvər ziyalılar mətbuata həqir münasibəti aradan qaldırmaq, qəzet və jurnala kütlələrdə mənəvi tələbat hissi oyatmaq üçün hər vasitədən istifadə edirdilər.

N.Nərimanov Azərbaycanda Şərqin demokratik məsləkli mətbuatını geniş yaymaq üçün əqidə dostları ilə sıx əlaqə saxlayırdı, onlara xeyirxah işdə öz köməyini əsirgəmirdi. O, özü Şərq ölkələrində çap olunan "Həblül-mətin", "Tərbiyyat", "Naseri" qəzetlərinin Ümumrusiya üzrə baş müvəkkili idi, bəzən bu qəzetlərə məqalələr də yazırdı.

O, 1899-cu ilin oktyabrında mətbuat işləri üzrə Baş idarəyə göndərdiyi müraciətində Azərbaycan dilində "Təzə xəbərlər" (rus tərcüməsi ilə birlikdə) adlı həftəlik qəzet çıxarmaq arzusunda olduğunu bildirir. N.Nərimanov "Təzə xəbərlər" qəzetində Azərbaycan və rus həyatındakı doğru-düzgün, obyektiv surətdə işıqlandıracağına və müsəlman mədəniyyətinin tərəqqisinə kömək edəcəyinə ümid bəsləyirdi.

N.Nərimanov xalqın mədəni tərəqqisinə özünün bütün gücü və bacarığı ilə, yorulmadan kömək edirdi. O, maarifpərvər dostları ilə teatr truppası yaradır, tamaşalar göstərirdi. Bu teatr tamaşalarında N.Nərimanov rejissorluq, bəzən də aktyorluq edirdi.

1894-cü ilin aprel ayında N.Nərimanov Qorçakov küçəsində (indiki Malıgin) ilk kütləvi milli qiraətxana açmağa nail olur. "Nəriman qiraətxanası" qısa müddət ərzində təkcə Zaqafqaziyada deyil, Rusiyada və Şərq ölkələrində rəğbətlə qarşılanır. Qabaqcıl ideyalı, maarifpərvər ziyalılar qiraətxananın "rövnəq və rəvac" tapmasını, tərəqqi etməsini səmimiyyətlə alqışlayırdılar. Buraya Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən xeyriyyə yolu ilə qəzet, jurnal və kitablar göndərilirdi.

N.Nərimanov dövri mətbuatın və kitabların köməyi ilə oxucuların nəzərində "möcüzə" yaratmışdı. Dünya hadisələri, ayrı-ayrı xalqaların həyat tərzi və mədəniyyəti oxucularda ciddi maraq doğururdusa, həm də onları istər-istəməz öz həyatına və mühitinə, ictimai həyatda baş verən hadisələrə nəzər salmağa təhrik edir, düşündürürdü. Qiraətxananın açılmasını təfkirlərlə qarşılayan molla və seyidlər belə özlərini saxlaya bilmir, utandıqlarından qiraətxanaya girməyib qəzetləri alıb evə aparırdılar.

N.Nərimanov xeyriyyə məqsədi ilə görüş gecələri, teatr tamaşaları, ədəbi-musiqili müsamirələr təşkil edirdi. Bunlar qiraətxananın maddi ehtiyaclarını müəyyən dərəcədə ödəyirdi. Lakin N.Nərimanov qiraətxananı yalnız yaşatmaq deyil, həm də onun imkanlarını genişləşdirmək, gənc nəslin mənəvi tərbiyəsi üçün bir baza yaratmaq istəyirdi. "Kaspi" qəzeti 6 mart 1897-ci il tarixli nömrəsində yazırdı ki, N.Nərimanov qiraətxanada bir müəllimənin əməkdaşlığı ilə uşaq kitabları şöbəsi yaradır.

N.Nərimanovun ilk ucuz milli qiraətxanası dörd il fəaliyyət göstərdi. Çar hakim dairələri gənclərin qiraətxana ətrafında sıx toplaşmasından ehtiyat edərək, 1898-ci ilin oktyabr ayında onu şübhəli siyasət ocağı kimi bağlatdı. Buna baxmayaraq, milli mədəniyyətin yüksəlişində ilk cığırı açan "Nəriman qiraətxanası" Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı oldu. N.Nərimanov iftixarla yazırdı: "Bakıdakı ictimai fəaliyyətim 1894-cü ildən ilk ucuz kitabxana qiraətxanası açmağımla başlanmışdır".

