Qələmlə bıçağın ünsiyyəti

   

 Paşa Qəlbinuru istedadlı şair kimi çoxdan tanıyıram. Qəzetlərdə, jurnallarda çox oxumuşam. Ancaq əsərlərini kitab halında görməmişdim. "Ağlıma gələn başıma gəldi" kitabını aldım. Səliqə-sahmanla, misraların məzmununu yaşaya-yaşaya, təlqin etdiyi duyğuları duya-duya oxumağa başladım. Burada həm şeriyyət vardı, həm də gündəlik insan həyatı. Hamının, hər kəsin bu gün öz evində, qonşusunda, qohumunda, dostunda gördüyü, iki addım o yandan eşitdiyi yaşanan xoşbəxtliklər, ondan çox olan bədbəxtliklər, əndişələr, göz yaşları, övlad varlığının sevincləri, övlad ağrılarının sızıltıları, valideyn sevgisi, bu sevgiyə hopmuş dərdin acı ağırlığı, daha nə bilim, nə, nə… Füzuli kədəri var. Bu kədəri qəlpə-qəlpə yaşamaq gərəkdir, ona görə də onu birnəfəsə oxumaq olmaz. Bu dərdlər hamıya hər kəsin qapısını döyür - birininkini bir az tez, birininkini bir az gec. Bu kədər hamıya doğmadır, onu Nazim Hikmət deyən kimi "dadını çıxara-çıxara, udum-udum dərdlənə-dərdlənə yaşamaq" gərəkdir. Ona görə bu şeirləri bir nəfəsə, tövşüyə-tövşüyə oxumaq olmaz. Şeirləri yaşadım. Şeirlərin içindəki mənaları gözümlə görüb düşündüm. Şair gecənin əynindəki gecə köynəyini, yaxasının altındakı sinə göynəyini göstərdi (qafiyəyə baxın: köynək - göynək), şairin bir az qan, bir az şərbət dadan şərabı başına çəkdiyini gördüm, bu mənzərədə təbəssümlə əzab eyni rəngdə idi, zamanlar gülləbaran edilmişdi, şeirlərdə coğrafiyalar zamanların qanına boyanmış mənzərələr idi, suda od yanırdı, sudan alov qalxırdı, minillik şərabı başına çəkib yuxuya getmiş şairi minillik gecənin yuxusundan adi bir saat zənginin oyatmasının şahidi oldum. Bu şeirlərdə qızıl gül torpaqdan atəş əmib, ləçək-ləçək yenə torpağa dönür, bu gülün neştər-neştər tikanları şairin xəyalına ilişir, bu xəyalı al qana batırır. Heç demə:

 

Həya, ismət heykəlidir

Qızıl güllər bu torpağın.

 

Şair bu düşüncəsini bir portret kimi əyaniləşdirir. İsmətin, həyanın şəklini gözümüzlə görürük. Şair xəzinəsi talanmış kəllə görür, isti qanla sulanmış güllə görür, gicitkan dalamış qəzəb, ürəklərdə qalanmış tonqal görür - bu gördüklərini bizə də göstərir. Həyat haqqında bizi düşüncələrə daldırır. Biz indiyə qədər onun gördüklərinin çölünü görmüşdük, indi Qəlbinurun şeirləri onların içini göstərdi. Biz indiyə qədər onları coğrafi relyef kimi bilirdik, indi mənəvi-arxeoloji süxurlar kimi qavrayırıq. Təbiətin fizikasında, cəmiyyətin stixiyasında həmişə şairlər hamının görə bilmədiklərini görürlər. İndi Qəlbinurun şeir qələmi işlətdiyi cərrah bıçağı kimi yarıb içəriyə işıq salır, görülməmişlər görünürlər. Aşıq Qurbani bənövşənin gözəl şəklini çəkib:

 

Ayrılıqmı çəkmiş, boynu əyridir,

Heç yerdə görmədim düz bənövşəni.

 

Burada fiziki görünüş rəsmləşdirilir, bənövşənin cismi çəkilir. Qəlbinur düşüncəni şəklə köçürüb, xəyalın portretini fotoya alıb:

 

…Mən səni gözündəki

Xəyala görə sevdim.

Boynunun əyriliyi…

Eh, əyilib torpağa

Bax, nə qədər istəsən,

Dirsəklənib yarpağa

Düşünə də bilərsən,

Neçə ki ayaq üstəsən.

