"Azərbaycan milli mətbuatı - 135: tarixi yolu və müasir inkişaf meylləri"

       

 Məlum olduğu kimi bu il iyulun 22-də zəngin tarixi ənənələrə malik olan Azərbaycan milli mətbuatının 135 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 10 iyun 2010-cu il tarixli sərəncama müvafiq olaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə paytaxtımızda, eləcə də respublikamızın bölgələrində yubileylə bağlı geniş tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də iyunun 30-da Bakı Dövlət Universitetində keçirildi.

"Azərbaycan milli mətbuatı - 135: tarixi yolu və müasir inkişaf meylləri" mövzusunda təşkil olunan elmi-praktik konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov öncə konfrans iştirakçılarını salamlayaraq, belə əlamətdar bir günlə əlaqədar olaraq hamıya uğurlar arzuladı. Azərbaycan milli mətbuatının 135 il bundan öncə görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulduğunu vurğulayan A.Məhərrəmov bu günün Azərbaycan xalqının tarixində çox böyük önəm kəsb etdiyini dedi:

- Bəs "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə nə baş verdi? Mən qısaca olaraq onu deyə bilərəm ki, bu qəzetin işıq üzü görməsi ilə Azərbaycanda xalqçılıq, millilik və bəşərilik məsələlərinin əsası qoyuldu. Xalq nədir, millilik nədir və millət bəşəri dəyərlərdən necə istifadə etməlidir?

Əlbəttə, bizim xalqımızın çox böyük tarixi vardır və xalqımız öz azadlığı üçün ağır sınaqlardan keçib, əzablı-əziyyətli günlər yaşayıb, öz azadlığına qovuşub. Ancaq milli özünüdərki başa salmaq, milli təəssübkeşliyi öyrətmək, milli şüuru formalaşdırmaq, milli ideologiyanı ortaya qoymaq heç şübhəsiz ki, tarixi funksiyalardır və bu tarixi funksiyaları həyata keçirən ilk mətbuatımız "Əkinçi" qəzetidir. Ona görə də bu qəzetin işıq üzü gördüyü tarix Azərbaycan milli mətbuatının başlanğıcı hesab olunur. Aydındır ki, elə bir dövrdə millətin gələcəyi barədə düşünmək və onu oyatmaq o qədər də asan bir iş deyildi. Bəlkə də elə yalnız bu məsələyə görə milli mətbuatımızın yaranma tarixini daha tez-tez, yəni hər il qeyd etmək yerinə düşərdi.

Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, yubiley həm hesabatdır, həm də biz ötən bu tarixdən hansısa nəticəni çıxarmalıyıq. Yəni Həsən bəy Zərdabinin elə bir çətin şəraitdə milli oyanışın əldə olunmasından ötrü çəkdiyi zəhmətlərin müqabilində indi biz dördüncü hakimiyyət kimi dəyərləndirilən çağdaş mətbuatımızın milli ideologiyanın, dövlətçilik ənənələrinin daha da inkişaf etdirilməsi istiqamətindəki rolunu düzgün qiymətləndirməyi bacarmalıyıq.

Əlbəttə, o dövrdə yalnız "Əkinçi" qəzeti bu böyük yükü öz çiyinlərinə götürməmişdi və digər mətbu orqanlar ("Ziya", "İrşad", "Molla Nəsrəddin", "Həyat" və s.) da xalqımızın xoşbəxt gələcəyi naminə çox böyük bir missiyanı ləyaqətlə yerinə yetirmişlər. Bu qəzetlərdə o dövrün görkəmli simaları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və başqaları çap olunurdular və onlar milli təfəkkürün formalaşdırılmasında böyük rol oynamışlar. Öncə qeyd etdiyim kimi, "Əkinçi" qəzetinin ana xəttini xalqçılıq, millilik və bəşərilik təşkil edirdi.

