Müəllim ömrü tələbələrində davam edir

 

Uşaqlıq və gənclik illərindən uzaqlaşdıqca, vaxtilə çox adicə yaşanmış günlər belə getdikcə nağıllaşır, ülviləşir və böyük həsrət, xiffət mövzusuna çevrilir. Təbii ki, həmin illərin əziz yaxınları da daha böyük kövrəkliklə, doğmalıqla xatırlanır, nisgillənir. Onlardan hər birini itirdikdə isə sanki öz ömrünün də əziz günləri ilə vidalaşırsan…

Uzaq tələbəlik və aspirantlıq illərindən başlayaraq ikinci ocaq saydığımız Bakı Dövlət Universitetində uzun zaman çiyin-çiyinə çalışdığım, qayğı və dərdlərimi bölüşdüyüm Cəlal müəllimin gözlənilmədən dünyasını dəyişməsi taleyin daha bir qəfil zərbəsi oldu.

Birinci kursdan universiteti bitirənədək biz üç dost - Cəlal Abdullayev, Xalid Əlimirzəyev və mən tələbəliyin bütün şirinli-acılı həyatını bərabər bölüşdük, həqiqi mənada sevinc və dərd şəriki olduq. Qədirbilən müəllimlərimizin sayəsində sonrakı aspirantlıq və müəllimlik yollarımız da bahəm oldu.

Gürcüstanın Qarayazı rayonunda sadə kəndli ailəsində halal və ağır zəhmətə öyrənmiş Cəlal müəllim bütün sonrakı ömrünü də fədakar cəfakeşliklə yaşadı, heç bir dayağı, güvənci olmadan tez bir zamanda o vaxtkı ADU-nun filologiya fakültəsinin ən nüfuzlu və sevimli müəllimlərindən oldu, mətbuatda tənqidi məqalələri dərc edildi. Cəlal müəllim ailənin böyük oğlu idi. Kənddəki bacı və qardaşlarının da Bakıda ali təhsil alması üçün əlindən gələni əsirgəmədi, onlara ikinci ata oldu.

Təbii ki, çətinlikləri də az olmamışdır. Dördüncü kurs tələbəsi ikən ilk tənqidi məqaləmizi birlikdə yazdıq; xalq yazıçısı İsa Muğannanın "Dan ulduzu" povesti haqqında. (Qismətə bax ki, sonralar İ.Muğanna ilə bacanaq oldular). Lakin o vaxtlar "Azərbaycan gəncləri" qəzetinin əməkdaşı hələ heç bir yerdə çap olunmadığımızı səbəb göstərərək məqaləni geri qaytardı.

Bizim nəslin kamilləşməsində böyük əməyi olan əziz, unudulmaz müəllimimiz professor Cəfər Xəndanın yubileyi ilə əlaqədar olan xatirələr kitabı üçün müştərək şəkildə geniş xatirə yazmışdıq. Bu günlərdə nəşr olunan həmin kitabı və sonuncu çap əsərini təəssüf ki, Cəlal müəllim görə bilmədi.

Cəlal müəllim ədəbiyyat tarixini, xüsusilə şifahi xalq ədəbiyyatını kamil bilirdi. Hələ oxumağa gələndə geniş mütaliəyə malik idi. Poeziyanı yaman xoşlardı, sinədəftərdi, gözəl yaddaşı vardı, şeir dedikcə özü də vəcdə gələrdi. Xalq şairi Səməd Vurğunun böyük vurğunu idi! İlk elmi məqaləsi də, diplom işi də, namizədlik və doktorluq dissertasiyaları da S.Vurğun yaradıcılığına aid idi. Zəhmətkeş alim idi Cəlal müəllim! Həyatda nəyə nail olmuşdusa, yalnız özünün ağır zəhməti, dözümü və iradəsi hesabına nailiyyət qazana bilmişdi. Nailiyyətləri isə az olmamışdı. Hər şeydən əvvəl o, ürəyincə, gözəl ailə qura bilmişdi. Uzun illərin kirayənişinliyindən, sonralar bir otaqlı mənzilin darısqallığından xilas olub gözəl mənzil almışdı, məsud ailə həyatına yetişmişdi. Həyat yoldaşının böyük qayğıkeşliyi və atalarının yolunu şərəflə davam etdirən üç balasının uğurları onun keçmişdə qalmış ağır zəhmət əzablarının böyük təskinliyi idi…

Cəlal müəllimin bütün elmi, pedaqoji fəaliyyəti yalnız Bakı Dövlət Universitetinin filologiya fakültəsi ilə bağlıdır. O, burada qırx səkkiz il dərs dedi, otuz ildən artıq kafedra müdiri oldu, onlarla alim yetişdirdi, dərsliklər yazdı, tədris proqramları yaratdı, bir neçə nəsil filoloqların yetişməsində böyük xidmətlər göstərdi. Həqiqi müəllimlərin ömrü onların tələbələrinin ömründə, fəaliyyətində davam edir; təkcə elmi səviyyəsində deyil, həm də müəllimlik səriştəsində, pedaqoji təcrübəsində, dərs demək manerasında…

Müdiri olduğu Müasir Azərbaycan ədəbiyyatı kafedrasının inkişafında isə Cəlal müəllimin müstəsna zəhməti vardır. O, kafedranın tədris proqramını xeyli genişləndirdi, yeni fənlər artırdı, istedadlı gənclərə hər cür şərait yaratmaqla layiqli professor kadrları yetişdirdi. Sağ olsun, bu kollektivi də. Onlar da Cəlal müəllimə sədaqətli çıxdılar, ona həmişə ağsaqqal məqamında ehtiram göstərdilər, xatirini əziz tutdular.

Cəlal müəllim təbiətcə çox xeyirxah, nikbin, zarafatcıl və sözünü açıq deyən mərd insan idi. Fakültə həyatında onun xüsusi, təkrarsız yeri, mövqeyi vardı. Müəllimlər və tələbələrlə şux zarafatlarına hamı öyrənmişdi. Dostluqda isə əvəzsiz idi, çox qayğıkeş və səmimi idi. Uzun illər bütün qayğılarımızı, nigarançılıq və dərdlərimizi şərik bölüşmüşük, bir-birimizə təskinlik və məsləhət güvənci olmuşuq. fakültəmizi Cəlal müəllimsiz təsəvvür etmək çox çətindir, ağırdır…

Yəqin ki, dünyada bircə nəfərə ölümsüzlük bəxş edilmiş olsaydı, hamı üçün ölüm daha qorxunc və müdhiş görünərdi, yaşamaq həsrəti və həsədi daha güclü olardı. Lakin indi hər kəs ölümünə hər şeydən artıq əmindir və hamı da məlul, məyus öz "növbəsini" gözləyir. Yeganə təsəlli özündən sonra qalacaq yadigarlardır… Cəlal müəllimin isə belə yadigarları təskinlik dərəcəsində kifayət qədərdir. Və onun xatirəsi heç vaxt unudulmayacaqdır. Allah rəhmət eləsin.

İlk dəfədir ki, "Vida sözü" yazmalı oldum… Sonuncu olsun! Amin!

 

 

Təhsin MÜTƏLLİMOV

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.6.