Şıxəli Qurbanov fenomeni

  

Dostum Şıxəli Qurbanovu nisgilli-nisgilli yada salıb haqqında yazmaq istəyəndə, elə bil, kimsə təkidlə mənə gözləmədiyim bir sual verdi: Həyatdan çox tez getmiş o mərhum fikrinizcə, necə adam idi - xoşbəxt, ya bədbəxt?

Öz-özümə dedim: yox, bu, gözlənilməz sual deyil. Doğrudan da o necə adam idi - xoşbəxt, ya bədbəxt?

Şıxəli kimi ümumxalq ehtiramı qazanmış bir şəxs, bir şəxsiyyət 42 yaşında, naqəfil həyatdan gedirsə, onun haqqında yazmaq istəyən kəs mütləq özlüyündə, - müxtəsər, ya ətraflı, - bu məsələni aydınlaşdırmalıdır. Axı hamısı bir yana, onun ömründə yaxşı və pis, adi və heyrətamiz, şən və qəmli, məlum və hələ açıla bilməyən, qeyri-adi həqiqətlər, hətta müəmmalar o qədərdir ki!..

Qoy olsun, Şıxəli ilə bağlı həqiqətlərin cazibədarlığı, məna və gözəlliyi bir də elə bu müəmmalarla bağlılığı deyilmi? Neyləmək? Buna həyat deyərlər. Eləsi də olur, beləsi də... Onu həsrətlə xatırlayır, görüşlərimizi, söhbətlərimizi, birgə fəaliyyətimizi, acılı-şirinli günlərimizi yada salanda ən əvvəl ilk dəfə onun 16, mənimsə 21 yaşında olduğum vaxtlar gəlib göz önündə dayanır. Hanı, nə oldu o günlər?.. Şıxəli orta məktəb şagirdi idi, mənsə təzəcə müəllim diplomu almışdım. Bakının Xaqani küçəsindəki Uşaq bədii tərbiyə evində mən ədəbiyyat şöbəsinin, - böyük çıxmasın, - müdiri, o isə cavan, "həvəskar yazıçı" idi. Əsas işim elə bu cavan qələm əhli ilə məşğul olub, əsərlərini oxumaq, qüvvəm çatan məsləhətləri verməkdi. Gündəliyimdə belə bir qısa qeyd var: "19.1.1942 Şıxəli Qurbanovun "İntiqam" adlı pyesini oxudum, ona yeni mövzü verdim".

Söhbətlərimiz məndə onun təhsildə və ədəbiyyatda tərəqqi edəcəyinə inam yaratmışdı. Doğrudan da, çox gərgin, təlatümlü keçən illər gənc şair Şıxəlini sürətlə dəyişdirib respublikanın yaxşı ziyalılarından birinə çevirməkdə idi. Milli söz sənətimizin tarixi ilə bərabər Azərbaycan-rus ədəbi əlaqələrini də dərindən öyrənirdi. Filologiya elmləri namizədi kimi mətbuatda ədəbiyyat dərslikləri haqqında, M.F.Axundov, A.S.Puşkin, N.A.Nekrasov, V.V.Mayakovski haqqında məqalələr yazırdı. Aşkar görünürdü: o, ildən-ilə kamilləşməkdə, fəallaşmaqdadır. Çox çəkmədən təbiətinin başqa bir cəhəti ilə də fərqlənməyə başladı. Bu onun təşkilatçılıq, partiyaçılıq, başçılıq qabiliyyətləri idi. 1954-1955-ci illərdə Şıxəli Qurbanov artıq Bakı Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri, sonrakı iki ildə isə Voroşilov rayon Partiya Komitəsinin birinci katibi işləyirdi. Bütün bu tərəqqiyə baxmayaraq, xasiyyətcə əvvəlki sadəlik və təvazökarlığını qoruyurdu. Buna mən Bakıda keçirilən məşhur "Bağırovun məhkəməsi" zamanı tam inandım. Qəzetlərdə məhkəmə barədə maraqlı xəbərlər çıxırdı. Raykom katibi Şıxəliyə zəng vurub kabinetinə getdim. Onun verdiyi giriş vərəqəsi ilə indiki Şəhriyar adına klubun zalındakı məhkəmə iclasına qulaq asdım.

