Naxçıvanda Heydər Əliyev muzeyi

 

Ümummilli liderimiz, böyük azərbaycanlı, dünya şöhrətli ictimai və siyasi xadim, müasir Azərbaycan Respublikasının və dövlətimizin qurucusu, memarı, dünya azərbaycanlılarının fəxri Heydər Əlirza oğlu Əliyev Azərbaycanda rəhbərlik etdiyi 35 il ərzində dövlətçilik, ictimai-siyasi, xalq təsərrüfatı, iqtisadiyyat, elm və təhsil, mədəniyyət və incəsənət, eləcə də cəmiyyətimizin digər inkişaf sahələrində yüksək səviyyədə yeniləşməyə, tərəqqiyə nail olmaqla müstəsna xidmətlər göstərmiş və gələcək quruculuq yollarımızı müəyyənləşdirmişdir. Bunun nəticəsidir ki, xalqımız, bütün insanlarımız bu böyük dahi şəxsiyyəti sevir və ideyaları ətrafında sıx birləşərək respublikamızın, dövlətimizin günü-gündən inkişafı və möhkəmləndirilməsinə çalışırlar.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi qədim Naxçıvan diyarının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında demişdir: "Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş torpaqdır. Naxçıvan həmişə böyük şəxsiyyətlərlə fərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər, şairlər, memarlar, dövlət xadimləri olmuşlar. Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur".

Ümummilli liderimizin söylədiyi bu həqiqətə istinadən qeyd etməyi lazım bilirik ki, qədim mədəniyyət və elm diyarı, dövlətçilik ənənələri olan Naxçıvan böyük mütəfəkkir şəxsiyyətlər, mədəniyyət və elm xadimlər, görkəmli hərbi xadimləri və dünya şöhrətli şəxsiyyətlər yetişdirmişdir. Naxçıvan torpağı Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti Heydər Əliyevi bəxş etmişdir.

Respublikamızın Prezidenti cənab İlham Əliyevin dediklərindən: "Ulu öndər Heydər Əliyev öz doğma vətəni Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirdilər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdilər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır. Onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır".

Milli-mənəvi dəyərlərimizin, maddi və mənəvi sərvətlərimizin, muzeylərimizin böyük əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev deyirdi: "Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır".

Muzeylərimizin xalqımızın həyatındakı, inkişafındakı roluna daim qayğıkeşliklə yanaşan Heydər Əliyev 1969-2003-cü illərdə Azərbaycanda yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, hər cür dövlət qayğısı ilə əhatə olunması və sair haqqında bir çox əhəmiyyətli qərarlar, sərəncamlar imzalamışdır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikasında da muzey işinin yenidən qurulması və təşkilinə əsaslı təsir göstərmişdir. Xüsusilə müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında yeni muzeylərin yaradılması və istifadəyə verilməsi, onların eksponatlarla zənginləşdirilməsi, yüksək ixtisaslı kadrlarla təmin edilməsi və digər tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. Görkəmli şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi məqsədilə yaradılan xatirə - ev muzeylərinin, xatirə ansambllarının və komplekslərinin təşkili, geniş surətdə fəaliyyəti də nəzərə çarpacaq dərəcədə artmışdır. Heydər Əliyev Muzeyi, Zərifə xanım Əliyeva Xatirə Muzeyi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəmşid Naxçıvanski, Bəhruz Kəngərli, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev və digər muzeylərin adlarını göstərmək olar.

Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il tarixli, 21-01-S nömrəli sərəncamına əsasən yaradılmış və may ayının 10-da - ümummilli liderimizin anadan olduğu tarixdə fəaliyyətə başlamışdır.

Sərəncamda göstərilir: "Bu gün… fəxr edirik ki, qədim tarixə malik Naxçıvan özünün yetişdirdiyi böyük mütəfəkkir və şəxsiyyətləri ilə tanınır. Məhz belə şəxsiyyətlərdən biri də dünya siyasətçiləri arasında öz dəst-xətti, yeri, hörməti və sözü olan Azərbaycan xalqının lideri möhtərəm Heydər Əliyevdir".

Bu muzey ümummilli liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan muzeylərdən fərqli cəhəti ondadır ki, ulu öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaq olmaqla həm də dahi şəxsiyyətin haqqında çox zəngin və nadir materialların- eksponatların kifayət qədər olmasıdır. Ekspozisiya ilə tanış olduqca dediklərimizin təsdiqini görürük.

Muzey ümummilli liderimizin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı bir vəzifəni həyata keçirir. Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri, stendləri və digər görüntüləri ulu öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. Xüsusilə Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti - Ali Məclisin sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar və s. vasitəsilə yüksək keyfiyyətdə nümayiş etdirilir. Əksəriyyəti ilk dəfə olaraq bu muzeydə nümayiş olunan sənədlər, materiallar dahi, yorulmaq bilməyən görkəmli şəxsiyyətin, böyük azərbaycanlının həyat salnaməsini, - uşaqlıq və gənclik illərini, təhsil aldığı illəri, rəhbər vəzifələrdə çalışdığı illərdə gördüyü çoxcəhətli şərəfli və mürəkkəb vəzifələrin yerinə yetirilməsindən bəhs edir. Bütün bunlar və muzeydə əksini tapmış digər nadir eksponatlar unudulmaz ulu öndərimizin həyat yolunun öyrənilməsi üçün tamaşaçılara, muzeyə gələnlərə çox şeylər, məlumatlar aşılayır.

