İllər, şəxsiyyətlər

 

İmam Mustafayev

     

Əllinci illərin əvvəllərində İmam Mastafayev hələ yalnız elmlər namizədi idi, amma Respublika Elmlər Akademiyasının akademiki seçilmişdi. O zaman belə hallar olurdu.

1954-cü ildə İ.Mustafayevi Mərkəzi Komitənin birinci katibi vəzifəsinə seçirlər. Həmin illərin qəzet komplekt lərini vərəqləyirəm. İki başlıca mövzu diqqəti cəlb edir: biri major tonda - Mingəçevir su elektrik stansiyasının işə salınması, SSRİ Ali Sovetinin seçkilərinə hazırlıq, bir qrup neftçiyə Sosialist Əməyi Qəhrəmanı adının verilməsi kimi məsələlər işıqlandırılırdı. Bir qədər ehtiyatla qələmə alınsa da, başqa bir xətdə: "böyük rəhbər"in ölümündən sonra cəmiyyətin həyatında əmələ gələn dəyişiklik, M.C.Bağırovun bütün partiya və dövlət vəzifələrindən azad edilməsi, Azərbaycan Kommunist Partiyasının növbəti qurultayının gözlənildiyi izlənilirdi.

Bu vaxtadək - 1952-ci ildən etibarən İ.Mstafayev artıq MK-da kənd təsərrüfatı üzrə katib idi.

…L.P.Beriyanın ifşasından sonra M.C.Bağırova münasibət sərt şəkildə dəyişmişdi. Artıq hamı başa düşürdü ki, onun hakimiyyətinin sonu çatıb. Bakıda eyni vaxtda bir neçə komissiya işləyirdi.

İmam Mustafayevi 1959-cu ilin dekabrında təcili olaraq Moskvaya çağırmışdılar. Onu N.S.Xruşşovun özü qəbul etmişdi.

- Belə cavansan, artıq akademiksən?

Onların ilk, çox qısa olan söhbəti belə başladı. "Sizi birinci katib vəzifəsinə məsləhət görürük", - Nikita Sergeyeviç söhbətinə belə yekun vurdu.

üçün məhz onu seçmişdilər? Mən belə düşünürəm ki, analogiyaya görə, öz nümunəsi və obrazına uyğun. Xruşşovun bütün ölkə üzrə apardığı siyasət Azərbaycan Kommunist Partiyasına da şamil olunur. Ona ən çox İ.Mustafayev uyğun gəlirdi. Həm də artıq o, MK-nın katibi idi, demokratik görüşlərə malik olan bir şəxs idi, otuzuncu il hadisələrində günahlandırılmamışdı və həm də kənd təsərrüfat mütəxəssisi, əkinçilik üzrə akademik idi. Məlum olduğu kimi, kəndin ağır vəziyyəti N.S.Xruşşovun ən əsas qayğılarından biri hesab olunurdu.

1954-cü il fevral ayının 12-16-da keçirilən qurultay Azərbaycan Kommunist Partiyasının tarixində ilk dəfə idi ki, MK-nın hesabat dövründəki fəaliyyətini qeyri-qənaətbəxş hesab edirdi. Bir şey tamamilə aydın idi ki, rəhbərlikdə köhnə metodlardan birdəfəlik əl çəkmək lazımdır. Ancaq görünür ki, bu hamının ürəyincə deyildi. Üzərinə yeni vəzifələr qoyulan İmam Mustafayevə 589 nümayəndədən 69-u səs verməmişdi. Birincinin əleyhinə belə möhkəm müxalifət müstəsna hal idi. Bundan sonrakı qurultayda isə İ.Mustafayevin əleyhinə cəmi iki nümayəndə səs vermişdi.

İmam Daşdəmir oğlu beş il respublika partiya təşkilatına rəhbərlik etmişdi. Bu vəzifədə olarkən o, hansı mühüm məsələləri həll etmişdi?

Mənim üçün çöx gözlənilməz və təəccüblü olsa da, İmam Daşdəmir oğlu birinci olaraq Azərbaycanın birləşməsi məsələsini qoymuşdu.

Mən İranı görmüşdüm, şah hakimiyyəti dövründə azərbaycanlıların necə əzab çəkdiklərinin şahidi olmuşdum

- Məgər antoqonist siyasi sistemlərə daxil olan, iki yerə parçalanmış bu "hissə"lərin birləşməsi haqqında düşünmək olardımı? - Mən xəbər aldım.