Azərbaycan Demokratik Cümhuriyyəti dövrü barədə isə onu qeyd etmək olar ki, bu dövr xüsusilə mətbuatın daha çox inkişaf etdiyi dövr idi. Yalnız Bakı Dövlət Universitetinin yaradılması ilə əlaqədar olaraq həmin dövrdə qəzetlərdə maarifçilik ideologiyası məsələsi önə çəkilirdi.

Çağdaş dövrümüzdə bütün dünya ölkələrində vətəndaş cəmiyyətinin qurulması prosesi gedir. Bu, böyük strategiyadır və həmin strategiyanın içərisində təhsil, səhiyyə və s. sahələr vardır. Həmin strategiyanı çatdıran və formalaşdıran isə qeyd etdiyimiz kimi dördüncü hakimiyyətdir. Bir daha qeyd etmək istəyirəm ki, vətəndaş cəmiyyətini formalaşdıran və yükü öz çiynində daşıyan kütləvi informasiya vasitələridir. Ancaq bu şərtlə ki, kütləvi informasiya vasitələri vəziyyəti real surətdə obyektiv olaraq qiymətləndirsinlər.

Burada bir məsələyə də xüsusi olaraq toxunmaq istəyirəm. Bu da ondan ibarətdir ki, Bakı Dövlət Universiteti artıq uzun illərdir ki, ölkəmizdə jurnalist kadrlarının hazırlanmasında müstəsna xidmətlər göstərir və bu gün müvafiq sahədə çalışanların böyük əksəriyyəti məhz bu təhsil ocağının yetirmələridir. Demək istəyirəm ki, Azərbaycanda jurnalistika elmi məktəbinin əsası Bakı Dövlət Universitetində qoyulub. Başqa təhsil müəssisələrinin hamısı buradan bəhrələnib. Odur ki, bu təhsil ocağında çalışan bütün müəllimlərimizə biz borcluyuq və belə bir tədbirdə BDU-nun Azərbaycan milli mətbuatının tarixindəki rolunu qeyd etməmək, zənnimcə, düzgün olmazdı.

Bəli, biz bu gün böyük bir tarixi hadisəni qeyd edirik və möhtərəm prezidentimiz İlham Əliyevə də öz minnətdarlığımızı bildiririk ki, Azərbaycan milli mətbuatının ildönümü tədbirlərinə belə böyük diqqət və qayğı ilə yanaşır. Əlbəttə, belə bir əlamətdar gün qarşısında milli mətbuatımızın inkişafında xüsusi əməyi olan jurnalistlərin yüksək səviyyədə mükafatlandırılmasını istərdik. Öz tərəfimizdən onu da qeyd etmək istəyirəm ki, biz də Bakı Dövlət Universiteti olaraq bir sıra jurnalistləri peşə bayramı münasibətilə mükafatlandırmağı nəzərdə tutmuşuq.

Sonra çıxış üçün söz Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyevə verildi. Ə.Mehdiyev Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə ölkəmizdə çalışan bütün mətbuat işçilərini, eləcə də elmi-praktik konfransın iştirakçılarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi. Ölkəmizdə milli mətbuatın yubiley tədbirlərinin artıq davamlı və ənənəvi xarakter kəsb etdiyini vurğulayan dövlət rəsmisi 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, bu il isə 135 illiyinin böyük təntənə ilə qeyd edildiyini bildirdi. Natiq öz çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb və regionlarda bir sıra müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu gün Bakı Dövlət Universitetində təşkil olunan elmi-praktik konfrans da həmin silsilə tədbirlərdən biridir. Tədbirin bu təhsil ocağında keçirilməsinin də müəyyən obyektiv səbəbləri var və bu da təsadüfi deyildir. BDU-nun milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətləri vardır və xüsusilə müvafiq sahənin peşəkarlarla təmin olunmasında bu təhsil ocağının öz rolu vardır. Təsadüfi deyil ki, bu gün respublikamızda kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyəti bu təhsil ocağının yetirmələridir. Burada heç şübhəsiz ki, BDU-nun Jurnalistika fakültəsinin əməyini də xüsusilə qeyd etməliyik.

