Muxtar Hüseynzadə - 110

 

Muxtar müəllim yaxud müəllimlərimin müəllimi

  

  Mən xoşbəxtəm ki, həm orta məktəbdə, həm də xüsusilə universitetdə çox böyük dilçi müəllimlərdən dərs almışam; onların yalnız məşhur (və mənim üçün doğma) adlarını çəkmək kifayətdir ki, şair demiş, "qəziyyə məlum" olsun: Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Ağamusa Axundov, Yusif Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Nəsir Məmmədov, Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə, Zinyət Əlizadə, Kamil Vəliyev, Firidun Cəlilov

Və bir də ona görə xoşbəxtəm ki, bu böyük dilçi-müəllimlər nə yazdılarsa, demək olar, hamısını oxudum; nə dedilərsə, hamısını anlamağa çalışdım. Həm universitetdə təhsil aldığım illərdə, həm də sonralar onların hər birindən qayğı, kömək, hörmət (və müdafiə) gördüm…

Onlar müxtəlif nəsilləri təmsil etdiklərinə görə, elmi- nəzəri səviyyələri, əsaslandıqları tədqiqat metodları bir-birindən fərqlənirdi, ancaq hamısını, istisnasız olaraq, bir qayə birləşdirirdi ki, bu da ana dilinə sonsuz məhəbbətdən ibarət idi.

Universitet dilçilərinin önündə isə yalnız tarixi xidmətlərinə görə deyil, intellektinə, müəllimliyinə, milliliyinə…(və şəxsiyyətinə) görə Muxtar Hüseynzadə gedirdi… O Muxtar Hüseynzadə ki, bizim, demək olar, bütün dilçi müəllimlərimizin müəllimi olmuşdu… "Müasir Azərbaycan dili" deyəndə onun adı elə qətiyyət (və ehtiramla) çəkilirdi ki, sanki o, ana dilimizin qrammatikasını yazmaqla kifayətlənməmiş, onu (müasir Azərbaycan dilini) yaratmışdı. Hətta şairlərdən birinin Muxtar müəllimə həsr etdiyi şerində təxminən belə bir ifadə vardı: Mənim Azərbaycan dilim - Muxtar dilim!

Şair ana dilimizin (və xalqımızın) öz müstəqilliyi uğrunda mübarizə əzmini (həm Şimalda, həm də Cənubda) əks etdirmək üçün böyük dilçinin xidmətləri ilə yanaşı, adının mənasından da (muxtar) obraz kimi faydalanmışdı… Həmin şerin (və obrazın) müəllifi - sonralar Azərbaycanın azadlıq mücahidlərindən biri kimi şöhrətlənən Xəlil Rza Ulutürk idi. Və o da yadımdadır ki, Muxtar müəllim Xəlil Rzanı Azərbaycan dilinin qanun-qaydalarını ən yaxşı bilən şairlərdən sayırdı.

Professor Muxtar Hüseynzadə bizə dərs deyəndə səksəni haqlamışdı… Azərbaycan, xüsusilə universitet dilçilərinin müəllimi olan bu mötəbər şəxs, başqalarını bilmirəm, mənim dilçilik həvəsimə nə isə mistik bir enerji gətirdi. Azərbaycan dilçiliyinin banilərindən olan böyük alimin əsərləri ilə hələ orta məktəbdən tanış idim…

Muxtar müəllim artıq çox yaşlaşdığından morfologiyanın quru müddəaları, hökmləri ilə auditoriyanı ələ ala bilmirdi. Ancaq qəribəydi ki, dərsə qulaq asmayan tələbələrin arxada bir- birilərilə danışması da onu əsəbiləşdirmirdi. Qabaqda əyləşib onu dinləyənlər üçün danışır, hərdən də deyirdi ki, mən bilirəm, dərsə qulaq asmayanlar qızlardır, Həvvanın nəvələridir; Adəmi cənnətdən onlar qovdurdular…

Muxtar müəllimi dinləmək, nitq hissələri barədə bildiklərimin (əslində, bunu da orta məktəbdə məhz onun dərsliyindən öyrənmişdik) nə qədər zənginləşdiyini hiss etmək mənə zövq verirdi. Akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmirçizadə ilə birlikdə öz böyük müəllimləri professor Bəkir Çobanzadədən sonra Azərbaycan dilçiliyini formalaşdırmış professor Muxtar Hüseynzadə canlı tarix idi. Mərd, prinsipial, yalnız dostları ilə deyil, ideya düşmənləri, opponentləri ilə də zarafat etməkdən çəkinməyən bu qürurlu insan Azərbaycan dilinin (və dilçiliyinin) mücəssəməsinə çevrilmişdi. Mənə elə gəlirdi ki, onun bir söz belə demədən yalnız auditoriyaya girib-çıxması kifayətdi ki, ana dilimin incəliklərini öyrənmək həvəsim birə beş artsın.

