Gözlə məni...

 

***

 

Gözlə məni qayıdacam.

Gözlə, ey nigar.

Gözlə, kədər gətirəndə

Soyuq yağışlar.

 

Gözlə məni, qar yağanda,

İsti düşəndə.

Gözlə, bezib özgələri

Gözləməyəndə.

 

Gözlə, məktub kəsiləndə

Səhra poçtundan.

Gözlə, təngə gətirəndə

Hamını hicran.

 

Gözlə məni, qayıdacam.

Baxma onlara —

Səbr etməyib, tab etməyib

Unudanlara.

Mən ölümün acığına

Dönəcəm, gülüm.

 

Dözməyənlər qoy dözməsin,

Döz, ömrüm-günüm.

Onlar bilməz: neçin odda

Dönmədim külə.

Məni xilas eylədin sən.

Gözləməyinlə.

Nə cür döndüm. Tək ikimiz

Bilərik bunu.

İnamla yol gözləməyin

Nə olduğunu.

 

Heç kəs, heç kəs sənin kimi,

Qolum-qanadım,

Gözləməyi bacarmadı;

Sənsə bacardın.

 

 

Xəlil Rza ULUTÜRKün tərcüməsində

 

***

 

Gözlə məni, gələcəyəm,

Ancaq gözlə sən.

Gözlə, kədər yağan zaman

Qəmli üzündən.

Qar yağanda gözlə məni,

Gözlə istidə.

Bəziləri unudaraq

Gözləməsə də...

Gözlə, uzaq yerdən məktub

Gəlməsə sənə,

Bəziləri yorulsa da

Sən gözlə yenə...

 

Gözlə məni, gələcəyəm,

Gözlə ürəkdən.

Desələr ki, yetər, unut...

Baxma, gözlə sən.

Amma, oğlum qoy inansın —

Artıq ölmüşəm,

Dostlar məni gözləməsin,

Gözlərində nəm —

Qoy içsinlər acı şərab,

Yad edib məni...

Tək sən gözlə. Onlarla bir

İçmə badəni...

Gözlə məni, gələcəyəm

Bir aydın səhər.

Baxtı varmış! — Söyləsin qoy

Gözləməyənlər.

Gözləməyən nə bilir ki,

Odlarda belə

Xilas etdin həyatımı

Gözləməyinlə.

Mən sağ qaldım, səbəbisə,

Bax, budur, gerçək:

Sən bacardın gözləməyi,

Yalnız özün tək.

 

 

Əliağa KÜRÇAYLInın tərcüməsində

 

***

 

Gözlə, qayıdacağam,

Gözlə sən məni.

Solğun, qəmli yağışlar

Döyəndə pəncərəni —

Gözlə sən məni.

Qışda qarı kürüyüb

Yığanda gözlə,

Yayda göydən od-alov

Yağanda gözlə.

Heç kəs gözləməyəndə —

Gözlə sən məni.

Məktublar gecikəndə

Gözlə sən məni.

Yollara boylanmaqdan

Adamlar bezikəndə —

Gözlə sən məni.

 

Gözlə qayıdacağam,

Gözlə sən məni.

Gözlə, vecinə alma

Unutmağın məqamı

Çatdı deyəni.

Qoy oğlum da, anam da

Yoxluğuma inanıb,

Mənsizliyə alışsın —

Gözlə sən məni.

Qoy dostlarım yorulub

 

Yoxluğumla barışsın —

Gözlə sən məni.

 

Ocağın qırağında

Sağlığıma içsinlər —

Xatırlasınlar.

Yoxluğuma içsinlər —

Xatırlasınlar.

Sən onlara qoşulma.

 

Atamın ocağına

Gözlə, gələrəm.

Ölümün acığına

Gözlə, gələrəm.

Kim məni gözləmirdi —

Desin — Bəxti gətirdi...

 

Təkcə gözləməyinlə

Neçə dəfə ölümdən

Qurtardın məni,

Yenidən bu dünyaya

Qaytardın məni.

