Virtual məkanda

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il görkəmli Azərbaycan şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi geniş miqyasda qeyd olunur. Xalqımızın sevimli şairinin yubileyinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir ki, bütün bunlar haqqında dövri mətbuatdan, radio və televiziyadan yəqin ki, geniş məlumatınız vardır. Bu yazımda Rəsul Rzanın adı ilə bağlı bir tədbir haqqında oxucuları məlumatlandırmaq istərdim ki, bu da Rəsul Rzanın memorial İnternet saytının təqdimatı ilə əlaqədardır.

Öncə onu deyim ki, müasir kompyuter texnologiyalarından istifadə olunması, onların mədəniyyət sahələrinə - ədəbiyyata, incəsənətə tətbiqi olduqca qeyri-adi bir effektə malik hadisədir. Bu işi respublikamızda həyata keçirən ilk təşkilat "Musiqi dünyası" jurnalı və elektron nəşrlər mərkəzidir ki, artıq bu istiqamətdə liderə çevrilərək Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mədəniyyət və incəsənət xadimlərinə, elm və təhsil sahələrinə həsr olunmuş otuza yaxın müxtəlif səciyyəli veb-saytın yaradıcısı kimi tanınmışdır.

Jurnalın baş redaktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun müəllifi və rəhbəri olduğu bu elektron resurslar Azərbaycan mədəniyyətinin təbliğində, yaşadılmasında, gələcək nəsillərə ötürülməsində və dünyada tanıdılmasında böyük əhəmiyyətə malikdir. "Musiqi dünyası" yaradıcı qrupunun elektron məhsulları virtual məkanda kifayət qədər məşhurlaşmışdır, İnternet istifadəçilərinin sayı və marağı, kollektivin layiq görüldüyü mükafatlar bunu deməyə əsas verir.

Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Tofiq Quliyev, Vaqif Mustafazadə kimi sənətkarlarımıza həsr olunmuş memorial saytlar sırasına indi Rəsul Rzanın veb-saytının əlavə olunması əlamətdardır. Belə ki, əsasən musiqi mədəniyyəti ilə bağlı elektron məhsulların hazırlanması istiqamətində ixtisaslaşmış "Musiqi dünyası" üçün poeziya dünyasına - Rəsul Rzanın yaradıcılığına müraciət yeni idi və bilavasitə musiqi ilə poeziyanın vəhdətindən doğan bir saytın meydana gəlməsinə təkan verdi.

"Rəsul Rza" memorial saytında şairin həyat yolu, yaradıcılığı - janrlar üzrə əsərlərinin mətni, onların tərcümələri, biblioqrafik məlumat, əlyazmaları, foto, audio və videoyazılar əhatə olunmuşdur. Mündəricə baxımından bəlkə də təqdim olunan material saytyaradıcılığı üçün məqbul sahələri əks etdirir, yəni bu kimi bölmələr digər saytların da əsasını təşkil edir. Lakin veb-saytın məzmunu baxımından burada olduqca böyük həcmdə rəngarəng informasiya cəmlənmişdir ki, bu da onu özünəməxsus, unikal, müasir informasiya texnologiyaları ilə işlənmiş bir sənət əsəri kimi səciyyələndirir. Bu, həqiqətən də Rəsul Rza sənətinə yeni baxışdır.

"Rəsul Rza" veb-saytının özəlliyi ondadır ki, kompyuterdə şairin həyat və yaradıcılığını gözümüz qarşısında canlandırmaq imkanı qazanmış oluruq. Anlaşıqlı olmaq üçün saytın məzmunu ilə bağlı bir qədər ətraflı məlumat vermək və elektron resursun məğzini oxucular üçün aydınlaşdırmaq istərdim.

Saytın birinci bölməsi "Həyat yolu" adlanır. Burada Rəsul Rzanın tərcümeyi-halı, onun özü tərəfindən qələmə alınmış "Avtobioqrafiya"sı və əsərlərinin biblioqrafiyası yer almışdır. Xatırladım ki, elektron multimediya məhsulunun başlıca xüsusiyyətlərindən biri odur ki, təqdim olunan mətni vizual olaraq canlandırmaq, digər veb-səhifələrə keçməklə və ya başqa saytlarla əlaqə yaratmaqla informasiyanı dolğunlaşdırmaq olar. Bu baxımdan Rəsul Rzanın həyat yolu ilə bağlı olan insanlar haqqında, bilavasitə ailə üzvləri - dövrümüzün görkəmli şairəsi Nigar Rəfibəyli, xalq yazıçısı Anar və sənət dostları haqqında daha geniş bilgilər almaq mümkündür.