Muxtar müəllim çox gənc yaşlarında Cənubi Azərbaycandan - Mərəndin Zünuz kəndindən Şimala gəlmiş, müxtəlif işlərdə çalışmış, fitri istedadı, zəhməti ilə mənsub olduğu xalqın ən böyük ziyalılarından birinə çevrilmişdi. Ağır keçmiş həyatını özünəməxsus şəkildə anladırdı; deyirdi, o qədər həsrətində olmuşam ki, övladlarıma oyuncaq alanda əvvəlcə özüm oynadıb sonra onlara verirəm… İranda baş verən inqilabın gedişini diqqətlə izləyirdi. Sevinirdi ki, Cənubi Azərbaycanda da gənclər ana dilinin qrammatikasını məhz onun dərsliyindən öyrənəcəklər. Və bu barədə danışanda kövrəldiyini biz tələbələri dəfələrlə görmüşdük…

Sovet ideologiyasının təsiri ilə formalaşan rus türkologiyasını qəbul etmir, yeri düşəndə rus türkoloqlarının düşünülmüş "səhv"lərini tənqid edirdi. Mühazirə qeydlərini ərəb əlifbası ilə yazan böyük alimin rus dilinə elə də bağlılığı yox idi ki, bu da onun milli mövqeyinin mücadiləçi təbiətindən irəli gəlirdi. Bakıda keçirilən ümumtürkoloji yığıncaqlarda rusca çıxışlarının mətnini də ərəb əlifbası ilə yazarmış. Həmin məclislərin birində Azərbaycan dilçilərinin milli mövqeyinə etinasız yanaşan Moskva türkoloquna "spakoyna prixadi, spakoyna uxadi ha!" - demişdi.

Bir dəfə Muxtar müəllimin dərsində ikən dekanımız Firidun Hüseynov auditoriyaya daxil olub Muxtar müəllimlə çox səmimi görüşdükdən və üzr istədikdən sonra əlindəki siyahını oxudu. Adı çəkilənlər bir-bir ayağa durdular. Bu bir neçə gün əvvəl hansısa dərsdən qaçanların siyahısı idi. Onların arasında, təəssüf ki, mən də vardım. Firidun müəllim bütün pedaqoji məharətini işə salıb bizi danlamağa başladı. Başımızı aşağı dikmişdik. Tənbeh acı idi, ancaq çox adama aid olduğundan dözmək o qədər də çətin deyildi… Birdən Muxtar müəllim guya auditoriyanın eşitməməsi üçün dekana yaxınlaşıb yavaşca dedi ki, qoy Nizami əyləşsin, o, yaxşı tələbədir… firidun müəllim gülümsünüb "hamınız əyləşin, bir də belə iş görməyin" - dedi.

Misalı özümdən gətirməyim, bəlkə də, təvazökarlıqdan uzaqdır, ancaq məqsədim o deyil… Demək istəyirəm ki, Muxtar müəllim kiçicik bir istedadını hiss etdiyi hər bir tələbəsini özünəməxsus bir cəsarətlə (və deyim ki, hətta qısqanclıqla) qoruyurdu. O zaman artıq məşhur dilçi olan və bizə birinci kursda fonetikadan mühazirə oxumuş professor Ağamusa Axundovu xüsusilə tərifləyir; deyirdi ki, çox gənc yaşlarında öz müəllimlərindən qabağa getdi… Bunu deyəndə tələbəsi ilə nə qədər fəxr etdiyini görməmək, sadəcə olaraq, mümkün deyildi.

Muxtar müəllimin "qısqanclığ"ı, təbiri-caizsə, milli-ideoloji məzmun daşıyırdı. Tələbələrindən biri - Fərhad Zeynalovun ilk kitablarını (həmin əsərlər türk dillərinin müqayisəli qrammatikasına həsr olunmuşdu) oxuduqdan sonra demişdi ki, Fərhadı da Moskvaya göndərdik, getdi təsir altına düşdü… Rus türkologiyasının türk dillərinə tətbiq etmək istədiyini ümumi (nəzəri) dilçilik anlayıışlarını, prinsiplərini qəbul etməyən Muxtar müəllim istedadlı tələbəsini əldən verməməyə çalışırdı.

