Həyat dərslərinin bədii təcəssümü

 

Milli mənsubiyyətinə, kökünə, kökəninə, vətəninə, müstəqil dövlətçiliyinə bağlı olan sənətkarlarımızdan biri də yazıçı-publisist, jurnalist Yusif Kərimovdur.

O, müasir, çağdaş Azərbaycan ədəbiyyatının sayılıb-seçilən, tanınmış simalarındandır. Onu da deyək ki, Yusif Kərimov ədəbiyyata gəlişindən, ilk yazıları çap olunandan onun qələmində lirik bir yazıçı ilə kəsərli publisist-jurnalist ovqatının, cövhərinin vəhdətdə olduğu bütün aydınlığı ilə görsənirdi...

Sonralar, zaman keçdikcə, yazıçı-publisist təxəyyülü püxtələşdikcə, həyat təcrübəsi zənginləşdikcə, yazıçı ömrü onillikləri arxada qoyduqca onun yaradıcılığı bütövləşir, saflaşır, durulaşır, ilahidən gələn sənət cövhəri, ilham mayası min bir, rəngarəng çalarlar qazanır, ədəbiyyatımızı zənginləşdirən yeni-yeni əsərlər ortaya gəlir...

Yazıçı-publisist, jurnalist, dramaturq, ssenarist, esseist Yusif Kərimov 1940-cı il iyulun 1-də Azərbaycanın qədim şəhəri, Qarabağın Aran vilayətinin qədim paytaxtı Bərdə şəhərində dünyaya göz açmış, orada orta təhsil almış, Bakıda Universitet təhsili görmüş, ötən əsrin 60-cı illərində ədəbiyyatımıza - mətbuatımıza gəlmiş tanınmış, istedadlı qələm əhlidir. Həmin illərin bədii təfəkkürdə yaratdığı "intibah" onun da yaradıcılığını işıqlı bir axara salmışdır. Yazıçının istər publisistik yazılarında, istərsə də hekayə, povest və romanlarında ardıcıl olaraq milli şüurun inkişafına xidmət edən müstəqil fikrin ədəbi-estetik qayəsi başlıca pol oynayır.

Yusif Kərimov bir ziyalı kimi çətin, qarışıq illərdə, keçid mərhələsində, bir çoxları kimi, gözləmə mövqeyi tutmamış, kənara çəkilməmiş, fəaliyyətdən qalmamış, müstəqillik dövründə ona tapşırılan məsul ictimai-siyasi vəzifələri icra etmiş, 2009-cu ildən isə Milli Aviasiya Akademiyasının ədəbi orqanı olan "Qənc aviator" qəzetinin baş redaktorudur...

Bu illər ərzində onun həyatının ən maraqlı, rəngarəng calarları, maraqlı anları da olmuşdur. Bunlardan hələ tələbə ikən, "Bakı" qəzetinin Azərbaycanda keçirdiyi ocerk müsabiqəsində qalib gəlməsi, 1963-cü ildə isə jurnalistikanın zəhmətkeş, istedadlı gənc jurnalisti kimi Respublika Jurnalistlər İttifaqının üzvü olmasıdır. Həmçinin o, 1978-ci ildən Azərbaycan Yazıçılar İttifaqının da (indi Birliyinin) üzvüdür...

Özünün etiraf etdiyinə görə, Yusif Kərimovun yazıçı-jurnalist həyatının qiymətli məqamlarından onun "Kommunist" qəzetinin baş redaktoru İsrafil Nəzərovla, "Yüksəliş" qəzetinin baş redaktoru, tanınmış jurnalist Qubad Süleymanovla və respublikanın ağsaqqal jurnalisti və istedadlıların hamisi Nəsir İmanquliyevlə qarşılaşması olmuşdur... Bunların hər birinin onun yaradıcı həyatında, nüfuzunun formalaşmasında olduqca mühüm rolları olmuşdur...

Ümumiyyətlə, Yusif Kərimov Azərbaycan jurnalistikasının bu görkəmli simaları ilə yanaşı, respublikanın tanınmış jurnalist və yazıçılarından Cəmil Əlibəyov, Əhməd Rəşidov, Şamil Şahməmmədov, Qeybulla Rəsulov, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Nəriman Süleymanov, Cəmşid Əmirov, Nəriman Zeynalov, Əmrah Əmrahov, Tofiq Mahmud, Mark Peyzel, Əlirza Balayev, Şahmar Əkbərzadə, Şaban Şabanov, Şamil Qurbanov, Şamil Xurşud (fərzəliyev), Əkbər İbrahimov və başqaları ilə çiyin-çiyinə işləmiş, yaradıcılıq əlaqələrində olmuş, öyrənmiş və öyrətmişdir...

Bu illər ərzində publisistikanın elə bir janrı yoxdur ki, Yusif Kərimov onlarla, yüzlərlə məqalə qələmə almasın! Onun yüksək peşəkarlıq və istedadla yazdığı reportaj və zarisovkaları, oçerk və felyetonları, teleradio reprizləri, sənədli filmlər ssenariləri öz dövründə olduğu təki bu günün özündə də maraq doğurur və əksəriyyəti indimühüm aktuallıq kəsb edir. Ədibin publisistikasındakı inandırıcılıq, səmimiyyət, publisist dilin lirizmlə yoğrulmuş zənginliyi əsas, başlıca amillərdəndir...