Şıxəli Mərkəzi Komitənın təbliğat və təşviqat şöbəsinin müdiri işləyəndə təşkilatçılıq, rəhbərlik məharəti ilə bərabər biliyi, ədəbi və nəzəri hazırlığı, xəlqi xüsusiyyətləri də artırdı. Bircə misal: onun fəxri xiyabandakı heykəli önündə qoyulmuş iri, gözəl şam maketini görənlərdən, çox güman, az adama məlumdur ki, xalqımızın ən əziz bayramlarından olan Novruzu qadağalardan xilas edib yenidən xalqa qaytarmaq üçün Şıxəli Qurbanov nə qədər zəhmətə dözməli olmuş, töhmətlər eşitmişdir. Lazım gələndə dövlət xadimləri, filosoflar və şərqşünaslarla məsləhətləşirdi. Ən yaxın köməkçiləri məşhur şərqşünas professor İ.S.Braginski və professor M.Təhmasib idi.

Ş.Qurbanov ideoloji həyatımızın düzgün istiqamətlənməsində əsas rəhbər simalardan idi. O, bilik və hazırlığını həmin sahənin işçilərinə vermək üçün yerli təşkilatların yığıncaqlarında məruzə və nitqlər eləyir, hər bazar ertəsi MK-da qəzet-jurnal redaktorları və informasiya müəssisələri rəhbərlərinin seminarını keçirirdi. Məsələn, qəzetin həmin günkü nömrəsinin ideyaca, məzmunca, mövzuca, tərtibatca, müəllif və müxbir heyəti baxımından təhlil və qiymətini elə məharətlə, elə düzgün verirdi ki, redaktorlar onun sözlərini diqqətlə bloknotlarına yazıb öz kollektivlərinə çatdırırdılar.

Təəssüf ki, 50-ci illərin axırı, 60-cı illərin əvvəlində respublika partiya təşkilatı və onun bir çox rəhbərləri kimi, Şıxəli Qurbanov da Moskvanın təqiblərinə və ifşaçılıq siyasətinə düçar oldu. Düşmənlərimiz 20-30-cu illərdə sınaqdan çıxardıqları Nəriman Nərimanov kartını bir daha işə saldılar. Bu siyasi oyunda Kreml rəhbərləri ilə bərabər Şıxəlinin bəzi "həmkarları" da iştirak edirdi.

Bütün bunlar Azərbaycanın əvvəlcə bir neçə ali rütbəli rəhbər xadiminin, az sonra Ş.Qurbanovun məsul vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. 60-cı ilin axırlarında Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsində müavini olduğum üçün Şıxəlinin keçirdiyi böhranlı halları çox görmüşəm.

Bizə bəzən aşkar haqsız töhmət edənlərdən biri o vaxtkı ikinci katib V.Semiçastnı idi. Onun Şıxəli ilə məni Şövkət xanım Ələkbərovanın konsertlərdə Misir mahnısı "Şələbiyyə"ni oxumağına görə bərk danlayıb hədələməsini, radio və televiziyada oxunan havaları "təftiş etmək", hətta mətnlərə "əl gəzdirmək" barədə göstərişlərini bu gün acı-acı xatırlayıram.

Onda Mərkəzi Komitədə ideologiya üzrə katib bizim keçmiş universitet tələbəmiz Nazim Hacıyev idi. Respublikada ideoloji işləri yenidən qurmaq məqsədilə MK yazıçılar, bəstəkarlar, teatr işçiləri və başqalarının müşavirələrini keçirməyə başlamışdı. İclasları Vəli Axundov və MK-nın başqa katibləri aparırdı. İşi elə qurmuşdular ki, məni özləri ilə rəyasət heyətində oturdur, Şıxəli Qurbanovun isə sadəcə müşavirədə iştirakını da lazım bilmirdilər. Bu rəftar çoxları kimi, mənə də təəccüblü gəlir, narahat edirdi. Hər dəfə belə yığıncaqlardan sonra günahsız müqəssir kimi Şıxəlinin kabinetinə gedib nitqləri təhlil edir, şöbəyə aid tənqidlərdən nəticə çıxarıb görəcəyimiz işlər barədə məsləhətləşirdik. Onunla Yazıçılar İttifaqına gedib yığıncaq keçirməyimiz, Şıxəlinin orada çox yaxşı bir çıxış etməsi də birgə işlərimizdən idi.