 

Bir dənizdən bir ovuc su götürürük, həmişə, hər yerdə gördüyümüz rəngsiz, şəffaf suyu görürük. Ancaq şair dənizin mavi suyundan ovcuna alır, ovcundakı suyu dənizdəki maviliyində görür, gözü görə-görə əlindən mavilik axıb tökülür, əlində rəngsiz, su qalır. Bu nədir? Qəlbinur göz cərrahı olduğu üçün gözün xasiyyətini bizdən yaxşı bildiyinə görəmi hadisəni belə görür:

 

Əyilib bir ovuc

Su götürdüm dənizdən -

Əlimdən bir ovuc

mavilik axdı.

Ovcumda

ağappaq su qaldı.

 

Doğrudan da, ovucda qalan sudur, axan isə mavilik xəyalıdır. Deməli, şair bir ovuc suyun içində fəlsəfi düşüncə görür. Və bu fəlsəfi düşüncə davam edir. Bu şeir səkkiz misradan ibarətdir. Oxuyub bir anlığa düşüncəyə dalırsan. Ancaq emosional təəssürat silinmir, düşüncədə ilişib qalır. Hər dəfə dənizi görəndə bu şeir yadına düşür.

Şair gördüyü maddiliklər kimi eşitdiyi səsi də poetik obraza çevirir, bu obrazlar oxucunun duyğularına axır. Şair Riqada Dom kilsəsində irili-xırdalı neçə min borudan qurulmuş orqanda müharibə qurbanlarına həsr olunmuş musiqini dinləyir, bu kədər şairin duyğularına pıçıldayır ki, orqanın bu səsləri haraya çevirən boruları müharibə qurbanlarının ilikli sümüklərindən qurulub, bu kədərli səs öz harayını bu borulu sümüklərin içindəki yanmış iliklərdən sümürür. Bu dərd püskürən duyğular beləcə misralanır:

 

Boru-boru,

sümük-sümük,

ilik-ilik göynəyi

Əndərdilər üstümə!..

…Üstümə qan axırdı…

Boğulurdum ağrıların

Salaspils harayında.

 

Bu da Buhenvald harayı kimi bir acı Salaspils harayıdır. Müslüm ola, oxuya. Dildə ağrıların, acıların təravətli ifadələri var. Şair bu göynədici səsdə qan ağırlığı görür, məhz görür, qıpqırmızı, təzəcə axan qanın qırmızılığını duyur.

Qəlbinur sevgisində də orijinaldır - bu, onun ana sevgisinin ifadəsində maraqla oxunur, bu ifadə tərzi adamı rahatca təəccübləndirir. Hər canlının öz anası var, hər balanı öz anası öpür-yalayır. Kirpinin də balası var, ana kirpi də öz balasını yalamalıdır. Bizim ağlımıza gəlməzdi ki, kirpi ana öz kirpi balasını, onun tikanlı belini duz kimi yalayır. Doğrudan, bu qeyri-adilik şeirdir ki, var. Budur həmin şeir:

 

Kirpinin

üzüm giləsi boyda

balası.

O balanın əmdiyi

üç-dörd damla

ana südü…

O balanın

tikanlı qalası,

Duz kimi yalayır

iynəli kürəyi.

O qalanın bağrında

Ana ürəyi.

 

Hələ yerində işlənmiş qala təşbehi. Qala düşməndən qorunmaq üçün qurulur. Bu qalanın silahı, topu-tüfəngi onun neştər-tikanlarıdır. Ana bu tikanları öpür ki, balasını düşməndən qoruyur.

O, şeirlərində aydın portretlər yaradır. Şerin misra həcmi portretin tamamlanmasından asılıdır. Bu misra - şeir bir təbiət obrazıdır:

 

Qışda sərçələrdən çiçəklər çinar.

 

Əlbəttə, maraqlıdır: çinar heç yazda çiçəkləməz, o ki qaldı, qış ola. Ancaq şairin gördüyü bir qış mənzərəsi - çinarın budaqlarını yarpaqları kimi dolduran sərçələr şairin düşüncəsində həmin obraza çevrilib.

Bu şeir də bir bahar mənzərəsi - dolğun, rəngləri yerində bir lövhə:

 

Lalənin "qan təzyiqi"

Neçə yüzü keçibdi.

