Altay Məmmədov – 80

 

Altay müəllimin baxışları

     

  Vaxtilə Gəncədə işə başdansovdu yanaşanlara, halala haram qatanlara "kişilər!" deyə rişxənd edilməsi dəbə çevrilmişdi. Bu, o zaman doğma şəhərdə yaşayıb-yaradan görkəmli yazıçı Altay Məmmədovun "Kişilər" komediyasından gəlmə bir nüans idi. Əməkdar artist Telman Əliyev "Kişilər"dəki Hüseyn Ağbacı obrazını səhnədə o qədər canlı, orijinal yaratmışdı, tamaşaçı əlbəəl əsərin müəllifinin necə şən, zarafatcıl bir insan olması barədə düşünürdü. Heç cür inanmaq olmazdı ki, belə komik səhnələr Altay Məmmədov kimi son dərəcə sakit, kirimiş və daxilən tənhaların tənhası olan bir yazıçı tərəfindən qələmə alınıb.

İndiki Gəncə Dövlət Universitetində təhsil aldığım dörd il müddətində demək olar ki, mən hər gün Altay müəllimi görürdüm - həm cismani, həm mənəvi baxımdan. Cismani cəhətdən o, həmişə universitet binasının giriş qapısında çəliyinə söykənərək sakitcə dərs saatının başlanmasını gözləyərdi. Səliqə-sahmanı, zövqlü geyimi, zil qara saçlarının arxaya daranışı, qalın şüşəli eynəyinin altından baxan nüfuzedici gözləriylə bir yerdə. Bu sima tələbələrin hamısı üçün çox əziz və sevimli idi. Mənəvi baxımdansa, Altay müəllimin cismani görüntüsünün altyapısında güclə sezilən, ancaq adamı ümidsizliyə, pessimizmə yox, inam və ləyaqətə səsləyən daxili tənhalıq, yalqız bir dünya qərar tutmuşdu. O, məsafə saxlamağı bacarırdı, yalnız özünə məxsus bu sirli dünyaya hələm-hələm hər adamı yaxın qoymurdu. Yetərincə tanınan, Gəncə ədəbi mühitinin mötəbər söz sahibi olan bu gözəl komediya ustası sanki daxili tənhalığını, yalqızlığını adamlarla arasında saxladığı məsafəylə ört-basdır edir, büruzə verməməyə çalışırdı. Onunla ünsiyyətdə olan az sayda adama bəlli idi ki, bu kədərin, yalqızlığın bir adı şair Əli Kərim itkisi, yoxluğu idi. Eyni zamanda, üst qatda çox xoşbəxt görünən Altay müəllimin repressiya qurbanı Ələkbər Seyfi talesizliyinin ağrısıyla dopdolu olduğunu, sovetlər dönəminin mənəvi basqılarına korun-korun yanmasını görmək elə də asan deyildi. O, ömrü boyu daxili kövrəkliyini, yalqızlığını xarici toxtaqlığı, ağayanalığıyla ört-basdır etməkdə israrlı olaraq qaldı. Bu, daha çox Altay müəllimin son dərəcə qürurlu, iddialı olmasından irəli gəlirdi. Altay müəllim öz ağayana, səliqə-sahmanlı durumuyla hər cür pisliklərdən, mənəmliklərdən sanki öc alırdı. Qaynar universitet çəkişmələri önünə o, müdrik səbriylə, dözümüylə çıxırdı. Bütün rəqib tozanaqları bu müdrik səbrin, sirli davranışın cazibəsində heçə-puça çıxırdı.

Altay müəllim ilk gənclik çağlarında saatsaz peşəsinə yiyələnmişdi. Bəlkə də bu səbəbdən vaxtın-zamanın qədir-qiymətini daha çox bilirdi. Düz vaxtında auditoriyaya daxil olur, hamıya tanış olan çəliyinə söykənmiş halda dərsə başlayırdı. Əksər halda tələbələri onu dinləmək əvəzinə maraqla seyr edirdilər. O vaxtlar üçün canlı, kifayət qədər şöhrətli yazıçı ilə üzbəsurət oturmaq böyük xoşbəxtlik idi. 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "fəhləlikdən alimliyə" oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay müəllimin özü artıq belə bir şərəfli ömür yolunun yolçusuna çevrilmişdi. Filologiya elmləri namizədi, əməkdar incəsənət xadimi idi.

