Ədəbiyyatın janr axtarışları Səməd Vurğunun nəzəri şərhində

 

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında keyfiyyətcə yeni mərhələ olan XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı fenomeni yeni janrların yaranması, mövcud olanların yeni forma çalarları kəsb etməsi ilə əlamətdar idi. Ədəbiyyat təkcə yeni ideyalarla zənginləşmirdi. Bu ideyalar özünün formalarını - janrlarını da müəyyən edirdi. 20-30-cu illərdə Azərbaycan ədəbiyyatında məzmun və forma etibarı ilə özünün yeni inkişaf mərhələsinə daxil oldu, nəsrin, dramaturgiyanın roman, povest, dram, komediya kimi janrlarda az bir vaxtda görkəmli əsərlər yazıldı.

XX əsr Azərbaycan ədəbiyyatının ayrı-ayrı janrları haqqında xeyli tədqiqat əsəri yazılmışdır. Lakin ədəbi janrların tənqiddə və ədəbiyyatşünaslıqda tədqiqi, qiymətləndirilməsi məsələsi ötəri halda öyrənilmişdir. Tənqid və ədəbiyyatşünaslığın inkişaf mərhələlərini doğru qiymətləndirmək, onun ədəbi həyata təsirini, bədii fikrin inkişafında rolunu konkret müəyyənləşdirmək baxımından janrların tədqiqi tarixini də öyrənməyə ehtiyac vardır.

Ədəbi-bədii inkişaf barədə S.Vurğunun nəzəri görüşlərində sənətin yaradıcılıq axtarışları mühüm yer tutur. O, bədii fikrin hərəkətini həm də sənətin formalarının - janrlarının axtarış və dinamikası kimi dərk edirdi. Yeni ədəbiyyat məfhumu S.Vurğunun nəzəri-tənqidi görüşlərində, həm də yeni qəhrəmanlar, yeni konfliktlər, yeni xarakter və obrazlar, yeni janrlar, nəhayət, yeni bədii dil axtarışları ilə qiymətləndirilir.

S.Vurğunun ədəbi janr, onu müəyyən edən ictimai və estetik amillər barədə təsəvvürü necə idi? S.Vurğun ilk məqalələrindən başlayaraq ədəbiyyatın poetika məsələləri, o cümlədən ədəbi janrların inkişaf məsələləri onun intensiv tədqiq etdiyi sahələrdəndir.

Ədəbi növ və janrların bədii quruluşundakı yeniləşmənin, eləcə də Azərbaycan ədəbiyyatında yeni janrların yaranmasının köklərini S.Vurğun zaman məfhumu, onun ictimai-estetik məzmunu ilə əsaslandırırdı. Janr və ədəbi prosesin inkişaf istiqamətləri, janr və yazıçı fərdiyyəti, milli ədəbi janrlar və ədəbiyyatların qarşılıqlı zənginləşmə məsələləri, yaradıcılıq metodu və janrların təkamülü kimi problemlər S.Vurğunun poetika barədəki nəzəri mülahizələrinin mühüm tərkib hissəsidir.

S.Vurğun sərbəst şeir, poema, epik poeziya, mənzum roman, dramaturgiya və teatr haqqında danışarkən bu ədəbi növ və janrların sənətkarlıq etibarı ilə yüksək səviyyədə meydana çıxması üçün həyatla ədəbiyyat arasında əlaqə məsələsini əsas hesab edirdi. "Bir həqiqəti dərk etmək lazımdır ki, hər bir böyük sənət əsərinin zənginliyi, müəllifin bu əsərdə ifadə etdiyi duyğu və düşüncələrin gözəlliyi yazıçının xəyalından, yaxud onun mücərrəd mühakimələrindən deyil, real həyatdan, canlı həyatın özündən doğmuşdur".

