Gəncə

 

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsi Azərbaycanın böyük xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr etdiyi növbəti tədbir Nigar Rəfibəyli adına 43 nömrəli orta məktəbdə keçirildi. Ədəbi-bədii yubiley məclisini məktəbin direktoru, şair Xəzangül açaraq R.Rzanın poeziyası haqqında fikirlərini söylədi. AYB Gəncə bölməsinin sədri, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Məmməd Alim görkəmli sənətkarın çoxşaxəli yaradıcılıq yolundan, novator söz ustası kimi milli şerimizi zənginləşdirməsindən, ömür-gün yoldaşı, xalq şairi Nigar Rəfibəyli ilə ədəbiyyatımızın inkişafı üçün göstərdikləri xidmətlərdən danışdı.

Tədbirdə əməkdar müəllim Əsli Süleymanova, təşkilatçı Fazil Kazımov, şairlərdən Aləmzər Əlizadə və Zaur Quliyev Rəsul Rza poeziyasının gənc nəslin tərbiyəsində mühüm rolundan, uşaqlar üçün yazdığı əsərlərin əhəmiyyətindən söhbət açdılar. Məktəblilər xalq şairinin şeirlərindən nümunələr oxudular.

 

***

 

AYB Gəncə bölməsinin 23 nömrəli orta məktəbin kollektivi ilə birgə hazırladığı ədəbi tədbir də xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olundu. Məktəbdə keçirilən yubiley məclisini açan direktor Mətanət Qarayeva R.Rza kimi böyük sənətkarların yubileylərinin qeyd olunmasını çox əlamətdar hadisə hesab etdi, şairin şeirlərinin nəsildən-nəslə keçərək əbədi yaşamaq hüququ qazandığını vurğuladı.

Əməkdar incəsənət xadimi Məmməd Alim, şairlərdən Aləmzər Əlizadə, Mahir Rəfizadə Zaur Quliyev xalq şairi Rəsul Rzanın uşaqlar böyüklər üçün yazdığı əsərlərin daim sevilə-sevilə oxunmasından, orijinal sənətkarlıq xüsusiyyətlərindən bəhs etdilər, yubilyara ünvanladıqları şeirlərini söylədilər.

Məktəblilərin ifasında R.Rza yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya böyük maraqla qarşılandı. Xalq şairi haqqında "İnsanlığın ömür yolu" sənədli filmindən parçlar nümayiş etdirildi, şagirdlər böyük sənətkarın şeirlərini, poemalarından, "Vəfa" pyesindən səhnələşdirmələri, sözlərinə bəstələnmiş mahnıları təqdim etdilər.

Axırda Gəncə şəhər Təhsil idarəsi metodiki mərkəzinin metodisti Nigar Əmirova Gəncədə xalq şairi R.Rzanın 100 illik yubileyinin layiqincə qeyd olunmasına görə AYB Gəncə bölməsinin rəhbərliyinə məktəb kollektivinə minnətdarlığını bildirdi.

 

 

İlhamə Yusifova

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.3.