1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialına rəhbərlik etmişdi. Gəncə şəhər Sovetinin deputatı kimi sayılıb-seçilirdi, ordenmedallarla təltif edilmişdi, çalışdığı universitetdə yüksək vəzifələrdə işləmişdi. Bir sözlə, əsl nüfuz sahibi idi. Ancaq bu nailiyyətlərin heç biri onun şəxsi davranışına amirlik yarlığı vura bilməmişdi. Bütün hallarda o, tələbələrin yanında idi. Dərs dediyi tələbələrin əksəriyyətinin 10-15 ildən sonrakı düşkün, əzgin görkəmi onun əbədi nisgili, ağrısıydı. Altay müəllim həssas bir sənətkar kimi yaxşı bilirdi ki, bu düşkünlük, əzginlik sovet həyat tərzinin yerlərdə ziyalılara olan təpkisindən qaynaqlanır. Həmişə bu ağrısını ifadə edər, "geyim-geciminizə fikir verin, şux olun, özünüzü zəmanənin ayağına verməyin" deyərdi. Bir də deyərdi: "Küçədən-filandan keçəndə özünüzü maşından qoruyun, elə sürücülər var adamı vurub, meyitinə də kəsdirər" ...Bu sözlər yaşadığı mühitin qanunlarına Altay müəllimin üstüörtülü ironiyası, həyatın isti-soyuğundan xəbərsiz olan biz "kənd uşaqları"na xəbərdarlıq mesajı idi. Onun nəzərdə tutduğu maşın əslində sovet idarə sisteminin dəmir mancanağı idibu fikri tutmaq üçün ən azından gərək Altay müəllimin tələbəsi olaydın.

Biz tələbələri Altay müəllimə həm də gəncliyimizin sevimli şairi Əli Kərimin ən yaxın dostu, sirdaşı kimi baxırdıq. Əli Kərim haqqında olan unudulmaz xatirələrini qəzet-jurnal səhifələrindən oxumuşduq. Əli Kərimlə onun dostluğu haqqında bizə Qərib Mehdi, Bahadur Fərman, Kəramət, Əjdər Ol, rəhmətlik Mürşüd Məmmədov danışardı. Ancaq nə qədər qəribə olsa da, bizə dərs dediyi dörd il müddətində Altay müəllim bircə dəfə də olsun Əli Kərimin yoxluğundan söz açmadı. Heç biz özümüz də ürək edib bu barədə onun yanında söz salmadıq. Deməmişdən də bizə gün kimi aydın idi ki, Altay müəllim ona verilmiş ömür payı içində bir nakam Əli Kərim ömrü də yaşayır. O, dolmuş fəvvarə kimiydi, himə bənd idi ki, Əli Kərim fışqırsın. Belə halında onun görkəmindən, sirayətedici gözlərinin dibindən bir Əli Kərim boylanırdı. Əli Kərim itkisini o, içinə çəkilmiş vulkan kimi yaşadırdı və bizim Altay müəllimə olan marağımızın, sevgimizin bir tərəfi də Əli Kərimlə bağlı idi.

Altay müəllim ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin mükəmməl bilicisi idi. Bu sahədə onun üçün hər hansı dövr bölgüsü problemi yox idi. Həm klassik, həm də çağdaş ədəbi prosesə yetərincə aşinalığı vardı. "Dədə Qorqud"u, Nizamini, Füzulini, Vaqifi, Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi hansı elmi səriştəliklə şərh edirdisə, S.Vurğunu, R.Rzanı, B.Vahabzadəni, İ.Şıxlını, M.Arazı, Y.Səmədoğlunu, Anarı, Elçini, Ə.Əylislini, M.Süleymanlını, R.Rövşəni, Ə.Salahzadəni, İ.İsmayılzadəni də eyni duyumfikir aydınlığı ilə tələbələrinə öyrədir, əxz etdirirdi. Sabir Əhmədlinin "Qanköçürmə stansiyası" əsəri haqqında danışanda deyirdi ki, mən bu mövzunun dəfələrlə böyründən ötüb keçmişəm, ancaq bu mövzuda belə gözəl bir əsər yazmağın mümkünlüyü heç ağlıma da gəlməyib.

Bir dəfə yazmışam, ancaq hər dəfə Altay müəllimdən söz düşəndə bu unudulmaz səhnə gəlib yenidən gözlərim önündə dayanır, yenidən xatırlamaqdan özümü saxlaya bilmirəm. Altay müəllimin anasının dəfnində biz tələbələri də iştirak edirdik. Böyük izdiham cənazənin arxasınca hərəkətə gəldi. Dəfn iştirakçıları öz ehtiramlarını bildirmək üçün sıxlığı yarıb önə keçməyə tələsirdilər. Mərhumu son mənzilə yola salan bu izdihamın arxasınca gedən Altay müəllim sanki bütün gücünü, qüvvəsini çəliyinə vermişdi. Qara saçları tərli alnına, sir-sifətinə səpələnmişdi. Bu halında o, anasının dalınca güclə yeriyən, yeriməkdən də çox iməkləyən məsum, köməksiz uşağa bənzəyirdi. Mənə elə gəlir ki, Altay müəllim bütün həyatı boyu taleyə, bəxtə məhz o anındakı kimi qəhr etməmişdi.

İndinin özündə də Altay müəllim mənim yaddaşımda məhz həmin o dəfn mərasimindəki halətində qalıb.

Bilirəm ki, o, unudulmaz Əli Kərim itkisindən, Ələkbər Seyfi yoxluğundanana qəmindən başlayaraq "əlvida" dediyi gözəl dünyanın yarpaq tökümüylə barışdı. Altay müəllim gözəlimiz Yer üzündən "Əlvida, gözəl dünya" halallaşmasıyla ayrıldı və son mənzilinə qəlb rahatlığıyla köçdü.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.4.