S.Vurğun 30-50-ci illər ədəbiyyatında dram, poema və lirika janrlarındankı sxematiklik, şablonçuluğun köklərini həyatdan, canlı insanlardan, insan münasibətlərinin mürəkkəbliyindən uzaqlaşmaqda görürdü. Həmçinin ənənəvi formaların davamını, onun poetik sistemində meydana çıxan yeniliyi də S.Vurğun zaman anlayışı ilə bağlı izah edirdi. Lakin janrla zaman arasındakı əlaqələrin ictimai və estetik şərtlərini o, eyni ardıcıllıqla qiymətləndirə bilmirdi. Xüsusən "Oktyabr və Azərbaycan ədəbiyyatı" məqaləsində onun klassik lirika haqqında görüşləri yanlışdır, dövrün vulqar-sosioloji prinsiplərinə tabedir. O, lirikanın məzmun etibarı ilə inkişaf tarixinə nəzər salarkən romantik ədəbi normaları, romantizm estetikasını sırf vulqar mövqedən qiymətləndirirdi: "Əski Azərbaycan ədəbiyyatında lirika, demək ki, ədəbiyyatın əsasını təşkil etmişdir. Lakin bu lirika çox vaxt individualizm ...əsasında inkişaf edərək, dar subyektiv duyğuların tərcümanı olmuşdur. Bu lirikada geniş ictimai motivlərə, ictimai problemlərin həllinə az-az təsadüf olunur".

A.S.Puşkinə həsr edilmiş "Müəllimimiz və dostumuz" məqaləsində də romantik obrazları, romantik təsvir üsulunu mücərrəd, abstrakt epitetlərlə qiymətləndirməyin də metodoloji kökləri o dövrün ədəbiyyatşünaslığının ümumi qüsurlarından irəli gəlirdi. S.Vurğun Puşkinin Tatyanası ilə Nizami və füzulinin Leyli obrazlarını müqayisə edərkən tarixilik prinsipinə riayət etmir, digər tərəfdən romantik və realist təsvir üsullarını qarşı-qarşıya qoyurdu. "Puşkinin Tatyanası mənim üçün böyük mənalı bir kəşf oldu. Bu obrazı dərk edəndən sonra mən Şərq poeziyasında bir çox obrazların mücərrəd və abstrakt xarakterini başa düşdüm".

Lakin adları çəkilən məqalələrin özündə də o, axıra qədər yanlış mövqedə durmur, başqa sözlə, yazıçının mənsub olduğu yaradıcılıq metodu ilə onun müraciət etdiyi ədəbi növ və janrların özünəməxsus estetik prinsiplərinin mövcudluğunu müşahidə edə bilir.

S.Vurğun 30-cu illərin lirikasını məzmununa və təsvir sisteminə görə yeni hadisə hesab edirdi. Çünki yeni məzmun yeni ifadə üsulları tələb edir. "30-cu illərdə şerin məzmunca zənginləşməsi bədii forma zənginliyinə, formada novatorluğa və janr evolyusiyasına da səbəb olur" (M.Cəfər).

20-30-cu illər həyatda mövcud olan inqilabi pafos, gələcəyə böyük inam hissi, müharibə dövründə sovet adamının yüksək vətənpərvərlik duyğuları ədəbiyyatın həyat materialı baxımından zəngin ehtiyatları olduğunu təsdiq edirdi. Buna görə də sənətkarlıq baxımından solğun əsər yazıldığı janrından asılı olmayaraq, S.Vurğunda belə haqlı bir fikir doğururdu ki, yazıçılarımız həyata yaxınlaşmaqda çətinlik çəkirlər, halbuki ədəbi fikir bir istiqamətə - insanın mənəvi aləminə, onun bədii təhlilinə yönəlməlidir: "Ədəbiyyatın bütün janrları insan həyatının poetik mücəssəməsinə çevrilməlidir".

