Anmaqdan çox yaşamaq...

     

  "Sağlam gənclik mühitə uyuşmur, zamana sığmır… Dəyirmi masa arxasında əyləşmiş cavanlara baxıram… "Dəyirmi masa arxasında tək" qalan adam bu düşüncələrlə baş-başa örtüksüz masa arxasından qalxır, "masanın o tayına keçir, oradan suallar verir, sonra yenə bu taya, öz qarşısına qayıdıb cavab alırdı. Tək bircə adamın timsalında cavanlarla qocalar qarşılaşırdı".

Bu, əslində özü-özüylə şahmat, nərd oyunun o biri üzünün təsviridi. Ancaq əlacsızlıqdan doğan təsvir deyil. Daha çox daxili təbəddülatların doğuracağı təlatümlü mərhələnin, özünütəsdiqə cəhdin başlanğıc məqamıdı. İndi bizim üçün bu məqamda "tək adam"ın simasında təkcə hansısa simvolik cavanlarla qocalar qarşılaşmır, eyni zamanda, bu sətirləri oxuduqca həm də Azərbaycan sovet nəsrinə yeni nəfəs, yeni kolorit gətirən nümayəndələrindən biri olan xalq yazıçısı Sabir Əhmədlinin unudulmaz siması göz önünə gəlir.

Sabir Əhmədli hələ ömrünün ilk gənclik illərində qələmə aldığı "Aran"ıyla, orta yaş dövründə yazdığı "Yasamal gölündə qayıqlar üzürdü", "Qanköçürmə stansiyası", "Toğana" əsərlərilə qocaların ən qocasıydı - dövrün problemlərinə məntiqli, peşəkar yazıçı müdaxiləsilə, dünyanın gedişatına bələdliyi ilə. Eyni zamanda o, ömrünün lap ahıl çağlarında nəşr etdirdiyi "Gedənlərin qayıtması", daha çox da "Yasaq olmuş oyunlar"ı ilə cavanların ən cavanı idi - özünəməxsus, qəribə, incə şuxluğu, nikbinliyi ilə! Ədəbi gəncliyə doğmalığı, diqqət və qayğısı isə onun ruhi cavanlığının təminatçısı idi.

Ədəbi xeyirxahlarımdan biri olmuş Sabir Əhmədli ilə ilk şəxsi tanışlığım zamanı mən özümü "yerin altını-üstünü bildiyimi zənn etdiyim yaşlarımda, o isə mənim kimi havalı müəlliflərin gözündən könlünü görən yaşlarında idi". Ancaq bundan da əvvəlin tanışlığı vardı. Həmin vaxta qədər sevdiyim yazıçılardan biri olaraq mən Sabir Əhmədlinin bütün irihəcmli əsərlərilə tanış idim. Bu tanışlığın əsasını "Qanköçürmə stansiyası" qoymuşdu. Eyni zamanda da yazıçı-dramaturq Altay Məmmədov, füzulişünas alim Sabir Əliyev və yazıçı Qərib Mehdi. Altay müəllim "Qanköçürmə stansiyası"nda müəllifin daha çox problemi ədəbiyyatın malına çevirə bilmək məharətinin vurğunu idi. Dəfələrlə bu mövzunun yanından ötməsinə baxmayaraq, bu mövzuda belə gözəl bir əsərin yazıla bilməsinin fərqinə varmadığını dönə-dönə vurğulayırdı. Bu vurğuda heç bir həsəd, qibtə yox idi. Daha çox yazıçı həmkarının ədəbi uğuruna dəstək hissi ön plandaydı. Altay müəllim öz mülahizələrini səbir və təmkinlə ifadə edərdi. Sabir Əliyevsə daha çox müəllifin detallarla, müşahidə dəqiqliyilə işləyə bilməsinin heyranı idi və o, mülahizələrini əl-qol hərəkətləri də daxil olmaqla özünəməxsus jest, qabarıq cizgilərlə bizlərə çatdırırdı. O yerdə ki, qəssab qardaş ona yad, tanış olmayan şəhərdə qanköçürmə stansiyasının səmtini havadan hiss etdiyi qan iyindən təyin edir, bax, əsərin həmin səhifələrinə heyranlığını S.Əliyev təsviri mümkün olmayan bir tərzdə ifadə edirdi. Böyük füzulinin sənətkar gizlinlərinə füzuliyanə aşina ola bilən Sabir Əliyevi hər ədəbi ustalıq faktı, yenilik ab-havası ilə heyrətləndirmək elə də asan məsələ deyildi. Bunu tələbələri də yaxşı bilirdi. Ona görə də tələbələrinin, elə mənim özümün də Sabir Əhmədli yaradıcılığına aludəçiliyimizin kökündə eyni zamanda da tanınmış füzulişünasın həmin heyranlığı dayanırdı. Bu heyranlıq həm də öz yetirmələrini kimi və nəyi oxumağa yönəltmək vasitəsi idi, bir az da təbliğat xarakteri daşıyırdı. Və nə yaxşı da ki, belə idi.

