Ehramlar ölkəsində

     

  Oktyabr ayının sonlarında Misirin Azərbaycan Respublikasındakı səfiri, cənab Sabir Mənsur Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşını ölkəsinə iki həftəlik səfərə göndərərkən onlara Azərbaycanda təmsilçisi olduğu bu ərəb ölkəsi barədə ətraflı məlumat verdi və sonda aşağıdakı sözləri xüsusi vurğuladı: "Misir qədim ölkədir. Bu gün bu qədimliyi Misir torpağının bətnindən çıxarılmış maddi-mədəniyyət abidələri, ehramlar sübut edir. Siz ölkəni gəzərkən bunları öz gözlərinizlə görəcəksiniz. Mən xahiş edərdim ki, qayıdanda gördüklərinizi mətbuat vasitəsilə Azərbaycan oxucuları ilə bölüşəsiniz".

Cənab səfir bunları ona görə deyirdi ki, ölkəsinə göndərdiyi on üç nəfərlik bu heyətin hamısı ərəbşünaslar idi. Onlardan bir nəfəri elmlər doktoru, doqquz nəfəri isə elmlər namizədi idi. Ərəb dili və ədəbiyyatı sahəsində ixtisaslaşan bu alimlərin böyük əksəriyyəti ərəb dilində sərbəst danışırdı. Hətta bir neçə nəfərinin tədqiqatı sırf Misir ədəbiyyatı ilə bağlı idi.

Afrika qitəsinin istər ərazicə, istərsə də əhalicə ən böyük dövləti olan Misirin dünyanın ən qədim yaşayış məskənlərindən olmasını bizcə, sübut etməyə ehtiyac yoxdur. Bunu ən azı V-VI siniflərdə oxuyan şagirdlər də "Qədim dünya tarixi" fənnindən gözəl bilirlər. Hazırda səksən milyon əhalisi olan bu ölkə, ərəb ölkələri içərisində bir lider dövlət kimi tanınır, dünya miqyasında da böyük bir nüfuz sahibidir. İyirmi milyonluq əhalisi olan Qahirə şəhərinin hava limanı istər ərəb ölkəsinin, istərsə də Afrika qitəsi dövlətlərinin baş tənzimləyici hava limanı hesab olunur. Hər gün bu hava limanından çoxsaylı sərnişin təyyarəsi dünyanın müxtəlif istiqamətlərinə uçuşlar edir, bir o qədər də təyyarə Misirin hava limanında yerə enir.

Misirdə digər ərəb ölkələrində sel kimi çağlayan neft mədənləri yoxdur. Amma orada Misir iqtisadiyyatına hər il milyardlarla dollar xeyir gətirən müxtəlif gəlir mənbələri vardır. Bunlardan Camal Əbdül Nasirin 1961-ci ildə İskəndəriyyənin azadlıq meydanındakı nitqində milliləşməsini elan etdiyi Süveys kanalının, hər gün minlərlə insanın axın-axın, içərisindəki firon qəbirlərinin tamaşasına gəldiyi Qahirə muzeyinin, məşhur Şarm Əş-Şeyx turizm-istirahət mərkəzinin, dünyanın yeddi möcüzələrindən biri sayılan Misir ehramlarının, eləcə də bütün tarix boyu Misir fəllahının əlindən tutan, onun təsərrüfatına özünün şirin suyu ilə həyat verən Nil çayının və s. adlarını qeyd etmək olar. Mübaliğəsiz demək olar ki, bu mənbələrdən gələn gəlir Misir iqtisadiyyatının ana xəttini təşkil edir və bunların ölkəyə verdiyi xeyir heç də neft buruqlarının mənfəətindən az deyildir, bəlkə də onları üstələyir.

SSRİ dağıldıqdan sonra yaranmış müstəqil respublikaların, eləcə də Avropanın şərqində son dövrlərdə suveren dövlətlərin yaranması nəticəsində bu ölkələrin müsəlman xalqlarının ərəb dili və mədəniyyətinə olan marağını nəzərə alan Misir tədris müəssisələri bu ölkələrdən Qahirəyə müdavimlər dəvət etməyə başladılar və onlara ərəb dilində kurslar təşkil etməklə ərəb dili, Misir mədəniyyəti, islam dini barədə mühazirələr oxudular. Ötən əsrin 90-cı illərindən başlayan bu kampaniya bu gün də davam edir. Azərbaycandan həmin kurslara son iyirmi il ərzində neçə dəfə tələbə-müəllim heyəti, jurnalist və diplomat qrupları göndərilmişdir.

… Bizim qrup Nəcva Hidayət adlı bir elmlər doktorunun müdirlik etdiyi özəl bir tədris mərkəzində dərs keçirdi.