O zamanlar Sov.İKP MK öz rəhbər işçilərini respublikada siyasi maarif işlərini yoxlamaq üçün göndərirdi. İdeologiya şöbəsinin müdir müavini A.Petrov bu məqsədlə Bakıya gəlmişdi. Bir gün səhər çağı N.Hacıyev onunla məni cənub rayonlarımıza getməyə təlimatlandıranda Ş.Qurbanov içəri girdi. Biz çıxarkən N.Hacıyev Şıxəli ilə I katibin yanına getdilər (Semiçastnının yerinə göndərilmiş P.M.Yelistratov da orada idi). Beş dəqiqə çəkmədi ki, Şıxəli oturduğum otağa gəlib acı bir təbəssümlə dedi:

- Əziz müəllim, xudahafiz!

- Xeyir ola?- dedim. - Hara belə?

- Evə!

- Bir otursana, necə yəni evə?

Elə ayaq üstəcə söylədi: - Dedilər ki, bilirik, sən çoxdan elmi işə keçmək istəyirsən. Bu qərara gəlmişik ki, səni azad eləyək, akademiyada işləməyə gedəsən.

Yoldaşların köməyi ilə cəld yığışıb bizimlə sağollaşdı.

Şübhəsiz, bu Şıxəli kimi ləyaqətli, bacarıqlı, istedadlı bir xadimə vurulan ağır zərbə idi. Fəqət, xoşbəxtlikdən iradəsi, bir də xətrini əziz tutanlar onu sarsılmağa qoymadı.

Bir neçə gün sonra Akademiyanın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Şıxəlinin özünün təşəbbüs və səyilə bütün müttəfiq respublikalar üçün nümunə olan "Qarşılıqlı ədəbi əlaqələr şöbəsi" yaradıldı, ilk şöbə rəhbəri də o oldu.

Filoloqlar ailəsinin ən fəal üzvlərindən olması onun həm biliyi, həm də təşkilatçılığı ilə şərtlənmişdi. M.F.Axundovun 150 illiyinə hazırlıq zamanı Tbilisiyə ezam olundu. Azərbaycan-rus ədəbi əlaqələri mövzusunda doktorluq dissertasiyası üçün material toplamaq, bu sahənin tanınmış mütəxəssisləri ilə məsləhətləşmək məqsədilə Moskva, Leninqrad (indiki Sankt-Peterburq - red.) və başqa şəhərlərə elmi ezamiyyətə getdi. Seçdiyi mövzuda məruzələr elədi, məqalələri nəşr olundu.

Elmlə ürəyi soyumurdu. Burada uşaqlıqdan işə düşmüş yazıçı qələmi də onun köməyinə gəldi. Xüsusilə satirik komediya janrına meyli çox güclü idi. Əlyazmasını ilk dəfə mənə oxuduğu "Əcəb işə düşdük" komediyasının həm məzmununda, həm də bəzi obrazların təbiətində sənədlilik aşkar nəzərə çarpdığından onun tamaşası prototiplərin, o cümlədən bəzi "rəhbər işçilərin" etiraz və hay-küyünə səbəb oldu.

N.Hacıyevin naxoşluğu şiddətləndiyi üçün xəstəxanada yatırdı. Ona baş çəkməyə gedən yoldaşlarından bəziləri nainsaflıqla xəstəyə çuğulluq, xəbərçilik eləyir, mənim Şıxəlinin əsərlərinə rəvac verdiyimi söyləyirdilər. Xəstə əsəbiləşib Mərkəzi Komitə katibliyinə şöbəmizin işində guya dözülməz nöqsanlar olduğu, yeni müdir Məmməd Qazıyevin də yanlış mövqe tutduğu və sairə bu kimi məsələlər haqqında rəsmi məlumatlar yazıb təcili tədbirlər görülməsini məsləhət görürdü; hiddətlənib mənim barəmdə də kəskin ittihamlar yağdırmışdı. Mən təmkinimi itirmirdim. Amma bir dəfə ona baş çəkəndə üzüməcə elə sözlər dedi ki, əsəbiləşib işdən çıxmaq istədim. Qəribədir ki, işin axırından ehtiyat edən həmin çuğulçu yoldaşlar məni fikrimdən döndərdilər. Qaldım. MK məndən N.Hacıyevin yazdıqlarını sənədləşdirməyi, hətta qərar layihəsi hazırlamağı tələb edirdi. Aydındır ki, yazmaya bilməzdim və naçar yazdım da...

