Musa Ələkbərli-60

 

Hörmətli Musa müəllim!

 

Sizi - tanınmış şairi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa erkən başlamısınız. İlk mətbu şeriniz 1964-cü ildə Cədəbəydə çıxan "Tərəqqi" qəzetində dərc edilmişdir. Daha sonra Respublika mətbuatında müntəzəm çıxış etmisiniz. İlk qələm təcrübələriniz maraqla qarşılanmışdır. İndi siz on bir kitab müəllifisiniz. "Məndən şeir istə", "Ürəyimin işığında", "Tanrı mənə söyləməsə yazmaram", "Bəlkə bir görüşdük", "Gözümdə ağlar bulud", "Dünya sevgidən doğulub" s. kitablarınız poeziyasevərlərə töhfədir. Şeirləriniz türk, rus, ingilis, özbək, tacik, belorus, latış və s. dillərə tərcümə olunmuşdur. Ədəbi uğurlarınıza görə Azərbaycan Yazıçılar Birliyinin "İlin ən yaxşı şeri" üçün İsa İsmayılzadə adına mükafata layiq görülmüsünüz.

Siz 1974-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmisiniz. Həmin ildən "Gənclik" nəşriyyatında işə başlamış, uzun illər burada çalışmısınız. 190-dan artıq kitabın redaktoru olmusunuz.

Hörmətli Musa müəllim!

Sizi bir daha 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.4.