… Nəcva xanımın tədris mərkəzi Qahirənin hay-küyündən uzaq, ikimərtəbəli, bir neçə otaqdan ibarət, hər şəraiti olan xüsusi bir mülkdə yerləşir. Onu da qeyd edim ki, Azərbaycanın Misirdəki səfirliyi də həmin əraziyə yaxın üçmərtəbəli bir mülkdədir.

…Nəcva xanımın başçılıq etdiyi tədris mərkəzində ərəb ədəbi dilini, Misir ləhcəsini bütün çalarları ilə dinləyicilərə çatdırmağa çalışırlar.

Nəcva Hidayətin təlim-tədris mərkəzində biz on dörd gün ərzində ərəb ədəbi dili, Misir ləhcəsi, Misirin yeni tarixi, onun kino və musiqi mədəniyyəti, iqtisadiyyatı və s. barədə çox dəyərli mühazirələrə qulaq asdıq, Qahirənin görməli yerlərinə, muzey və məscidlərə getdik, ehramlara tamaşa etdik. Əl-Əzhər və Qahirə universitetlərində görüşlər keçirdik, Şarm əş-Şeyx və İskəndəriyyədə gəzintidə olduq. Əlbəttə, bütün bunların hamısı haqqında müfəssəl danışmaq bizim imkanımızdan kənardır.

Amma bununla belə iki görüş barəsində bir qədər əhatəli məlumat vermək istərdik. Bunlardan birincisi Azərbaycan səfirliyində, ikincisi isə Ərəb ölkələri Cəmiyyətində olan görüşlərimizdir. Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayevdir. Vaxtilə Şərqşünaslıq İnstitutunda əməkdaşlıq etmiş Şahin Abdullayev sonralar diplomatik işə keçmiş, Azərbaycanın Küveytdə səfiri olmuşdur. İki il bundan öncə isə o, Küveytdən Misirə keçirilmişdir. Ərəb dilini mükəmməl bilir. Bizim gəlişimiz münasibətilə düzəldilmiş çay süfrəsi arxasında səfir bizi öz işçiləri ilə tanış etdi, gördükləri və görəcəkləri işlər barədə məlumat verdi. Mən Qahirəyə gedərkən özümlə bu il mənim tərtibatım, müqəddimə və şərhimlə çap olunmuş "Aida İmanquliyeva. Məqalələr və tərcümələr" kitabını və ötən il Aida xanımın 70 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransın materialları çap olunmuş məcmuəni cənab səfirə təqdim etdim… Şahin müəllim Aida xanımın onun diplom rəhbəri olduğunu, onun direktor müavini işlədiyi dövrdə institutda çalışdığını bildirdi və hətta Aida xanımın biblioqrafiyasını Qahirədə ərəb dilində çap etdirmək fikrində olduğunu söylədi.

İkinci bir görüşümüz isə Ərəb ölkələri Cəmiyyətində oldu. Proqramda nəzərdə tutulmayan bu görüşü Misir Xarici İşlər Nazirliyinin işçisi Misirdə olduğumuz günlərdə daima bizi müşayiət edən Əhməd Əbdülhəlim təşkil etmişdi. Bizi cəmiyyətin sədri Əmir Musanın müavini, mətbuat xidmətinin rəhbəri Hişam Yusif qəbul etdi. O, bizi cəmiyyətin yaranması və fəaliyyəti ilə tanış etdi və bildirdi ki, Ərəb ölkələri Cəmiyyəti hələ BMT (1948) yaranmazdan öncə (1945) yaranmış bir təşkilatdır, iqamətgahı o zamandan Qahirədə yerləşir. Onun fəaliyyət sferasına ərəb ölkələrində gedən ictimai-siyasi proseslərə nəzarət, bu ölkələrin hər hansı birində baş vermiş fövqəladə hadisələrə özünün münasibətini bildirmək və beynəlxalq miqyasda bu ölkələrin mənafeyini müdafiə etmək və s. kimi məsələlər daxildir. Cəmiyyət öz sıralarında 22 ərəb dövlətini birləşdirir. Cəmiyyətin ildə iki dəfə - yaz və payız aylarında sessiyaları keçirilir. Ehtiyac olduqda isə növbədən kənar sessiya da keçirilir. Məsələn, bu il Qəzza hadisələri ilə bağlı belə bir sessiya keçirilmişdir…