XIX əsrin axırlarında N.Nərimanovun bədii yaradıcılıq fəaliyyətində ciddi inkişaf nəzərə çarpır. N.Nərimanov "Nadanlıq" (1894), "Şamdan bəy" (1895) komediyalarını, "Nadir şah" (1898) tarixi faciəsini, "Bahadır və Sona" (1896) romanının bir hissəsini yazıb çap etdirir. O, Qoqolun "Müfəttiş" (1892) komediyasını da Azərbaycan dilinə çevirib tamaşaya qoyur. N.Nərimanovun əsərləri Azərbaycan ədəbiyyatı və milli teatrının inkişafına faydalı təsir göstərir.

N.Nərimanov Bakıya gəldiyi ilk günlərdən teatrı əsl xalq tribunasına çevirməyə çalışırdı. M.F.Axundovun "açdığı yeni yolu", ənənəni davam etdirən maarifpərvər ziyalılar xalqda intibah hissi oyatmaq üçün teatrı ən qüdrətli vasitə hesab edirdilər.

Milli teatrın ilk həvəskar dövründən başlayaraq onun inkişafında və qol-qanad açmasında N.Nərimanovun böyük xidmətləri olmuşdur. Hələ 90-cı illərdə onun təşəbbüsü və rəhbərliyi ilə ziyalı gənclərdən ibarət aktyorlar truppası yaradılmışdı.

N.Nərimanov ictimai fəlakətdən xilas yolunu elm, maarif və mədəniyyətdə görürdü. O, 1902-ci ilin may-iyun aylarından imperator III Aleksandr adına Bakı Oğlan Gimnaziyasında ekstern imtahan verib şəhadətnamə aldı. Həmin ilin iyul ayında isə Odessa şəhərindəki Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə daxil oldu.

N.Nərimanov Odessada, Novorossiysk İmperator Universitetində oxuduğu vaxt tələbələrdən ibarət teatr truppası da yaratmışdı. O, 1903-cü ildə Odessadan Bakıya göndərdiyi bir məktubda tələbə yoldaşlarından ibarət kiçik bir teatr truppası yaratdığını və məzuniyyət günlərində Krımın Bağçasaray, Simferopol və başqa şəhərlərində tamaşalar göstərdiyini xəbər verirdi. Bu barədə Bağçasarayda çıxan "Tərcüman" qəzetində də maraqlı məlumat vardır. Qəzet 1903-cü ilin yanvar ayının 15-də "Qafqazlılar Krımda" sərlövhəli məlumatında Novorossiysk universitetinin yetirmələri olan bir dəstə qafqazlı tələbənin Bağçasaray və Simferopolda V.Mədətovun "Qırt-qırt", N.Nərimanovun "Nadanlıq" pyeslərini tamaşaya qoyduqlarını bildirir.

N.Nərimanov "Nadir şah" tarixi faciəsini də Krımda səhnəyə qoymaq təşəbbüsündə olmuşdur. Lakin çar senzurası "Nadir şah" tarixi faciəsini zərərli bir əsər hesab etmiş, onun tamaşasına icazə verməmişdir. Çar senzurasını pyesdə şahların devrilməsi fikrinin təbliğ edilməsi qorxutmuşdu.

1905-ci ilin oktyabrında inqilabi hərəkat bütün ölkəni bürüyüb Ümumrusiya siyasi tətilinə çevrildi. Belə bir gərgin dövrdə N.Nərimanov Odessada təhsil alan müsəlman tələbələrinin xahişini yerinə yetirərək konstitusiyalı respublika hökumətinin monarxiyadan üstünlüyü haqqında mühazirə-referatını oxumuşdu. O, mühazirə zamanı Odessada hökumətə qarşı mübarizədə həlak olmuş inqilab qəhrəmanlarının xatirəsini yad etmək üçün camaata ayağa qalxmağı təklif etmişdir.

N.Nərimanovun 1905-ci il 17 oktyabr çar manifestinə münasibəti də diqqəti cəlb edir. Referatda deyilir ki, manifesti çar könüllü surətdə verməmişdir. Çarı manifest verməyə xalqın qəzəbi və hiddəti məcbur etdi.