Aydındır ki, milli mətbuatımız bu günədək böyük bir inkişaf yolu keçmişdir. Ümumiyyətlə, mətbuat hər bir dövrdə cəmiyyətdə mühüm rol oynayıb, cəmiyyətin mənəvi, psixologi və siyasi inkişafında öz sözünü deyib. Cəmiyyəti düşündürən, narahat edən məsələləri həmişə əks etdirib, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və daha da möhkəmləndirilməsində mühüm rol oynayıb. Mətbuat həmçinin qeyd olunan sərəncamda göstərildiyi kimi, azadlıq ideyalarının tərənnüm olunmasında, habelə cəmiyyətimizin daha böyük nailiyyətlərə səfərbər olunmasında xüsusi xidmətlər göstərib. Bu gün də ölkəmizdə milli dövlət quruculuğu prosesinin getdyi bir zamanda mətbuatın üzərinə böyük məsuliyyət düşür.

Onu da qeyd etməliyik ki, bu gün cəmiyyətimizin informasiya ilə təminatı kimi mühüm bir vəzifə ölkə mətbuatının öhdəsinə düşür. İnformasiya təminatı ilə yanaşı, cəmiyyətimizin mədəni səviyyəsinin artmasında, habelə siyasi mədəniyyətin formalaşmasında, ictimai şüurun inkişafında və milli-mənəvi dəyərlərin, eləcə də bəşəri dəyərlərin möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir. Azərbaycan milli mətbuatı bu gün cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsində də öz sözünü deyir və bütün bunlardan əlavə, mətbuatımız cəmiyyətdə digər mühüm funksiyaları da ləyaqətlə yerinə yetirir. Buna görə də mətbuatın cəmiyyətdəki roluna həmişə dövlət tərəfindən xüsusi diqqət yetirilir və dövlət-mətbuat səmərəli əməkdaşlığının bərqərar edilməsindən ötrü əvəzsiz işlər görülür.

Əlbəttə, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra keçmiş siyasi rejimin buxovlarından xilas olan milli mətbuatımız da yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin dövrdə, xüsusilə müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, bu sahədə də müəyyən problemlər var idi. Ancaq cəmiyyətdə qarşılıqlı əlaqələr çox intensiv idi və həmin əlaqələrin kompleks şəkildə öyrənilməsi həmişə cəmiyyətimizin ümumi inkişafına fayda vermişdir və məhz həmin qarşılıqlı əlaqələrin tənzimlənməsi nəticəsində qarşıya qoyulan vəzifələrin daha uğurla yerinə yetirilməsinə nail ola bilmişik. Gələcəkdə də müvafiq istiqamətdə işlərin davam etdirilməsi son dərəcə zəruridir.

Müstəqilliyimizin ilk illərindən fərqli olaraq sonrakı illərdə mətbuatın Azərbaycan cəmiyyətindəki, habelə milli dövlət quruculuğundakı rolunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev bu potensialdan lazımi səviyyədə yararlanmaq üçün bütün zəruri addımları atır və mətbuatın daha da inkişaf etdirilməsindən ötrü gərəkli tədbirlər görürdü. Buna paralel olaraq həmçinin müvafiq qanunvericilik bazası yaradılır, milli mətbuatımızın sərbəst fəaliyyəti üçün onun maddi-texniki bazasının yaradılması, onun iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılır. Daha sonralar jurnalistlərin azad, müstəqil fəaliyyət göstərmələrinə dəstək verilməsi istiqamətində dövlət siyasəti həyata keçirilməyə başlandı. Təbiidir ki, burada hər şeydən öncə 1995-ci ildə qəbul olunmuş Konstitusiyadan da söz açmalıyıq. Həmin sənədin 47-ci və 50-ci maddələrinə əsasən Azərbaycanda söz və mətbuat azadlığı, informasiya əldə etmə və yayma azadlığı tətbiq olunurdu və mətbuat üzərindəki dövlət senzurası qadağan edilirdi. Bundan sonrakı illərdə də dövlət həmin siyasəti həyata keçirirdi və mətbuatın ölkə daxilində fəaliyyəti tənzimlənirdi. Beləcə, 1998-ci ilin avqustunda senzura ləğv edildi və bundan sonra mətbuatın daha da inkişaf etdirilməsi istiqamətində geniş imkanlar yarandı. Doğrudur, senzuranın ləğv olunması bir sıra problemlər də yaratdı və bunu da təbii bir proses kimi qəbul etmək lazımdır. Bu gün də biz müəyyən problemlərlə üzləşməli oluruq, lakin Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolu göstərir ki, mətbuatımız gündən-günə daha da inkişaf edir, mətbuatımız cəmiyyətin maraqlarına xidmət edir və bütövlükdə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasəti səmərəli şəkildə işıqlandırır və öz başlıca funksiyasını - cəmiyyətin informasiya ilə təminatını ləyaqətlə həyata keçirir.