Söhbətimiz xeyli çəkdi… Mən heyətimizin tərkibinin ərəb dili və ədəbiyyatı ilə məşğul olan alimlərdən ibarət olduğunu, heyət üzvlərinin ərəb dünyası, islam dini barədə mükəmməl biliyə malik olduğunu və hətta buradakı iştirakçıların bəzilərinin hələ keçmiş sovetlər ittifaqı dövründə ərəb dilini öyrəndiklərini Hişam Yusifin nəzərinə çatdırdım və sonra əlavə etdim ki, Azərbaycan hazırda suveren, dünyəvi bir dövlətdir, eyni zamanda müsəlman dövlətiyik. Biz iyirmi ildir müstəqillik qazanmışıq, amma bu müstəqilliyi qazanmaq üçün ərazimizin iyirmi faizini itirmişik. Hazırda bu ərazilər erməni işğalçılarının əlindədir, əhalimizin bir milyon nəfəri qaçqın-köçkün vəziyyətindədir. Qaçqın-köçkün sözlərinin mənasını isə siz yaxşı bilirsiniz…". Ona görə də mən ondan xahiş etdim ki, bir nüfuzlu siyasi təşkilat olaraq beynəlxalq miqyasda Azərbaycanla bağlı qəbul olunan qərarlarda Azərbaycanın mövqeyini müdafiə etsinlər. Bu məqamda mənim solumda əyləşən işçi yoldaşımız, filologiya elmləri namizədi Əmir Qasımlı belə bir məqamı onun nəzərinə çatdırdı ki, Ərəb İsrail müharibəsində biz azərbaycanlılar Misiri müdafiə etmişik. O, misal üçün o illərdə bizim Ziyəddin adlı bir tərcüməçimizin Süveys kanalının müdafiəsində şəhid olduğunu bildirdi. Hişam Yusif bunun neçənci ildə baş verdiyini xəbər aldı. Ə.Qasımlı bunun ilini də dedi. Bu söhbətə Xarici İşlər Nazirliyinin əməkdaşı Əhməd Əbdülhəlim də qulaq asırdı.

… Sonda Hişam Yusif görüşə xitam verərək onların hər zaman Azərbaycanın tərəfində olduqlarını və gələcəkdə də bu mövqedə dayanacaqlarını qəti şəkildə bildirdi. Sonra Hişam Yusif bizi cəmiyyətin iclas zalı ilə tanış etdi. Zalın bir tərəfində - sədrin sağ tərəfində 22 ərəb dövlətinin bayraqları yanaşı düzülmüşdü. Ortadakı dəyirmi stolun ətrafında Hişam Yusifin dili ilə desək "A"-dan "Yaya" qədər (ərəb ölkələrinin adlarının içərisində "A" - yəni "əlif" hərfi ilə yazılan yeganə ölkə İordaniyadır. Ərəblər ona "Urdun" deyərək onu əliflə yazırlar) ölkələrin - yəni İordaniyadan tutmuş Yəmənə qədər ərəb ölkələrinin adı yazılmış stullar qoyulmuşdu. Dəyirmi stoldan bir qədər yuxarıda rəyasətin stol və stulları bir xətdə düzülmüşdü. Jurnalistlər üçün isə amfiteatrda 50-yə qədər oturacaq var idi. Binanın koridorunda indiyə qədər cəmiyyətə sədrlik etmiş və həyatlarını dəyişmiş siyasi xadimlərin şəkilləri asılmışdı.

Həcva Hidayətin tədris mərkəzinin bizim üçün tərtib etdiyi proqramın sonuncu günündən əvvəlki gününün gündəliyində əsas iki məsələ var idi: 1. Oxunan mühazirələrə münasibət bildirmək; 2. Axşam bağlanışda bir misirli ailəsinin evində qonaq olmalı və orada sertifikat almalı idik. Birinci məsələ ilə əlaqədar mənim fikrim belə oldu: Oxunan mühazirələr bizi qane etdi. Ərəb dili, Misir ləhcəsi, Misirin yeni tarixi, onun musiqi və kino mədəniyyəti barədə kifayət qədər məlumat əldə etdik. Tövsiyələrimin birincisi isə o oldu ki, bu mühazirələrə Misirin ədəbi həyatına dair geniş bir mühazirə salınmalı idi. Belə ki, əgər müasir dövrdə 22 ərəb ölkəsindəki ədəbi mühitə nəzər salsaq, onda Misir ədəbiyyatının bu ölkələrin ədəbiyyatları ilə müqayisədə Olimp zirvəsinə yüksəldiyini qətiyyətlə söyləyə bilərik.

Həqiqətən də dünya ədəbiyyatına Nəcib Məhfuz kimi bir dahini bəxş etmiş bir ölkənin ədəbi həyatı da belə sessiyalarda təbliğ olunmalıdır.

