Aida İmanquliyeva tədqiqatlarının öyrənilməsinə yeni bir töhfə

  

Bu günlərdə elmi ictimaiyyətimizə yeni bir kitab təqdim olunmuşdur. Ərəb mühacirət ədəbiyyatının tədqiqatçısı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəsirə Əzizəliyevanın "Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri" (Bakı, "Elm və təhsil", 2010) monoqrafiyası görkəmli ərəbşünas alim, ərəb ədəbiyyatının öyrənilməsində böyük xidmətləri olan filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi irsinin araşdırılmasına həsr olunmuşdur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vaqif Arzumanlıdır.

Ümumiyyətlə, Azərbaycan alimi Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatı haqqında tədqiqatları ərəb-Avropa və Amerika ədəbi əlaqələrinin obyektiv elmi əsaslarla və geniş şəkildə öyrənilməsi sahəsində yeni bir mərhələdir. O, özündən əvvəl aparılmış tədqiqatları nəzərdən keçirərək onların müsbət cəhətlərindən istifadə etmişdir. Avropa, rus və ərəb alimlərinin məhcər ədəbiyyatı ilə bağlı araşdırmalarındakı dəyərli fikirlər A.İmanquliyeva tərəfindən xüsusi qayğı ilə öyrənilmişdir. Onun tədqiqatlarında Cübran və ər-Reyhaniyə Qərb romantik məktəbinin təsirini şişirtməyən İ.Y.Kraçkovskinin müəyyənləşdirdiyi metodoloji müddəalar əsas götürülür. "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabında A.İmanquliyeva "Suriya-Amerika məktəbi"nin nümayəndələri Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin yaradıcılığının təkamülünü Qərb romantizmirus tənqidi realizminin təsiri altında tədqiq edir. Bu, eyni zamanda, yeni ərəb ədəbiyyatı və dünya ədəbiyyatının müxtəlif cərəyanlarının və bədii metodlarının qarşılıqlı əlaqəsi tarixinin tədqiqidir.

Qeyd edim ki, zəhmətkeş tədqiqatçı Bəsirə Əzizəliyeva görkəmli ərəbşünas professor Aida İmanquliyeva irsinin öyrənilməsi ilə çoxdan məşğul olur. O, alimin elmi fəaliyyətinin tədqiqi və dəyərləndirilməsindən bəhs edən elmi məqalələr nəşr etdirir, konfranssimpoziumlarda çıxış edir. 2009-cu ildə professor Aida İmanquliyevanın 70 illiyi münasibətilə Respublikamızda keçirilən "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" adlı müsabiqəsində Bəsirə Əzizəliyevanın "Cübran Xəlil Cübran" əsəri birinci yer tutmuş və müəllif mükafata layiq görülmüşdür.

Fundamental monoqrafiya və dəyərli məqalələri ilə Azərbaycan şərqşünaslığının yeni mərhələsinin formalaşmasında xüsusi rolu ilə seçilən şərqşünas alimin əsərləri B.Əzizəliyevanın "Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri" kitabında geniş şəkildə əhatə olunmuşdur. Ərəb ədəbiyyatının Azərbaycan şərqşünaslığında öyrənilməmiş bir sahəsinin tədqiqində A.İmanquliyevanın elmi fəaliyyətini ön plana çəkən monoqrafiya mühacir ərəb ədəbiyyatının ərəb bədii yaradıcılığındakı yerinin dəyərləndirilməsi baxımından da əhəmiyyətlidir. B.Əzizəliyevanın qeyd etdiyi kimi, "çoxsferalı nəzəri yanaşma, şərh olunan ədəbi nümunə və yazıçıların millilik fərqi, qoyulan problemlərin ədəbiyyatşünaslıq sərhədini aşaraq çeşidli elmi, dini, fəlsəfi, estetik mülahizələr çərçivəsindəki həlli prizmasından seçilən tədqiqatçı fəaliyyəti və ərəb ədəbiyyatında spesifik mərhələ təşkil edən məhcər ədəbi irsi" kontekstindən bəhs edən monoqrafiya gərgin fəaliyyətin uğurlu nəticəsidir.