Son iyirmi ilin problemlərini əks etdirən və bir çoxu "Çalarlar" kitabında sırğalanan "Çağdaş jurnalistikamız" adlandırılan silsilədə müasr jurnalistikamızın dərdi-səri, problemləri, "Qələmlə döyüşürdük", "Şuşa ilə son görüş" , "Dərd zənciri" qəbildən məqalələrində Qarabağ itkilərimiz, "Qəlbimizin "SOS" siqnalı" başlığı altında təqdim edilən "Abşeron çökə bilər", "Leysan", "Bakının "külafirəngiləri", "İpək yolunun" nadir incisi" və yaxud vaxtilə dərc edilmiş "Hardan başlanır vətən?", "Səbail daşları nədən danışır?", "Qobustanın həyəcan təbili", "Çaylar məcrasına qayıdar" qəbildən problematik yazılarda xalqımızın, cəmiyyətimizin taleyüklü məsələləri vətandaş yazıçı-jurnalist mövqeyindən qaldırilır, ümumiləşdirilir, qiymətləndirilir, həlli yolları göstərilir, əhəmiyyəti mənalandırılır...

"Azərbaycan elminin gənc korifeyləri barədə ilk sənədli hekayələr toplusu "Yollar", Böyük Vətən müharibəsi zamanı Krim yarımadısının faşistlərdən azad olunmasında fövqəladə xidməti olan "Azərbaycan - 8" partizan dəstəsinin (heyif və təəssüflər ki, bizim ermənilərlə müharibədə partizan dəstələrimiz yaradılmadı) döyüş əməliyyatlarından bəhs edən "Tavridada şimşək çaxır" kitabı, "Zaman - İnsanlar - Ölüm" trilogiyası, erməni separatizmini və vəhşiliyini ifşa edən "İçimizdən-içimizə atəş" sənədli povestiçoxlu sayda başqa yazıları təkcə Yusif Kərimovun deyil, ümumiyyətlə, Azərbaycan publisistikasının incilərindəndir..."

Onun bu sıradan olan əksər publisist əsərləri, xüsusən "Çalarlar..." kitabında cəmlənən publisistikası ümumdövlət, ümümxalq qayğıları ilə yüklənmiş yüksək milli enerjili yazılardır. Yusif Kərimov jurnalistikamızın təmkinli, götürümlü, ədəb-ərkanlı, prinsipial, məktəbinə sahiblənən, milli mediamızın qələmlə silahlanmış "müsəlləh əsgəridir!" O, jurnalistika etiketlərinə vicdan və peşəkarlıqla əməl edənlərdəndir... O, ömrü boyu onun qələmi bütün gücü ilə mətbuta - xalqa xidmət etmiş və xidmət etməkdədir!..

Özünün yazdığı, ömrü boyu əməl etdiyi, yaradıcılıq prinsipinə çevirdiyibir ağsaqqal kimi müasir gənc jurnalistlərə tövsiyə etdiyi bu sözlər olduqca səciyyəvidir: "Jurnalistika ən öncə söz sənətidir. Söz isə insan siqlətinin, zəkasının göstəricisidir. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də vurğulanır ki, hər şeyin cövhəri kəlamdır, kəlamla ehtiyatlı davranın, kəlamdan düzgün və faydalı istifadə edin..."

Alimlər sözün qüdrətini elmi cəhətdən tam sübuta yetiriblər. Onlar sözləri qruplaşdıraraq "xoş sözlər" və "yaman sözlər" adı altında iki kateqoroyaya bölüblər. Və təcrübədə sübüt ediblər ki, təbiətdəki bütün canlılara (DNK-lara) sözlə təsir etmək mümkündür. Daha doğrusu, xoş sözlə onları (quşları, heyvanları, bitkiləri, həşəratları) dirçəltmək, inkişaf etdirmək, yaman sözlə isə onları soldurmaq, məhv etmək olur... Arzu edərdim ki, jurnalistlərimiz (söz sənətini seçmiş bütün qələm sahibləri) yaman sözləri yavaş-yavaş unutsunlar, çinədanlarını xoş sözlərlə doldursunlar."

Bu mənada, Yusif Kərimov kəlamın - sözün qədrini həmişə bilmiş, sözünə-özünə hörmətlə yanaşmış, qələmdən düzgün və faydalı istifadə etmiş, yaşadan sözü əziz tutmuşdur... Yəqin elə bunlara görədir ki, onu Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (1975), Azərbaycan Yazıçılar Birliyinin "Yaddaş" (2003) milli mükafatlarına layiq görmüşlər və o, H.Əliyev adına Beynəlxalq Xeyriyyə fondunun laureatı (2004) olmuşdur...

