Səyavuş Məmmədzadə - 75

  

Hörmətli Səyavuş müəllim!

Sizi - tanınmış şair, nasir, publisist və tərcüməçini 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz yarım əsrə yaxındır ki, bədii yaradıcılıqla məşğulsunuz. İlk mətbu şeriniz 1956-cı ildə işıq üzü görmüşdür. Həmin vaxtdan müntəzəm olaraq mətbuatda çıxış edir, yorulmadan yazıb-yaradırsınız. İlk kitabınız "Səma" 1968-ci ildə Azərnəşrdə çapdan çıxmışdır. Sonralar "Tver bulvarı", "Özünütəsdiq", "Gecə almalar düşür", "Günəbaxan insanlar", "Bir yuxusuz gecə", "Komendant saatı". "Yaratmaq zamanıdır", "Həqiqət sorağında", "Əsrin anları" adlı kitablarınız işıq üzü görmüş, bu kitablara daxil edilmiş müxtəlif janrlı əsərləriniz ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Bədii tərcümə sahəsində sizin xidmətləriniz əvəzsizdir. Milli ədəbiyyatımızın ən yaxşı nümunələri sizin çevirmənizdə geniş rusdilli oxucu auditoriyasına təqdim edilmişdir. Sabir, Müşfiq, S.Vurğun, C.Məmmədquluzadə, M.İbrahimov, S.Rəhimov, İ.Əfəndiyev, İ.Şıxlı və başqa böyük söz ustalarının əsərlərinin orijinalda olduğu kimi gözəl və mükəmməl şəkildə oxucuya çatdırılması sizin tərcüməçilik istedadınız sayəsində mümkün olmuşdur. Siz eyni zamanda rus, bolqar, Ukrayna, polyak ədəbiyyatından da çox sayda nümunələri dilimizə tərcümə etmisiniz. Xüsusən bolqar ədəbiyyatının mahir bilicisisiniz. Sizin çevirmənizdə "Bolqar hekayələri", G.Strumskinin "Odlar yurdu", V.Milevin "İnsanlar və səhralar", "Bolqar çələngi" kitabları çapdan çıxmışdır.

Siz 1952-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1960-cı ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. Əmək fəaliyyətinə "Molodyoj Azerbaydjana" qəzetində tərcüməçi kimi başlamısınız. Azərbaycan Dövlət nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi vəzifələrində işləmisiniz.

Ədəbi fəaliyyətiniz yüksək qiymətləndirilmiş, siz əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüsünüz.

Hörmətli Səyavuş müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.6.