Bu kimi əlaqəli informasiya saytın digər bölmələrində də öz əksini tapır. Bu baxımdan saytın ikinci bölməsi şairin əsərlərinə həsr olunmuşdur. Burada Rəsul Rzanın şeirləri, poemaları, pyesləri, publisistikası, Rəsul Rzanın dünya ədəbiyyatından tərcümələri və Rəsul Rza poeziyasından tərcümələr toplanıb. Şairin cild-cild çap olunmuş əsərləri külliyyatının bu bölmədə yerləşdirilməsi artıq onun həcmini təsəvvür etməyə imkan verir. Həm də burada hər hansı bir şerin mətnini oxumaq deyil, eyni zamanda, onun bir neçə dilə - rus, ingilis, türk, fransız və s. dillərə - tərcüməsi ilə tanış olmaq, həmin şeri aktyorların ifasında və şerə yazılmış mahnını müğənnilərin ifasında dinləmək olar. Əsərin bu cür təbəqəli təqdimatı onun emosional təsir qüvvəsini artırır.

Saytın xüsusi maraq doğuran bölmələri fotoarxiv, audioarxiv, videoarxiv, epistolyar irsi bölmələridir. Bütün burada toplanmış materiallar Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən götürülmüşdür. Bu sənədlər adı çəkilən arxivin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymurovun böyük səyi və məsləhətləri ilə sayta daxil edilmişdir. Həmçinin, Rəsul Rzanın şəxsi arxivi onun oğlu, xalq yazıçısı Anar tərəfindən redaksiyaya təqdim olunmuşdur. Layihənin baş məsləhətçisi, tanınmış naşir Nazim İbrahimovun Rəsul Rzanın zəngin irsinin toplanmasında mühüm rolu olmuşdur.

Göründüyü kimi, burada böyük həcmdə faktiki material rəqəmsal formatda elektron versiyada işlənilmişdir. Bütün bunlar olduqca qiymətli sənədlər olub, tədqiqatçılar üçün xüsusi dəyərə malikdir. Etiraf edək ki, hər belə bir sənədin tədqiqata cəlb olunması üçün müəyyən hazırlıq işi aparılır, arxivlər öyrənilir, əski əlifba ilə yazılmış sənədlər transliterasiya olunur və s.

Təqdim olunan elektron versiyada isə artıq bütün bu arxiv sənədləri açıq informasiyaya çevrilir. Həmin sənədlərdən istifadə etmək üçün arxiv fondlarını araşdırmaq deyil, İnternetə daxil olmaq lazımdır. Sadəcə bir neçə texniki əməliyyatı yerinə yetirməklə, gözümüz qarşısında qeyri-adi bir aləm açılır - Rəsul Rzanın mənəvi aləmi... Şairin həyatının müxtəlif anlarını özündə yaşadan fotoşəkillər, onun müxtəlif insanlarla ünsiyyətini əks etdirən məktubları, yaradıcılıq laboratoriyasını gözümüz qarşısında canlandıran əlyazmaları...

Bəzi əlyazmaları ərəb, bəzisi isə kiril əlifbası ilə qələmə alınmışdır, lakin saytda bütün bunların latın qrafikasına keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Belə ki, bizim dövrün ziyalıları üçün XX əsrdə əlifbanın bir neçə dəfə dəyişdirilməsi müəyyən çətinliklər törətsə də, saytda bütün sənədlərin, əlyazmaların latın qrafikasında verilməsi gələcək nəsillər üçün mühüm mənbəyə çevriləcəyi və geniş tədqiqatlara yol açacağı şübhəsizdir. Digər tərəfdən, Rəsul Rzanın epistolyar irsinin təqdimatı zamanı ərəb, kiril və latın qrafikalı yazıların öz əksini tapması, həm də məcazi məna daşıyır və bu, bir tərəfdən, XX əsrin reallıqları olub, bəlkə də xalqımızın yaşadığı ziddiyyətli taleyə bir işarədir. Bu taleyi Rəsul Rza da yaşamışdı, çağdaş dövrünün bütün təzadlı olaylarından keçərək yaşamışdı, bu da onun bütün yaradıcılığına hopmuşdu.