Gözlə, gözlə yenə də,

Gözlə sən bir az

Sənin tək gözləməyi

Heç kəs bacarmaz.

 

 

İsa İSMAYILZADƏnin tərcüməsində

 

***

 

Gözlə məni, gələcəyəm,

Gözlə məni, yar;

Gözlə məni səpəndə qəm

Narın yağışlar.

Gözlə məni qışın qarı

Evlər yıxanda;

Gözlə məni başqaları

Dönük çıxanda.

Məktubumdan əlini sən

Üzəndə gözlə;

Hamı... hamı gözləməkdən

Bezəndə gözlə.

 

Gözlə məni, nahaq yerə,

Gülüm, qəm yemə;

“Unudular...” deyənlərə

Xeyir diləmə.

Qoy inansın anam, oğlum,

Dostlarım... amma

Ölümümə,

qurban olum,

Tək sən inanma.

Görsən hamı şərab içir

Ruhum xoş olsun —

Gözlə, demə onlarla bir:

“İçək, nuş olsun!”

 

Gələcəyəm, gözlə təki;

Həyat yar imiş!

Gözləməyən qoy desin ki,

“Bəxti var imiş!”

Gözləməyən bilməz ki, sən

Odlardan belə

Məni necə hifz etmisən

Gözləməyinlə!..

Necə olub sağ qalmışam —

Bilməz ki, onlar:

Sənin kimi, səhər-axşam

Gözləyənim var!..

 

Ayaz VƏFALInın tərcüməsində

 

***

 

Gözlə məni, gələcəyəm,

Gözlə qış, bahar.

Gətirsə də qəm üstə qəm

Həzin yağışlar,

Gözlə isti havalarda,

Boranda, qarda;

Kimsə kimdən əl üzəndə,

Gözlə yenə də;

Uzaqlardan xəbər-ətər

Gəlməsə belə,

Cana gəlsə gözləyənlər,

Hər nəsə, gözlə.

 

Gözlə məni, gələcəyəm,

Uyma bir para

İnamı kəm, yaddaşı kəm

Unutqanlara.

Oğul, ana bəd gümana

Düçar olsa da,

Dost-tanışım yana-yana

Qahmar olsa da;

Badələri qaldıraraq

Rəhmət deyəndə,

Gözlə məni lal duraraq,

Tələsmə sən də.

Gözlə məni, qoy əcəlin

Əli qurusun,

Od-alovda gözləməyin

Məni qorusun.

Gözləməyən deyər: yəqin

Bəxti gətirdi.

Gözləməyən hardan bilsin,

Bu necə sirdi.

Özümüz bilərik nədən

Sağ qalmışam mən:

Gözləməkdə sənə heç kəs

Tay ola bilməz.

 

 

Vyazmada bir ocaq

 

Vyazmada köhnə ocaq var idi,

Bir gecə o bizə mehmandar idi.

 

Yedik yaradanın yapdıqlarından,

İçdik sürücünün tapdıqlarından.

 

Obaşdan döyüşə birgə yollandıq,

Kimi sağdır indi, kimi yox artıq.

 

Bilirəm, həyatla vidalaşanda

Gözündə canlanıb o xaniman da.

 

O gecə hazırdıq gedər-gəlməzə,

Həyat da bambaşqa göründü bizə.

 

Bilmirdik, dönüklük, yalan söz nədir,

Var nədir, yox nədir, iki üz nədir.

 

Çörək də, ürək də, dilək də birdi,

O gecə bizlərə nələr deyirdi...

 

Vyazmada nə vaxtsa vardı ocaq,

Sülh günü kimlərsə onu tapacaq.

Daş-kəsək, xaraba evlər içində

Uçuq sobasın da, hər kərpicin də

Pul yığıb eynilə, əvvəlki kimi

Bərpa edəcəyik dağılan himi.

 

Bizdən kimsə ona məhəl qoymasa,

Ruzunu dostuna darda qıymasa;

Kömək göstərməsə, həyan durmasa,

Vəzifə başında o qudurubsa;

Harınlıq içində batıb günaha,

Cəbhə dostlarını saymırsa daha.