1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul olundu və sonrakı illərdə beynəlxalq təcrübələrdən əldə olunan nəticələr əsasında həmin qanunda müəyyən dəyişikliklər aparıldı. Bu dəyişikliklərdən biri isə yenə də beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçirildi və həmin dəyişiklik kütləvi informasiya vasitələrinin yaradılması və onların fəaliyyəti ilə bağlı aparılan dəyişiklik idi. Məhz həmin dəyişikliyin sayəsində bu proses xeyli sadələşdirildi və bu gün hər hansı bir mətbu orqanın yaradılmasına cəmi bir həftə vaxt sərf etmək kifayətdir. Qeyd olunan dəyişikliklər sayəsində bu gün ölkəmizdə fəaliyyətdə olan müvafiq qanun Avropada ən demokratik qanunlar sırasındadır.

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərindəki nəzarət funksiyasından imtina etdi və mətbuat öz fəaliyyətini özü, həm də sözsüz ki, müvafiq qanunlarla tənzimləməyə başladı.

Bir mühüm məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə dövlət-mətbuat münasibətlərinin yaradılması istiqamətində yeni bir mexanizm təşəkkül tapdı və bu ənənə sonrakı illərdə də davam etdirildi. Son illər ərzində ölkə mətbuatının fəaliyyətinin yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər görülmüşdür. İndi də həmin ənənələr davam etdirilir və 2008-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi haqqında" Konsepsiyası hazırlanıb və təsdiqlənib. Həmin konsepsiyada ölkə mətbuatının inkişaf etdirilməsindən ötrü bütün zəruri tədbirlər nəzərdə tutulub və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək fondu müvafiq funksiyanı yerinə yetirir.