 

Əvvələn, lalə şəxsləndirilir, insanlaşdırılır. Sonra lalənin insana yox (adətən təbiətin rəngi insana köçürülür), insanın rəngi laləyə köçürülür: insanın qan təzyiqi həddini aşanda rəngi qızarır. Oxucu obrazı təbəssümlə qarşılayır, gülümsəyə-gülümsəyə təbiətə dalır. Bu, şairin professional tablosudur. Ümumiyyətlə, bədiiliyin hazırlanmasında Qəlbinur peşə ifadələrinə tez-tez və uğurla müraciət edir. Gecənin səhəri yetirməsini göz cərrahı belə ifadə edir:

 

Bir mələk qonaydı çiyinlərimə

Gecənin gecə vaxtı,

Gecənin gözündən vurub saldığı

Gündüz-eynəyini taxa biləydi.

 

Yaxud qarmağa düşüb sahildə çırpınan balığın astmalı adam kimi nəfəs alması: "Astmalı" gözəldir torpağın üstə, Balıq, nə istəsən sulardan istə; və yaxud həsrətin acılığı öd acılığı ilə müqayisə olunur: Həsrəti qaynayıb öd olub nədir, Elə bil zəhərdir, göydən ələnir. Maraqlıdır: bu tibbi anlayışlar poeziya dili üçün təzə ifadələrdir.

Bu şeir də oturuşu-duruşu ağayana, qəzəbi zəlzələ gətirən bir zabitəli insanın portreti:

 

Sükutu ləngərli əruz vəznidir,

Hiddəti - dağları titrədən ürək.

 

Şeir bir neçə əlaməti ilə klassik poeziyamızla bağlanır: əruz vəzninin yaranmasını dəvənin yerişi ilə bağlayırlar. Dəvənin yerişi harmonik bir ləngərdir. Əruz vəzni dəvə karvanının ritmik yerişini, bu silsilə yerişin poeziya və romantikasını yada salır və romantika yaddaşının içində sükut dilə gəlir, bu dil sakit-sakit baxan sükutun özüdür; bu sükutu qəzəbləndirəndə onun dili hiddət olur. Bu hiddətin dərəcəsi onu yaradan ürəyin döyünmə dərəcəsindən asılıdır. Bu döyünmə zəlzələ gücündədir, dağları titrədər.

Bəzən Qəlbinur fərdi də yarıya bölür - bu da yığcamlığın mübaliğəsidir:

 

Hələ torpaq quluncunu qırmayıb.

 

Yaxud:

 

Bülbül qonub ürəyimə - dimdiyi qan.

 

Bu təkmisraların arxasında süjet dayanır, mənzərə açılır, oxucu fikrə dalır - həmin dalınan fikir şeirdir. Belə iki- və təkmisralar düşüncə impulslarıdır. Bu müxtəsərliyin qədri onda bilinir ki, hardasa oxuduğun həcmli bir şerin poetik məğzini bir sətirlik cümlə ilə ifadə edirsən. Nizami tövsiyə edirdi ki: ikini bir elə, biri iki eləmə. Əlbəttə, mənalı, məzmunlu səviyyədə ikini bir eləmək sənətkarlıqdır.

Şair yığcam şəkildə ürəkaçan portretlər yaratdığı kimi, eybəcərliyin şəklini müxtəsərcə çəkir, bu halda lazım olan rəngi, qara rəngi işlədir:

 

Əyni - "Azal"ın təyyarələri kimi,

nimdaş, təhlükəli.

Beyni - yarım kürə. Kodu - yemək.

Vətənə məhəbbəti - dəllək, dəllək,

dəllək

 

Əvvələn, təşbeh orijinaldır: geyim etibarsız, nimdaş təyyarə ilə müqayisə olunur. Dəlləyin peşəsi qırxmaqdır. Qəlbinurun seçdiyi dəllək yumurtadan da yun qırxar. Bu obraz "mən salim olum, cümlə cahan batsa da, batsın" virusuna tutulmuş insancıqdır. Onun düşüncəsi budur: vətən müflis olsun, vətən əldən-ələ keçsin, ancaq onun güzəranı xoş keçsin. Yəni Qəlbinur lazım olan sözü tapıb, əsas rəngi seçib. Şair bizə uzun-uzadı söhbət açmır, iki kəlmə ilə vətənin düşmənini tanıdır. Biz ətrafımıza baxıb bu düşmənləri görüb üzdən tanıyırıq.