Muzeyin ekspozisiyalarında ulu öndərimizin xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə, elminə göstərdiyi diqqət və qayğı, xaricə səfərləri haqqında materiallar, kitablar, qəzet-jurnallar, məktublar, teleqramlar və başqa sənədlər elmi cəhətdən əsaslandırılmış, bədii cəhətdən tərtib olunaraq nümayiş etdirilir.

Ekspozisiyanın baxımlı yerində Heydər Əliyevin ağ mərmərdən işlənmiş büst-heykəli qoyulmuşdur (müəllif heykəltəraş Ömər Eldarov). Ümummilli liderin 1969-2003-cü illərdə Naxçıvana gəlişinin fotolarını əks etdirən guşə, "Prezident Heydər Əliyev" portreti (rəssam Aydın Rəcəbov), Naxçıvanda Ali Məclisin sədri işlədiyi dövrdə iş otağında istifadə etdiyi xidməti telefon, qələm, çıraq, müxtəlif əlyazmalar və digər çox dəyərli və maraqlı eksponatlar ayrı-ayrı guşələrdə nümayiş olunur. Ulu öndərimizin 75 illik yubileyinə buraxılmış qızıl qol saatı, qızıl döş nişanı, "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri - 2005", "Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti", "10 may, Naxçıvan - 1998", 80 illik yubileyinə həsr edilmiş döş nişanları, medallar, nəfis şəkildə hazırlanmış "Əsrin müqaviləsi" kitabça və digər əşyalar - eksponatlar vitrinlərdə öz əksini tapmışdır. Dahi rəhbərin ailə üzvləri ilə çəkdirdiyi fotoşəkillər, onun geyim paltarları - palto, şlyapa, kostyum, atası Əlirza Əliyevin, anası İzzət xanımın, həyat yoldaşı Zərifə xanımın, oğlu İlham Əliyevin, nəvəsi Heydər İlham oğlu Əliyevin yağlı boya ilə işlənmiş portretləri və digər eksponatlar muzeyə gələnlərdə maraq doğurur.

Ümummilli liderimizin həyat yolundan bəhs edən bu zəngin və çox dəyərli materiallar əsasında yaradılan muzey naxçıvanlıların, Muxtar Respublikamıza gələn qonaqların, yüksək səviyyəli tədbirlərin iştirakçılarının ziyarət etməsi, ekspozisiyalarla tanış olması mütəmadi xarakter daşıyır. Məktəblilər və tələbələr, mədəniyyət və elm xadimləri, hərbi hissə qulluqçuları, ziyalılar, gənclər və veteranlar muzeyə gələrək, ekspozisiyalarla tanış olur və dahi rəhbərimiz haqqında zəngin və hərtərəfli məlumatlar əldə edirlər.

Respublikamızın Prezidenti hörmətli cənab İlham Əliyev dəfələrlə muzeyi ziyarət etmiş, ekspozisiyalar haqqında öz rəy və təkliflərini qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun muzeyin yaradılması, ədəbi və elmi cəhətdən tərtibatı, zəngin eksponatlarla komplektləşdirilməsində xüsusi qayğı və diqqəti qeyd olunmalıdır.

Fəaliyyət göstərdiyi 10 il ərzində muzeydə bir sıra mühüm və əhəmiyyətli tədbirlərin - görüşlərin, təqdimat mərasimlərinin, ulu öndərimizin anım günlərinin və digər tədbirlərin keçirilməsi bir ənənəyə çevrilmişdir. Muzeyin qarşısında ucalan ümummilli liderin əzəmətli heykəlini hər gün onlarca adamlarımız, şəhərimizin qonaqları ziyarət edir, muzeyin ekspozisiyası ilə tanış olurlar.

Muzeyin rəy kitabında xalqımızın böyük vətənpərvər vətəndaşı, müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu, dünya siyasəti sistemində şərəfli yer tutan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında tamaşaçılar, muzeyə gələnlər öz səmimi ürək sözlərini ifadə etmişlər.

Nəticə olaraq deməyi lazım bilirik ki, müstəqil respublikamızın qurucusu və yaradıcısı, xalqımızın böyük oğlu Heydər Əliyevin həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyətindən bəhs edən muzeyin yaradılması və fəaliyyəti Muxtar respublikamızın həyatında, onun gələcək quruculuq və inkişafında çox mühüm yol göstəricisidir.

Ümummilli liderimizin 85 illik yubileyinə həsr olunmuş "Həyat yolu 1923-2003" kitabında oxuyuruq: "Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, inkişaf baş vermiş, Azərbaycan zamanın ağır və sərt sınaqlarından çıxmış, yaşayaraq tərəqqiyə qovuşmuş, regionda lider dövlətə çevrilmişdir. Qüdrətli siyasi və dövlət xadimi olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli lider adlandırılmışdır".

Ümummilli liderimizin, zəmanəmizin ən böyük azərbaycanlısının dediklərindən: "Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən - azərbaycanlıyam."

- "Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm".

- "Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqilliyi tarixi hadisədir. Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövlətini çatdırmaqdan ibarətdir".

- "Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur".

 

 

Sübhi KƏNGƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.2.