Sözümün sonunda bir daha Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə bütün mətbuat işçilərini təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, milli mətbuatımızın inkişafında müəyyən rolu olun mətbuat işçilərinin əməyi lazımınca qiymətləndiriləcəkdir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meylləri" mövzusunda çıxış etdi. Natiq öncə milli mətbuat günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək milli mətbuatımızın keçdiyi ötən illərə bir daha nəzər salaraq "Əkinçi"dən bu günədək əldə olunan uğurlardan danışdı. "Əkinçi" qəzetinin çapdan çıxması ilə milli mətbuatımızın təməlinin qoyulduğunu və bu hadisənin o dövrdə bütün Qafqazda böyük əks-səda doğurduğunu dilə gətirdi. Qəzetin naşiri, redaktoru və korrektorunun da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi olduğunu xatırladan alim bu qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani və başqa ziyalıların böyük rolu olduğunu qeyd etdi.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov elmi-praktik konfransa ölkə ziyalılarının bir qrupunun toplaşdığını qeyd edərək 135 il bundan öncə başda Həsən bəy Zərdabi olmaqla bir neçə ziyalının bir araya gələrək nə qədər böyük, ülvi bir amalla yaşadıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Natiq o vaxtlar Moskvada təhsil alıb doğma vətəninə qayıdan 27 yaşlı bir gəncin - Həsən bəy Zərdabinin öz səsini qaldıraraq dövrünün ziyalılarına müraciət edərək cəmiyyətdəki problemlərin aradan qaldırılması üçün bir mətbu orqanın yaradılması təklifi ilə çıxış etdiyini dilə gətirdi: "Beləcə həmin illərdə xalqa xidmət etmək, onun problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərmək niyyəti dövrün ziyalılarını bir araya gətirdi və onlar həqiqətən də Azərbaycan xalqına əvəzsiz xidmət göstərdilər. "Əkinçi"dən sonra isə "Ziya", "Kəşkül", "Şərqi rus", "Kaspi", "İrşad", "Füyuzat", "Həyat" və s. nəşrlər dövrün çox böyük ziyalılarını öz ətrafına topladı. O cümlədən, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə və başqaları xalqımızın işıqlı, firavan gələcəyi naminə fəaliyyət göstərməyə başladılar.

Tədbirin Bakı Dövlət Universitetində keçirilməsinin də obyektiv səbəbləri var və bu təhsil ocağının Azərbaycanda mətbuatın inkişaf etdirilməsində xidmətləri əvəzsizdir və fürsətdən istifadə edərək universitetin rektoru Abel Məhərrəmova öz dərin təşəkkürümüzü çatdırıram."

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev qeyd etdi ki, 135 il bundan öncə bir sahə qəzeti kimi nəşrə başlayan "Əkinçi" qəzetinin qarşısında duran başlıca vəzifə kənd təsərrüfatı ilə bağlı məsələləri işıqlandırmaq idi. Amma biz 2 il ərzində nəşr olunan bu qəzetin 56 nömrəsini nəzərdən keçirərkən bir daha görürük ki, bu qəzet kənd təsərrüfatı məsələlərindən çox-çox uzaqlara getmiş və həmin dövrdə cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Yəni elə bir sahə yoxdur ki, "Əkinçi" ona toxunmamış oslun. Bu gün bu elmi konfransda Azərbaycan milli mətbuatı haqqında çox dəyərli fikirlər söylənildi. Bu fikirlər görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin ruhuna olan böyük ehtiramın bariz təzahürüdür.

"Ədalət" qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas ölkəmizin elm məbədi sayılan Bakı Dövlət Universitetində belə bir tədbirin keçirilməsinin təsadüfi olmadığını qeyd edib, ölkə ziyalılarının böyük bir heyətinin məhz bu təhsil ocağının yetirmələri olduğunu dedi. Respublikamızda bu gün fəaliyyət göstərməkdə olan peşəkar mətbuat işçilərinin 90 faizinin BDU-nun yetirmələri olduğunu xatırladan millət vəkili eyni zamanda müvafiq sahədə çalışan jurnalistlərin bir hissəsinin də öz fəaliyyətlərində qeyri-obyektivliyə yol verdiklərini qeyd etdi. "Çox istərdik ki, Azərbaycan mətbuatı həqiqətləri yazsın, yazdıqları faktlar yalan çıxmasın", - deyən natiq bu məsələnin hər bir kəsi narahat etdiyini və milli mətbuatımızın yaralı yeri olduğunu söylədi.

