Əhməd Şmideyə ağı

 

Vətəndən didərgin düşüb qürbət ölkədə sakin olmağımın təxminən 6-7-ci ilində iki böyük şəxsiyyətlə tanış olmağım həyatımın ən dəyəri və heç bir şeylə əvəz olunmaz əlamətdar hadisələrindən idi. Bəlkə elə buna görə ömrüm boyu mühacirətdə yaşamağıma dəyərdi. Bu iki şəxsiyyəti Azərbaycan elmi-ədəbi ictimaiyyəti yaxşı tanıyır. Onlardan biri böyük türkoloq alim Turxan Zeynal oğlu Məhəmmədzadə Gəncəyi, digəri isə almaniyalı yazıçı, tərcüməçi və tədqiqatçı Hans Piter Əhməd Şmide idi. Turxan Gəncəyi 2005-ci ildə Londonda vəfat etdi. Beş il sonra - hələ bu itkinin dərdi köhnəlməmiş bu il oktyabrın 10-da Əhməd bəy Şmideniitirdik.

Almaniyada Azərbaycana qarşı uydurma torpaq iddialarında bulunan erməni təcavüzkarlarına mətbuat səhifələrində vaxtaşırı kəsərli cavab verərək bizi müdafiə edən, milli ədəbiyyatımızı, folklorumuzu təbliğ edən böyük bir şəxsiyyəti itirdik. İndi bu itkinin böyüklüyünü dərk etmək o qədər də asan deyil. Görkəmli, məşhur azərbaycanşünasa, azərbaycansevərə və gözəl insana əbədi eşq olsun! Əhməd Şmidenin həyat yoldaşı Ayişə xanıma və iki əziz oğlu Həsən və Hüseynə, həmçinin Azərbaycanın ədəbi ictimaiyyətinə dərin hüzn və ürək ağrısıyla başsağlığı verirəm.

 

 

Məhəmmədəli HÜSEYNİ

 

         Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.6.