Sənətkarın daxili hisslərinin təcəssümü olan məktubları və əlyazmaları indi xalqın malına çevrildi. Yəqin ki, bütün bunlara hələ bundan sonra dönə-dönə müraciət olunacaq, cild-cild tədqiqatlar yazılacaq. Bütün bunlar sənətkarın qəlbini duymağa, onun fikirlərini dərindən anlamağa imkan yaradan mənbələrdir və belə bir zəngin dünyanın virtual məkana çıxarılması həm də xalqımızın mənəviyyatının, mədəniyyətinin dərk olunması yolunda atılan mühüm addımdır.

Eyni zamanda, audio və video yazılar da yaşadığımız dövrün ab-havasını, şairin həyat və yaradıcılıq yolunu təzahür etdirən mənbələrdir və bunların da bir araya gətirilməsi bütöv bir mədəni epoxanı sanki hərəkətə gətirir, sənədli xronika və bədii ifadə vasitələri ilə tarixin önəmli anlarını işıqlandırır. Şübhəsiz ki, bütün bu hadisələrin qəhrəmanı Rəsul Rzadır - şair, tərcüməçi, publisist, ictimai xadim, ailəsinin, sənət dostlarının, sadə əməkçi insanların əhatəsində yaşayan, dahiyanə əsərlər yaradan Rəsul Rza.

Məhz Rəsul Rza poeziyasından ilhamlanan "Musiqi dünyası" yaradıcı qrupunun səyi və əməyi nəticəsində biz indi Rəsul Rzanın poeziya dünyasına daxil ola bilirik. Onun həyatının ayrı-ayrı anlarını görür və eşidirik. Bu audio-vizual təcəssüm imkanları şairin əsərlərinin aşıladığı bədii-estetik zövqü qüvvətləndirməklə, artıq yeni bir anlam səviyyəsinə gətirir.

Onu da deyim ki, "Musiqi dünyası" jurnalının Rəsul Rza poeziyasına müraciəti təsadüfi olmamışdır. Bundan öncə Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyi münasibətilə hazırlanmış böyük bir layihə üzərində işə başlayan "Musiqi dünyası"nın yaradıcı qrupu tərəfindən "Mediateka" veb-saytı ictimaiyyətə təqdim olunmuşdur və əlamətdardır ki, "Mediateka" veb-saytı "Netty - 2010" Milli İnternet mükafatına layiq görülmüş, "Mədəniyyət və incəsənət" nominasiyasında birincilik qazanmışdır. Bu məqamda "Musiqi dünyası" jurnalının və elektron nəşrlər mərkəzinin əməkdaşlarını gördükləri bu böyük işlərə və əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istəyirəm.

Bəli, bu günlər Rəsul Rzanın yubileyi keçirilir. Bütün ziyalılarımız, respublikamızın ictimaiyyəti, ədəbiyyatşünaslar və ədəbiyyatsevərlər bu yubiley əhval-ruhiyyəsini hiss edir, sənət şövqü ilə yaşayırlar. Rəsul Rza poeziyası ilə dolğun bir ab-havada nəfəs alırlar. Bu il Rəsul Rza ilə bağlı müxtəlif tədbirlər keçirilib və tədbirlər silsiləsi hələ də davam edir.

Adətən yubiley vaxtı sənətkarın həyat və yaradıcılığından söhbət açılır. Ancaq Rəsul Rza təkcə elə yubileydən-yubileyə yada düşən şəxsiyyətlərdən deyil! Rəsul Rza hər gün, hər an bizim aramızdadır - öz əsərləri ilə, şeirləri ilə, ideyaları ilə. Rəsul Rza poeziyası xalqımızın milli sərvətidir. Bu sərvətlə dünyanın ən müxtəlif nöqtələrində, müxtəlif millətlərə mənsub insanlar maraqlanırlar, tərcümələr edirlər, öyrənirlər, bəhrələnirlər.

İndi Rəsul Rza poeziyası ilə təmasda olmaq üçün təkcə kitabxanaları və arxiv fondlarını axtarmaq yox, eyni zamanda, müasir informasiya texnologiyalarının bizə verdiyi imkanlardan istifadə edərək, Rəsul Rza sənətini yaşadan bu ünvana müraciət etmək kifayətdir: www.rasulrza.musigi-dunya.az

 

Cəmilə HƏSƏNOVA

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.2.