Simuzər Nüsrətbəyli - 60

     

Hörmətli Simuzər xanım!

Sizi - istedadlı şairimizi yubileyiniz münasibətilə təbrik edirik.

Siz ilk dəfə 1990-cı ildə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüş şeirlərinizlə oxucuların görüşünə gəlmisiniz. Həmin vaxtdan müntəzəm şeirlərinizlə mətbuatda çıxış edirsiniz. "Zaman özü deyəcək", "Sənubər", "Dəniz anamdır mənim", "Həyatın qəmində sevinc tapardım", "Mənim göz yaşlarım çevrildi daşa", "Ömrün yarpaqları", "Həyat təranələri" , "Cağırın məni səs verim sizə", "Daşlarda yaddaş mənəm", "Qara gözlərin işığı", "Kitab, kitab, kitab" və s. kitablarınız ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Ədəbi uğurlarınıza görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin HİK-in "Qızıl qələm", "Simurq" Milli Mükafat fondunun ali dərəcəli diplomuna, X Bakı Kitab bayramının "2009-cu ilin poeziya kitabı" nominasiyasında milli kulturoloji mükafata layiq görülmüsünüz.

Bakı Maliyyə-kredit Texnikumunu Rusiya Humanitar İnstitutunun hüquq fakültəsini bitirmisiniz. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Dövlət Rus dili Ədəbiyyatı İnstitutunda mühasib kimi başlamısınız. Sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsində, Xarici Dillər İnstitutunda HİK-in Yasamal rayon Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmısınız. 1997-ci ildən "Ədəbiyyat qəzeti"ndə işləyirsiniz, şöbə müdirisiniz. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaratdığınız "Şam" ədəbi məclisinin sədrisiniz.

Hörmətli Simuzər xanım!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.4.