1905-ci ildə Novorossiysk universiteti siyasi tətil nəticəsində bağlanmışdı. Müəllim və tələbələrin əksəriyyəti həbsxanaya salınır və ya təqib olunurdu. N.Nərimanov xəfiyyələrin təqibindən yaxa qurtarmaq üçün 1905-ci ilin avqust ayında Kazan Universitetinə dəyişilməyə cəhd edir.

1906-cı ildə N.Nərimanov Bakıya qayıdır. O, yeni ictimai-siyasi vəziyyətin tələblərini zəhmətkeş kütlələrə başa salmaq, onları inqilabi mübarizəyə hazırlamaq üçün dövri mətbuatda vətəndaş-publisist kimi çıxış edir. "İrşad" qəzetində "Cümə söhbəti", "Həyat" qəzetində "Həftə fəryadı" başlığı altında tez-tez dərc olunan məqalələrində N.Nərimanov günün ən aktual, zəruri məsələlərinə toxunur, beləliklə, mütləqiyyətin mürtəce siyasətinin mahiyyətini açıb göstərir.

1906-cı ildə N.Nərimanov gizli inqilabi fəaliyyətini açıq siyasi təşviqatla əlaqələndirmək üçün "Nicat" xeyriyyə cəmiyyətindən bacarıqla istifadə edir. Bu zaman "Hümmət" bolşevik təşkilatı zəhmətkeş kütlələr arasında siyasi təbliğata böyük əhəmiyyət verirdi. "Hümmət" bolşevik təşkilatına daxil olan N.Nərimanov İranda baş verən milli azadlıq hərəkatına da hərtərəfli əməli yardım göstərirdi.

1906-cı ilin avqust ayında qabaqcıl ziyalıların təkidi ilə Zaqafqaziya müsəlman müəllimlərinin I qurultayı açıldı. N.Nərimanov və H.Zərdabi qurultayın sədri seçilmişdir. Qurultay nümayəndələrinin arzusuna görə bütün siyasi məsələlərə N.Nərimanovun sədrliyi ilə baxılacaq idi.

İclasların birində məktəblərdə Azərbaycan dili təlimi məsələsi müzakirə olunarkən N.Nərimanov yeni dərs proqramı düzəltməyin, ana dilində yeni təlim kitablarını tərtib etməyin vaxtı çatdığını söyləmişdir. O, müəllimləri millətin dərdinə əlac axtarmağa, dövlətin qarşısında tələblər irəli sürməyə çağırmışdır.

1906-cı ilin axırlarında N.Nərimanov Novorossiysk imperator universitetində təhsilini davam etdirmək üçün Odessaya qayıdır. 1906-1908-ci illərdə Azərbaycanın qabaqcıl adamları tələbə N.Nərimanova öz təhsilini başa vurması üçün müntəzəm maddi yardım göstərirlər. N.Nərimanov Novorossiysk imperator universitetinin tibb fakültəsini bitirdikdən sonra Bakıya qayıdır. O, burada xüsusi müalicəxana açmaq istəyir. Gizli inqilabi iş üçün xüsusi müalicəxananın olması zəruri idi. Lakin elə bu zaman N.Nərimanov İran milli azadlıq hərəkatına yaxından kömək və rəhbərlik etmək üçün təcili Tiflisə göndərilir.

1909-cu il sentyabr ayının 30-da N.Nərimanov öz ailəsi ilə bərabər Qafqaz canişinliyi ərazisindən 24 saata çıxarılıb iki il müddətinə Həştərxana sürgün olunur. N.Nərimanov Həştərxana çatdığı günün ertəsi oktyabr ayının 7-də "Darül-ədəbi" məktəbinə gedib müəllimlərlə görüşür, məktəbin pulsuz həkimliyini öz öhdəsinə alır. N.Nərimanov "Darül-ədəbi" məktəbində "Bürhani-tərəqqi" qəzetinin redaktoru Mustafa Lütfi ilə tanış olur, onun qəzetilə əməkdaşlıq edəcəyinə söz verir.

N.Nərimanov sürgündə ilk günlərdən polisin güclü nəzarəti altında təqib edilsə də, ədəbi-bədii və elmi fəaliyyətini dayandırmır.