Şərq və Qərb mədəniyyətinin ədəbi-fəlsəfi ənənələrindən orijinal formada bəhrələnən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymənin zəngin və çoxcəhətli yaradıcılıq xüsusiyyətlərinə diqqət yetirməsi ilə B.Əzizəliyeva görkəmli ərəbşünas alimin tədqiqatlarının öyrənilməsi aktuallığını digər bir istiqamətdən də əsaslandırır. Müəllifin gəldiyi "ideya-bədii dəyəri, mövzujanr özəllikləri, dilüslub keyfiyyətləri, dünyagörüşü sistemi ilə yeni və özünəməxsus çalarlarda meydana çıxan ədəbi-fəlsəfi əsərlər məhcər ədəbiyyatının səciyyəvi nümunələridir" qənaətibir daha göstərir ki, mövzu zəngin elmi problemləri ilə seçilir.

Əsərdə, ilk növbədə, məşhur şərqşünasın yaradıcılıq yolu izlənilmiş, monoqrafiya və məqalələrinin əsas elmi məzmununa diqqət yetirilmişdir. "Bütövlükdə ərəb mühacirət ədəbiyyatının A.İmanquliyeva yaradıcılığındakı dəyərləndirmə bucağı ərəb, Amerika, Avroparus ədəbiyyatının müvafiq dövrünün mühüm nümunələrinin kompleks araşdırma nümunəsinin ən parlaq göstəricisidir" - deyən müəllif ərəbşünas alimin elmi irsinə diqqətlə yanaşmışdır. B.Əzizəliyeva A.İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr olunmuş yaradıcılığının öyrənilməsində, ilk növbədə, "mühacirət ədəbiyyatı ərəb, eləcə də Şərq aləminin bir sıra ədəbi-bədii və fəlsəfi düşüncə sistemi bazasında Qərb ədəbiyyatı ənənələrinin milli zəmində mənimsənilməsi əsasında formalaşmışdır" prinsipi ilə üç əsas problemlə bağlı mühacirət ədəbiyyatının səciyyəvi cəhətləri, Şərq-Qərb məsələsinin şərhi və romantik ədəbiyyatın tədqiqi xüsusiyyətlərini ayrı-ayrılıqda araşdırmış və mühüm elmi qənaətlər əldə etmişdir.

Qeyd olunan istiqamətlərin araşdırılması ilə mövzunun mürəkkəb xarakterinə diqqət çəkən B.Əzizəliyeva görkəmli ərəbşünasın fəaliyyətinin vacib məqamlarını vurğulayır: "Mühacirət ədəbiyyatının çox mürəkkəb sistemi onun tədqiqi problemlərinin çoxşaxəliliyi, ən başlıcası isə qlobal xarakterli sivilizasiya hadisəsi kimi meydana çıxması ilə də səciyyələnir. Həmin nöqteyi-nəzərdən, görkəmli şərqşünas Aida İmanquliyevanın elmi araşdırmaları dünya ərəbşünaslığı tarixində özünəməxsus yer tutur".

Monoqrafiyada görkəmli şərqşünas alimin tədqiqatlarında ərəb mühacirət ədəbiyyatının məşhur simalarından biri olan Əmin ər-Reyhaninin yaradıcılığının öyrənilməsi probleminə də geniş yer verilmişdır. Şair, esseist, publisist, nasir, tənqidçi və tərcüməçi kimi fəaliyyət göstərmiş yazıçının ədəbi-fəlsəfi irsinin A.İmanquliyeva araşdırmalarındakı dəyərləndirmə prinsipləri və müəllifin özünəməxsus mülahizələri ilə diqqəti cəlb edən bu fəsildə bir sıra mühüm məsələlər şərh edilmişdir. Əmin ər-Reyhanini zəngin ədəbi-fəlsəfi irsiictimai görüşləri ilə yeni dövr ərəb ədəbiyyatının inkişafı, onun forma, mövzuideya baxımından yeniləşməsində, ərəb məhcər bədii yaradıcılığı və ərəb-Amerika ədəbiyyatının formalaşması və tərəqqisində müstəsna yeri olan simalardan biri kimi təqdim edən B.Əzizəliyeva aşağıdakı problemləri araşdırır: Əmin ər-Reyhani yeni ərəb ədəbiyyatının nümayəndəsi kimi, Əmin ər-Reyhani və Amerika transsendentalizmi, ərəb romantizminin inkişafında Əmin ər-Reyhaninin rolu. Qeyd etmək lazımdır ki, hər üç istiqamət müəllif tərəfindən faktoloji arqumentlər, yüksək elmi-nəzəri mülahizə və mühakimələrlə öyrənilmiş, həm görkəmli ərəbşünasın tədqiqatlarındakı elmi problematika, həm də ərəb məhcər ədəbiyyatının məşhur simasının yaradıcılıq keyfiyyətləri araşdırılmışdır.