Çıxış üçün söz verilən BDU-nun Sosiologiya kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov öncə informasiyanın cəmiyyətdə rolunun artdığı indiki dövrdə Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə bütün ölkə miqyasında geniş tədbirlərin keçirilməsini dəstəklədiyini vurğulayaraq, bugünkü tədbirin də bu baxımdan böyük önəm kəsb etdiyini söylədi: "Çox minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm ki, respublika rəhbərliyi Azərbaycan milli mətbuatının ildönümlərinin qeyd olunması barədə sərəncam verir və "Əkinçi"nin Azərbaycan milli mətbuatının formalaşması və inkişafında oynadığı böyük rola xüsusi diqqət yetirilir. Deməli, "Əkinçi" şölələnməkdə, işıq verməkdə davam edir. Odur ki, çıxışımı Həsən bəy Zərdabinin kürəkəni, böyük dövlət xadimi, görkəmli jurnalist, "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşovun Həsən bəy Məlikzadə Zərdabinin xatirəsinə və onun yetişdirməsi olan "Əkinçi"nin 50 illiyinə həsr olunmuş "Azərbaycanın mayakı" adlı məqaləsindəki sözləri ilə qurtarmaq istəyirəm: "Əkinçi!". Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var… "Əkinçi…" müstəqil Azərbaycan üçün, onun dili, xalq mahnıları, poeziyası, ədəbiyyatı, tarixi üçün gözəl emblemdir. "Əkinçi" bütün Azərbaycan xalqının təsviri və ona tərif verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!

"Əkinçi və Həsən bəy Məlik-Zərdabi, Həsən bəy Məlik-Zərdabi və "Əkinçi" tarixdə və xalq yaddaşında bir-biri ilə o qədər birləşmiş və bağlıdırlar ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Onlar birlikdədirlər və bölünməzdirlər. "Əkinçi"nin yaradılması Həsən bəyin öz xalqına pionercəsinə xidmət göstərməyinin kulminasiya nöqtəsi idi, "Əkinçi" Zərdabinin ucaltmış olduğu xilasedici bir mayakdır, şücaət və qəhrəmanlıqdır".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı dedi: Bu mühüm tədbirin şərəfli tarixə malik elm-təhsil ocağımız olan Bakı Dövlət Universitetində keçirilməsi xüsusilə əlamətdardır. Azərbaycan elminin, mədəniyyətinin ən görkəmli nümayəndələrinin dərs dediyi ana Universitetimizin məzunu olmuş neçə-neçə elm-sənət sahibi müxtəlif sahələrdə, o cümlədən ilk kadrlarını hazırladığı jurnalistikada aparıcı mövqe tutmuşlar.

Yarım əsrlik zaman ötmüş bir dərs ilində bu doğma Universitetimizin auditoriyasında görkəmli ədib, alim və pedaqoq Mir Cəlal müəllimin bizə etdiyi tövsiyəni demək olar ki, hər gün xatırlayıram: "Oxuyun, öyrənin, deməyə sözünüz olsun - sonra yazın".

Bu günlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 iyun 2010-cu il tarixli sərəncamı ilə 135 illiyi geniş qeyd olunan "Əkinçi" qəzetinin, ölməz Həsən bəy Zərdabi məktəbinin böyük dərsləri mətbu sözün mötəbərliyi, dürüstlüyü üçün ciddi məsuliyyət tələb edir. Çünki, "heç olmaz ki, doğru söz yerdə qalsın…" (H.B.Zərdabi)

Milli mətbuatımızın əsasını qoymuş 135 yaşlı "Əkinçi"nin əbədiyaşar ənənələri dövlətimizin başçısının məlum sərəncamı ilə 75 illiyi qeyd olunan "Ədəbiyyat qəzeti"nin fəaliyyətinin mahiyyətini təşkil edir. Qəzetimizi ardıcıl izləyən hər bir oxucu bu həqiqəti təsdiqləyə bilər.

"Ədəbiyyat qəzeti"ni, özünün dediyi kimi, "mütləq oxuyan", "xüsusi oxuyan" ulu öndər ədəbi-ictimai fikrimizin bu mötəbər salnaməsinə - yüksək istedad məhsulu olan bədii sözə - doğru sözə, mətbuata dərin hörmət və böyük diqqətini heç vaxt əsirgəməmişdir. Belə unudulmaz faktlardan biri kimi Füzulinin 500 illiyi ilə əlaqədar Dövlət Komissiyasının iclasını aparan ümummilli liderin dahi şairin məzarının Kərbəladan Azərbaycana gətirilməsi barədə təklifə münasibətini göstərmək olar. Respublika mətbuatında yer almış həmin təklifə "Ədəbiyyat qəzeti" dərhal öz münasibətini bildirmiş və lazımi mülahizələrə görə belə bir addımın münasib görünmədiyini təsdiqləyən məqalə çap etmişdi. ("Ədəbiyyat qəzeti" - "Füzuliyə qibtə", 1 aprel 1994-cü il).