Nə qədər müasir olsa da, bu böyük alim- müəllimin daxilində Şərq müdrikliyi mühafizəkarlığa qədər gedib çıxırdı. Onun öz məktəbi vardı… Ya bu məktəbin tələbəsi olmalıydın, ya da onu tərk eləməliydin…Sovet ideologiyasının hər cür milli məktəbi dağıtdığı bir şəraitdə Muxtar Hüseynzadənin "patriarxal normativliyi" yalnız ona görə yaşayırdı ki, təmənnasız, səmimi və milli idi… Hamı görürdü ki, Muxtar müəllim doktorluq dissertasiyasını müdafiə etməyi bir tərəfə qoyub tələbələrinin namizəd, doktor olması, elmdə mövqe tutması üçün çalışır.

Muxtar müəllimin "xarici düşmənlərin"dən başqa "daxili düşmənləri" də vardı, ancaq sonuncu tələbələri olan bizlər elə vaxta düşmüşdük ki, nə onun özü, nə də "düşmən"ləri o halda deyildilər ki, tarixi münaqişələrini davam etdirə bilsinlər. Odur ki, tarixdən nə isə zorla hiss edə biləcəyimiz təəssüratlar qalmışdı…

Birinci "düşmən" Azərbaycan EA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə idi… Muxtar müəllimdən səviyyəcə qətiyyən aşağı olmayan, bir sıra sahələrdə hətta ondan irəli getmiş bu böyük alimi mənim müəllimim ona görə qəbul etmirdi ki, Ə.Dəmirçizadədə sözün geniş mənasında eksperimentallıq vardı- çox zamanlar mahiyyətinə vara bilmədiyi məsələlərə də müdaxilə edir, məsələn, marrizmin müdafiəsinə qalxır, yaxud Midiya dilindən danışırdı… Yaxud da mübtədanın baş üzv olduğunu inkar edirdi… Muxtar müəllim belə şeyləri qəbul edən deyildi, ona görə də "zarafat"a keçir, Səməd Vurğunun məşhur misraları ilə ona cavab verirdi:

 

Hər sadə, mürəkkəb cümləmizin də

Əzəl, mübtədası partiyamızdır.

 

…Əgər Azərbaycanın ən böyük şairi mübtədanı (ibtidanı, başlanğıcı) partiyanın cəmiyyətdəki rolu ilə müqayisə edirsə, sən nə karəsən ki, onu baş üzv saymayasan?..

Müdafiə şurasının iclasında Ə.Dəmirçizadə müdafiə edənin hansısa fikrini misal gətirib əlavə edir: "Burdan belə çıxır ki…" Muxtar müəllim dərhal onun sözünü kəsib yerindən dillənir: "Ay Dəmirçi, çıxartma, çıxmasın!.."

İkinci "düşmən" akademik Məmmədağa Şirəliyev idi… Azərbaycan ədəbi dilinin əsasında gah Bakı, gah da Şamaxı dialektinin durduğunu deyən dostu barəsində mötəbər bir toplantıda "atası Bakıdan, anası Şamaxıdandır, ona görə də heç birini incitmək istəmir" - deyərək məsələni çox sadə həll etmişdi… Mən bir dəfə sual verdim ki, Muxtar müəllim, nə üçün sizin orta məktəb dərsliyinizdən "sintaktik əlaqələr" bəhsini çıxarmaq istəyirlər? Cavab verdi ki, bir qrup savadsız orta məktəb müəllimi nazirliyə məktub yazıb həmin bəhsə etiraz edirlər… Deyirlər ki, çətindir, şagirdlərə izah edə bilmirik… Mənim yoldaşım Məmmədağa da üzüyola olduğundan razılaşıb, ancaq sintaktik əlaqələri bilmədən cümlə üzvlərini dəqiq təyin etmək olmaz…

Mənə elə gəlir ki, Muxtar müəllimin "daxil"də üçüncü "düşmən"i yox idi. …Əslində, Azərbaycanda dilçilər arasında intriqa aparmağa üçüncü adam da mövcud deyildi - üç klassik dilçi vardı: akademik M.Şirəliyev, müxbir üzv Ə.Dəmirçizadə, professor M.Hüseynzadə.