Tale elə gətirdi ki, günlərin bir günü mən şeirlərimi qəribə bir inamla zərfə qoyub o zaman "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyən Sabir müəllimə göndərdim. Heç özüm də gözləmədiyim halda aradan az keçməmiş tənqidçi Nadir Cabbarovun "Uğurlu yol"uyla həmin şeirlər çap olundu, eyni zamanda Sabir müəllim ünvanıma göndərdiyi məktubda Bakıya gələndə mütləq ona baş çəkməyimi yazdı. Görüşəndə ilk sözü bu oldu ki, mən səni yaşlı, saç-saqqalı ağarmış bilirdim… O görüşdə Sabir müəllim sonacan mənimlə elə təsəvvüründəki şəxslə danışırmış kimi söhbətləşdi - daha çox Qarabağ atlarından, dağ-aran köç-düşlərindən. Atamın çoban olması səbəbindən bu söhbət hər ikimiz üçün anlaşılan idi. Sabir müəllim üçün elat həyatından, dağ-aran arası köç-düşdən, Qarabağ atlarından söz açmaq daha çox ilkinliyimizi, hardan gəlib haraya getdiyimizi, mənəvi paklıq qaynaqlarımızı önə çıxarmaq, qabartmaq mövzusu idi. Çox qəribədi, bu mövzu tutaq ki, xalq yazıçısı Mövlud Süleymanlının "Köç"ündə öz əksini daha qabarıq tapdığı halda Sabir müəllimin ədəbi əsərlərində bir o qədər də geniş əks olunmayıb. O, daha çox kəndi yazıb. Şəxsi söhbətləri isə daha çox "Köç"dən keçirdi. Köç, at mövzusu onun üçün daha çox taylı-bu taylı Azərbaycanımızı bir görmək arzusunun simvolu, Vediyə, Göyçəyə dönməyimizin rəmzi idi.

Təbii ki, o zaman mən ucqar bir kənd rayonunda yaşayırdım, deyirdi çalışın rayonda mikro ədəbi mühitinizi qoruyun. Bu, olmasa itib-batarsınız. Bir də çap olunan şeirlərimin qonorarını alıb-almamağımla bərk maraqlanırdı. O vaxt bu şeylər biz gənc yazarları elə də maraqlandırmazdı. Sabir müəllimsə hər dəfə təkidlə israr edirdi ki, get hesabatlığa baş çək, nəticəsini mütləq mənə bildir. O zaman hələ Qarabağ itkilərimiz başlamamışdı. O, kreslosuna dirsəklənərək çox qəribə bir arxayınlıqla, təsvirə sığmayan duyğularla elat həyatından danışırdı. Arada mənə elə gəlirdi ki, Sabir müəllim daha çox özü-özüylə danışır, qarşısındakını büsbütün unudub. İndinin özündə də onun kreslodakı o unudulmaz oturuşu gözlərim önündədi; sağ gözünü qəribə şəkildə qıymışdı, qaşları yuxarı dartılmışdı. Hətta dilini ağzında belə qəribə şəkildə "sürüyürdü". Elə bil bu ləngimələrlə o, ağır köçlü tərəkəmə ellərinin yığvallarını, köç-düşlərini bütün təfərrüatı ilə göz önünə gətirmək, xatırlamaq vaxtı, imkanı əldə edirdi və həmin anı yenidən, yenidən, bir də yenidən yaşayırdı. İndinin özündə də mən xidməti işimlə bağlı hər dəfə baş redaktorun yanında olanda qeyri-ixtiyari həmin o kresloya baxıram - şübhəsiz ki, dərin minnətdarlıq, ehtiram hissilə. Eyni zamanda, Sabir müəllimin elat köç-düşü ilə bağlı o unudulmaz söhbətlərini xatırlaya-xatırlaya gəlib xalq yazıçısı Anarın yazdıqları üzərində dayanıram: "S.Əhmədlinin öz əsərlərində cərəyan edən hadisələr üçün yeri dəqiq seçməsi mənim çox xoşuma gəlir. Bu, müəyyən məkan varlığının yazıçının təsəvvüründə konkret şəkildə mövcud olduğunu aydın göstərir. "Yaşıl teatr" da bu şəhərin konkret bir sahəsidir ki, indi orada doğrudan da yaşıl teatr yerləşir, romandakı hadisələrin baş verdiyi vaxtlarda isə onun tikintisi təzə-təzə planlaşdırılırdı… Onun uğurlu əsərləri konkretdir, predmetlidir, yaddaqalandır və bu keyfiyyətlər o qədər yerinə düşür ki, həmin əsrələrin bəlkə də heç süjet dayaqlarına və hətta xarakterlərin dərin psixoloji təhlilinə ehtiyac qalmır".

Məhz bu keyfiyyətlərinə görə xalq yazıçısı Əkrəm Əylisli "Azərbaycan" jurnalına rəhbərlik etdiyi illərdə S.Əhmədlinin "Toğana" romanını oxumadan mətbəəyə göndərdiyini, onun redaksiyaya təqdim etdiyi əsərləri qeydsiz-şərtsiz çap etdiyini xatırlayır. Ədəbiyyatşünas alim Kamil Vəli Nərimanoğlu yazır ki, Sabir Əhmədlinin əsərləri istər ictimai-sosial qayəsi və prinsipləri, istərsə də bədii sənətkarlıq səviyyəsi ilə seçilən çox ciddi bədii əsərlərdir. "Qanköçürmə stansiyası"nda məlum sosial bəlanın "bədii-psixoloji mənzərəsi o qədər ustalıqla verilmişdir ki, yalnız sovet cəmiyyəti üçün deyil, bütün totalitar cəmiyyətlər üçün dəhşətli bir mənzərə olan "Qanköçürmə stansiyası" örnək kimi, sənət nümunəsi kimi yaşayacaq".

Sabir Əhmədli ilə son dəfə İçərişəhərdə, metronun lap yaxınlığında görüşdük. Öz adətincə hal-əhval tutdu. Cavabı mexaniki verirdim. Gözlərim önündəsə onun ədəbi taleyimdəki yaxşılıqları idi. Bir də mənə çox doğma və əziz olan elat köç-düşləri. O həyatın unudulmazlığında Sabir Əhmədli də öz haqqı ilə var, olub, olacaq! Fikrimcə, anmaqdan çox onu yaşamaq lazımdı.

 

S.Hüseynoğlu

Ədəəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.3.