Əbədiyyət yolunun sakini

  

  Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli yazıçı, şərqşünas alim Əlibala Hacızadənin anım günü keçirilmişdir.

Ə.Hacızadənin yaxın dostu, yazıçı-publisist Nahid Hacızadənin aparıcılığı ilə keçən tədbirdə görkəmli sənətkarın qələm dostları Fikrət Sadıq, İlyas Tapdıq, Oqtay Rza, Xeyrəddin Qoca, Atababa İsmayıloğlu, Musa Ələkbərli, Maqsud Hacıyev, Ədalət Əsgəroğlu, Əlövsət Bəşirli, Vaqif Yusifli, Hikmət Mahmud, Fərqanə, Məhəmməd Baharlı, Dayandur Sevgin, fəxrəddin Meydanlı, Zakir Əhmədli və b. çıxış edərək xalq yazıçısının keçdiyi həyat yolundan, qələmə aldığı mövzuların aktuallığından, elmi və pedaqoji fəaliyyətindən söhbət açmışlar. Çıxışçılar onu XX əsrin tanınmış yazıçılarmızdan biri kimi dəyərələndirmiş, onun yaradıcılığını M.S.Ordubadi, Y.V.Çəmənzəminli kimi nasirlərimizin əsərləri ilə müqayisə etmişlər. Qeyd edilmişdir ki, Əlibala Hacızadənin "Təyyarə kölgəsi", "İtkin gəlin", "Əfsanəsiz illər", "Vəfalım mənim" və s. bu kimi roman və povestlərində xalq həyatının ruhu əks olunurdu. Ona görə də o, son dövrümüzün ən çox sevilən yazıçılarından biri kimi tanınırdı. Onun əsərləri yüksək tirajla çap olunmasına baxmayaraq yenə tələbatı ödəmirdi. Bu kitabların rəsmi tirajı çox zaman 100 mini keçirdi. Hələ orasını demirik, qeyri-rəsmi, qara bazar üçün də xəlvəti nəşr olunurdu. Təsərrüfat hesabı ilə işləyən nəşriyyatlar dara düşəndə onların ümid yeri onun kimi istedadlı sənətkarların əsərləri idi. Əlibala Hacızadə xarici ölkələrin həyatından yazanda belə əsasən öz həmvətənlərinin dərd-sərini, başına gələn bəla və müsibətlərini kağıza köçürürdü. Tarixilik və coğrafi ərazi onun üçün ədəbi priyom idi. Yazıçının əsərlərində özlərini tanıyan bir çox prototiplər, nə qədər gülünc olsa da, hüquq-mühafizə orqanlarına müraciət edir, yazıçıya rahatlıq vermirdilər.

Amma sənətkar ruhdan düşmür, qələmi əlindən yerə qoymurdu. Azərbaycanda ilk çoxseriyalı - 12 seriyalı bədii televiziya filmi də məhz onun "İtkin gəlin" romanı əsəri əsasında çəkilmişdi.

Çıxışçılar Ə.Hacızadənin elmi-pedaqoji fəaliyyətindən, şairliyindən də söhbət açdılar, onun sözlərinə yazılmış mahnılarını yada saldılar. Əlibala Hacızadənin dostlarına sədaqəti, səmimiyyəti, gənc yazarlara qayğısı da unudulmadı. O da bildirildi ki, xalqın məhəbbət və inamını qazanmış yazıçı dünən olduğu kimi, bu gün də sevilir. Onun fiziki yoxluğu qəlbimizi ağrıtsa da, əsərlərinin əbədiliyi təsəllimizdir. fəsillər və nəsillər dəyişəcək, amma Əlibala Hacızadənin yazıçı ömrü daim yol gedəcək. Bu mənada Əlibala Hacızadə əbədiyyət yolunun sakinidir.

Tədbirin sonunda Əlibala Hacızadənin qardaşı Nizami yazıçının tədbiri keçirən qələm dostlarına, çıxışçılara və iştirakçılara təşəkkürünü bildirdi.

 

 

A.Xiləli

 

Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.5.