O, həqiqi xalq həkimi, vətənpərvər ictimai xadim kimi tanınır. O, 1909-1910-cu illərdə "Xolera-Vəba", "Çexotka-Vərəm", "Aləmi-Nisvan", "Tibb və İslam" kimi kütləvi elmi-publisist məqalə və kitabçalarını çap etdirir. N.Nərimanov həqiqi xalq həkimi kimi tanınır. Milli tərkibi müxtəlif olan şəhərdə N.Nərimanovun "Müalicəxanasına" yalnız azərbaycanlılar deyil, rus, fars, tatar, türkmən, qırğız, özbək fəhlələri də pənah gətirirdilər.

1911-ci il avqust ayının 21-də N.Nərimanovun sürgün müddəti başa çatır. Lakin beş aydan sonra ona Bakıya qayıtmağa ixtiyar verilir. Maddi vəziyyətin ağırlığı üzündən Bakıya köçə bilməyən N.Nərimanov bir müddət Həştərxanda qalır, çoxcəhətli ictimai-publisist fəaliyyətini davam etdirir. Onun "Bürhanı-tərəqqi" qəzetində "Arı bəy" gizli imzası ilə çıxan "Telefon" sərlövhəli məqalələri Azərbaycan publisistikası tarixində istər forma, istərsə də məzmunca yeni idi. Bu kiçik həcmli satirik əsərlərdə N.Nərimanov günün ən aktual, təxirəsalınmaz məsələlərinə toxunurdu.

N.Nərimanov "Bürhani-tərəqqi"nin "Elmi və fənni" şöbəsinə, "Prikaspiyski kray" qəzetində isə "Müsəlman həyatı" şöbəsinə rəhbərlik edir.

N.Nərimanov 1913-cü il iyul ayında Bakıya qayıdır. O, burada xüsusi müalicəxana açır. Sonra Qaraşəhərdəki 9-cu pulsuz şəhər xəstəxanasında müdir vəzifəsində çalışır. Eyni zamanda, "Xalq universiteti"ndə elmi-kütləvi mövzuda müntəzəm mühazirələr oxuyurdu.

N.Nərimanov həkimliklə yanaşı, publisistik, yazıçılıq və gizli inqilabi fəaliyyətini davam etdirir. Dövri mətbuatda onun ədəbi-tənqidi, elmi-nəzəri və bədii əsərləri nəşr olunur. N.Nərimanov "Bir kəndin sərgüzəşti" (1915) hekayəsini, "Pir" (1917) povestini, tibbə dair bir sıra əsərlərini yazıb çap etdirir, Genin "Edam" əsərini tərcümə edir. "Bahadır və Sona" romanını səhnələşdirir.

1918-ci il aprelin 25-də Bakıda yaradılan Bakı Xalq Komissarları Sovetinin tərkibinə şəhər təsərrüfatı komissarı kimi daxil olan N.Nərimanov bu zaman dağılmış və geri qalmış ticarət, nəqliyyat, təchizat və ərzaq məsələlərinin qaydaya salınması və yaxşılaşdırılması üçün yorulmadan çalışırdı. O, Bakının neft rayonlarında yeni məktəblər, kitabxanalar, fəhlə klubları açılmasına qayğı ilə yanaşırdı.

1918-ci ilin baharında N.Nərimanov ağır xəstələnir: həkimlərin məsləhətinə görə onu təcili Həştərxana, "Tinaki" palçıq müalicəsinə göndərirlər.

1919-cu ilin əvvəllərində N.Nərimanov Həştərxan quberniya maarif şöbəsinin müdiri vəzifəsində işləyir. O, Sovet Həştərxanında zəhmətkeş kütlələrin maariflənməsinə və mədəni inkişafına xüsusi qayğı ilə yanaşır. N.Nərimanov mədəniyyət ocaqları və yeni tipli məktəblər açdırır. Yerli əhali arasında müəllim kadrları hazırlamaq üçün qısa müddətli pedaqoji kursların təşkilinə rəhbərlik edir.

1919-cu ilin iyul ayında Həştərxanda, Zaqafqaziya müsəlman komissarlığının "Köç" mətbəəsində N.Nərimanovun "Biz Qafqaza nə şüarla gedirik" kitabçası nəşr olunur.