Əmin ər-Reyhaninin ingilis dilində yazdığı "Xalidin kitabı", "Bəsirət yolu", "Mistikin nəğməsi" və digər poemaları", " yol və səhra" və digər əsərlərinin burada geniş şəkildə öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir.

Monoqrafiyanın üçüncü fəsli mühacir ərəb ədəbiyyatının digər bir görkəmli nümayəndəsi Mixail Nüaymənin yaradıcılığının A.İmanquliyeva tədqiqatlarında öyrənilməsi problemlərini əhatə edir. Burada ərəb ədəbiyyatının tədqiqi sahəsində xüsusi xidmətləri olan görkəmli şərqşünas alim A.İmanquliyevanın elmi irsində M.Nüaymənin yaradıcılığı, ədibin tənqidçilik fəaliyyətinin araşdırılması ayrıca yer tutur. Məhcər yazıçıları içərisində M.Nüaymənin zəngin ədəbi-fəlsəfi irsinin araşdırılmasına daha geniş yer vermiş A.İmanquliyeva ədibin yaradıcılığının rus ədəbiyyatı ilə səsləşən məqamlarının öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Bu baxımdan şərqşünas alim ərəb yazıçısının nəzəri-estetik fikirlərinin formalaşmasında V.Q.Belinskinin rolunu göstərmiş, eyni zamanda, L.N.Tolstoy, İ.S.Turgenev, A.P.Çexov yaradıcılığı ilə səsləşən məqamları araşdırmışdır. B.Əzizəliyevanın monoqrafiyasında da bu problemlərin öyrənilməsi ardıcıllığı izlənilmişdir. M.Nüaymənin "Mirdadın kitabı", "Ərqəşin xatirələri" kimi əsərlərinə xüsusi önəm verən B.Əzizəliyevanın rus ədəbiyyatı ilə yanaşı, Şərq, o cümlədən ərəb ədəbiyyatı ənənələrinə də geniş yer ayırması monoqrafiyanın uğurlu cəhətlərindəndir.

Monoqrafiya şərqşünaslığımızın mühüm bir qolunun, ərəb ədəbiyyatının tədqiqi məsələlərinin öyrənilməsi baxımından da əhəmiyyət kəsb edir. Burada ərəb ədəbiyyatı nümunələrinin tədqiqi və tərcüməsi problemi izlənilir, ayrı-ayrı sahələr təsnif olunaraq bir sıra tanınmış ərəbşünas alimlərimizin tədqiqatlarından bəhs edilir.

Monoqrafiya özünün elmi problematikası, nəzəri səviyyəsi, müəllif mühakiməsi və istinad olunan mənbələrin zənginliyi ilə də diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, burada müəllif tərəfindən məhcər yazıçıların ingilis dilində yazılmış əsərlərinin orijinallarından istifadə olunmuş, eləcə də bu dildə çoxsaylı elmi əsərlərə də istinad edilmişdir.

Bəsirə Əzizəliyevanın "A.İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri" kitabı görkəmli ərəbşünas alimin elmi irsinin öyrənilməsinə həsr olunmuş ilk monoqrafiya kimi də əhəmiyyət kəsb edir və inanıram ki, Aida İmanquliyevanın tədqiqatlarının öyrənilməsi və təbliğində mühüm vasitələrdən biri olacaqdır.

 

 

İmamverdi HƏMİDOV

 

Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.1.