Sonu görünməyən görüş...

  

  İmam Daşdəmir oğlu Mustafayev respublikamızın ictimai-elmi-siyasi həyatında xüsusi mövqeyi olan bir şəxsiyyətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq böyük alimin və ictimai xadimin 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.

İmam Mustafayev elə məşhur simalardandır ki, onun haqqında təkcə və sənət dostları deyil, demək olar hər sahəyə məxsus adamların, hətta xüsusən hər bir azərbaycanlının deməyə ürək sözü vardır.

Haqlı fikirdir ki, "Ürəkdən gəlməyən söz ürəkləri incidir". Ürəkdən gəlməyən münasibətlər də ürəklərdə yer tapa bilməz.

Tale elə gətirib ki, uzaq, lakin qaynar bir kənd mühitində 50-ci illərin əvvəllərində İmam Mustafayev adı mənim şəxsimdə bir yeniyetmənin ürəyində, fikrində özünə yuva sala bilib.

İllər keçdikcə - böyüdükcə, başa düşdükcə, bu ad mənə daha əziz, daha doğma oldu.

Hər kəsin həyatında yaxınların-uzaqların müəyyən təsiri təbiidir. Ancaq bu təsir - kömək nadir hallarda həlledici olur. Məsələ bundadır ki, atam müharibəyə yola düşəndə qardaşımı əmimə, məni dayıma (daha doğrusu, anamın dayısına, - anam bacısız-qardaşsız olduğundan onun dili ilə çağırırdıq) tapşırmışdı.

Dayım Dünyamalı Əhmədalı oğlu Məmmədovun təhsili olmasa da, fitrətən o dərəcədə fəal və işgüzar idi ki, çox çəkmədi o zamankı Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində Mir Cəfər Bağırov adına kolxozun sədri oldu. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü.

Dünyamalı Əhmədalı oğlu barədə M.C.Bağırov bir dəfə demişdi: Səndə elə inam var ki, daşın da üstündə əksən, bitər!

Elə bilirəm, bu qənaət özü çox şey demiş olur. Ancaq çox çəkmədi rayonun bir sıra qabaqcıl kolxoz sədrlərini, o cümlədən də dayımı görünür, işə çox can yandırdığına görə, necə deyərlər, "özünü yandırdılar". Hətta həbs etdilər.

Onun kənddən xeyli aralı rayon mərkəzində keçirilən məhkəməsində anamgillə bərabər hər dəfə əvvəldən-axıra iştirak etmişəm. Dayımın hakimə verdiyi məntiqli, cəsarətli cavablar yaddaşıma həkk olub qalıb. Ancaq məntiqə baxan yox idi.

Hər dəfə məhkəmədən sonra axşam evə yorğun-arğın gəlib çıxanda anamgilin haqsızlığa necə yanıb-yaxıldıqlarını, səhərə kimi öz-özləri ilə danışdıqlarını unutmaq qeyri-mümkündür. Həqiqətən dağın dözə bilmədiyinə insan dözərmiş!..

Tarixin çarxı dayanmadı. Stalin öldüİmam Daşdəmir oğlu Azərbaycan KP MK-nın birinci katibi seçildi.

İmam Mustafayevin adını dayımdan çox eşitmişdim. Onu vicdanlı, işini gözəl bilən, respublikanın təsərrüfat adamlarını çox yaxşı tanıyan və qiymətləndirən sədaqətli insan kimi dəyərləndirirdi.

Belə əsl sınaq zamanında çarəsiz qalmış, savadsız, ancaq qardaşının taleyi üçün canını da əsirgəməyən nənəm Zəri Əhmədalı qızı İmam Mustafayevin qəbuluna düşə bilmişdi.

Nənəm qardaşının haqsız yerə həbs olunduğunu deyib, əlində vəkil verən sənədlər İmam Mustafayevin ayağına əyilib yaylıq atarkən, İmam Daşdəmir oğlu onu dərhal ayağa qaldırmış və demişdi:

- Bacı, mən Dünyamalını çox yaxşı tanıyıram. O, azad olunacaq!..

Elə oldu. O böyük insanın böyük məhəbbəti bütün ailəmizin, - eləcə mənim, - ürəyimizə doldu ömürlük qaldı

İmam Mustafayev dayıma əzəlki münasibətinə sadiq qalaraq onu rayonun ən geridə qalmış kolxozlarından birinə "otuzminçi" kimi sədr göndərdi. Dünyamalı Əhmədalı oğlu öz xarakterinə ona etibar edən şəxsə sadiq qalaraq kalxozlar içində axırıncını birinci yerə gətirdi.

