Yazmaram ürəyim sizi anmasa...

 

Hər dəfə nakam şairimiz Mikayıl Müşfiqin xatırə günü keçiriləndə ölməz söz ustasının aşağıdakı misraları yadıma düşür:

 

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa,

Burdaca el gəlib məndən sordu ki,

Gözdən yaş çıxarmı ürək yanmasa.

 

Beləcə bu şerin ahəngi ilə şairin Bakıdakı abidəsinin qarsışına gəldim.İlk gözümə dəyən Xızı rayonundan 3 yaşlı Müşfiq Talıbovun gətirdiyi qızılgül dəstəsi oldu.Şairin pərəstişkarları bunu kiçik Müşfiqin, böyük Müşfiqə dərin ehtiramı kimi qəbul etdilər.

Həmişə olduğu kimi anım mərasimini müşfiqşünas, xalq yazıçısı Gülhüseyn Hüseynoğlu açaraq, nə məzarı, nə övladı qalmayan Müşfiqin müqəddəs ruhu qarşısında baş əydi, yaradıcılığından ürək dolusu danışdı.Tədbirdə rəssam Minayə feyzullayeva, jurnalist Sevinc İsmayılzadə, yazıçı-publisist Sona Xəyal və milyonçu Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva çıxış edərək 29 yaşında nahaqdan güdaza göndərilən Müşfiqin şeir aləmindən söz açdılar.

Sonra tədbir Xızıda - "Müşfiq ocağı"nda davam etdirildi.

Xatirə gününü Gülhüseyn Hüseynoğlu aparırdı. Ədəbi-bədii məclisdə şairlərdən Ağasəfa, Oqtay Rza, Nəcməddin Siyəzənli, Müşfiqə həsr etdikləri şeirlər oxudular. Şairin sözlərinə yazılmış mahnılar ifa olundu. Jurnalist Eldar Eyvazov bütün müşfiqsevərlərə dərin ehtiramını, Xızı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Sənan Talıbov xatirə işığına toplaşanlara minnətdarlığırnı bildirdi.

 

 

Müşfiq Cabiroğlu

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.6.