- Bu tamamilə mümkün idi. Qərbi Belorusiya ilə Sovet Belorusiyasını birləşdirmək mümkün olmuşdu ki

O, bu yolu gizli fəaliyyətdə olan Cənubi Azərbaycan (İran) Demokratik Partiyasıyla birləşməkdə görürdü. Həmin partiya gizlində, onun Mərkəzi Komitəsi isə mühacirətdə idi. Cənubi Azərbaycanın əhalisi keçmiş gözəl vaxtları - qırx beşinci ilin sonunda və qırx altıncı ilin əvvəlində Pişəvərinin təşkil etdiyi Milli hökuməti yaxşı xatırlayırdı. Bizimkilərin birdən Təbrizdən çəkilməsini İmam Daşdəmir oğlu inqilabi hökumətə qarşı satqınlıq sayırdı. Biz özümüzün silahsız qardaşlarımızı irticaçı İranın əlində qoyub gəlmişdik. Bu biabırçılığın məsuliyyəti Stalinin, Beriyanın və onların ətrafındakıların üzərinə düşür. Xalq Cənubi azərbaycanlı inqilabçılarının necə əzab çəkdiyini hələ kifayət qədər bilmir.

O, qovluqdan İran qəzetlərinin fotosurətini çıxarır. Bu şəkillərdə azadlıq hərəkatının başçılarının dar ağacından asıldığı görünürdü.

- Seyid Cəfər Pişəvərinin özü isə tezliklə Azərbaycanda şübhəli şəraitdə maşın qəzasına düşərək həlak olmuşdu, - deyə mən bunu onun yadına saldım.

- Bir çox əsaslı dəlillər var ki, o Bağırovun sui-qəsdinin qurbanı olub. Vaxt gələcək bu vəhşi hadisənin üzərindəki qara pərdə götürüləcək, bütün bu sui-qəsdin kimlər tərəfindən edildiyi aşkarlanacaq.

Lakin İ.Mustafayevin Cənubi azərbaycanlı inqilabçılara kömək etmək təşəbbüsü "yuxarıdan" müdafiə olunmadı. Səciyyəvi, əlamətdar bir cəhət Cənubi Azərbaycan Demokratik Partiyasının katibi Sov.İKP-nın XXI qurultayında iştirak edirdi. Lakin Suslov qətiyyətlə ona müvafiq hörmət eləməyin əleyhinə çıxaraq hiddətlə İ.Mastafayevi həddindən artıq can yandırmaqda məzəmmət elədi:

- Bizdə İran Xalq Partiyasının nümayəndəsi var, bəsdir! Bax, beləcə yüksək vəzifəli bir şəxsin hökmü ilə qardaş inqilabçı partiyaya münasibət müəyyənləşdirildi. Bundan sonra da Suslov müxtəlif xırda məsələlərdə İ.Mustafayevə irad tutur, öcəşirdi. Lakin bir təsadüf onu xilas elədi. Lujnikidəki ziyarətlərin birində Nikita Sergeyeviç Mustafayevi masabəyi seçməyi təklif elədi:

- O bizim içimizdə yeganə adamdır ki, bığlıdır.

Suslov bundan özü üçün nəticə çıxardı, daha ondan əl çəkdi. Amma, görünür, İ.Mustafayevözü üçün nəticə çıxarmışdı: Hələ Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirmək üçün müvafiq şərait yetişməmişdi.

"Böyük rəhbər"in ölümündən sonra da inersiya əsasında hamı onu tərənnüm edirdi. Lakin XX qurultay şəxsiyyətə pərəstiş məsələsini açıq şəkildə qoymuşdu. Həbs düşərgələrindən, "şəxsiyyətə pərəstiş" rejimindən sağ qalmış böhtancasına "xalq düşmənləri" damğası vurulmuş şəxslər öz torpaqlarına qayıdırdılar. Mətbuatda əvvəlcə haqlarında düşünmək və danışmaq qadağan olunmuş Ruhulla Axundovun, Mirzədavud Hüseynovun, Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun, Həmid Sultanovun, yazıçılardan Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Seyid Hüseynin adları görünməyə başlamışdı. İndiki nəslə inandırmaq çətindir ki, o zamana qədər hətta Nəriman Nərimanov, Səmədağa Ağamalıoğlunun adlarını çəkmək qadağan olmuşdu. Halbuki onlar insanlara divan tutulan vaxtdan qabaq vəfat eləmiş, Qızıl meydanda dəfn olunmuşdular. İndi artıq onların xidmətləri haqqında danışmağa başlamışdılar.