Məhkəmə qurarıq, elə həmin gün,

Onu həmin evə edərik “sürgün”.

 

Düşünüb-daşınsın, keçmişi ansın,

Özünü dünyadan gedəsi sansın.

 

Bilsin ki, sözünə haram qatıbsa,

Dostuna qırmızı yalan satıbsa.

 

Günahı yumağa, bağışlanmağa,

Düzünü deməyə vaxt yoxdur daha.

 

Fərz etsin, acından ölən kimsəyə

Bir tikə çörəyi qıymır “yox” deyə;

Ya tanımadığı xilaskarına

Hay vermir dar gündə, çatmır dadına.

 

Bizim yerimizə — varısa əgər —

Vicdanı onunla haqq-hesab çəkər.

 

Bizə söyləyəcək, lal baxışları:

Olub-olmayıbmı, nədir qərarı.

Gedibsə, olubsa — biz ondan artıq

Daha heç bir şeyi xəbər almarıq.

 

Yenə də can-ciyər sanarıq... Lakin

Qoy bizə “orada olmuşam” desin.

 

 

Açıq məktub

 

Mən sizi xəbərdar etməliyəm ki,

Abırı, həyanı qoyub bir yana

Arxadan atılan bir güllə təki

Naməniz yetmədi öz ünvanına.

 

Əriniz məktubu ala bilmədi,

Bəlalı başından tüstü çıxmadı.

“Sevgili” günləri lənətləmədi,

Arsız sözlərimiz onu yaxmadı.

 

Dağılmış vağzalın həndəvərində

Hücuma keçməyə əmr verəndə

Kobud kəlmələrin küt həqiqəti

Yaxşı ki, qəlbinə dağ çəkməmişdi.

 

Qanlı yarasına bir parça əski

Sarıyıb zor ilə addımlayanda

Məktub yol gedirdi hələ, yaxşı ki,

Hələ yetməmişdi xəbər o anda.

 

Düşmən gülləsinə o, tuş gələrkən

Daşa səriləndə cansız cəsədi

Məktub çatmamışdı xoşbəxtliyindən,

Yaxşı ki, tez idi, hələ tez idi.

 

Sizə məlumatçün yazıram indi:

Döyüş qurtaranda, gecə çağında

Plaşa bürüyüb cavan şəhidi

Torpağa tapşırdıq şəhər bağında.

 

Başı üzərində bir dəmir ulduz,

Bir qovaq ağacı nişanə qaldı...

Hərçənd, sanmıram ki, məyus oldunuz,

Çətin ki, qanınız azca qaraldı...

 

Məktubu ertəsi günü biz aldıq,

Sahibi ölmüşdü. Qınasanız da,

Bizi bağışlayın, axı saldatıq,

Oxuduq kağızı öz aramızda.

 

Bəlkə yaddaşınız gödəkdir sizin,

Bəlkə nahaq yerə baş ağrıdıram.

Alayın adından — qoy hamı bilsin —

Qansız sətirləri xatırladıram.

 

Yazırsız, bir ildir, nə bilim, harda

Təzə ərinizlə tapışmısınız.

Əvvəlki qayıtsa, onda nə fayda,

Başqa bir ətəkdən yapışmısınız.

 

Rahat yaşayırsız, gözləriniz tox.

Üstəlik yazırsız arsızcasına:

İndi zərrə qədər ehtiyacım yox

Leytenant adına, imtiyazına.

 

Qoy məktub yazmasın və gözləməsin,

Əziyyət verməsin özünə, sizə.

“Əziyyət verməsin”... Sözə bax, sözə.

Sancmaqda, çalmaqda ustasız, yəqin.

 

Vəssəlam. Budur, bax, yazdıqlarınız.

Məktuba yenə də zilləndi gözlər,

Ayrılıq günündə bu imiş yalnız

Dönük qəlbinizdə tapılan sözlər.

 

“Əziyyət verməsin”... “İmtiyaz”... filan...