Şairin şeri yeni söz-obrazlar, yeni ifadələr, təzə təşbehlərlə oxunur. Dili bu əlamətlərlə oxunaqlılıq qazanır. Bu, təsviri yolla verilən təşbehdir ki, siyasətlə məişət kinayəsi birləşir: Qapılardan yığılan Deputat səsi kimi Ayağı sürüşkənlər! Yaxud belə orijinal təşbeh: Ürəyim Südlü döş kimi Göynəyir sənsiz.

Bu təşbehdə vətən sevgisi çox munis ifadə olunur:

 

Acıyamsa,

bir tütün yarpağı

say məni, Vətən!

Şirinəmsə,

yuxuna qat,

yuxuna!

 

Sözün mənası gözlənməz şəkildə dəyişdirilir və bu gözlənməzlik xüsusi emosiya doğurur: Sağımdan, solumdan keçdi güllələr, Heç biri, heç biri məni saymadı - maraqlıdır: güllənin dəyməməsi, yaralamaması saymazlıq kimi mənalandırılır. Bu, bədiiliyə əlavə ekspressiv dad verir. Adamın ayağını yerdən üzən bu füzulisayağı mübaliğə hər cür rəqəmdən, milyon, milyard hesabından ağır çəkir, bu müqayisə şair "mən"inin ictimai və psixoloji yükünün çəkisini lövhələşdirir - şeir deyilən faktın estetik xisləti budur. Tablo əyanidir: dünyanın dünya boyda dərdi üstüörtülü, içindəki bilinməyən bir arabaya yüklənib; Arximedin "dünyanın mərkəzi nöqtəsini verin, mən onu məhvərindən qoparım" deyən elmi düstur-mübaliğəsi gerçəkləşir:

 

Məni qoşun

Çəkim dünyanın dərdini.

Dünya mənim dərdimi

Çəkə bilməz.

 

Şairin bədii mətni zəngin assosiasiya doğurur. Şair həyatın da məzmununu eyni estetik modellə bir təzadın timsalında verir.

Qəlbinur, şerinə şeir səviyyəsində bir epiqraf verir: "Uzaq şəhərdə ananın gözündə cərrahiyyə əməliyyatı aparılmışdı. Təsadüfən həmin şəhərdən oğul keçib gedirdi… anaya yoluxmadan (gözlərimlə görmüşəm)". Epiqrafdan mütəəssir olan oxucu bu misraları emosional gərginliklə oxumağa başlayır:

 

Təyyarələr uçmayır,

Gəmilərin lövbəri

Dağlardan da ağırdı.

Vaqonlara qayalar,

Qayalar bağlanıbdı.

Bütün yollar,

rizələr bağlanıbdı.

Dayan, oğul, dayan!

Anan gözləyir səni, Anan!…

 

Şairi dəhşətə gətirən odur ki, valideyn-övlad münasibətinin müqəddəsliyi pozulub. Şair bu davranışı, etnik əxlaq normasının tapdanmasını Buhenvald harayı, Salaspils harayı qəlibində kədər kimi şeirləşdirir. Əli Kərimsayağı ifadələrlə zəngin olan bu şeir, bir növ, ikinci "Qaytar ana borcunu"dur.

Təzə ifadələr şerin dilinə təravət gətirir, dil təəccübləndirə-təəccübləndirə adamın zövqünə sığal çəkir:

 

Gözlərimin yağını

Damla-damla içirəm.

Gözlərimin yağında

Yanır şamın piltəsi…

Özümə sözün kölgəsi düşüb:

Silirəm getmir.

Həsrətin kölgəsi düşüb

Ürəyimə - silkinirəm getmir.

 

Bu təzə şeirdə bir xalq nəğməsi improvizə olunur. Niskil özü felən əndişəli duyğu olsa da, bu xalq nəğməsinin ladları üstündə şair öz niskilini könül oxşayan dillə havalandırır: Söndürdüyün telefona Pəncərədən daş gəlir: Ay bəri bax, bəri bax!..

