Balaca Sarmanın böyük düşüncələri

  

  Bu yaxınlarda Əskişəhər Osmanqazi Universitetinin müəlliməsi Tamilla Abbasxanlı mənə maraqlı bir kitab verdi. Oxudum. Mənə çox təsir etdi. Uzun müddət bu nağılın şirinliyindən gen düşə bilmədim. Bu kitabın müəllifi Türkiyədə uşaq ədəbiyyatını yaradanlardanonun önündə gedən müəlliflərdən biri olan Gülsüm Çingizdir. Kitab "Bir Pişiyin gündəliyi" adlanır. Əsəri oxudum və anladım ki, müəllifin əsas məqsədi uşaq qəlbini ələ almaq, onun sadə, saf, büllur kimi təmiz qəlbini daha da durultmaq, zənginləşdirməkdir. Dünya ədəbiyyatında uşaqlar üçün əsərlər yazanlar çox olub, indivar. Onların yazı üslubu elədir ki, yazanda qarşılarına məqsəd qoymurlar ki, bu əsəri ancaq balacalar üçün yazıblar, hadisələri elə şirin bir təhkiyə yolu ilə qələmə alıblar ki, böyüklər də bu əsərləri sevərəkdən oxuyurlar. Ədəbiyyatda alleqorik əsərlər heyvanların, ağacların, cansız əşyaların dilindən çox yazılıb. Çoxu da klassikaya dönüb. Gülsüm xanımın da bu əsəri nəinki uşaqlar, hətta böyüklər tərəfindən də maraqla oxunur. Burada təsvir edilən hadisələr, görülən işlər həyatidir, ona görə də düşündürücüdür. Balaca pişiyin başına gələn hadisələr bizi əvvəlcə kədərləndirir, ancaq bu kədər ötəri olur.

Kitabın "Adi bir gün" bölümündə yazıçı balaca bir pişiyin küçədə yatdığını, yuxudan ayılan vaxt ətrafına baxaraq özünə gün ağlamağı -yəni acından ölməmək üçün yemək axtarıb tapmağını təsvir edir. Yolda dostu Təkirə rast gəlir. Onlar qoşalaşıb birgə yemək axtarmağa gedirlər. Xəstəxananın yanından keçəndə zibil qutularının yanında yemək axtaran itləri görürlər. İtlər onlara hürür. Balaca pişik dostu Təkirə deyir: "Mən bu canavarları sevmirəm, bu qorxaqlıq deyil, sadəcə zülmü qəbul etmirəm". Doğrudan da dərindən fikirləşəndə belə nəticəyə gəlirsən ki, kim ki, səndən güclüdür, demək dövran onundur. Gərək elə edəsən ki, zülm heç yerdə qələbə çalmasın. Özündən balacalara, acizlərə zülm edilməsinə yol verməyəsən.

Balaca pişiyin gözünə neylon torbaya yığılmış yemək qırıntıları sataşır, bunlardan yeyir. Yazar xanım balaca pişiyin dili ilə deyir ki, bu nemətləri torbalara doldurub zibil qutularına atmaq həm günahdır, həm də israfçılıqdır. Allah səxavətli adamları sevir, deyir ki, mən sənə verirəm, sən də kasıblara əl tut. Allah ancaq israfçı bəndələrini sevmir. Deyir ki, mənim sənə yetirdiyim ruzunu, bərəkəti bərəkətsiz edib küçələrə tökmə. Dünyada aclıqdan əzab çəkənlər, ölənlər kifayət qədərdir. Sən, nankor insan, verdiyim ruzunun yarısını zibilxanaya atırsan, ancaq sənin qardaşın onun bir tikəsini axtarır, səninsə ondan xəbərin yoxdur.

Balaca pişiklər küçə boyu addımlayırlar. Bu zaman yuxarıdan şüşə qırıntısı yerə düşüb çilik-çilik olur. Tənbəl xanım şüşə qırıntısını zibil qutusuna atmaq istəyib, ancaq şüşə zibil qutusuna yox, küçəyə düşüb. Yoldan keçən bir kişi deyir ki, ictimai yerləri zibilləmək olmaz. Şüşəni atırsan, bəlkə bizimya yoldan keçən başqa birisinin başına düşəydi, onda necə olardı?

Pişik dostuna deyir: «Mən o kişinin sözüylə razıyam, şüşəni şüşə üçün qoyulmuş qutuya qoymaq lazımdır ki, onu təkrar emala buraxıb yenidən şüşə düzəltsinlər.»