Yuxarıda forma və üslub məsələləri ilə əlaqədar qeyd olunduğu kimi, S.Vurğun yazıçı fərdiyyətini ədəbiyyatın forma rəngarəngliyinin estetik başlanğıclarından biri hesab edirdi. O, janrın tələbləri ilə yaradıcılıq fərdiyyəti barədə də rasional mülahizələr irəli sürmüşdür. O, sənətkar üçün bir janrdan başqasına keçməyi yaradıcılıq genişliyi üçün zəruri hesab edirdi. Lakin bu məqamda şairdən "öz poetik səsini" saxlamağı tələb edir. "Poetik səs" anlayışını S.Vurğun şairin dünyanı dərk etmək, qavramaq imkanı kimi götürür. Əgər M.Rahim lirika ustası kimi "Leninqrad göylərində" poemasını yazmışsa, bu poemada da dünyanın lirik dərki üstündür. "Abşeron torpağında" poemasının qüsurunu isə S.Vurğun "poetik səsin" janrın hüdudlarında itməsi ilə əlaqələndirir. Bu poemada qəhrəmanların qəlb aləminə poetik nüfuz zəifdir. Müəllif onları zahirən görür və qələmə alır: "O öz qəhrəmanlarını lirik bir şəkildə tərənnüm etmək əvəzinə onların haqqında mədhiyyəçilik üslubunda danışmağa başlamışdır".

Yazıçı fərdiyyəti və janr məsələsindən danışarkən S.Vurğun nəzəri cəhətdən bu gün də əhəmiyyətli və ədəbi təcrübədə təsdiq olunan belə fikir irəli sürürdü ki, "Hər bir janr üçün, hər bir mövzu üçün nə isə xüsusi bir poetik səsin tələb olunduğunu düşünmək gülüncdür". Şübhəsiz, sənətkarlar bir janrdan başqa janra keçərkən növbəti formanın bədii imkanlarını nəzərə alır. Lakin bu onun bədii dünyaduyumu, bədii dünyagörüşü daxilində baş verir. Nizami "Leyli və Məcnun"u epik bir tərzdə, füzuli isə lirik təhkiyənin üstünlüyü ilə yaratmışdır. S.Vurğunun "Komsomol poeması"nda lirikasına məxsus zəriflik, romantika yeni bir vüsətlə davam edir.

S.Vurğunun nəzəri görüşlərində "poetik səsin qüvvəsi" ifadəsi də işlədilir. Şair bu ifadə altında sənətkar mövqeyini nəzərdə tuturdu. S.Vurğun üçün sənətdə orta yol yox idi. O, məhəbbəti də, nifrəti də açıq deməyin tərəfdarı idi. Məhz buna görə də şairin öz yaradıcılığında qeyri-səmimi şerə rast gəlmək çətindir.

S.Vurğunun nəzəri görüşlərində lirika, onun predmeti, idraki və sosial kökləri, poetik ifadə imkanları haqqında daha geniş və sistemli danışılmışdır. Rafiq Vəkilovun monoqrafiyasında bu məsələ geniş işıqlandırıldığı üçün biz şairin poema janrı, epiklik, liriklik və bunların əsərin yaranmasında rolu barədəki mülahizələri üzərində dayanacağıq.

Səməd Vurğunun "Sovet poeziyası haqqında" məruzəsi poetik fikrin timsalında müasir ədəbiyyatın ideyaca, məzmunca kəsb etdiyi inkişaf hüdudları ilə yanaşı, onun poetika baxımından hərəkətinə də bir nəzər idi. Məruzədə poetik fikrin hərəkəti klassik irslə yanaşı 20-30-cu və 40-cı illərin də məhsulları əsasında müqayisəli təhlildən keçirilirdi. O, sovet poeziyasının görkəmli nümunələri olan V.Mayakovskinin "Vladimir İliç Lenin", M.Bajanın "Atalar və oğullar" poemalarını yeni tipli əsərlər hesab edərkən janrın poetik ifadə imkanlarını əsas götürürdü. S.Vurğun bu əsərlərdə poetik ümumiləşdirmənin rolunu onda gördü ki, həmin əsərlərin mərkəzində "insanın tarixi fəaliyyətinin ictimai mənası" dururdu.

