Şahin Fazil - 70

     

Hörmətli Şahin müəllim!

Sizi - istedadlı şairimizi 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa erkən başlamısınız. 1958-ci ildə "Qızbənövşə" adlı ilk mətbu şeriniz "Qızıl Quba" qəzetində dərc edilmişdir. 1959-cu ildə keçmiş Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunmusunuz. Universiteti bitirməzdən əvvəl - 5-ci kurs tələbəsi ikən tərcüməçi kimi Əfqanıstana ezam olunmuş, bir ildən sonra qayıdaraq dövlət imtahanlarını vermiş və yenidən Əfqanıstana dönmüsünüz. 1966-cı ildə vətənə qayıdaraq, oxuduğunuz fakültədə iki il dekan müavini vəzifəsində işləmiş, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına daxil olmusunuz. Yenidən Əfqanıstana dəvət olunduğunuz üçün daha iki il həmin ölkədə öz mütərcimlik fəaliyyətinizi davam etdirmiş, 1970-ci ildə xarici ezamiyyətinizi başa vurmusunuz. 1970-1973-cü illərdə EA-nın Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, 1974-cü ildə Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") əsəri "XV-XVI" əsrlər Azərbaycan tarixinin mənbəyi kimi" adlı namizədlik dissertasiyasını müdafiə etmisiniz. 1970-1978-ci illər arasında elmi nəşrlərdə tariximizin orta əsrlərinə dair məqalələrlə çıxış etmiş, ədəbi jurnal və qəzetlərdə isə əfqan yazıçı və şairlərinin şeir və hekayələrini çap etdirmisiniz. 1978-1982-ci illərdə yenidən Əfqanıstana ezam olunmuş, ölkənin müxtəlif nazirliklərində mütərcim vəzifəsində işləmiş, fəaliyyətiniz nəzərə alınaraq Əfqanıstan dövlətinin 3 medalı və Sovet İttifaqının fəxri fərmanları ilə təltif edilmisiniz.

1983-1985-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda baş elmi işçi vəzifəsində çalışdıqdan sonra yenidən Əfqanıstana ezam edilmiş, Nazirlər Şurasında Əfqanıstanın baş naziriSSRİ-nin baş müşaviri yanında mütərcim olmusunuz.

1988-ci ildə EA Tarix İnstitutunda elmi fəaliyyətinizi davam etdirmiş, 1990-cı ildə "Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə" adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 2004-cü ildə professor olmusunuz. EA-da işləməklə yanaşı, respublikamızın müxtəlif dövlət universitetlərində (Bakı, Lənkəran, Sumqayıt) mühazirələr oxumuş, bir neçə elmi şuranın üzvü olmuş, dissertasiya işlərinə rəhbərlik etmiş, dissertantların elmi rəhbərləri və opponenti olmusunuz.

XX əsrin birinci mətbu "Divan"ını yazmış və çap etdirmisiniz (1996). İndiyədək daha iki "Divan"ınız işıq üzü görmüşdür. 130 yaşlı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ədəbi məclisinin tarixini yazmış və onu "Təzkireyi-Şahin" adı ilə nəşr etdirmisiniz. 1998-ci ildən "Məcməüş-şüəra"nın sədrisiniz. "Quba tarixi"ni bitirmiş (2001), "Şəki tarixi" monoqrafiyası üzərində işləyirsiniz. Böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin (1560-1634) "Tarixi-aləmarayi-Abbasi" ("Abbasın aləmi bəzəyən tarixi") adlı iki hissədən ibarət kitabını fars dilindən dilimizə çevirmisiniz. Şeirləriniz Əfqanıstan, İran, Türkiyə, İraqYaponiyada çap olunmuşdur. 2009-cu ildə Yaponiyanın iki şəhərində (SindayTokio) "XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət" adlı məruzə ilə çıxış etmisiniz. "Azərbaycan haykurları" adlı kitabınızdakı bir neçə şeir Tokioda dərc olunmuşdur. İndiyədək 16 bədii, elmi və 2 tərcümə kitabınız çapdan çıxmış, sizin tərcümənizdə əfqan və fars şairlərinin poeziya nümunələri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir.

Hörmətli Şahin müəllim!

Sizi bir daha 70 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2010.- 2 iyul.- S.4.