Burada müəllif yenə də israfçılığa qarşı pişiyin dililə öz etirazını bildirir. Pişiklər oradan aralanmaq istəyirdilər ki, başlarına yenə yuxarıdan bir qazan kirli su tökülür. Pişiklər bərk hirslənir. Yazar xanım bu pintiliyə dözməyərək insanları başa salmaq istəyir ki, ey insanlar, şəhərin havasını, təmizliyini korlamaq olmaz, təmizlik hər zaman insanlara, onun sağlamlığına lazımdır.

Pişiklər yemək tapıb yaxşı nahar etmişdilər deyə susuzluqdan yanırdılar. Odur ki, su tapmaq ümidilə çeşmə axtarmağa başladılar. Ətrafdakı çeşmələrin bir neçəsinin ağzına taxta tıxac vurulmuşdu. Onlar baxımsız qaldığından toz-torpaq içindəydi. Qanları qaralan bu balaca pişiklər deyinirlər: "Bu insanları başa düşmək çox çətindir. Sən bu qədər çalış, mərmər gətir, oymalarla bəzə, çeşmə düzəlt, yerin altına borular çək, çeşmədən də su axmasın". Elə bir oxucu tapılmaz ki, bu sətirləri oxuyandan sonra papağını qabağına qoyub dərin fikirlərə getməsin, silkələnib-oyanmasın, müəllifin bu fikri ilə razılaşmasın.

Onlar uşaqlar oynayan bağçaya sarı gedirlər. Burada da küçəni, oynadıqları yeri zibilləyən uşaqlarla qarşılaşırlar. Uşaqlar tum çırtlayıb yerə tökür, dondurma kağızını zibil qutusuna yox, oturacağın yanına tullayır. Çaşbaş qalmış pişik narazılıqla düşünür: "Bu uşaqlar burada yaşayırlar, bu meydançalarda oynayırlar, niyə buranı belə zibilləyirlər". Gülsüm xanım pişiyin dililə uşaqları təmizliyə, təbiəti korlamamağa çağırır.

Oynayan uşaqlar onu tutmaq istəyir. Pişik başa düşür ki, əgər onların əlinə keçsə konserva qutusunu onun quyruğuna bağlayacaqlar. Odur ki, onların əlini cırmaqlayaraq özünü yola atır. Az qalır yoldan keçən maşının altına düşsün. Tükləri biz-biz durur, çox bərk qorxur. Qanı o qədər qaralır ki, qarnı ağrıyır. Qarın ağrısını kəsmək üçün ot axtarır. Ancaq təbiətin tarazlığı yenə pozulub. Hər tərəf daşbeton idi. Evlər buludlara doğru uzanırdı. Qarın ağrısını kəsən otdan əsər-əlamət yox idi. Kor-peşiman yaxınlıqda görsənən bağçanın içində tikilmiş taxta evi olan bir həyətə girir. Həyətdə qoyulmuş köhnə bir həsirin üstünə çıxıb uzanır və qorxudan, yorğunluqdan yumurlanaraq bərk yuxuya gedir.

Gözünü açan pişik qarşısında balaca, şirindil bir qızı - Ayşəgülü görür. Onlar dostlaşır, atası pişiyi həkimə aparıb yoxladır. Ayşəgül onu çimizdirib boğazına lent bağlayır. Pişiyi əzizləyərək ad da qoyur - Sarman. Onlar mehriban dolanırlar. Ayşəgülün taxtadan evləri və akasiya, tut, əncir və alça ağacları, rəngarəng qızıl güllər, ətirşahlar, qərənfillər olan gözəl həyətləri vardı. Bağçadakı güllərin ətri bir-birinə qarışmışdı. Ancaq bu xoşbəxtlik uzun sürmür. Köhnə həyət evlərini söküb, yeni göydələn evlər tikirdilər. Növbə gəlib Ayşəgülgilin evlərinə çatdı.