Başqa bir improvizəsində Ağabəyim Ağa ilə Qaragilənin həsrətini bir arxa axıdır. Şeirə belə bir qeyd verir: "Əfsanəyə görə Xarıbülbül gülünü dərən ürəyindəki məhəbbəti qırır". Bunun ardınca bu həsrətli, bayatı həzinliyi ilə dolu misralar gəlir:

 

Mən ki Xarıbülbülü

dərməmişdim, Qaragilə.

Dərib pünhan yerə

Sərməmişdim, Qaragilə.

 

Şairi dilləndirən odur ki, məhəbbətin nakamlığını Xarıbülbüldə görürlərsə, axı mən onu dərməmişəm, bəs bu həsrət nədəndir? Və bu sualın canı şeirdir. Və bu şerin canı həmin sualdır. Ağabəyim Ağanın məşhur bayatısından misralar gəlir: "Vətən bağı al-əlvandır, Yox içində Xarıbülbül". Üç əsrdən bəri bu niskili bütün təravəti ilə içində yaşadan misralarla eyni bədii semantik səviyyədə duran misra yarım poeziya gəlir:

 

Doğradılar gülü dil-dil,

gülü dil-dil.

 

Bəli, Xarıbülbülün vətəni Şuşa talanıb, gülü də dil-dil doğranıb. Sağ ol, Qəlbinur, bu kədəri nə gözəl həzinliklə vermisən! Bəs görən o Xarıbülbülü bu günə salanları o əfsanədəki qarğış tutmayacaq? Sən şair sözünü, necə lazımdır, demisən, indi söz Allahımızındır, indi iş qalıb Allaha.

Şair mənim bilmədiyim şəxsi kədərini tez-tez xalq bayatısının hazır reseptləri ilə ovundurur, müalicə edə bilmir, məhz ovundurur. "Dindirmə, qan ağlaram, Yaman cağımdı mənim" misralarını belə davam etdirir: "Dalınca səpilən baxışlarımdı, Bir də "gözlə" deyən bu odlu naləm". Hər ağacı bir-birinə calamaq olmur, yəni calarsan, tutmaz. Qəlbinurun misraları xalq şeri ilə calaq tutur - gözəl hissi məna bitirir. Gedənin dalınca su səpərlər, Qəlbinur baxışlarını səpir, deməli, bu baxışlar göz yaşlarıdır. Bu ifadə usta sənətkarlıqdır.

Xalq şerinə yaxşı bələd olan sərbəst şeir şairinin qələmindən mükəmməl heca poeziyası nümunələri də çıxıb:

 

Əllərim qara dəydi,

Ruhum dildara dəydi.

Könlümün aynasını

Göyərçin əllər əydi.

 

Qəlbinurun bu bayatısında Sarı Aşığın nəfəsi duyulduğu kimi, bu qoşmada da Qurbaninin, Abbas Tufarqanlının, Aşıq Ələsgərin dəst-xətti oxunur:

 

Lalədən həyalı, göydən çətirli,

Pəmbə buludlardan kirşanlı dağlar.

Nanədən, yarpızdan, baldan ətirli,

Durna qatarına nişanlı dağlar.

 

Qəlbinur yaradıcılığının ilk dövrlərində gənclik romantikasının fəlsəfəsi əks olunur. Bu fəlsəfə çılğındır; birdən solaxay düşüncələr, birdən heyrətli xəyallar fəlsəfiləşir. Bu dövr şeirləri nikbindir, nəşəlidir. Qəlbinur hələ, necə deyərlər, subaylıq sultanlığının ləzzəti ilə yaşayır.

Gələ-gələ şair həyatın hər üzünü görür, insan psixologiyasını, yaşanışın fəlsəfəsini, sevincindən çox olan kədərini görür, cərrah bıçağını işə salır, yarır, düzəldə bildiyini düzəldir, düzəlməyənləri qələminin ixtiyarına verir, o sağalmaz dərdlərin dünyəviliyini və əbədiliyini şerinin dili ilə oxucusuna çatdırır, təsəlli verir. Qəlbinurun cərrah bıçağı insanların gözünə necə işıq verirsə, qələmi də insanların ürəyinə, qəlbinə elə ustalıqla şeir nuru verir. Təsadüfi deyil ki, şairimizin ədəbi soyadı Qəlbinurdur.

 

 

Tofiq HACIYEV

 

Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.5, 6.