M.Ə.Sabir - 150

 

Böyük irsin təbliği

     

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi artıq 45 ilə yaxın bir vaxtdır ki, tamaşaçılara xidmət edir.

Fəaliyyət göstərdiyi illər ərzində elm, mədəniyyət, incəsənət xadimlərinin, dövlətimiz tərəfindən sərəncam verilmiş yazıçı və şairlərimizin yubileyləri, anadan olduqları gün hər il muzeyimizdə mütəmadi olaraq qeyd olunur, ekspozisiyada geniş tərtibatlı sərgilər hazırlanır, tədbirlər keçirilir, çıxışlar edilir.

Azərbaycan ədəbiyyatının ən qüdrətli sənətkarlarından olan Sabir xalqının halına acıyan, onu dərindən sevən, xalqını, millətini çox yüksək mərtəbələrdə görmək istəyən vətəndaş şair olmuşdur.

Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 iyun 2010-cu il tarixdə sərəncam imzalamışdır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində sərəncamla əlaqədar geniş sərgi hazırlamaq üçün fonddan materiallar seçilmişdir.

Azərbaycanın böyük şairi M.Ə.Sabir hələ öz zamanında müasirlərinin diqqətini cəlb etmiş, onun əsərləri sevilə-sevilə oxunmuş, şairin yaradıcılığı üzərində maraqlı təhlillər aparılmışdır.

Muzeyimizin fondunda Sabir irsinin toplanılıb nəşr edilməsində, yaradıcılığının elmi cəhətdən öyrənilməsində bir çox görkəmli ədəbiyyatşünas alimlərimizin əsərləri, məqalələri, xatirələri öz əksini tapır.

Fonda M.Ə.Sabirin "Seçilmiş əsərləri", "Hophopnamə", "Seçilmiş şeirləri", "Bütün əsərləri", "Şeirlər" kitabları, M.Ə.Sabir irsinin öyrənilməsində və nəşrində xüsusi xidmətləri olan tədqiqatçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elmi xadimi, filologiya elmləri doktoru, professor Abbas Zamanovun apardığı gərgin axtarışların məhsulu olan "Sabir və müasirləri" monoqrafiyası , "Müasirləri Sabir haqqında", "Sabir gülür", "Sabir bu gün", "Sabir xatirələrdə", "Əməl dostları" ədəbiyyatşünas alimlərdən Əziz Mirəhmədovun "Sabir", Cəfər Xəndanın "Şairin həyatı", Mirzə İbrahimovun "Böyük şairimiz Sabir", Əzizə Cəfərzadənin "Sabir", Midhət Ağamirovun "Sabirin dünyagörüşü", Tofiq Hacıyevin "Sabir - qaynaqlar və sələflər", Əli Saləddinin "Sabirfolklor", Tərlan Novruzovun "Mirzə Ələkbər Sabir" və başqa kitabları qorunub saxlanılır.

1981-ci ildə Bakıda Sabirin heykəli önündə "Sabir Poeziya günləri" keçirilmişdir. Ədəbiyyatşünas alimlərdən, yazıçı və şairlərdən Abbas Zamanov, Bəkir Nəbiyev, Hüseyn Abbaszadə, Balaş Azəroğlu, Cabir Novruz, Elçin. Qasım Qasımzadə, Həmid Məmmədzadə, Cənubi Azərbaycan ədibi Hüseyn Sədiq, Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim Tahirli və başqaları poeziya günlərinin iştirakçısı olmuş, çıxışlar etmişlər.

Poeziya günləri ilə əlaqədar muzeydə mövcud fotoşəkillər arasında "M.Ə.Sabir M.Hadi və Ə.Əfəndizadə", "M.Ə.Sabir A.Səhhət, M.Hadi, Naseh və Tərrah ilə", "A.Səhhət tələbələri ilə Şamaxıda M.Ə.Sabirin qəbri üstündə", "Bakıda və Şamaxıda M.Ə.Sabirin heykəli", "Bakıda M.Ə.Sabir adına məktəb və kitabxananın fotoları, dəvətnamə-proqram, qəzet və jurnal materialları", "1913-cü ilin "Məktəb" jurnalının 11-ci nömrəsi" və bir çox maraqlı eksponatlar vardır.

Muzeyimizdə Azərbaycan xalq rəssamlarının yaratdığı görkəmli şəxsiyyətlərin portretləri və satirik karikaturaları əksəriyyət təşkil edir. Satirik karikaturalarda mənfi tiplər tənqid olunur, eybəcərliklər öldürücü gülüşlə təsvir edilir.

Ekspozisiyada F.Nəcəfovun "Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir birlikdə" heykəltəraşlıq əsəri, O.Sadıqzadənin "Mirzə Ələkbər Sabir Şamaxıda", Q.Bağırovun "Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir "Molla Nəsrəddin" jurnalı redaksiyasında" yağlı boya ilə işlənmiş portretlər, A.S.Jirovun "Mirzə Ələkbər Sabir" rəngli qrafik portret, N.İsmayılovun M.Ə.Sabirin "Əkinçi", "Pul", "Evlənmək istəyirəm", "Ona bax", "Madmazel" şeirlərinə çəkilmiş rəngli qrafik illüstrasiyaları nümayiş etdirilirbu sənət əsərləri tamaşaçı marağına səbəb olur.

Sabir ölməz sənətkardır. Min illər keçsə belə, o Azərbaycan xalqının qəlbindən heç vaxt çıxmayacaqdır. İllər ötəcək, müstəqil Azərbaycanımızın gənc nəsilləri onun əsərlərindən bəhrələnəcək, Sabir irsinin daha da dərindən öyrənilməsi və tədqiqi sahəsində yeni nəsil tədqiqatçılarının sayı artacaqdır.

 

 

Xanım İSMAYILOVA

 

Ədəbiyyat qəzeti.-  2010.- 6 avqust.- S.2.