S.Vurğun poemada lirik, epik və dramatik təsvirlərin bir-birini tamamladığını qeyd etməklə yanaşı belə qənaətə gəlmişdi ki, "ümumiləşdirilmiş xarakterlər və obrazlar yaratmaq, ictimai həyat hadisələrini və vəziyyətlərini göstərmək üçün" epik təsvir üsulunun imkanları hədsizdir. O, poema janrının inkişaf tarixinə nəzər salarkən tarixi dövrlərin hər mərhələsində onun yeni keyfiyyət kəsb etdiyini göstərir. "İliada", "İsmayıl bəy", "Yevgeni Onegin", "Rusiyada kimin günü xoş keçir" və Mayakovskinin "Vladimir İliç Lenin" əsərlərinə tarixi-müqayisəli şəkildə nəzər yetirərkən yazırdı: "Yeni eposun cizgilərini biz sovet şairlərinin yaratmış olduqları poemalarda da görürük".

S.Vurğun sovet ədəbiyyatının klassiki olan V.Mayakovskinin yaradıcılığını, daha doğrusu, onun "Vladimir İliç Lenin" və "Yaxşı" poemalarının poetik quruluşunu, burada epik və lirik xəttin tənasübünü, onların üzvi bağlılığını, lirikanın "qüdrətli səsi" ilə "hadisələrin dramatik təsvir formasının" vəhdətini böyük ustalıqla üzə çıxarmış, nəzəri şəkildə ümumiləşdirmişdir. Bu poemalarda mənəvi süjetin hansı poetik vasitə ilə əvəz olunduğunu S.Vurğun şairin poetik həssaslıqla, nəzəri müşahidə istedadı ilə üzə çıxardır: "Poemadakı hadisə və hərəkətin inkişafı tarixin öz hərəkəti ilə, inqilabın özünün qüdrətli addımları ilə birləşmişdir".

Bunlarla yanaşı, S.Vurğun V.Mayakovskinin poema janrına gətirdiyi yenilikləri də son hədd hesab etmirdi. Əksinə, bu böyük sənətkarın poetik şedevrlərini yüksək qiymətləndirməklə yanaşı, poema janrının yeni ifadə imkanlarını üzə çıxarmağı tələb edirdi: "biz Mayakovskinin böyük zəmanəni təsvir edən poemalarında insan xarakterlərini, tiplərin geniş qalereyasını - həmin dövrdəki hadisələrin vahidi olan insanları tapa bilmərik. Bu isə qarşımızda duran vəzifəni bir daha bizə göstərir: yəni biz gərək Mayakovskinin böyük və canlı ədəbi irsini qiymətləndirməklə bərabər, eyni zamanda, yalnız onun yolu ilə kifayətlənməyək, onun yaradıcılıq yolunu qanun şəklinə salmayaq, böyük inqilabi dövrün epik təsvirində başqa yollar da axtarıb tapaq".

S.Vurğunun V.Mayakovski irsinə belə münasibəti onun ədəbi ənənəyə yaradıcı, novator münasibətindən irəli gəlirdi. Həyat, insan münasibətləri dayanıb durmadığı kimi, bədii fikir, onun ifadə formaları da hərəkətdə olmalı, xalq həyatının dərinliklərini orijinal təsvir üsulları ilə əks etdirməlidir. Maraqlıdır ki, poemanın bir janr kimi poetik quruluşundakı dəyişim prosesini S.Vurğun N.Aseyevin "Semya Proskakov", N.Tixonovun "Kirov bizimlədir", Y.Dolmatovskinin "İtkin düşmüşdür" və digər əsərlərin təhlili ilə sübut edir. Müharibə dövründə yaranmış poemaların əsas bədii məziyyəti epik və lirik formaların üzvi vəhdətinin nəticəsi kimi qiymətləndirilir.

S.Vurğunun Nizami, Rustaveli, Puşkin kimi böyük klassiklərin əsərlərini tərcümə edərkən epik poeziyanın real insan obrazlarını yaratmaqda böyük imkanlarının şahidi olmuş, bu ənənəni şəxsi yaradıcılıq laboratoriyasında, iş başında mənimsəmişdi. Ona görə də həyatın geniş təsvirinə, bir-birinə bənzəməyən insan obrazlarını yaratmağa müvəffəq olmaq üçün poetik fikri epik vüsətə çağırırdı. Bununla yanaşı lirika ilə epos arasında sədd qoymurdu, əksinə, bunların ayrılmaz surətdə bağlı olduğunu göstərirdi.