…Muxtar müəllimin səksən illik yubileyi keçirilirdi. Dekanımız Ağamusa Axundov məruzə elədi… Rektor Faiq Bağırzadə öz çıxışında dedi ki, Muxtar müəllim çətin adamdır, bir də ona görə ki, Ağamusa Axundov kimi çətin bir tələbə də yetirib…

Muxtar Hüseynzadə uzun illər ümumi dilçilik kafedrasına rəhbərlik etdi… Beş il dekan oldu…

Dekan olduğu illərdən bir xatirə danışırdılar… Sessiya vaxtı dərslərə gəlməmiş qiyabiçi tələbə xanım qucağında körpəsi dekana - Muxtar müəllimə yaxınlaşır ki, onu imtahana buraxsın… Muxtar müəllim deyir ki, bala, uşağın olması barədə kağız gətir ki, icazə verək. Tələbə israrla qucağındakı körpəni göstərib, "müəllim, bu boyda uşağı görmürsüz, kağızı neynirsiz?" - deyir. Muxtar müəllim görür ki, onu heç cür başa sala bilməyəcək. Ona görə də qollarını irəli uzadıb deyir: "Uşağı ver mənə"… Tələbə xanım, qucağında uşaq, sövqi-təbii geri çəkilir, həyəcanla soruşur: "Müəllim uşağı neynirsiz?" Muxtar müəllim tövrünü pozmadan "Heeç… Sənin şəxsi işinə tikəcəm ki, imtahan verməyə icazən olsun" - deyir.

Artıq qeyd olunduğu kimi, Muxtar müəllimin uşaqlığı, yeniyetməliyi, həm dövrün xarakterindən, həm də özünün taleyindən irəli gələrək, məşəqqətli keçmişdi: on üç yaşından mədənlərdə, müxtəlif müəssisələrdə fəhlə işləmiş, Gəncədə fəhlə fakültəsini bitirdikdən sonra təhsilini APİ- nin Şərq fakültəsində davam etdirmişdi.

APİ-də dilçi-türkoloq kimi elmi-pedaqoji fəaliyyətə başlayanda 30- cu illərin repressiyaları tüğyan edirdi - bir balaca millətə xidmət etmək istəyən ziyalıları "millətçi" adı ilə damğalayıb gedər- gəlməzə göndərirdilər. Muxtar müəllim ciddi cəzalandırılmaq üçün ən real "namizəd"lərdən biri idi… Ya özlərini sığortalamaq, ya da gənc mütəxəssisi xilas etmək üçün onu APİ- dən kənarlaşdırırlar.

Muxtar müəllim sonralar xatırlayırdı ki, DTK - da dindirilib gecə yarısı bayıra atılanda doğma institutunu belə tanımayıb…Halbuki APİ DTK ilə üzbəüz idi. (Bax: Adil Babayev. Dilçiliyimizin məbədi, Bakı, 2002, səh. 154). Onun iradəsini sındırmaq mümkün deyildi, DTK-nın əlinə fakt da vermirdi… Çox sonralar biz tələbələrinə də dediyi "vəzifəm yox, bir şeyim yox, müəlliməm də; mənə nə eləyəcəklər?!" fikrinə o, yəqin ki, 30- cu illərdən gəlmişdi…

Muxtar müəlimin qəribə yaradıcılıq tərcümeyi- halı vardı: 1935- ci ildə universitetin Ümumi dilçilik kafedrasında müəllim kimi fəaliyyətə başlamış, 1946- cı ildə (on il sonra) elmlər namizədi olmuş, 1951- ci ildə yekdilliklə həmin kafedranın müdiri seçilmiş, 1973-cü ildə (kafedra müdiri seçildikdən iyirmi iki il sonra) tələbələrinin təkidi ilə doktorluq dissertasiyasını, nəhayət ki, müdafiə etmişdi. Onda artıq neçə illər idi ki, professor seçilmişdi.

M.Hüseynzadə doktorluq dissertasiyası müdafiə edəndə onun tələbələri A.Axundov, Y.Seyidov, T.Hacıyev… çoxdan elmlər doktorları idilər. Otuz il universitetin ən nüfuzlu dilçilik kafedrasına - Ümumi dilçilik kafedrasına rəhbərlik edən Muxtar müəllim həmişə, birinci növbədə, müəllim olmuşdu… Elmlər namizədi kimi də, elmlər doktoru kimi də…

M.Hüseynzadənin şah əsəri, ümumən Azərbaycan dilçiliyinin bir neçə ən böyük yaradıcılıq işlərindən biri olan "Müasir Azərbaycan dili" (fonetika, leksika, morfologiya) də məhz dərslik kimi yazılmış, ilk dəfə 1954-cü ildə nəşr edilmişdi. Sonralar bir neçə dəfə nəşr olunan bu əsər əlli ildən çoxdur ki, həmin sahədə birincidir. Və səksən beş il bu dünyada ömür sürən, həyatının son illərinə qədər Universitet auditoriyasından ayrılmayan professor Muxtar Hüseynzadə də Azərbaycan dilçiliyindəki əlli il bundan əvvəlki birinciliyini - müəllimliyini davam etdirir…

 

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.3.