Torpağa, xalqa bağlı şair

    

Noyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış şair Fikrət Sadığın anadan olmasının 80 illiyi münasibətilə yubiley gecəsi keçirildi. Ədəbi-bədii gecənin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı və görkəmli şair Fikrət Sadığın yubiley mərasimində iştirak edənləri salamlayaraq, bu cür tədbirlərin keçirilməsinin son dərəcə zəruri olduğunu vurğuladı. O, xüsusilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında son illər ərzində ədəbiyyatımıza həsr olunmuş çoxsaylı tədbirlərin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi ilə bağlı Beynəlxalq konfransın, habelə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş gecənin keçirildiyini xatırlatdı.

R.Məcid sonra F.Sadığın xüsusilə sərbəst vəznin imkanlarından istifadə edərək kifayət qədər sanballı şeirlər yazaraq Azərbaycan ədəbiyyatına töhfə verdiyini söylədi. Yubilyarın yazdığı şeirlərin bu gün də mütəmadi olaraq mətbuat vasitəsilə oxuculara çatdırıldığını qeyd edən çıxışçı F.Sadıq şeirlərində çağdaş dövrdə gedən proseslərə, hadisələrə dəqiq və obyektiv münasibət bildirildiyini dedi.

"Fikrət Sadıq Azərbaycan dilinin saflığı uğrunda mübarizə apararaq, ölkə mətbuatında bu mövzuda ardıcıl olaraq məqalələrlə çıxışlar edir. Onun həmçinin bir tərcüməçi kimi yaradıcılığı da həmişə diqqət mərkəzində olmuşdur. Onun xüsusilə Şəhriyardan tərcümə etdiyi "Azərbaycan" şeri son dərəcə diqqətəlayiqdir. Əksəriyyətimizin əzbər bildiyifarscadan Azərbaycan dilinə tərcümə olunmuş bu şeir axıcı olması ilə seçilir ki, bu da Fikrət Sadığın Azərbaycan dilinin bütün incəliklərinə bələd olduğunu, hər şeydən öncə isə bu dili bütün varlığı ilə sevdiyinin göstəricisidir" - deyən R.Məcid yubilyarı təbrik etdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar dedi ki, bu gün ədəbiyyatımızın ən xoş günlərindən biridir: “Görkəmli sənətkarımız, istedadlı şairimiz Fikrət Sadığın işığına toplaşmışıq.

Əlli il bundan qabaq ədəbiyyatımızda yeni bir dövr başladı. Bu, həm nəsrimizə, həm şerimizə, həm də dramaturgiyamıza aid idi. Məhz şeirimizə yeni ruh, yeni nəfəs gətirən şairlərdən biri Fikrət Sadıq idi. O dövrdə bir qrup sənətkarlar ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirmişdi və onların hər biri də özünəməxsus yaradıcılıq üslubu, təkrarsızlığı ilə diqqəti cəlb edirdilər. Bu gün poeziyamızın qoca deyil, qocaman şairi olan F.Sadıq öz şeirlərində aforistik fikir ifadə etmək qüdrətinə, ifadə yeniliyinə malik olmaqla yanaşı, həm də ən müasir vətəndaşlıq mövzularına həsr etdiyi əsərləri ilə, habelə tərcümələri ilə diqqəti cəlb edir. O, bir qədər əvvəl qeyd olunduğu kimi, Məhəmmədhüseyn Şəhriyarın farsca yazdığı "Azərbaycan" şerini çox böyük məharətlə, ustalıqla dilimizə tərcümə etmişdir...

Mən əziz dostumuz və qardaşımız Fikrət Sadığı 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.”

Baş nazirin müavini, xalq yazıçısı Elçin qeyd etdi ki, Fikrət Sadıqda həmişə gözlənilməzliklər olurduindi də gözlənilmədən mənə söz verildi: “Bununla belə mənim üçün çox xoşdur, çünki bu gün biz ədəbiyyatımızın görkəmli nümayəndəsinin 80 illik yubileyinə toplaşmışıq. Bizim aramızdakı yaş fərqinə baxmayaraq, biz neçə onilliklər bundan əvvəl yaxın dost olmuşuq, qardaş olmuşuq. O vaxtlar F.Sadıq Vaqif küçəsində 16 kvadratmetrlik bir otaqda qalırdı. Amma həmin 16 kvadratmetrlik otaq fikrətin istedadını məhdudlaşdıra bilmədi və o, öz yaradıcılığı ilə nəinki bu otaqdan kənara çıxdı, eləcə də bütün Azərbaycan xalqının, poeziyasevərlərin ürəklərinə yol tapdı.