Katibin ürəyi soyumurdu. Şıxəli isə haqqında tənqidi sənəd hazırlandığından xəbər tutsa da, özünü o yerə qoymur, yaradıcılığından qalmırdı. O, getdikcə daha yaxşı pyeslər yazırdı.

"Sənsiz" son böyük işi, məcazi dildə desək, "Qu quşunun vida nəğməsi" oldu. Ölümündən əvvəl tamaşanın quruluşçu rejissoru T.Kazımova zarafatyana dediyi: "Sənsiz"ə baxarsız mənsiz", - sözlərində sən demə, fəci məna da yox deyilmiş...

Yazımı xoş bir xatirə ilə qurtarmaq istəyirəm. Bizim evlərimiz üzbəüz idi. Günlərin birində axşam bizə gəldi. Təzəcə yazıb qurtardığı doktorluq əsərini gətirmişdi. Gecə yarıyadək onun məzmunu, qoyulan problemlər barədə danışıb məsləhətləşdik. Əsəri mənə verib xahiş elədi ki, tələbkarlıqla, amma mümkün qədər sürətlə oxumağa çalış. Oxuduğum zaman onun elmə gətirdiyi bir çox yeniliklərin şahidi oldum. Müdafiəsi müvəffəqiyyətlə keçən bu doktorluq dissertasiyası akademiyada nəşr olunanda redaktorluğu mənə tapşırıldı.

1966-ci ilin fevral ayının son günlərində Azərbaycan Kommunist Partiyasının XXVII qurultayı keçirildi. Şıxəli Qurbanov Mərkəzi Komitə katibi və büro üzvü seçildi. Bu, gözlənilməz olduğu qədər də məntiqi, ədalətli seçki idi. Haqq qələbə çaldı.

Çox məsul vəzifə daşısa da, o, Şıxəliliyində qalmışdı. Axşamçağı, gərgin işdən sonrakı yorğunluğunu çıxarmaq üçün hərdən institutumuza gəlib bizi elm, mədəniyyət, ədəbiyyat yenilikləri ilə tanış eləyirdi. Hərdənbir köhnə qaydada şahmat ya nərd oynamağımızdan da qalmırdıq. Evə gedəndə indiki Kukla teatrının qabağındakı kafedə ya qəhvə içir, ya da dondurma ilə sərinlənirdik...

...Faciəli xəbər mənə necə və nə vaxt çatdı? Telefonla və dərhal. Səhər masa başında işləyəndə dostlardan iki nəfər zəng vurub mənə gözlənilməz suallar verdi: "Qonşuluğunuzda səs-küy yoxdur?", "Təzə bir xəbər eşitməmisən?" Hər ikisinə "yox" cavabı verdim. Çox çəkmədən yaxın dostlarımın bir neçəsi bizə gəldi. Onlar Şıxəlinin ölümü barədə dəhşətli xəbəri eşitmişdilər. Bir azdan indi akademik olan dostum Kamal Talıbzadə də gəlib Şıxəlinin vəfat etdiyini söylədi. Gözlərimiz yaşla doldu. Dostumuz barədə xeyli danışıb pəncərədən baxanda bir neçə tanış adamın hüznlə Şıxəligilə gəldiyini gördük.

Bütün bu yaxşı və pis, adi və heyrətamiz, şad və qəmli, məlum və hələ düyünü açılmamış həqiqətlər, hətta müəmmalar göstərir ki, əslində, Şıxəli Qurbanov Vətənin və xalqının ölümdən sonra da yaşayan, yaşayacaq oğullarından biridir. Dost, alim, yazıçı, xadim oğullarından biri!.. Həm xoşbəxt, həm də ...

 

 

Əziz MİRƏHMƏDOV,

Azərbaycan EA-nın müxbir üzvü,

əməkdar elm xadimi, professor

 

8 noyabr 1995-ci il

 

Məqaləni redaksiyamıza Şıxəli Qurbanovun qızı Gülnarə xanım təqdim etmişdir.

 

 Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.5.