Ancaq neyləmək olar, yenə ardınca deyib-danışanlar tapıldı. Çox təəssüf ki, dünyada yamanlar yaxşılardan çoxdur. Bəlkə yaxşılar az olduqlarına görədir ki, xalqın gözündə çox qiymətli görünürlər. Məşhur misrada deyildiyi kimi: "Az olsa bir mətah, el ona çox bəha verər!.."

"Deyib-danışmaq" xəstələrinin - "ustalarının" narahatlığının səbəblərini öyrənmək, müvafiq tədbir görmək üçün İmam Daşdəmir oğlu özü həmin kolxoza gedir lazımsa edir.

Bütün bunlar mənim gözümdə həm sehirli bir yuxu kimi, həm çox mənalı bir dərs kimi zaman-zaman canlanıb düşündürüb.

"Dünyada heç itmir - istər maddi, istər mənəvi - ancaq şəklini dəyişir" - deyənlər haqlıdı.

İllər keçdi. Ancaq bu illər yeniyetmə vaxtımdan mənə rahatlıq verməyən xeyirxah duyğuları nəinki unutdurmadı, daha artıq xatırlatdı, xeyirxahlıqdakı cazibənin sirrini dərk etməyə həvəsləndirdi. Elə oldu ki, bir gün İmam Daşdəmir oğlu "Ədəbiyyat qəzeti"nə təşrif gətirdi. Baş redaktor Nəriman müəllim məni otağına çağıranda İmam Mustafayevlə görüş qismətinin mənim üçün demək olduğunu özü bilmirdi. Birgə şəklimiz çəkildi. Belə qərara gəldim ki, ürəyimdə düyün bağlayan sözləri daha münasib vaxtda İmam müəllimə deyərəm. Bir müddət sonra - 1997-ci il yanvarın axırlarında Azərbaycan Dövlət Akademik Dram Teatrında xalq yazıçısı Elçinin yeni "Ah, ParisParis…" pyesinin tamaşasına ictimai baxışa getdiyim zaman İmam Daşdəmir oğlu ilə daha şəxsən tanış kimi görüşdük tamaşaya yanaşı əyləşib baxdıq. Arada fasilə vaxtı İmam müəllimlə, necə deyərlər, ürək-ürəyə danışmaq imkanı yarandı.

Yuxarıda dediyim həqiqətləri yəqin oxşar taleli neçə-neçə başqaları kimi, bizim ailənin pənahı olmuş bu böyük, xeyirxah insana danışdım. İmam müəllimin simasındakı o fərəhi, sevinci heç vaxt unuda bilmərəm. Mənə elə gəldi insan özgəsinə göstərdiyi təmənnasız yaxşılığın, ədalətli münasibətin necə unudulmaz olduğunu belə təsadüfən bütün səmimiliyi ilə şəxsən eşidərkən-görərkən bu qədər fərəhli qürurlu ola bilərmiş!..

İmam Mustafayevin Dünyamalı Əhmədalı oğlu barədə söylədiyi yüksək fikirlər mənim üçün hər şey demək idi. Onun özünə xas, necə deyərlər, hökmlü açıq ürəkli, yeri gələndə xalq yumoru ilə şirinləşmiş danışığı indi qulağımda səslənir. Bu sözlər ona məxsusdur:

- Dünyamalıdan şikayət gələn kolxoza özüm yolumu saldım. Hazırlanmış bir neçə nəfər daha dözə bilmədiklərini deyib, əyləşdiyim maşının çarxı altına atıldılar. Sürücüyə: "Sür!..." - dedim. Sürücü ayağını qaza basan kimi, həmin öyrədilənlər çarxların altından dovşan kol dibindən qaçan kimi qaçdılar!..

Doğrudan da, haqq nazilir, üzülmür.

Ürəyi mərhəmətli olduğu qədər xaraktercə möhkəm İmam Daşdəmir oğlu ilə görüşüb ayrılarkən yaxınlarda geniş bir söhbət vədi ilə xudahafizləşdik.

Sən demə bu, son görüş imiş.

Amma əslində elə bilirəm sonu görünməyən görüş imiş

 

 

Ayaz VƏFALI

 

12.08.2010

 

Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.2.