Sovet hökuməti ilə diplomatik əlaqə yaradan ilk xarici dövlətin - Əfqanıstanın səfirini Moskvada N.Nərimanov qarşılamış, "Sovet diplomatiyası tarixində ilk dəfə ona Azərbaycan dilində müraciət edərək salamlamışdı. N.Nərimanov bildirmişdir ki, onun azərbaycanca nitq deməsi Sovet Rusiyasında bütün millətlərin bərabər və azad olmasına bir sübutdur".

İ.V.Stalin Hindistan elçisi müsəlman professor Prasadla danışıqlar aparmağı da N.Nərimanova tapşırmışdı.

N.Nərimanov Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin ilk sədri olmuşdur. Bu dövrdə o, zəhmətkeş kütlələrin istəklisi və havadarı kimi ümumxalq məhəbbəti qazanmışdı. Ağamalı oğlu öz xatirəsində yazırdı: "Respublika daxilindəki səfərində N.Nərimanov yoldaşı müşayiət etdiyim vaxt Azərbaycanın zəhmətkeş əhalisi arasında onun nə qədər də böyük nüfuza və təsirə malik olduğunu öz gözlərimlə görüb inandım... Hər yerdə N.Nərimanov yoldaşı bütün xalq səmimi təntənə ilə qarşılayırdı.

Görüş yerlərində tezliklə böyük mitinqlər təşkil edilirdi.

Bütün bu mitinqlərdə və yığıncaqlarda N.Nərimanov xalqa yaxın və tanış dil tapmağı və qarşıya qoyulmuş məsələləri həll etməyi bacarırdı...»

1922-ci ildə N.Nərimanov İtaliyada, Genuya şəhərində keçirilən beynəlxalq konfransda iştirak edir. O, öz Genuya xatirələrini respublika mətbuatında çap etdirir.

Bu illərdə N.Nərimanov Azərbaycanda ədəbiyyat və incəsənətin yüksəlişinə ciddi diqqət yetirir. Geniş ədəbi məclislərdə, tənqid-təbliğ teatrı tamaşalarında, yaradıcılıq müşavirələrində şəxsən iştirak edərək ziyalılara, sənətkarlara məsləhətlər verir, onlara kömək edirdi. 1921-ci ildə N.Nərimanovun təşəbbüsü ilə Azərbaycan və rus dillərində "Sənaye-nəfisə" jurnalının nəşri də bu qayğı ilə bağlıdır.

N.Nərimanov 1922-ci ilin may ayında Zaqafqaziya fderasiyasının İttifaq Sovetinə sədr seçilir. SSRİ təşkil ediləndə isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin ilk dörd sədrindən biri olur. O, xalqın etimadını doğruldaraq məsul partiya və dövlət vəzifələrində namusla işləyirdi. N.Nərimanov ictimai fəaliyyəti ilə yanaşı, ədəbi-publisist yaradıcılığını da davam etdirirdi. Mərkəzi dövri mətbuatda onun maraqlı elmi, ədəbi-publisist məqalələri çap olunurdu.

1925-ci ilin fevral ayında SSRİ MİK yanında Elmi Şərqşünaslıq İttifaqı N.Nərimanovun ədəbi və ictimai-siyasi fəaliyyətinin 30 illiyi münasibətilə xatirə gecəsi keçirmişdir. Burada Moskva ictimaiyyətinin və ölkəmizin ayrı-ayrı respublikalarının nümayəndələri ilə birlikdə Şərqin müxtəlif xalqlarının nümayəndələri də iştirak etmişdir.

Yubiley yığıncağında N.Nərimanov Şərqşünaslıq Cəmiyyətinin fəxri üzvü seçilmişdir.

1925-ci il mart ayının 19-də N.Nərimanov qəflətən vəfat etdi. Qızıl meydan görkəmli partiya və dövlət xadimi, SSRİ MİK sədri N.Nərimanovu əbədi olaraq qoynuna aldı. Büllur saflığın təcəssümü olan N.Nərimanov bütün sovet xalqları qarşısında öz borcunu son nəfəsinədək sədaqətlə yerinə yetirdi.

Xalqımız Nəriman Nərimanovun adını hər zaman ehtiram və hörmətlə yad edir.

 

 

Teymur ƏHMƏDOV

 

Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.1, 2.