S.Vurğunun poema haqqında nəzəri görüşləri bu janrın tarixi təcrübəinə, əsaslanırdı. Onun məruzəsində onlarca poemanın adı çəkilir, lakin onlar məhz poetikasına görə qruplaşdırılır və bu janrın hansı formasının, hansı məqamda üstünlük qazandığı aşkara çıxarılır. Lirik-epik poemalarla bərabər epik-dramatik poemaların və mənzum romanların da müasir ədəbiyyatda inkişafı üçün həyat materialı olduğunu sübut edir: "Epik poeziya şairin yaradıcılıq imkanlarının, həmçinin onun lirik istedadının bütünlüklə və hərtərəfli meydana çıxmasına xeyli kömək edir".

Yüksək poetik meyar S.Vurğunun sənət haqqında konsepsiyasının əsasında durur. O, şəxsi yaradıcılığına sərt, obyektiv tənqidi münasibət bəslədyi kimi sovet poeziyasının tanınmış nümayəndələrinin də sənətkarlıq qüsurlarını böyük cəsarət və ehtiram hissi ilə göstərməkdən çəkinmirdi. Xüsusən poetik janrları bəsitləşdirəndə, onu epiqonçuluğa, prozaya doğru sürükləyəndə daha sərt mövqe tuturdu. Təsadüfi deyil ki, A.Yaşin, Y.Dolmatovski, S.Vasilyev, M.Rahim və başqa şairlərin poema janrında yazdığı əsərləri "qafiyələnmiş oçerk" adlandırılırdı.

Ədəbi prosesdə elə mühüm bir problem olmamışdır ki, S.Vurğun bu və ya digər şəkildə ona öz münasibətini bildirməmiş olsun. Ədəbi tənqid və publisistika, lirika, poema ilə bağlı mübahisələrdə fəal iştirak edən S.Vurğun respublikada dramaturgiya və teatr problemlərinin də həllində fəal iştirak etmişdir. Onun dramaturgiya və teatr haqqında mülahizələri də sırf professional səciyyə daşıyır. Bu təkcə onun ümumi hazırlığı ilə əlaqədar deyildi. "Vaqif", "fərhad və Şirin", "Xanlar", "İnsan" pyesləri, onların səhnəyə qoyulmasında yaxından iştirakı, ümumiyyətlə, şairin dramaturgiya və teatr aləminə dərindən daxil olması ona bu sahədə nəzəri ümumiləşdirmələr aparmağa haqq verirdi.

S.Vurğun ədəbiyyatın istənilən janrına kütləvi axını normal hal hesab etmirdi. 1943-cü ildə yazdığı "Bir neçə söz" məqaləsi də dramaturgiyaya axınla və bunun nəticəsində dram janrının sənətkarlıq səviyyəsinin aşağı düşməsi ilə əlaqədar yazılmışdı. S.Vurğun burada da yaradıcılıq qabiliyyəti və janr problemini irəli sürür. Hər yazıçının öz ədəbi janrını tapmasını yaradıcılıq prosesinin mühüm amili hesab edir. O, məsələnin iki tərəfinə xüsusi yer verirdi. Hər yazıçıdan dramaturq olarmı və hamının daramturq olması vacibdirmi? Məqalədə dramaturgiyaya axının sırf yaradıcılıq məsələlərinə daxil olmayan səbəblərindən də bəhs edilir. Lakin məsələnin əsas nəzəri əhəmiyyəti onda idi ki, müəllif dram janrına müraciət edən şairin və ya nasirin diqqətini ona yönəldirdi ki, "dramaturq olmaq üçün yüksək insan xarakterlərini yaratmaq, kəskin ictimai konfliktlər qurmaq və bütün bunları mahir səhnə dili ilə ifadə etmək dramaturqun qarşısında duran əsas tələbdir". Bunun üçün də sənətkar öz yaradıcılq təbiəti ilə dram janrının tələblərini ölçüb-biçməlidir. Daxili yaradıcılıq zərurəti S.Vurğunun nəzəri görüşlərində yaradıcılıq psixologiyasına aid olan mühüm amil kimi dönə-dönə şərh edilir. Bu məqalədə də yaradıcılıq zərurəti olmadan dram yazmağın ədəbi prosesin inkişafına əks təsiri üzərində dayanılır. O, milli ədəbi inkişafı hansısa janrın adı ilə bağlamağın əleyhinə idi. Buna görə də ədəbi inkişafı, sənətkarlıq səviyyəsinin müasirliyini dram yazmaqda görənlərə cavab olaraq əsaslandırırdı ki, belə axın ədəbi prosesin hərtərəfli inkişafını ləngidir, konkret olaraq teatr isə bundan heç nə qazanmır.

