Tbilisidə xalq şairi Zəlimxan Yaqubun yubileyi keçirildi

  

 Xalq şairi Zəlimxan Yaqubun altmış illik yubileyi Gürcüstan Respublikasında təntənə ilə qeyd olundu.

Borçalı mahalının bütün rayon mərkəzlərində keçirilən yubiley mərasimlərinə Gürcüstanda yaşayan soydaşlarımızın ellikcə qoşulması Zəlimxan Yaqubun yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbətin təzahürü kimi diqqəti cəlb edirdi.

May ayının 3-də yubiley tədbirinə qatılmış ictimaiyyətin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin Tbilisi şəhərinin mərkəzindəki abidəsi önünə əklillər qoydular.

Yubiley tədbirləri elə həmin gün Tbilisi şəhərindəki Tumanaşvili adına Teatrda keçirilən yığıncaqla tamamlandı.

Yığıncağı giriş sözü ilə Kvemo Kartli regionunun qubernatoru cənab David Kirkitadze açdı. Zəlimxan Yaquba Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Gürcüstanın ali mükafatı - "Şöhrət" ordeninin verilməsi barədə Gürcüstan Prezidenti M.Saakaşvilinin fərmanı oxundu. "Zəlimxan Yaqub təkcə Azərbaycanın deyil, gürcü xalqının da fəxridir" - deyən qubernator Kirkitadze ordeni xalq şairinə təqdim etdi.

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayeva, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Azər Turan, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqü Mehdizadə, Azərbaycan Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin təmsilçisi Arif Əliyev, gürcü şairi Besik Xaqanaşvili, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri, Fazil Həsənov, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri şair Rafiq Hümmət çıxış edən digər natiqlər Zəlimxan Yaqub haqqında ürək sözlərini dedilər. "Koroğlu" dastanının tərcüməçisi Zezva Medulaşvili xalq şairi ilə yaradıcılıq əlaqələrindən danışdı, Z.Yaqubun gürcü dilinə tərcümə olunmuş şeirlərindən nümunələr söylədi.

Beynəlxalq müsabiqələr laureatı "Sarvan" folklor ansamblının ifa etdiyi gürcü Azərbaycan rəqsləri maraqla qarşılandı.

Tədbirin sonunda göstərilən diqqət qayğıya görə Azərbaycan Gürcüstan dövlətlərinə minnətdarlığını bildirən Zəlimxan Yaqub çıxışını bu sözlərlə tamamladı: "Əziz eloğlularım, qırx iki il əvvəl məni Borçalıdan Bakıya yola saldınız, qürur duyuram ki, böyük etimadınızı doğrulda bildim, 60 yaşımda sizin yanınıza Azərbaycanın xalq şairi kimi qayıtdım. Hara getdimsə sizin adınızdan danışdım, qazandığım bütün uğurlar sizin adınızla bağlı oldu".

Yubiley gecəsində Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili, Gürcüstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini İrakli Kavtavadze başqaları iştirak edirdi.

 

 

Mehriban

                           

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.6.