Yeni mənəvi münasibətlərin xoş, bahar nəsimi əsməyə başladı. Necə deyərlər, bir növ yaşamaq asanlaşmışdı. İnsanlar sevinməyə başlamışdılar. Ancaq respublikanın rəhbərlərinin yaxşı mənada "əlavə işləri", gözlənilməz qayğıları artmışdı. Stalin düşərgələrindən qayıdanları evlə, işlə təmin eləmək lazım idi. Heç nə eləmək olmazdı, təmin eləmək gərək idi, vəssalam. Ancaq elə hallar da olurdu ki, həbs düşərgələrindən qayıdanlar məhz öz evlərinin onlara qaytarılmasını tələb eləyirdilər. Ancaq bu evlərdə repressiya ilə heç bir əlaqəsi olmayan insanlar yaşayırdılar. Axı yenidən onları otuzuncu illərdəki kimi "iyirmi dəqiqəlik" məhkəmə ilə mühakimə etməkmi lazım idi?

Həm də axı hamı eyni dərəcədə günahkar deyildi. Ancaq əsl məsələ bundan ibarətdir ki, həmişə yalnız pislik eləməklə yaşamaq da mümkün deyildi.

Birinci katibin əsas qayğılarından biri ölkədə əkinçiliyin inkişafı problemi idi. Mən Leninin "Muğanda əkinçilyi inkişaf elətdirmək" fikrini xatırladım.

Lakin Lenin bunu sovet hakimiyyətinin ilk illərində deyirdi. Biz isə öz qarşımızda daha mürəkkəb məsələlər qoyurduq - əkinçiliyi bütün Azərbaycan üzrə irəlilətmək.

Yuxarı Qarabağ kanalının inşaatı hələ İmam Daşdəmir oğlu birinci katib olana qədər başlamışdı. Amma onun vaxtında müvəffəqiyyətlə başa çatmışdı. Elə bu illərdə Yuxarı Şirvan kanalının tikintisi davam etdirilirdi, onu Abşerondakı Samur-Dəvəçi kanalına çatdırırdılar. Bəhramtəpə və Ceyranbatan su hövzəsini tikdilər.

- Ancaq deyirlər ki, bu gur kanallar geniş çöllərin duzlaşmasına səbəb olub.

- Duzlaşmaya gətirib çıxaran səbəblər həmin kanalların varlığı yox, onlardan düzgün istifadə edilməməsi ola bilər, - bunu deyərkən İmam müəllimin qəhvəyi rəngli gözləri qəzəblə titrədi, sanki bu gözlərdə qığılcım parıldadı. Sonra sakit və inandırıcı tərzdə söhbətini davam etdirdi, - əgər operativ surətdə ölçü götürülməzsə, biz çox böük miqdarda olan əkin-biçin sahələrini itirə bilərik. Mütəxəssislərin rəyinə görə indi bizi fəlakətdən məhsuldar torpaqların çox az miqdarda olan təbəqəsi qoruyur. Bu, cəmi metrə yarımdır.

Biz kənd yolları, kənddə mədəniyyətin vəziyyəti barədə və s. bir çox həll olunmamış problemlər haqqında söhbət edirdik. Onun danışdğı bir epizod xüsusilə yaddaqalan idi.

Qax rayonunda Enbərçə adlı bir kənd var. İmam Daşdəmir oğlu uşaqlıqda həmin bu kənddə yaşayıb. O, görürüdü ki, suyun gec-gec verilməsi nəticəsində adamlar necə əziyyət çəkirlər. Məsələ burasındadır ki, təbii rütubət buraya dağlardan keramik borular vasitəsilə daxil olurdu. Ancaq həmin yerdə ağacların kökləri uzanır, suyun yolunu kəsirdi. Və kəndlilərin əsl əzabı başlayırdı. Gəl indi suların kəsildiyi yeri tap, oranı təmizlə. Bir dəfə İmam Daşdəmir oğlu neftçilərdən xahiş eləyib işlənmiş boruları alıb həmkəndlilərinə göndərir ki, su kəmərini dəyişsinlər. Bir neçə aydan sonra yolüstü Enbərçə kəndinə dönüb su kəmərini xəbər alır. Məlum olur ki, onlar nəinki su kəmərini təzələməmiş, hətta borulardan bir hissəsi haradasa, necə deyərlər, itbat olmuşdu. "Sizdə vicdan varmı?" - deyə birinci katib ürəyində həmyerlilərindən xəbər almışdı. Və heç bir cavab gözləmədən çıxıb getmişdi, hətta qohumlarının evinə də baş çəkməmişdi.

Bir neçə həftədən sonra Qax rayonundan zəng eləyib artıq boruların dəyişdirildiyini xəbər verirlər.

