Alimin yubileyi

         

AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi, filologiya elmləri doktoru, professor Əbülfəz Aman oğlu Quliyevin anadan olmasının 60 illik yubileyi münasibətilə AMEA Naxçıvan bölməsinin böyük akt zalında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 ili tamam olan yubilyarın həm elmdə, həm təşkilatçılıqda fəallıq göstərdiyini, bunlarla yanaşı pedaqoji kadr hazırlığına da böyük diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Əbülfəz müəllim ciddi dilçi alim kimi ölkəmizdə və xaricdə tanınır.

Natiq əhatə dairəsi geniş olan dilçi alimin elmipedaqoji fəaliyyəti dövründə ən yüksək dövlət mükafatları ilə təltif oluduğunu, eyni zamanda türkologiyaya aid beynəlxalq simpoziumlarda, konfranslarda göstərdiyi fəallığından ətraflı danışıb.

İsmayıl Hacıyev bölmənin əməkdaşları adından 60 yaşlı yubiliyarı təbrik etmiş, dilçi alimə bundan sonrakı elmipedaqoji fəaliyyətində uğurlar arzulayaraq elmin inkişafındakı xidmətlərinə görə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edib.

Daha sonra "AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin həyatı, elmipedaqoji fəaliyyəti" mövzusunda AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, f.e.n. Firidun Rzayevin məruzəsi dinlənilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetnin rektoru, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Rəşad Zülfüqarov çıxış edərək ürək sözlərini, arzularını yubiliyara bildirmiş, 60 yaşlı alimi dəyərli hədiyyələrlə təbrik etmişlər.

Yubiliyar da çıxış edərək müstəqillik illərindən dövlət qayğısını öz üzərində duyduğunu, ümummilli lider Heydər Əliyevin elm adamlarına hər zaman qayğı ilə yanaşdığından bəhs etmiş, bu günona göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Naxçıvan MR Ali Məclis sədrinə öz dərin minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları yubilyarın həyatı, elmipedaqoji fəaliyyətini əks etdirən kadrlara video görüntü vastəsilə nəzər salmış, dilçi alimin kitablarından ibarət sərgi ilə tanış olmuşlar.

 

 

Türkanə BƏYLƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.6.