"Qaravəlli"nin qaravəllisi

Yenə "görəcəyimiz ilk personajlar canlı aktyorlar, aparıcılar oldu" - Yaxşı Pis kişilər. Yenə "onlar müəyyən dərəcədə Azərbaycan xalq teatrının "Qaravəlli" tamaşasındakı Kosanı Keçəli xatırlatdı"lar. Hər şeyin əvvəli müsəlman adətincə "əssalam-əleyküm"lə başladı. Baxıb gördük ki, Yaxşı kişinin saqqalı ağsaqqallığa dəlalət edən saqqallardan deyil, alınıb, yapışdırılıb. Ona görə əllərdə qalır. Pis kişinin ağlından keçənlər yaxşıların yaxşı fikridi: "Vay o gündən ki, Kosa ağsaqqal ola". Əsl tamaşa da bundan sonra başlanır.

Kosaların ağsaqqallıq etdiyi bir aləmin "Qaravəlli"sidi xalq yazıçısı Anarın qələmə aldığı. Onun "Qaravəlli"sində Pis kişi "desəm öldürərlər, deməsəm ölləm" götür-qoyunun pisidi. Tərəf-müqabili Yaxşı kişi isə "ehtiyat igidin yaraşığıdı" fəndgirliyinin yaxşısıdı - adla əməl paradoksu çəkir diqqəti. Elə Yaxşı kişinin hekayəti buradan başlayır: "Biri vardı, biri yoxdu, Əvəz Əvəzov adlı bir kişi vardı" Səhnə boyu Əli Əliyev, Vəli Vəliyev, Əhməd Əhmədov başqaları - tanış personajlar bu vaxtın-vədənin say-hesabını itirmiş kişiyə doğru gəlirlər. Könüllərinə düşür ki, yığışıb birlikdə ərəb kinosuna baxmağa getsinlər. Sonra da gəlir "Əl əli yuyar, əl üzü" sövdələşməsi. Kinoklubun qapıçısı onları bir şərtlə qarşılayır, zala buraxır ki, əvəzində əmisi oğlunu "bezplatnı" taksi şoferi düzəltsinlər. Bununçünsə Sadıq Sadıqovun bığının altından keçmək lazımdır. Sadıq Sadıqovun qəbuluna düşmək Səlimə Səlimovanın xeyrinə "Mojet bıt" duxundan keçmək bahasına başa gəlir. Sadıq Sadıqov bu alış-veriş məqamında şeir quraşdırmağa girişib. Ancaq ilk "Qəlbim dağlara getdi" misrasının qafiyəsi gəlmir ki, gəlmir. Şoğərib "Sonra da bağlara getdi" misrası qəhətə çıxıb. Ona görə Sadıq Sadıqov bu qəliz işi Əvəz Əvəzova həvalə edəsi olur. Əvəz kişi inişil təsadüfən avtobusda yol yoldaşlığı etdiyi şairə ümidlidi. Görünən odu ki, heç bir kişi öz işiylə məşğul deyil. Münasibətlər maraqlara hesablanıb.

Sonra da kuklaların mahnısı başlayır: "Nağıl da qurtardı, qaravəlli !" Bitməyənsə tamaşaçıların təlaş, xof dolu xosunlaşmasıdı - "lap elə bil ki, filankəsin obrazını yaradıb"; "Əşi, lap bizim müdirimizin şəkli çəkilib"; "Bu ki, bizim" sair ilaxır.

Özünün 18-ci mövsümünü xalq yazıçısı Anarın "Qaravəlli" əsəri əsasında hazırlanmış eyni adlı satirik tamaşanın premyerası ilə açan Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Amaliya Pənahova tamaşanın yaradıcı heyətini təqdim edərkən əsərin müasirliyini xüsusilə vurğuladı: "Fikrimcə, bu gün təqdim ediləcək tamaşa yeni teatr mövsümünün başlanğıcı üçün yerində seçilmiş əsərdir. Əsər özündə gündəlik qayğıları, problemləri əks etdirirbu baxımdan böyük maraq doğurur".

Çıxışında bu əsərə müraciət etməsinin səbəblərini önə çəkən quruluşçu rejissor Rövşən Almuradlı dedi: "Əsərin 45 il bundan əvvəl yazılmasına baxmayaraq müəllifi narahat edən problemlər bu günün özündə də aktualdı. Bu komediyada daxili bir ağrı var - cəmiyyətin, insanlığın ağrısı. Nə qədər ki, bu problemlər yaşayır, onda "Qaravəlli" də gündəmdə olacaq. Necə deyərlər, sözümüz eşidilənədək səhnəni tərk etməməliyik. Əgər hər hansı müəllifin əsəri bu günün sözünü, dərdini, yükünü daşımağa qadirdisə, deməli, həmin əsər yaşayır və öz aktuallığını itirmir. Bu əsərin vasitəsilə sözümüzü deyə bilirik. Bu mənada, hesab edirəm ki, "Qaravəlli" yeni teatr mövsümünün açılışı üçün uğurlu seçimdir".

Bakı Bələdiyyə Teatrı bu əsərlə Milli Teatr festivalına qatılacaq. Festival çərçivəsində dekabrın 4-də nümayiş olunacaq tamaşada rolları xalq artsti Vaqif Əliyev, əməkdar artistlər Əhməd Salahov, Firəngiz Babayeva, Əfqan Soltanov, Tofiq Bayramov, Səmayə Sadıqova, Rafiq İbrahimov, Ramin Şıxəliyev və başqaları ifa edirlər.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.3.