Yığdıqca dağılırıq

 

Mal çox yığma, həzər eylə

əzabından kim,

Rənci artar ağır olduqca

yükü həmmalın.

 

M.Füzuli

 

Nə hisslər yaşayır ürəyimizdə,

Hərislik! İzləyir o bizi, ustad!

Artdıqca mal-dövlət sevgisi bizdə,

Azalır nəyinsə sevgisi, ustad!

 

Nəfsin sərhəddini yüz yol aşırıq,

Saxlaya bilmirik ürəyimizi...

Mal yığıb, günbəgün yoxsullaşırıq,

Tamah yollara aparır bizi!

 

İnsanın xisləti görünür açıq,

Nədir onun üçün müqəddəs, əziz?!

Dünyanı yığsaq da, həmişə acıq,

gözümüz doyur, ürəyimiz!..

 

Qızıl, büllur, daş-qaş

toplanır dağ-dağ...

Qarışır bir anda yaxşı ilə pis.

Mal-dövlət yığırıq, yığırıq ancaq

Özümüz dağılır, dağılırıq biz!

 

 

Necə dözək bəs?

 

Padişahi-mülk dinarü-dirəm

rüşvət verib...

 

M.Füzuli

 

Rüşvətlə açılıb səhər gəlirsə,

O doğan gündüzün adı gecədir.

Əgər padşah özü rüşvət verirsə,

Gör onda bir xalqın halı necədir!

 

Hər gün risq eləyir rüşvət alanlar,

Kimi düşür, batır, kimi ucalır...

Rüşvət zəhrimarın gör dadı var -

Halal yeyəni tamaha salır...

 

Könül xoşluğuyla alırlar, bir bax,

Könül xoşluğuyla verməyir heç kəs...

Kiçiklər alanda dözürük, ancaq

Böyüklər alanda necə dözək bəs?!

 

Yaxşı-pis, ötürdük qabaqkıları,

Bir yol başlamışıq müqəddəs, əziz...

Ya rəbb, bundan sonra rəhm elə barı,

Rüşvətxor olmasın böyüklərimiz!

 

 

 

Məzəmmət

 

Şeir zövqündən olmayan agah,

Əhli-nəzmi məzəmmət eyləməsin.

 

M.Füzuli

 

Bəzən çoxbilmişsən, bəzən avamsan,

Bəzən görünürsən bir uşaq kimi...

Əslində o qədər qəliz adamsan,

Anlaya bilmirsən sadəliyimi...

 

Xalqımın ruhunu duyduğum üçün

Xalqımın gözündə yüksəlirəm mən.

Qəliz kəlmələrdən qaçsam da hər gün,

Qəliz adamlara rast gəlirəm mən.

 

Nələr danışırsan məzəmmət ilə,

Mənasız sözləri deyib-düzürsən.

Ən gözəl şairin şerini belə

Görürəm oxuyub dodaq büzürsən...

 

Şeirə, sənətə hörmətin hanı?

Qoy əssin ürəyin yay, payız, qış, yaz...

Başa düşmədiyin sözü, misranı

Başa düşmək üçün baş sındır bir az...

 

 

Doğrular

 

Doğrular ilə gəz ki, səni

sərbülənd edə, -

Əgrilər ilə eyləmə, əlbəttə,

imtizaç.

M.Füzuli

 

Yenə gileyliyəm taledən, baxtdan,

Sürünərmi duman, əriyərmi çən?..

Bu yalan dünyaya gəldiyim vaxtdan

Doğruları gəzib, axtarıram mən...

 

Hanı ən doğru yol, ən təmiz nəfəs?

Müdriklər yazıb, söyləmişlər?..

Ah, indi görürəm, görürəm ki, bəs

Doğru bildiklərim oğru imişlər...

 

Dəyərsiz, mənasız ömür sürmürəm!

Kim bu xanimanı yaradıb, qurub?..

Uzun yollar gedib, doğru görmürəm,

Ancaq hər addımda bir əyri durub.

 

Ürəyim döyünür bu misralarda,

bir rahat olur, dincəlirəm...

Ah, siz hardasınız, bir deyin, harda?

Doğrular, mən sizə doğru gəlirəm!

 

 

Şəkər Aslan

 

          Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.3.