Fikrət Sadıq – 80

 

Hörmətli Fikrət müəllim!

Sizi - poeziyamızın görkəmli nümayəndəsini 80 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Sizin imzanız yarım əsrdən artıqdır geniş oxucu auditoriyasına tanışdır. Bədii ədəbiyyata gəldiyiniz ilk vaxtdan - ötən əsrin əllinci illərində şeirləriniz ədəbi ictimaiyyətin diqqətini çəkmiş, böyük maraqla qarşılanmışdır. İlk qələm təcrübələriniz Azərbaycan Dövlət Universitetinin tərtib etdiyi "Gənclik nəğmələri" almanaxına daxil edilmişdir. "Cığır" adlanan ilk kitabınız 1963-cü ildə işıq üzü görmüşdür. "Ömrün bir günü", "Dəniz küçəmizə gəlir", "Sevgi yağışı", "İşığın yaşı", "Yerdən göyə ümid", "Məndən soruşsalar", "Sərhəddə səhər", "İşlə ev arasında", "Gözlədiyim ömür", "Dünya öz işindədir", "Taleyin acığına" kitablarınızda toplanmış şeirlərinizdə poetik axtarışlarınızın əsas obyekti dünyanın təzadları, insanların qayğısı, sevincidir. Müraciət etdiyiniz mövzulara vətəndaşlıq qayəsi ilə yanaşır, səmimiyyətinizlə oxucunun qəlbinə yol tapırsınız. Siz uşaqların da sevimli şairisiniz. "Cırtdan hara getmişdir?", "Bala kirpi", "Göydən alma düşmədi", "Gəlin yuyaq dənizi", "Şeirli əlifba" kitablarınız balaca oxucularımıza töhfədir. Qələminizi nəsrdə dramaturgiyada da sınamısınız. "Yumaq top", "Bir parça Vətən", "Oğul" pyeslərinin, bir neçə hekayənin müəllifisiniz. Bədii tərcümə sahəsində xidmətləriniz diqqətəlayiqdir. Türk şairi T.Fikrətin "Şərmin", rus şairi S.Marşakın "Axmaq siçan balasının nağılı" kitabları sizin tərcümənizdə Azərbaycan oxucusuna çatdırılmışdır. Siz kino sahəsində səmərəli fəaliyyət göstərmisiniz. "İçərişəhər", "Naxçıvan-50", "Süleyman Rüstəm" sənədli filmlərinin, "Cırtdanın yeni sərgüzəştləri" cizgi filminin ssenari müəllifisiniz.

Bakı Dövlət Universitetini bitirdikdən sonra bir müddət bu təhsil ocağında, sonra "Azərbaycan Sovet Ensiklopediyası" baş redaksiyasında, "Gənclik" nəşriyyatında, "Azərbaycanfilm" kinostudiyasında işləmisiniz. 1975-ci ildən bu günə kimi Azərbaycan Yazıçılar Birliyində çalışırsınız. Hazırda şeir üzrə məsləhətçisiniz. Ədəbiyyatımız qarşısındakı xidmətlərinizə görə əməkdar mədəniyyət işçisi fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülmüsünüz.

Hörmətli Fikrət müəllim!

Sizi bir daha 80 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.4.