Əziz dostum Fikrət, mən də sənə gənclik şövqü ilə yazıb-yaratmağı arzulayıram və qəti şəkildə buna əminəm. Çünki yaradıcılıq istedadla sıx şəkildə bağlıdır və mən əminliklə deyirəm ki, sən, həqiqətən də müasir Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən birisən.”

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, şair Vaqif Bəhmənli "doğrudan da bu gün Azərbaycan poeziyasının çox əziz, çox gözəl günlərindən biridir, - dedi. - Ümumiyyətlə, bütün tarix boyu yazıçıların və şairlərin məşğul olduqları bir var ki, bu da sözdür. Amma bununla belə hər bir şairinbu söz aləmində öz dəst-xətti, öz nəfəsi vardır. Belə olanda şair, yaxud yazıçı öz yaradıcılığı ilə yadda qalır, insanların sevimlisinə çevrilir. Mən fəxr edirəm ki, zəngin və böyük Azərbaycan ədəbiyyatının bu gün Fikrət Sadıq kimi bir nəfəsi vardır. Fikrət Sadığın bu gün 80 illik yubileyini qeyd etməyimizə baxmayaraq, onda həmişə bir gənclik ehtirası, gənclik şövqü ilə yazıb-yaratmaq eşqi vardır. Bunu həmişə, elə indi onun şeirlərini oxuyanda da duyuruq. Təsadüfi deyil ki, şairin yaradıcılığına diqqətlə nəzər yetirdikdə, onun bugünkü ədəbi nəsillə üst-üstə düşən fikirlərinin kifayət qədər olduğunu müşahidə edirik. Fikrət Sadıq böyük bir məktəbdir. Onun poeziyası həmişə axtarışda olan poeziyadır.

Mən təbii olaraq burada Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını və təbriklərini çatdırır, yubilyarımıza yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Xalq şairi Fikrət Qoca Fikrət Sadığı 80 illik yubileyi münasibətilə təbrik edərək, onun bundan sonra da Azərbaycan poeziyasına yeni-yeni töhfələr verəcəyinə əminliyini qeyd etdi.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyük elçisi Hulusı Kılıcın salamlarını və təbrikini isə səfirliyin təmsilçisi çatdırdı.

Tənqidçi Vaqif Yusifli Fikrət Sadığın yaradıcılığından söz açaraq bildirdi ki, Azərbaycan ədəbiyyatında həmişə əbədiyaşar obrazlar olub. Həmin obrazlardan biri də işıqdır. İşıq Fikrət Sadığın həm həyatından, ömründən, həm poeziyasından keçir. Və bu işıq onun poeziyasında indi də yaşayır. Vətəndə, qürbətdə, səfərdə həmişə işıq axtarır şair. Sevgi də, ünsiyyət də, söz də işığa möhtacdır. Beyin, ürək, göz də işığa möhtacdır. Budur, avtoportreti, budur yolu şairin,.. Çünki özü dediyi kimi, "on üç yaşından işıqda köynəyi geyinmişəm əynimə".

F.Sadıq bu gün sözün əsl mənasında müasir Azərbaycan poeziyasının ağsaqqallarından biridir. 1937-ci ildə bir çoxları kimi onun da atası sovet rejiminin, totalitar rejimin qurbanı oldu - Sibir sürgünü oldu. Və 1957-ci ildə, 20 ildən sonra atası ilə görüşə bildi.

 

O gedəndə uşaq idim,

O gedəndə damcı idim,

İndi bulaq olmuşam.

O gedəndə çinar idim,

İndi ağac olmuşam,

20 il ona möhtac olmuşam.

 

Fikrət Sadıq 60-cılar nəslinin nümayəndəsidir. Mənim fikrimcə XX əsrin 60-cı illəri Azərbaycan ədəbiyyatında ikinci intibah dövrüdür. Birinci intibah dövrü əsrin əvvəlləridir. O vaxt Mirzə Cəlil, Haqverdiyev, Vaqif, Əlibəy Hüseynzadə kimi böyük dühalar yarandı. 60-cı illərdə də həmçinin ədəbiyyatda yeniləşmə, zənginləşmə əmələ gəldi. Və 60-cılar nəsli yarandı. F.Şahbazovun özünün yazdığına görə ilk şerini 12-13 yaşlarında yazıb. bu, Həsənoğlunun "Apardı könlümü bir xoş qəmər üz, canfəza dilbər" rədifli qəzəlinə nəzirədən ibarət olub. Ümumiyyətlə, Fikrət Sadıq yaradıcılığının ilk illərində nəzirəçiliklə məşğul olub. Məqsədi şeir texnikasına bələd olmaq idi. Şeirlərində forma müxtəlifliyi var. Əruzda da, heca vəznində də, sərbəst vəzndə də yazır. 60-cı illərdə şeirlərin vəznləri haqda mübahisəli fikirlər mövcud idi. İndi isə bircə istək var. Təki ortada yaxşı şeir olsun. Anar müəllimin Fikrət Sadığın səhv eləmirəmsə, 50 illiyində yazdığı bir məqalə var. Deyir ki, Fikrət Sadıq da Şamaxıda doğulub. SabirFikrət Sadıq da may ayının 30-da doğulub. Çox təbiidir ki, Sabirin ardıcılları olan şairlərimiz cəsarətli, sabiranə söz deməyi elə Sabirdən öyrəniblər. Bu mənada mən F.Sadıqla Sabir arasında bir ruhi, mənəvi bağlılıq görürəm.