Pişik heç vaxt görmədiyi, qorxunc səsi və başındakı borudan qara tüstülər çıxardan yerqazan maşını - canavarı görür. Bu canavar balaca evləri bir-bir "udurdu". Pişik qorxaraq Ayşəgülün yanına gəlir və maraqla bu maşının işlərinə tamaşa edirdi. Uşaqların, Sarmanın və onun dostunun oynadığı güllü bağçanı buldozer yerlə yeksan etmək istəyirdi, bu gözəlliyi pozub yerində göydələn ucaldacaqdılar. Buldozer işləməyə başladı, ətrafdakı gülü-çiçəyi əzir, ağacları kökündən qoparırdı. Bu zaman uşaqlardan biri - Doğan buldozerin çömçəsi tərəfə qaçdı. Az qaldı onun çömçəsi oğlanı əzsin. Buldozerçi vaxtında motoru söndürdü. Doğan qucağında balaca bir çanaqlı bağa uşaqların yanına qaçdı. Doğan olmasaydı, bağa buldozerin qorxunc təkərləri altında qalıb əziləcəkdi. Oyun yerlərinin əldən getməsi, evləri sökülən uşaqların valideynləri ilə birlikdə başqa yerlərə köçməsi uşaqların qanını bərk qaraltmışdı. Pişik fikirləşir: «Nəyə görə insanların sakit həyatını pozurlar? Niyə heç kəsin - bütün canlıların ortaq zənginlik mənbəyi olan yaşıl təpələri, çəmənləri, çayları aradan götürürlər?»

Gülsüm xanım ürək yanğısı ilə bu sualları pişiyin dilindən verməklə insanları təbiətin tarazlığını pozmamağa çağırır. İş o yerə çatıb ki, pişik qarın ağrısını kəsmək üçün yeməyə pişikotu tapmır. Hər yan daş, beton, asfaltdır. İnsan azad nəfəs almağa, təmiz havaya möhtac qalıb. Məhəllədə keçirdikləri o keçmiş, gözəl günlər arxada qalmışdı.

Növbə gəlib Ayşəgülgilin evlərinə çatır. Onların və qonşuların evlərini alıb sökəcək və yerində yeni göydələnlər salacaqlar. Ayşəgül az qala üsyan edir: «Ata, evimizi satma, buranı da o evlərə oxşadacaqlar, bağçasız, ağacsız, çiçəksiz, sevgisiz

Uşaqlar yığışıb sözü bir yerə qoyurlar: "Ətraf mühiti qoruma qrupu" yaradaraq evləri satmamaq üçün etiraz mitinqi keçirsinlər. Hər biri o bölgədəki ətraf mühitin, olduqları yerin qorunması mövzusunda fikirlərini bir yerə cəmləşdirdilər. Uşaqlar öz işlərinə müəllimlərini və valideynlərini də qoşdular. Onlar hərəsi bir çərpələng düzəltdilər və üzərində "Bağçalı evlərimizi çox sevirik" cümləsini yazdılar. Uşaqların bir neçəsi qəzet müxbirlərinə xəbər verdilər. Onlar bağçada toplaşıb çərpələng şənliyi keçirməyə tam hazır idilər. Şənliyin olacağı yer müəllimlər, uşaqlar və məhəllədə yaşayan adamlarla dolmuşdu. Günorta yeməyini göy çəmənlərdə oturub yedilər. Saat ikidə müxbirlər də gəlib çıxdı. Uşaqların hamısının əlində rəngbərəng çərpələnglər vardı. Onlar çıxış edərək "Ətraf mühiti qoruma qrupu" adlı dərnək təşkil etdiklərindən və insanlardan kömək gözlədiklərindən danışdılar. Böyüklər uşaqların çıxışlarını alqışladılar və hər kəs onlara kömək edəcəklərini bildirdi.

Uşaqlar öz əllərilə düzəltdikləri çərpələngləri göyə uçurtdular. Və elə arxayınlaşdılar ki, sanki böyük bir imtahandan qalib çıxmışdılar.

Mən bu balaca hekayəti böyük maraq və heyranlıqla oxudum. Balaca bir hekayədə çox mətləbləri qələmə almış, çox problemləri çözmüş hörmətli Gülsüm xanım balaca pişiyin dili ilə insanlara anlatmaq istəyir ki, təbiətin gözəlliyini pozmaq yox, onu qorumaq, daha da gözəlləşdirmək lazımdır. İstedadlı yazar xanım dünyamızın rahatlığını, təravətini pozan ciddi qlobal problemləri uşaqların, heyvanların gözüdili ilə oxuculara çatdırır.

Mən bu gözəl, şirin nağıla görə, hörmətli türk bacıma, Gülsüm xanıma öz təşəkkürümü bildirirəm.

 

 

Salatın ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.6.