Bəs sizin rəhminiz, arınız hanı?

Axı əsgər idi sizə ər olan!

Axı yolunuzda verdi canını!

 

Mən hakim deyiləm, siz də müqəssir,

Hicran sınağına dözməyir hər kəs.

Hər adam ömürlük sevə də bilməz,

Əfsus ki, həyatda hər şey baş verir.

 

Baş aça bilmirəm, necə, necə də

Qorxmayıb ölümə oldunuz bais.

Cəbhəyə əl boyda zərfin içində

Zəhər göndərdiniz, öd göndərdiniz!

 

Tutaq ki, daha siz sevmirsiz onu,

Qapınız bağlıdır onun üzünə.

Başqa birisilə qolboyun olun,

Ərdimi, deyilmi, kimdi — bizə nə?

 

Bəs, görən əsgərin nəydi günahı,

Üç il ürəyində həsrət gəzdirdi.

Üç il qorudu o, sizləri axı,

Özünə üç il də “əziyyət verdi”!

 

Həqiqət nə qədər ağır olsa da,

Mərhəmət fövqünə ucalmalıdır.

Bir ürək kar olsa, sağır olsa da,

Ürək sözlərini borc almalıdır.

 

Şükr, yetərincə münəvvər qadın

Var bizim vətəndə, — söz qəhətdirsə,

Həmin məktubu da onlar, inanın,

Yazmaqda yarıya bilərdi sizə.

 

Elə söz seçərdi, söz tapardılar,

Könül yarasına məlhəm qoyardı.

Onlar ki, bizlərə vəfadardılar,

Var olsun onların şərəfli adı.

 

Sizə yox, onlara üz tuturuq biz,

Gözü yolda qalan pak qadınlara.

Qoy indi bilsinlər, kim oldu bais,

Kimdir rəvac verən bəd gümanlara.

 

Ərlərin cəbhədə, bu vurhavurda

Nahaq şübhələrdən göynəməsinə,

Döyüş qarşısında evdən bir səda

Gözləyə-gözləyə eymənməsinə.

 

Oxuduq sizin o nəhs məktubunuzu,

İndi yerimizə qor salmısınız.

Bəlkə tək siz deyil... Bəlkə başqası

Evdən alasıdır belə bir kağız...

 

Halallarımızın məhkəməsinə

Sizi verəcəyik. Şər atmısınız

Onların adına, ləyaqətinə,

Haqsız şübhələri oyatmısınız.

 

Qoy günah sayılsın, qoy damğalansın

Vəfalı yar kimi görünən qadın.

Dönük xislətini pərdələyərək

Cılız varlığını gizlədən ürək!

 

Əvvəlki əriniz qayıdan deyil,

Gecikmiş təhqirə əl atan deyil,

Ölən ərinizin yeri məzardır.

Hər şey qaydasında. Təzəsi vardır.

 

Yaşayın rahatca, suçdan qorxmadan,

Məktuba bir cavab verməyəcək o.

Cəbhədən qayıdıb sizi qıraqdan

Yad ilə qol-qola görməyəcək o.

 

Bircə qəbahətin üstündən keçin:

İnsana zaval var, zaval yox sözə.

Hələ bir-iki ay ərzində, yəqin,

Gecikmiş məktublar gələcək sizə.

 

Neyləyək, bu da bir əcəb, müəmma.

Güllələr atlıdır, məktub — piyada.

Məktub alacaqsız payızda, amma

O, həlak olmuşdur iyul ayında...

 

Orada hər sətir, hər kəlmə — sizdən,

Sizə yük olacaq əsgər ilqarı...

Alayın adından elə indidən

Geri götürürəm yazılanları.

 

Sözümün sonunda bildirirəm mən:

Nifrətdir alayın yekdil qərarı.

Sizi sayğılara layiq görməyən

Rəhmətlik əsgərin silahdaşları...

 

Alay zabitlərinin tapşırığıyla

 

 

K.SİMONOV

 

1943

 

Çevirəni: Səyavuş MƏMMƏDZADƏ

 

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.3.