Vaqif Yusifli çıxışında daha sonra dedi ki, F.Sadığın yaradıcılığı haqqında B.Vahabzadə, R.Rza, Məmməd Araz söz deyib. Böyük şairimiz R.Rza Fikrət Sadığın poeziyasındakı milli keyfiyyətləri qiymətləndirib. Azərbaycan dilinin nəfəsinin, rayihəsinin bu şeirlərdə duyulduğunu qeyd edib. F.Sadıq Azərbaycan ədəbiyyatına gözəl tərcümə əsərləri də bəxş edib. Bunların arasında Qulamhüseyn Beqdelinin sətri tərcüməsində Şəhriyarın "Azərbaycan" şeri daha uğurludur.

 

Könlüm quşu qanad çalmaz

sənsiz bir an, Azərbaycan,

Xoş günlərim getmir müdam

xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən

eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi

qəlbi viran Azərbaycan!

 

Hələ 60-cı illərdən etibarən yubilyarla dostluq etdiklərini qeyd edən xalq şairi Nəriman Həsənzadə Fikrət Sadığın görkəmli şair olduğunu vurğulayaraq, onun çıxışlarda deyilən bütün xoş sözlərə layiq olduğunu dedi: “Fikrət Sadıq alicənabdır, əsl insandır və onu həmişə görəndə sevinmişəm. İndi də sevinirəm. Fikrətin yaradıcılığında "işıq" obrazı mühüm yer tuturbu fikir onun bütün həyatı və yaradıcılığı boyu diqqəti cəlb edir. Fikrət Sadığın görkəmi ilə şeirlərindəki və həyata münasibətindəki müdriklik üst-üstə düşür. Xüsusilə onun tərcüməçi kimi fəaliyyətini yüksək dəyərləndirir və bildirirəm ki, Fikrət Sadığın farscadan tərcümə etdiyi "Azərbaycan" şeri dövrünün ədəbi hadisəsi idi. Hətta çoxları elə fikirləşirdi ki, bu şeir farsca yox, Azərbaycan dilində yazılmışdır. Buna görə də sənə minnətdaram qardaşım, yaşayarat. Yeni şeirlərinlə oxucularını sevindir.”

Xalq şairi Zəlimxan Yaqub mərasimdə çıxış edərək dedi: “Fikrət Sadığın yaradıcılığına dərindən bələd olanda görürsən ki, onun ruhu başdan-ayağa Dədə Qorqudun ruhudur, Dədə Qorqudun dilidir, Rəsul Rzanın yoludur. Fikrət Sadığın poeziyasını mən onu görə sevirəm ki, bu poeziyanın kökündə həyata bağlılıq, torpağa, xalqa, vətənə bağlılıq vardır. Öz xalqının fikir və düşüncələrinə, təfəkkür tərzinə bələd olan şair son dərəcə pakdır.

Fikrət Sadıq deyir:

 

Ürəkdə gərək ya qurd olsun,

Ya şeir.

İkisi bir yerdə yola getməz,

Qurd şeri yeyir.

 

Fikrət Sadıq təbiətən , zahiri görkəmcə başdan-başa canlı bir Dədə Qorquddur.

Fikrət Sadıq poeziyasında varsa, hamısı Azərbaycan xalqının poetik təfəkküründən süzülüb gələn böyük vətəndaş poeziyasıdır.”

Mərasimdə şair Əjdər Ol, həmçinin Həmid Cəfərov başqaları çıxış edərək yubilyarla bağlı ürək sözlərini söylədilər.

Yubilyarın oğlu, istedadlı nasir publisist Orxan Fikrətoğlu bütün ailə üzvləri adından tədbirə qatılanlara öz minnətdarlığını bildirdi.

Şair Fikrət Sadıq da öz növbəsində bütün məclis iştirakçılarına təşəkkürünü bildirərək, "Şeir" adlı yeni bir şerini oxudu.

Yubiley tədbiri sənətkarlarımızın ifa etdikləri musiqi nömrələri səsləndirdikləri şeir parçaları ilə müşayiət olundu.

 

 

Hazırladı: Ələsgər BEHBUDLU

 

Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.4.