İclasda həmin təklifin müzakirəsi zamanı yubiley komissiyasının üzvü Yaşar Qarayev "Ədəbiyyat qəzeti"nin fərqli mövqeyini xatırlatdı. Bu fikri diqqətlə dinləyən ulu öndər müzakirə zamanı meydana çıxan münasibət müxtəlifliyinə özü təmkinlə yanaşmaqla bərabər başqalarının da belə hərəkət etməsini məsləhət bildi: "Bu barədə fikirləşmək lazımdır. Belə məsələdə qəti qərara gəlmək çətindir... Bu barədə fikirləşmək lazımdır. Mən qəti bir şey demək istəmirəm".

"Ədəbiyyat qəzeti" həmin iclasla bağlı verdiyi materialda bu məqamı da xatırlatdı ("Ədəbiyyat qəzeti" - "Qüdrətli qələm - qüdrətli ruh", 12 avqust 1994-cü il).

Qəzetin yazdığı kimi, o vacib və çətin cavabı çox gözləmək lazım gəlmədi. Cəmisi bir neçə gün sonra, həqiqətən "həm xalqı razı sala bilən, həm də füzulinin ruhunu şad edə bilən axırıncı sözü" möhtərəm Prezidentimiz dedi. Ümumən ədəbi-elmi ictimaiyyətimizin fikrini ifadə edən "Ədəbiyyat qəzeti"nin mövqeyi mötəbər məqamda təsdiqini tapdı.

Mətbu sözə dövlət səviyyəsində belə böyük diqqət, eyni zamanda böyük tələbkarlıq ulu öndərin işlərinin layiqli davamı kimi bu gün də həyata keçirilir.

İştirak etdiyimiz hazırkı tədbir və buradakı maraqlı çıxışlar da həmin həqiqəti bir daha təsdiqləyir.

Təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə çalışdığı qurumun rəhbərliyi və kollektivi adından Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə ölkəmizin bütün mətbuat işçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar dilədi. Natiq xüsusilə təhsildən yazan media təmsilçilərinə müraciət edərək, ölkə həyatının son dərəcə mühüm və zəruri sahəsi olan təhsildən yazarkən ehtiyatlı və diqqətli olmağa çağırdı. B.Hüseynzadə qeyd etdi ki, bu gün cəmiyyət Təhsil nazirliyindən və onun müvafiq qurumlarından keyfiyyətli təhsil, təlim və tərbiyə tələb edir. Ancaq hər hansı bir mətbu orqanda dərc olunan qeyri-obyektiv yazı bizim fəaliyyətimizə kölgə salır və bunun nəticəsində də ümumi narazılıqlar baş verir. Bu baxımdan xüsusilə bəzi televiziya kanallarının reklamlarının cəmiyyətə nə dərəcədə mənfi təsir göstərdiyini, insanlarda ikrah hissi oyatdığını vurğulamaq istəyirəm.

Azərbaycan milli mətbuatının böyük tarixi keçmişə malik olduğunu vurğulayan şöbə müdiri bu gün Azərbaycan mətbuatında peşəkar jurnalistlərin fəaliyyət göstərməsinin zəruriliyini qeyd etdi.

Tədbirin sonunda Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov bir daha Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə bütün konfrans iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

 

 

Hazırladı: Ələsgər BEHBUDLU

 

Ədəbiyyat qəzeti.- 2010.- 2 iyul.- S.1, 2.