Görkəmli yazıçı-publisistin indiyədək "Yollar" (1969), "Bir buta gül" (1972), "Tavridada şimşək çaxır" (1977), "Üçbucaq" (1979), "Gün ötər, geri dönməz" (1984), "Qırmızı sahil" (1988), "Kəpənək ömrü" (1994), "Pərişan eşqim" (1998), "İtkilər və ümidlər" (1999), "İçimə açılan pəncərə" (2003), "Qarabağ şikəstəsi" (2003), "Sarı sim..." (2004), "Çalarlar" (2005), "Zülmətin bəyaz rəngləri" (2005), "Bakirələr xiyabanı" (2006), "Əbədiyyət yolu" (2010) adlarında 16 kitabı, "Arzu istehkamları", "Qu rəqsləri" kino-ssenariləi nəşr olunmuş və respublikanın müxtəlif teatrlarında "Arzu istehkamları", "Didərginlər", "Tamah dişi", "Xəyanətin ad günü" dram əsərləri 1996-2006-cı illər arasında tamaşaya qoyulmuş, rəğbətlə qarşılanmışdır...

Yusif Kərimovun yaradıcılığına, keçdiyi ədəbi yola ümumən nəzər saldıqda təkcə Azərbaycan jurnalistikası və publisistikasında deyil, həmçinin Azərbaycan bədii nəsrinə məxsus mühüm bir qolda milli ziyalılığa mənsub istedadlı bir nasirlə, filoloji mənada yüksək daxili mədəniyyətə malik zəngin, intellektual bir qələm sahibi ilə qabaq-qənşər dayanmış olursan...

Yusif Kərimov bir nasir kimi çap etdirdiyi, qələmə aldığı adlarını çəkdiyimiz bu əsərlərində fəal yazıçı-vətəndaş mövqeyi, yanğısı və narahatlığı, dünyasında çəkdiyi milli dərd, kədər, bununla bahəm fərəh və sevinc, milli qürur aşkar görsənir.

Çağdaşlıq, müasirlik, dövrün-zamanın problematikasının bədii-estetik dəyərini müəyyənləşdirərək əks etdirmək, ətrafımızda baş verən ictimai, siyasi, sosial hadisələrə biganəlik hissindən uzaq olmaq, müasirlərimizin dərd-sərinə, yaşam tərzlərinə, mənəviyyat əzablarına qovuşaraq onlarla bir məqamda, eyni havada, eyni ovqat və ritmdə yaşamaq, çağdaşlığa köklənib sarı simdə ötmək - məhz müasir nəsrimizdə hələ də zəif olan və hamımızda narahatlıq doğuran bu cəhətlər Yusif Kərimovun son iyirmi ildə, müstəqillik dövrü yaradıcılığında əksini tapdığından hardasa bizlərə təskinlik gətirir...

Bu cəhətdən onun "İçimə açılan pəncərə" kitabında toplanan "Qırxpiləkənə səfər", "Bakıda... Xarı bülbül", "Havayozanlar", "Didərgin yurdlar", "Qiblə", "Tarın döyüşü", "Dərviş harayı" qəbildən xeyli miniatür, lakonik hekayələri, "Qarabağ şikəstəsi" kitabındakı "Səni mənə verməzlər" romanı, "Qu nəğməsi" povesti, "Sarı sim" kitabındakı "Dünyanın tamah dişi" povesti, "İçimizdən-içimizə atəş" bədii-sənədli povesti, ayrıca kitabda təqdim edilən "Zülmətin bəyaz rəngləri" romanı 90-cı ıllərdən bəri xalqımızın, millətimizin düçar olduğu ağır müharibə həytının dərin, psixoloji, hissi-fikri yaşantılarının yazıçı Yusif Kərimov bucağından bütün reallıqları ilə görsənən bədii əksidir...

Xalqımızın, millətimizin, müasirlərimizin - hamımızın 90-cı illərdən üzü bəri yaşadığımız real həyat həqiqətləri - zamanın kolliziyaları, çevrilmələri, xaotizmi, paradoksal hadisələri, incə mətləbli motivləri yazıçının adlarını çəkdiyim əsərlərinin mövzusuna çevrilmiş, müəyyən qəbul olunmuş ölçülərdə, öz üslubu və istedadı ampulasında bədii şərhini tapmışdır.

Yusif Kərimov lirik epizmə meylli, şair təbiətli bir nasirdir. Özünün yazdığına görə onun içinə bu həyatdan, bu dünyamızdan görümlü, baxımlı bir pəncərə açılır. Olsun!.. Amma bir bayatının misrasında deyilən "Bu dünya bir pəncərə, hər gələn baxar keçər" mənasına uyğun olaraq, məncə, əksinə, onun dünyasından dünyamıza görümlü bir "sinema" pəncərəsi açılır və bizləri, oxucularını bu pəncərədən sənətinin canlı dünyasına boylanmağa sövq edirbuna nail olur...

Yusif Kərimovun yaradıcılığında əksini tapan hadisələr bizə yaxındır, doğmadır, başımıza gələnlərdir, gördüklərimiz, eşitdiklərimiz və iştirakçısı olduqlarımızdır, qarşılaşdığımız problemlərdir, həyat dərsləridir. Görkəmli yazıçımızın 70 illik yubileyi günündə ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

Qurban Bayramov

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.4.