- Mən nə üçün bu haqda danışıram? Sadəcə olaraq istəyirəm ki, hamımız başa düşək, əgər biz özümüz çalışmasaq, həyatımızda heç bir şeyi dəyişə bilmərik.

Mən yaşlı nəsildən olan, İmam Daşdəmir oğlunu birinci katib işlərkən görmüş, bilavasitə onunla əlaqədə olmuş hər bir kəslə bu nəcib şəxsin haqqında söhbət edərkən onun xarakterinin bu cəhəti - yəni insanlığı, xeyirxahlığı haqqında ağızdolusu danışıldığını eşitmişəm.

İmam Daşdəmir oğlu birinci katib vəzifəsində beş ildən bir qədər çox çalışdı. 1959-cu ilin iyun ayında MK-nın plenumu onu bu vəzifədən azad elədi. İradlar çox idi: "təmin edə bilmədi", "öhdəsindən gəlmədi", "lovğalanmağa başladı". Ancaq əsl səbəb bütün bunlar idimi?

Mən bu suala qəti cavab verə bilmərəm. Bu məsələlərə əsl qiyməti zaman verəcək. Ancaq mənə belə gəlir ki, İmam Mustafayev Nikita Sergeyeviç Xruşşovun "özbaşınalıq" siyasətinin ilk qurbanlarından biri idi. Nikita Sergeyeviç tarixin gedişini sürətləndirməyi, vaxtı çatmamış qərarlar verməyi sevirdi. O hətta kommunizmin gələcəyi vaxtı da müəyyənləşdirmişdi. Amerikaya çatmaqonu ötmək mümkün olmamışdı…

Bir sözlə, Sov.İKP-nin rəyasət heyəti bunu məsləhət görmüşdü. Azərbaycan Kompartiyasının Mərkəzi Komtəsi də İ.Mustafayevi birinci katib vəzifəsindən azad eləmişdi.

Həmin plenumdan artıq otuz ildən çox vaxt keçmişdi. İ.Mustafayevi, vəd elədikləri tək, - Azərbaycan Elmlər Akademiyasının vitse-prezident müavini vəzifəsinə təyin etmədilər. O, prezidentə zəng vurub onu laboratoriya müdiri təyin etməsini rica etdi. MK-nın katibiykən həmin vəzifəni ictimai əsaslarla aparırdı. O, 1964-cü ildə elm qarşısında "borcunu" ödədi, doktorluq dissertasiyası müdafiə etdi, professor adına layiq görüldü. İ.Mustafayev bundan sonra ömrünün sonuna qədər özünü tamamilə elmə sərf elədi. Yüksək keyfiyyətli davamlı buğda növləri yaradıb onları rayonlaşdırdı.

- Eşitmişəm ki, siz yaratdığınız yeni növ buğdalardan birinə qızınız "Sevinc"in adını vermisiniz.

- Bəli, elədir. Ancaq fərq ondadır ki, mən əvvəlcə buğdaya bu adı vermişəm, sonra qızıma.

Uşaqlıqda aclığın olduğunu gözləri ilə görmüşdü. İnsnaların acından öldüyünün şahidi olmuşdu. elə buna görə özünü elə bir işə həsr eləmişdi ki, hər evdə bolluca çörək olsun. Heç təsadüfi deyildi ki, İ.Mustafayev texnikumu bitirdikdən sonra Kənd Təsərrüfatı İnstitutuna daxil oldu. O vaxt bu kəndli balası rus dilini bilmirdi. Həmin fakültədə isə Azərbaycan şöbəsi yox idi. O, rus dilində olan həmin fakültəyə daxil oldu. Onu əla qiymətlərlə bitirdi. Sevimli sənəti ilə intensiv şəkildə məşğul olması onun siyasi həyatdan çox asan, sarsıntısız ayrılmasına yardım elədi. Alimin yaradıcılıq zəhmətini qiymətləndirdilər. 1969-cu ildə işlədiyi institutun direktoru vəzifəsinə təyin etdilər.

Onunla çox maraqlı bir mövzuda danışırıq: vəzifədə olub, həmin vəzifədən gedən şəxslər haqqında. İmam Daşdəmir oğlu taleyindən şikayət eləmir. İ.Mustafayevin tanıdığı tanımadığı insanların böyük əksəriyyəti ona çox yaxşı münasibət bəsləyiblər.

O bizim son görüşümüzdə belə demişdi:

- Biz seleksionerlər səbirli adamlarıq. Elə əsl səadət budur ki, sənin uzun zamandan bəri çəkdiyin zəhmət nahaq yerə itmir.

 

 

Osman Mirzəyev

 

Rus dilindən çevirəni: Vasif NƏSİBOĞLU

 

Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.1, 2.