SSRİ Yazıçıları İttifaqı idarə heyətinin X plenumundakı çıxışında S.Vurğun Azərbaycan dramaturgiyasının problemlərinə də toxunur. Burada mövzu təkrarçılığının mənfi nəticələri araşdırılır. M.İbrahimovun "Məhəbbət" pyesindən sonra M.Hüseynin "İntizar" əsərini yazması S.Vurğuna görə zəruri ehtiyacdan doğmamışdı. Buna görə də əsərdəki obrazlar saxta və uydurma hesab edilir.

S.Vurğunun dramaturgiya haqqında mülahizələrində belə bir məsələyə dönə-dönə qayıdılır ki, həyatı bütün mürəkkəbliyi ilə öyrənmədən, müxtəlif insan taleləri və xarakterləri ilə tanış olmadan dramaturgiyada müvəffəqiyyət qazanmaq mümkün deyil. Əslində həyatla ədəbiyyatın əlaqəsi məsələsi bütün janrlar üçün təbii şərtdir. Lakin lirika ilə dramı müqayisə etdikdə dramaturqun daha rəngarəng həyat materialına ehtiyacı olduğunu görürük. "Məhz buna görə çox vaxt bizim dramatik əsərlərdə bütün qəhrəmanların əvəzinə müəllif özü danışır, səhnədə qəhrəmanın özü, onun şəxsi ruhu, həyat tərzi, dili, öz dünyagörüşü, psixologiyası görünmür".

"Azərbaycan ədəbiyyatının gələcək vəzifələri" (1945) məqaləsində dramaturgiyanın C.Cabbarlıdan sonrakı inkişaf istiqamətləri araşdırılır. Məqalədə C.Cabbarlı ənənələri Azərbaycan dram sənətinin ideya-bədii simasını müəyyənləşdirən amil kimi təhlil edilir. Lakin dramaturgiyanın inkişafındakı digər bir meyl, mənfi obrazların xaotik yığnağı olan əsərlərə aludəçilik və bunun teatra gətirdiyi sənətkarlıq qayğıları araşdırılır. S.Vurğun səhnəni mənəviyyatsız obrazlar yığnağına çevirməyin əleyhinə idi. Çünki bu obrazların çoxu bir-birinə bənzəyirdi. Digər tərəfdən müasir dram əsərlərində müsbət obrazlar səhnədə sıxışdırılırdı. Həm də, bu obrazlar mənfi xarakterlərə nisbətən zəif işlənirdi. S.Vurğunun bu müşahidəsini ədəbi prosesin bütün janrlarında görmək olar. Məqalənin başlıqlarından birinin "Xeyirli və mənalı gülüş" adlandırılması da təsadüfi deyildi. S.Vurğun komediya janrının inkişafını ciddi, dərin ictimai məzmunlu gülüşsüz təsəvvür etmirdi.

S.Vurğunun ayrı-ayrı ədəbi forma və mövzular barədə mülahizələri təsadüfi səciyyə daşımırdı. Bu onun sənət haqqında görüşlərinin sistemliliyini ehtiva edir, ədəbi prosesin inkişafına bütöv münasibətini təsdiq edirdi.

 

 

Şirindil Alışanlı

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.1, 3.