Ələddin İncəli - 80

    

Hörmətli Ələddin müəllim!

Sizi - 80 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Yarım əsrdən artıqdır ki, siz bədii yaradıcılıqla məşğulsunuz. İlk mətbu şeriniz 1955-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. 1970-ci ildə Azərnəşr tərəfindən ilk kitabınız - "Ceyran" çapdan çıxmışdır. Sonralar "Gəl Kür qırağına", "Əlvida, XX əsr", "Salam III minillik", "Ömür istə", "Ömür yolları" adlı kitablarınız işıq üzü görmüş, poeziyasevərlər tərəfindən maraqla qarşılanmışdır. Vətənimizi, onun gözəl təbiətini, saf duyğuları tərənnüm edən şeirləriniz oxucuların ürəyinə yol tapır, sevilə-sevilə oxunur. İctimai mövzulara da müraciət edirsiniz. Son illərin hadisələri, Qarabağ mövzusu da yaradıcılığınızda öz əksini tapır.

1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil ədəbiyyat fakültəsini bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlamısınız. Ağdərə rayon məktəbində dərs hissə müdiri vəzifəsində işləmisiniz. Sonralar mətbuat sahəsində çalışmısınız. Qazax, Ağstafa, rayon qəzetlərində ədəbi işçi, şöbə müdiri, baş redaktor müavini olmusunuz. Bir müddət rayon partiya komitəsində təlimatçı, maarif şöbəsində metodist, kino birliyində direktor kimi fəaliyyət göstərmisiniz.

Uzun illər Qazaxda çıxan "Qalibiyyət bayrağı" qəzetində məsul katib, ədəbi işçi, şöbə müdiri vəzifəsində işləmisiniz.

Hörmətli Ələddin müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.4.