Mən Misir şerinin XX əsrin I yarısındakı vəziyyətinə bələdəm, onun Əhməd Şövqi, Hafiz İbrahim kimi nümayəndələrinin yaradıcılığı ilə tanışlığım var. Amma bu şerin XX əsrin ikinci yarısındakı və bugünkü vəziyyəti barədə geniş məlumatım yoxdur. Ona görə də mühazirəçinin birindən… hazırda Misir şerinin qabaqcıl nümayəndəsinin kim olduğunu sorduqda o, faruq Şusənin adını çəkdi. Açığını deyim ki, mən belə bir adı hardasa eşitsəm də, onun haqqında məlumatım yox idi. Amma orada olduğum günlərdə satışdan aldığım bir kitabdan Faruq Şusə barəsində aşağıdakı məlumatları aldım: … Faruq Şusə hazırda yetmiş beş yaşın içərisindədir. 1958-ci ildən Misir Radio və Televiziya Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmış, radiokomitetin sədri olmuşdur. Hazırda Qahirədəki Amerika Universitetinin Ərəb ədəbiyyatı kafedrasının professorudur. (Yerinə düşər deyək ki, Nəcva Hidayətin tədris mərkəzində dərs deyən müəllimlərin əksəriyyəti bu universitetin yetirmələridir). faruq Şusə Misirin ali dövlət mükafatının (1986) və ədəbiyyat üzrə Məhəmməd Həsən əl-fəqi mükafatı laureatıdır. Bir neçə şeir kitablarının müəllifidir. Ona görə də mühazirələrin sırasına müasir Misir ədəbiyyatı barədə mühazirədə salınsa daha yaxşı olar. Onu da deyim ki, Nəcva xanım bu fikri hələ dərs prosesi zamanı bəyənmişdi.

İkinci iradım iqtisadiyyat barədəki mühazirə ilə bağlı idi. Bu fəndən mühazirə oxuyan hörmətli mühazirəçinin mövzusu mənim nəzərimcə bir qədər Misir iqtisadiyyatından uzaq idi. O, bizə "Dünya iqtisadiyyatında müsəlman ölkələrinin yeri" mövzusunda mühazirə oxudu. Mən onun mühazirəsinin sonunda "Nə üçün Misir iqtisadiyyatından danışmadınız" - deyə soruşduqda dedi ki, …o bu barədə - yəni müsəlman ölkələrinin dünya iqtisadiyyatında rolu barədə əhatəli bir kitab yazmış və orada həm Misir iqtisadiyyatı, həm də Azərbaycan iqtisadiyyatı barədə mükəmməl məlumat vermişdir. Həmin kitab burada tədris mərkəzinin kitabxanasında vardır. İstəsəniz ona baxa bilərsiniz"… Buna görə də mən Nəcva xanıma dedim ki, gələcəkdə yaxşı olardı ki, mühazirələrin sırasına ayrıca Misir iqtisadiyyatı barədə də mühazirə salınsın.

O ki, qaldı gündəliyin ikinci bəndi - bir misirli evində şənliyə - həfləyə gəlmək məsələsinə - sən demə, bu ev Nəcva xanımın öz evi imiş… Nəcva xanım özünün şəxsi mülkünün həyətindəki kiçik bağçada bizim üçün bir şam süfrəsi açmışdı. Bu həflənin iştirakçıları içərisində isə mərkəzin müəllimlərindən bir neçəsi də var idi, xüsusən bizə Misir musiqisindən mühazirə oxuyan, Qahirədəki Amerika Universitetinin musiqi kafedrasının professoru, həlim səsli müğənni Mustafa Əhməd də var idi. O, özünün sehrkar udu və məlahətli səsi ilə məclisi şənləndirdi. Mustafa Əhməd eyni zamanda Qahirənin musiqi və rəqs ansamblının rəhbəridir. O, özünün və ansamblın üzvlərinin şəkli və 1910-1911-ci ildə verəcəkləri konsertlərin tarixi və məkanı həkk olunmuş bir fotonun arxasında avtoqraf olaraq bu sözləri yazmışdı: "Vilayət Cəfərə və böyük Azərbaycan xalqına dərin hörmət və təşəkkürlərlə … İmza Mustafa Əhməd".

…Beləliklə, bizim Misirə səfərimiz bu notlarla başa çatdı. Biz orada özümüzə xeyli dostlar qazandıq. Əminəm ki, bu dostluğun gələcəkdə Azərbaycan Misir elmi-mədəni əlaqələrinin inkişafında müsbət rolu olacaqdır. Məhz buna görə də bu dostluğun qazanılmasında özlərinin əvəzsiz rolu olan Misir səfiri Sabir Mənsura və tədris mərkəzinin müdiri Nəcva xanıma və onun müəllim kollektivinə dərin təşəkkürümüzü bildiririk.

 

Vilayət CƏFƏR

Ədəbiyyat qəzeti.- 2010.- 3 dekabr.- S.3.