Min ilin yağmuru

 

Bitirdim bu baharı

Bu yazı yaza-yaza.

Açılmayan bir səhər

Gəlib yetdim payıza.

 

Bir itkin xatirəylə

Ömrümü bağışlaram.

Gözlərim qapanan an

Göylərdən yağış başlar.

 

Kimsə bilməz yerimi

Buludların yanında.

Görən necə qalaram

Bu dünyanın yadında?

 

***

 

Dünyaya sığmayan

istəklər var,

İçi duyulmayan təklər var.

Var su bəyazlığı,

Yovşan qoxusu,

Bir düzənlik azadlığı.

 

***

 

Dayan dayana bildikcə,

Döz payızın yağışına.

Tək ağlar Allah adamı

Söz payının göz yaşına.

 

Saxlar məni göy üzündə,

"Göy üzünün o üzündə".

Qalıb həmən düzümündə

Yetər o qəm yüz yaşına.

 

Aldadıb allanmağında,

Çapılıb talanmağında,

Doymur dolanmağından

Dünya özü öz başına.

 

***

 

Min ilin yağmuru

Bir gündə yağdı.

Yağdı, yağdı, yağdı

İçində dara çəkilənlərin

Başında Tanrı sığalı.

Başları üstdəki hənirti

Tanrı qoxulu,

Tanrı yuxulu mində bir gecə.

İçində dara çəkilənlərlə

Dünyanın oyunu

Bitməz heç-heçə.

 

 

Sevgi şeri

 

Gəzdik vüsal gümanında,

Azdıq hicran dumanında.

Bu sevdanın yollarında

Üz-üzə gəlmərik bir .

 

Qəlbdə dilək neçə-neçə,

Əfsus ömür döndü heçə.

Gedək burdan gəl bir gecə

Daha bizlik var yerdə?

 

Köçüb gedək durnalar tək,

Ya da çiçək olub bitək.

Arzuya, murada yetək,

Xoşbəxt olaq o ömürdə.

 

 

Gəlibdi

 

Tapmayaydı heç kaş məni,

Qara gözlərdə yaş məni.

Məcnun bilib bu eşq məni

Düşüb sorağa gəlibdi.

 

Keçilməz yolu keçməkdən,

Qəmdən-qəmə köçməkdən,

Hər gün adını çəkməkdən

Dilim zara gəlibdi.

 

doğmasan, yad deyəm,

Adına təzə ad deyəm.

şeymiş vüsal deyilən

Bizdən uzağa gəlibdi.

 

 

Sənə gəlmə deyəndən

 

Çəkdiyim təzə dərdin

Sevgiydi köhnə adı.

Yenə sevə bilmədim,

Mən yenə tənha qaldım.

 

Al günəş tək gəlmişdin,

Dözəmmədim istinə.

Sənə gəlmə deyəndən

Qəmin gəlir üstümə.

 

Saralıb-solan günlər

Payız xəzəli kimi.

Ayrılıq bu taledən

Ayrılmır zəli kimi.

 

 

Dünyanın baxtı

 

Tərtəmizdi bu səhər,

Bir körpə üzü kimi.

Taxıb Tanrı dünyaya

Gecə bəxt üzüyünü.

 

Buludların ağzı da

Bu gecədən şirindi.

Partlayıb ürəyi

Çoxdan ölüb şər indi.

 

Xoşbəxt olub bu gecə,

Bu səhər bəxtəvər.

Gör anamız dünyanın

Necə gözəl bəxti var!

 

 

Yol

 

Getdiyim bu yol ki var,

Dünyanın dərd yoludur.

Arxamca çəkdiyim yük

Adəmdən uludur.

 

Dərdsiz darıxan ürək

Qəmdən-qəmə bükülür.

İçimi yandıran söz

Misralanıb tökülür.

 

Bu dərd mənə doğmadır,

Gəlib içimdən keçir.

Ulu Tanrı payıdır,

Sənə sevgimdən keçir.

 

 

Tale naxışım

 

Mən elə bilirdim ki, şeir,

Tale naxışımdı mənim.

Atam, anam görüb dedi,

Ən pis vərdişimdi mənim.

 

Neyləsəm bacarıb,

Keçəmmədim bu işimdən.

Düşüb bir az da acığa

Əl çəkmədim vərdişimdən.

 

Qulaq asmayıb heç nəyə,

Böyüyüb özümdən çıxdım.

Özün bil neylərsən, Tanrım,

Böyüyün sözündən çıxdım.

 

 

İlğım

 

Başımı gicəlləndirdi

Dünyaya yovuşamayan adamın

Yuxusundakı yovşan qoxusu.

Ayıldım,

gördüm ki,

yaman bürküdü, oh,

yandırdı məni

bu ilğım.

Qaçmağa yerim yox,

Dünyadan hara çıxım?

Gözlərim qoşa bulud -

yağan leysan yağışdı,

Göz yaşından Araz da dolub,

daşdı.

Bəs indi gözlərimi hara sıxım?

İnanmırdın mənə

zarafat sayırdın sözümü,

Gördün ki,

öldürdüm özümü.

Yaxşı,

qanımı kimin üstünə yıxım?

 

 

Adsız şeir

 

Bir çiçək ömrü yaşamışam

vaxtsa,

Hərdən mənə elə gəlir.

Ya bir quş ömrü,

Ya ağac ömrü, daş ömrü

Yaşamışam.

İnanıram,

Çox-çox inanıram

Haçansa ömrümü yaşadığıma

Dənizlərin, adaların.

İlahi, görən sonu olur

Dünyaya qərib adamların?

 

***

 

Günü tutub qaranlıq

Qoymur açılsın səhər.

Mən heç zülm görmədim

İnan, sənsizlik qədər.

 

Mən sənsizliyim qədər

Susub yorulmamışdım.

Heç bir dərdin içində

Belə durulmamışdım.

 

Uçdu o ruh, o bədən

Ayrılığın köçündə.

Axır tapdım özümü

Yenə dərdin içində.

 

 

Sara Selcan

 

Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.7.