Rəsul Rza - 100

 

Bu günlərdə Yasamal rayonu Əbilov adına Mədəniyyət Klubunda xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi. Mərasimi sözügedən klubun direktoru Rəna xanım açaraq ustad sənətkarın mənalı ömür yolundan, bənzərsiz əbədiyaşar poeziyasından danışdı.

Yazıçılar Birliyinin məsul işçisi, şair Ədalət Əsgəroğlu mərasimdə çıxış edərək vurğuladı ki, ustad Rəsul Rzanın anadan olmasının 100 illiyi ölkə başçısının sərəncamı ilə qeyd edilir. "Bu tədbirlər Türkiyədə, Rusiyada, eyni zamanda bir çox türkdilli ölkələrdə bütün bölgələrimizdə dərin qədirbilənlik hissiylə keçirilir. Bundan başqa, Göyçayda - şairin ana yurdunda büstü qoyulacaq, ev-muzeyi açılacaq".

Sonra Ə.Əsgəroğlu şairə həsr etdiyi "Rəsul Rza yüz ilin sözüdü" şerini oxudu.

Tədbirdə çıxış edən şair Musa Ələkbərli xalq şairləri Rəsul Rza Nigar Rəfibəylilə bağlı xatirələrini söylədi. Sonda məktəblilərin ifasında ölməz şairin şeirlərindən nümunələr səsləndi, onun sözlərinə bəstələnmiş mahnılar ifa edildi.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.6.